“Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlarmövzusunda elmi-praktik konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlarmövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetdən AzərTAc-a bildirilib ki, konfransı açan rektor, professor Fərəh Əliyeva ölkəmizdə dünya standartlarına cavab verən, yeni texnologiyalarla təchiz olunan muzeylər haqda məlumat verərək, bu istiqamətdə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu vurğulayıb.

Elmi-praktik konfransda dinlənilən “Azərbaycanda muzeyşünaslığın inkişafı - tələb və vəzifələr”, “Muzey praktikası, muzey təhsili, muzeyşünaslıq: əlaqələr və ikili münasibətlər”, “Müasir muzey işçisinin formalaşmasında ümumi dünyagörüşü və mədəni inkişaf əsas keyfiyyətlərdən biri kimi” mövzularında məruzələr ölkəmizdə muzeyşünaslığın tarixi, müasir dövrdə məqsəd və vəzifələri, bu sahədə beynəlxalq təcrübə, tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi məsələlərini əhatə edib.

“Muzeyşünaslığın tədrisi: problemlər və perspektivlər”, “Muzeyşünaslıq və muzeylər probleminin təhlilinə elmi-nəzəri yanaşma metodları”, “Muzeyşünaslıq ixtisası üzrə elmi-tədqiqat işlərində problematika məsələləri” məruzələrində muzeyşünaslıq tədrisinin strategiyasında həllini gözləyən bəzi çatışmazlıqlar, muzeyşünaslıq sahəsində elmi-tədqiqat işlərinin məzmunu kimi problemlərə toxunulub.

Elmi-praktiki konfransda Gürcüstanın İlya Universitetinin professoru və İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru Levan Xetaqurinin “Beynəlxalq muzey praktikasında yeni meyillər və tədrisdə ümumi standartlar” məruzəsi də dinlənilib.

Maraqlı müzakirələrlə keçən konfransın sonunda muzeyşünaslıq təhsili ilə bağlı problemlərin həlli, mütəxəssis hazırlığının, keyfiyyətin daha da artırılması, tələbələrdə muzeyşünaslığa marağın yaradılması və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.

 

525-ci qəzet.- 2014.- 6 noyabr.- S.2.