Efirin çağlayan "Bulağ"ı

 

6 noyabr teleradio işçiləri günüdür

 

1969-cu ilin oktyabrında Azərbaycan radiosunun efirində indiyədək heç kimin eşidib-duymadığı, sanki əsrlərin bağrından qopub gələn və boz səhranın ortasında bulaq kimi çağlayan bir səs eşidildi. Bu səs lap qədimdən gəlirdi, əcdadların ruhunu oyadıb coşqun bir çay kimi özü ilə gətirirdi.

Radio bu duru və oyanıq səsi şirin bir layla kimi dinləyicilərin duyğu və düşüncələrinə hopdururdu. Yaddaşları silkələyib oyadan bu səs uzun illər ərzində az qala milli duyğusu korlaşmış Azərbaycan dinləyicisini xalq xəzinəsinin inciləri ilə sehirləyəcək, efirə yeni nəfəs gətirəcək, hələ uzun illər xalq dilinin və milli ruhun daşıyıcısı olacaq, təbii ki, həm də radiomuzun tarixində yeni bir səhifə açacaq "Bulaq" verilişinin səsi idi.

Yeni tərz, yeni nəfəs

Lacivərd söz damcıları ilə milyonların könlünü oxşayan "Bulaq" milli-fəlsəfi mahiyyətinə, yaradıcılıq palitrasına, dil və üslubuna, musiqi ilə sözün uyarlığına, aparıcılarının danışıq tərzinə, intonasiyasına görə Azərbaycan radiosunun tarixində və bötövlükdə Azərbaycanın mədəni mühitində bənzəri olmayan ictimai bir hadisə idi. Hər bazar günü eyni vaxtda saat 19.30-da efirə çıxan bu veriliş Azərbaycan dinləyicisini öz sehrinə salaraq onun yaddaşındakı bütöv xalq və qədim millət duyğularını oyadırdı. Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi.

Çoxsaylı dinləyiciləri heyrətə gətirən bu verilişin yarandığı vaxtda radio bütün gücü ilə sovet təbliğat maşını rolunu oynayırdı. Bu səbəbdən radionun "quru" dili digər mətbuat orqanlarının dilindən o qədər də fərqlənmirdi, verilişlərin dili canlı xalq dilindən uzaq idi. Əksəriyyət rejimin müəyyən etdiyi qaydalar çərçivəsində yazırdı (lakin ədəbi-bədii verilişlərdə müəyyən istisnalar vardı) və mikrofon qarşısında yalnız yazdığını oxuyurdu. Düşündüyünü mikrofona demək çox fəsadlar yaradırdı. Ümumiyyətlə, efirdə dinləyici ilə səmimi tonda danışmaq, nəsə insani bir şey demək istəyi çoxlarının ağlına belə gəlmirdi. Xalqın canlı danışıq dili el-obanın içindən kənara çıxa, o cümlədən efirə yol tapa bilmirdi. Xalqla onun öz dilində danışmağa çoxlarının cəsarəti çatmırdı.

"Bulağ"ı yaradanlar və yaşadanlar

Bu həm də o dövr idi ki, yeni dildə danışan "Qobustan" təzə işıq üzü görürdü, ədəbiyyatda 60-cı illərin üslubu özünə geniş yer tapırdı. Ədəbi tənqid bədii ədəbiyyatda gerçəkliyi yeni, daha real və sərt boyalarla əks etdirən yazıçıları təqdir etməkdə idi. Təbii ki, 60-cı illərin ədəbi mühitindən, onun yeni ab-havasından düşüncələrə yeni bir işıq süzülməkdə idi... Xalq yaradıcılığına, xalq təfəkkürünə, xalqın mənəvi xəzinəsinə, özəlliklə onun dilinə maraq gündən-günə artırdı... Məhz bu illərdə Azərbaycan radiosuna rəhbərlik edən (sədr müavini) işıqlı ziyalı Cəmil Əlibəyov və yazıçı Mövlud Süleymanlı "Bulaq" kimi orijinal biçimli, fərqli dili olan bir proqramı ərsəyə gətirməyə girişdilər. Həmin dövrdə ədəbi aləmdə kifayət qədər tanınmış yazıçı Mövlud Süleymanlı radionun "Ədəbiyyat və incəsənət" redaksiyasında çalışır, əsasən, ədəbi portretlər, radiooçerklər hazırlayırdı. Tanınmış yazıçı-jurnalist Cəmil müəllim qələm əhli olduğundan, xalq təfəkkürünü bildiyindən, ən başlıcası isə radionun dil qəliblərinə alışmadığından, heç olmasa, ədəbi verilişlərdə xalq dilinin canlanmasının tərəfdarı idi. O, Mövlud Süleymanlının timsalında bu ideyanı gerçəkləşdirəcək müəllifi də düz seçmişdi. Uzun axtarışlardan sonra 1969-cu ilin oktyabr ayında proqramlarda adı "Ocaq başı" kimi verilən, amma ilk buraxılışı efirə "Yurd yeri" adı ilə gedən verilişin özü bəyənilsə də, adı qəbul olunmadı. "Milli duyğuları oyatmaq olmaz" dedilər. "Ocaq başı" adı da ideoloji rəhbərlərin xoşuna gəlmədi. Beləliklə, verilişin adı "Xalq yaradıcılığı bulağı", daha sonra sadəcə "Bulaq" oldu.

Çox aparıcılar sınanıb saf-çürük olunduqdan sonra Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulağ"ın səsi kimi qəbul edildi. Əvvəllər "Bulağ"ın çağırtısı (musiqi başlığı) da başqa cür olub. İndiki sözlü-səsli formanı "Bulağ"a Vaqif Əlixanlı gətirib. Müəllifi Ramiz Mirişli olan çağırış musiqisi isə 70-ci illərin əvvəlində Gənc Tamaşaçılar Teatrında oynanılan "Quşu uçan budaqlar" pyesindən (Ə.Əylisli) götürülüb. Verilişin ilk rejissoru Ziyafət Abbasov olmuşdur.

Efirə çıxması ilə qısa müddətdə böyük əks-səda doğuran "Bulaq" tezliklə radionun kollektiv əsərinə çevrildi. Xalq dilinin incəliklərini gözəl bilən Mövlud Süleymanlı, Vaqif Əlixanlı, sonralar İntiqam Mehdizadə, Məmməd Aslan, Abbas Abdulla da, Elxan Məmmədli, Faiq Hüseynov, Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Ağalar Mirzə, Dilsuz Mustafayev, Müğdət Haşımov, Zahid Hüseynov və başqaları bu işə qoşulmuşlar.

Müəlliflərdən birində publisistika, birində poetika, o birində lirika güclü idi. Məsələn, Vaqif Əlixanovda yüksək intellekt, Rafael Hüseynovda poetik çalarlar, lirika, Elxan Məmmədlidə çox incə nüansları axtarıb tapmaq bacarığı var idi. Onların hər birinin fərdi keyfiyyəti vahid bir simə, təbii ki, "Bulağ"a vurulurdu və burada cəmləşirdi. Elə verilişi maraqlı edən də bu idi.

Radio yaradıcılığının mükəmməl bilicisi, incə zövqlü ustad jurnalist Mailə Muradxanlının uzun illər rəhbərlik etdiyi "Ədəbi-dram verilişləri" baş redaksiyasında hazırlanan "Bulaq" efirə çıxması ilə, hər şeydən öncə, Azərbaycan türkcəsinin təmizliyi, saflığı üçün böyük işlər gördü. Dil arındı, təmizləndi, min illər boyu yaradılmış, itib-getməkdə olan söz xəzinəsi, müəyyən mənada, bərpa edildi, sahmana salındı. Alimdən tutmuş məktəbliyəcən, böyükdən kiçiyəcən hər kəsə öz dilinin gözəlliyini xatırlatdı, qan yaddaşını oyatdı, özünə inandırdı "Bulaq". Təsadüfi deyildir ki, bir vaxtlar öz səsi-sözü ilə şablon dilə və düşüncəyə alışmış insanların haqsız təəccübünə səbəb olan "Bulaq" verilişinin dili bu gün Azərbaycan radiosunda ayrıca üslub sayılır.

Xalq dilini yaşadan veriliş

Bu, bir faktdır ki, Azərbaycan tarixi düzgün izlənmədiyi kimi, onun folkloru, etnoqrafiyası, toponomiyası, coğrafiyası da sistemli araşdırılmayıb. Bu incəliklərə toxunan "Bulaq" həm radionun mövzu dairəsini genişləndirir, həm də tarixi həqiqətlərin meydana çıxmasında böyük işlər görürdü. Güney Azərbaycanında çoxsaylı dinləyici auditoriyası toplayan "Bulaq" verilişi çoxmərtəbəli fars döndərmələrini parçalayaraq bütün mətləbləri xalqın şirin dili ilə ifadə etməyə başladı. Bu veriliş Cənubi Azərbaycanda da bir dil dalğası yaratdı. Şəhriyarın "Heydər babaya salam"ından sonra bu, milli şüuru oyadan ikinci dalğa idi.

Hər bir ədəbi dilin gözəlliyi, zərifliyi onun sadəliyində, saflığında və öz xalq dilinə yaxınlaşmasındadır. Bu mənada "Bulaq" öz mənbəyini xalq ruhundan alan, saf və bənzərsiz ədəbi dil nümunəsi nümayiş etdirən veriliş oldu. Xalqın qədimdən-qədim, çoxəsrlik yaddaşından süzülüb gələn el deyimləri, adət-ənənələr, bayatılar və s. cəm olduğu bu verilişin hər sayında, demək olar ki, ədəbi dilimizdə bu gün unudulmaqda olan, amma illərdən bəri bu dilin söz "çəmənində" ətrinin bənzəri olmayan bir çiçəyin, bir qönçənin yeni rayihəsi, yeni nəfəsi duyulmaqdadır:

Öz dilində dünya yaradan xalq, şübhəsiz ki, ölməzdir. Odur ki, "Bulaq" belə deyirdi: "...Yer üzünə ağac gəldi, canlı gəldi, insan gəldi. Günlərin bir günündə insanın dilinə söz də gəldi. Hayqırtılar, qışqırıqlar, çığırtılar yavaş-yavaş əriyib getməyə üz qoydu. İnsanın dodaqlarından göy göyərçin kimi sözlər pərvazlanıb uçdu. Elə, ulusa sözlə birlikdə bir ağırlıq gəldi, bir ucalıq gəldi.

El ağsaqqalı söz söylədi, söz dildən-dilə, eldən-elə keçib atalar sözü oldu. El ağbirçəyi söz söylədi, söz cəhrədən əyrildi, ilmə-ilmə xalı butası oldu, beşik başında bir laylaya çevrildi... El-obada kişilər söz verdilər, kəlmə kəsdilər. Söz aşırdılar, söz seçdilər, söz qoşdular. İgidlərimiz söz tapıb, söz dedilər, yağının yeddi qatından keçdi, düşmən üstə söz və qılınc çəkdilər. Əldə qılınc oldu, dildə söz! Əldə atın yüyəni oldu, dildə söz! Əldə xış oldu, dildə söz!.. Qopuz olan yerdən söz boylandı, saz səsi gələn yerdən söz ucaldı".

Hər xalq öz dilində görünər...

"Bulağ"ın belə populyar olmağının, ümumxalq rəğbəti qazanmağının əsas səbəbi xalqla xalqın öz dilində danışmasında idi.Çünki onda elə bir zaman idi ki, yuxarıdan-aşağıdan dil qısılırdı, Azərbaycan dili Bakının özündə, bəzi dairələrdə ikinci dərəcəli əyalət dili sayılırdı. İndi birdən-birə "Bulaq" doğma dilin zənginliyini, ana dilinin qatlarını ortaya qoymaqla, yüz illər boyunca bu millətin nəyə sevinib, nəyə qəmləndiyini el dili ilə açıb-söylədi.

"Bulağ"ın dilindəki milli kolorit, folklor üslubu o dövrdə ədəbi dilə də öz təsirini göstərirdi. Çünki bu veriliş xalq danışıq dilinin fonetik, leksik, qrammatik normalarının süni şəkildə gözlənilməsi deyildi. Bu, həqiqətən, bulaq kimi çağlayan xalq danışıq dilinin özü idi. Verilişi hazırlayanlar xalqın söz çeşməsindən ən gözəl inciləri dərir, aparıcılar isə onu bənzərsiz bir tərzdə dinləyicilərə çatdırırdılar. Verilişdə təhkiyə üslubu, danışıq dili intonasiyasının saxlanması ən müsbət xüsusiyyətlərdən idi. Əslində efirdən süzülüb şüurları əsir edən bu dil ulu babalarımızın dili, bu xalqımızın ruhu, onun keçmişə bağlılığı, sabaha gedən yolu idi. Ona görə də "Bulaq" vaxtaşırı sözə, dilə, onun təbliğinə güzgü tuturdu: "Əl-ələ tutmuş sözlər qom-qom, topa-topa, yığcam-yığcam "Qaytağı", "Varsağı", "Tərəkəmə" oynadı. Hər oyanma bir güzgü oldu, bir qoşqu oldu, bir boyda oldu, dildən-dilə, eldən-elə yayıldı. Dədəm Qorqud bir gün gördü ki, bu sözlərin ağzını bir yerə yığmasa, onların axarını, baxarını tapmasa, düz-dünya bir-birinə qarışacaq. Bəs neyləsin, necə eləsin?

Qorqud Dədə sözləri sıra-sıra düzdü, yerbəyer elədi, hər birinin kökünü, ilgəyini göstərdi. Sözləri isti, soyuq deyə iki yerə ayırdı, çiy söz söyləyənləri çiy adam çağırın, dedi. Dedi ki, söz şüşə kimidi, söz sındıranın sözü sınar. Sınmaz olsa, sözü boşa gedər. Beləsinin sözündən boyun qaçırarlar, sözünü yerə salarlar. Dedi ki, el-obada o adamlar sözün başında da, sonunda da anılsın ki, onlar sözünün yiyəsidir. Dad yarımçıq əlindən!".

Bu verilişdə xalqın unudulmaqda olan deyimləri, sözləri çox incə hekayətlərlə və əslində dilin ədəbi normaları pozulmadan, leksik zənginlik və sintaktik dəqiqliklə yenidən özünə qaytarılırdı. "Bulaq" verilişi, auditoriyanın əsl "mənəvi ehtiyacı, qəlb susuzluğu" kimi meydana çıxmışdı. Həmin illərdə onun ünvanına saysız-hesabsız məktublar axışıb gəlirdi. Geniş dinləyici auditoriyası "Bulağ"ın hər buraxılışını təmiz bulaq suyu kimi sinəsinə çəkir, onun ab-havası ilə köks dolusu nəfəs alırdı, çünki "meydana gəlişi, varlığı ilə "Bulaq" bir daha sübut etdi ki, dil nə qədər ütülənərsə, bir o qədər itirər. Dilin gözəlliyi onun mənalı ilkinliyində, deməli, təravətində, arxalı-dayaqlı kökündədir. Və sən demə, xalqın da bu ilkinliyə, bu arxalı-dayaqlı kökə ehtiyacı varmış, qəlbində ona yer saxlayıbmış" (Bəxtiyar Vahabzadə).

Zəngin folklor dünyasına sirli maraq

Uzun illər (1974 1991) "Bulağ"ın redaktoru olmuş, verilişin yüksək populyar səviyyədə qalması üçün, sözün həqiqi mənasında, fədakarlıq göstərmiş yazıçı-publisist İntiqam Mehdiyev xatırlayır ki, verilişin ünvanına gələn saysız-hesabsız məktublarda heç kəsə məlum olmayan folklor nümunələri meydana çıxırdı. Məsələn, "Tahir və Zöhrə" dastanının bizə məlum olmayan boylarını, "Koroğlu"dan qoşmalar, şeirlər göndərirdilər. Verilişin müəllifləri geniş auditoriyaya yayılan "Bulaq" vasitəsilə xalqın gözünü də açmağa çalışırdılar. Düzdür, "İyirminci əsrin incəsənəti" adlı verilişdə də buna imkanlar olurdu. Amma "Bulağ"ın imkanları başqa idi. Burada xalqa özünü tanıtmaq, ona bu yolla "sən kimsən" sualının cavabını anlatmaq üçün şifahi xalq yaradıcılığının nümunələrini xatırlatmaq yolu seçilmişdir. Kamil Vəli, Əliabbas Hüseynli, Teymur Əhmədov, Elxan Məmmədli, Əziz Mirəhmədov və başqaları ilahi səsi ilə bir dünya yaradan Səməndər Rzayevin dadlı ifası ilə dinləyicilərə Azərbaycan mənəviyyatı, milli kimlik, özünü dərketmə, haqq-ədalət, insan azadlığı haqqında həqiqətləri və s. gərəkli mətləbləri çatdırırdılar.

"Bulaq"da Azərbaycan folkloruna, onun nümunələrinə ayrı-ayrı ləhcələrdə misallar gətirməklə daha çox müəllif düşüncəsinə üstünlük verilirdi. 70-ci illərin ortalarından başlayaraq daha çox inkişaf tapan proqrama İrandan, Türkiyədən çoxlu məktublar axışmağa başladı. İrandan Aydın Təbrizli, Cəbrayıl Ocaqverdizadə, Türkiyədən İbrahim Bozyel Azərbaycana ilk məktublarını məhz "Bulağ"a ünvanlanmışdılar. İbrahim Bozyelin evində müsafir olmuş məşhur şair Məmməd Aslan xatırlayır ki, türkiyəli yazar dostunun evində xüsusi rəfdə "Bulaq" verilişinin bütün buraxılışları yazılmış maqnitofon lentlərini görəndə gözlərinə inanmayıb. Şərq ölkələrində "Bulağ"ın belə vurğunları az deyildi. "Araz"la çox-çox uzaqlara İran, Türkiyə, İraq, Əfqanıstana yayılan, Şərqin ən müxtəlif guşələrindən səsi gələn "Bulağ"ın ünvanına on minlərlə məktub yayılırdı.

"Bulağ"ın uğuru onun səmimiliyində, sözünün şirinliyində, xalqın ruhuna yaxınlığında idi. İlk verilişdən sonra milyonlarla dinləyici Azərbaycan radiosu ilə ülfət bağladı. Vaxtilə Türkiyənin Qars vilayətində səfərdə olmuş yazıçı Mehdi Hüseyn sonralar "Bir ay və bir gün" kitabında yerli əhalinin ondan "Bulaq"la bağlı sorğularından yazır "Bu qədim türk şəhərində "Bulağ"ın hər verilişini bayram edirlər... hamı verilişin həftədə, heç olmasa, iki dəfə efirə verilməsini arzulayır..." Yazıçı qarslıların "Bulağ"a çox çətinliklə qulaq asırıq", "Burada dalğanı yaxşı qəbul edə bilmirik" kimi şikayətlərindən də bəhs edir. Bir şey gün kimi aydın idi ki, "Bulaq" xalqın yaratdığı musiqi ilə müşayiət oluna-oluna milyonlarla soydaşımızın ana dilinə təşnə olan ürəyinə sərin su səpirdi. Ərzurum Universitetinin professoru Əli Yavuz Akpinar 1976-cı ildə Bakıda olarkən demişdi ki, bütün Qars əhalisi hər bazar günü "Bulağ"ın efirə çıxmasını bayram kimi gözləyir.

45 il efirdə: "Bulağ"a yeni nəfəs verənlər

"Bulaq" həm də ona görə uzunömürlüdür ki, böyük və halal bir mədəniyyətin daşıyıcısıdır. 45 ildir ki, efirdə olan "Bulağ"ın yaradıcı heyəti bu günə qədər bir neçə dəfə dəyişsə də, veriliş öz mahiyyətini, üslubunu qoruyub-saxlayır. 45 il öncə "Bulaq" efirə necə çıxırdısa, bu gün də elə yayımlanır. Dəyişən yalnız müəllif və aparıcılardır. Hazırda "Bulağ"ın saylarını xalq çeşməsindən su içmiş Tahir Talıblı və Əhməd Oğuz qələmə alır. Xalq yaradıcılığının, folklorun elmi qaynaqlarını mənimsəmiş hər iki söz adamının öz yaradıcı dəst-xətti, fərdi üslubu "Bulağ"ın keyfiyyətinə, təbii ki, yeni çalarlar gətirir.

Səməndər Rzayevin vəfatından sonra "Bulağ"ı bir müddət Rasim Balayev və Mikayıl Mirzə davam etdiriblər. Hazırda isə verilişi istedadlı aktyorlar İlham Əsgərov (Təvəkküloğlu) və Səidə Quliyeva təqdim edirlər. Verilişin yenə də öz dinləyiciləri, yenə də maraq doğuran öz mövzuları və efirdə sabit vaxtı vardır.

lll

"Bulaq" Azərbaycan radiosunun tarixində yeni bir mərhələ açdı, efirə yeni işıq, yeni düşüncə, yeni dil və üslub gətirdi. Təbii ki, ilk növbədə, xalq yaradıcılığının, söz sənətinin təbliği tribunasına çevrildi. Eyni zamanda xalqda öz tarixinə, dilinə, milli varlığına hədsiz məhəbbət oyatmaqla yanaşı, folklor alimlərinin yetişməsində də böyük rol oynadı. Bu gün əvvəldə adlarını çəkdiyimiz müəlliflərin qələmindən çıxmış "Bulaq" verilişinin yüzlərlə buraxılışı Azərbaycan radiosunun "Qızıl fond"unda qorunur. Bu verilişlərdə elə sənətkarların səsi qorunur ki, onları dinləməyə zaman-zaman böyük ehtiyac duyulacaq. Ruhlar sıxılanda, dəyərlər itəndə, dilə arxa çevirəndə, milli-mənəviyyat çeşməsi quruyanda yenə "Bulaq" yada düşəcək...

 

Qulu Məhərrəmli

525-ci qəzet.- 2014.- 6 noyabr.- S.8.