Səttar Bəhlulzadənin qarfik əsərləri rəssamın ev-muzeyində sərgilənir

 

 

2014-cü ildə görkəmli sənətkar, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümündən isə 40 il keçir. Bu əlamətdar hadisəni qeyd etmək məqsədilə 2014-cü il noyabrın 7-də saat 12:00-da S.Bəhlulzadənin ev-muzeyində rəssamın qrafik əsərlərindən ibarət fərdi sərginin açılışı keçirilir. Sərgidə S.Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri sərgilənir.

Sərgidə nümayiş olunan əsərlər "Səttar Bəhlulzadə-105. Qrafika" adlı kataloqda (Bakı, 2014) əks olunmuşdur.

Tədbirə AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Ev-muzeylərinin əməkdaşları, KİV nümayəndələri dəvət olunub.

S.Bəhlulzadənin Azərbaycan təsviri sənət tarixində rəngkar rəssam kimi xarakterizə edilməsinə, sərgilərdə əsas etibarilə boyakarlıq əsərləri ilə çıxış etməsinə baxmayaraq rəssamın qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Bəhlulzadə qrafik əsərlərini qrafika sənətinin müxtəlif təsvir vasitələri ilə - karandaş, tuş, qamış qələm, rəngli flomasters. işləmişdir.

1966-cı ilin oktyabrında Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Səttar Bəhlulzadənin məhz qrafik əsərlərindən ibarət fərdi sərgisi açılmışdı. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi.

Boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, Azərbaycan təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm etmişdir. «Tut ağacları», «Bilgəh kəndi», «Gözəllər», «Dağlargöl», «Sənaye mənzərəsi», «Keramika və meyvələr», «Dağlarbuludlar» və b. əsərlərində rəssam doğma diyarımızın səfalı guşələrini qrafika sənətinin təsvir vastələrindən məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir edib. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır.

S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda Leyli və Məcnunun müxtəlif obrazlarını yaratmışdır.

İstər muzeyqalereyalarda, istərsə də şəxsi kolleksiyalarda qorunan qrafik əsərlərin hər birində rəssamın sadəcə gördüyü bir təbiət bucağının kağızda əksini deyil, hərarətli qəlbli sənət ustadının əsərini görürük. Bu rəsmlərdə Bəhlulzadənin məqsədi sadəcə reallığı təsvir etmək yox, özünün də gündəliklərində qeyd etdiyi kimi «məhəbbətlə əsərlər» yaratmaqdır. Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılmış qrafik rəsmlər bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutmuşdur.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 7 noyabr.- S.7.