"Ədəbi fikrimizin korifeyi" anılıb

 

 

Ötən gün Dövlət Mədəniyyət və İncəsənət Universitetində  görkəmli ədəbiyyatşünas, tənqidçi və ictimai xadim, akademik Məmməd Arifin anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbi fikrimizin korifeyi" adlı yubiley tədbiri keçirilib.

Tədbiri Universitetin rektoru, sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva açaraq Məmməd Arifin XX əsr Azərbaycan ədəbi tənqidi və nəzəri-estetik fikri tarixindəki mövqeyindən bəhs edib: "Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arifin müstəsna xidmətləri var. O, Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatını, ədəbiyyat nəzəriyyəsini, müasir ədəbi prosesləri, ədəbi-mədəni əlaqələri tədqiq edib".

Professor Nizaməddin Şəmsizadə "Tənqidçinin şəxsiyyəti və ədəbi proses" adlı məruzəsində görkəmli alimin həyat və yaradıcılıq yoluna nəzər salıb: "Məmməd Arif ədəbiyyata ötən əsrin 20-ci illərinin əvvəllərində yazdığı şeir, hekayə və məqalələrlə gəlib. Həmin dönəmdə ədibin "Yurdsuz cocuqlar", "Son bahar təranələri", "Brodskinin boyaları", "Təyyarə və mən", "İki nəşədən biri", "Həvəs" şeirləri, "Son izdivac", "Arakəsmə", "Mal həkimi", "Tar çalınır" hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb, maraqla qarşılanıb. İlk məqaləsi 1923-cü ildə "Xızılı Məhəmməd Bağır" imzası ilə "Kommunist" qəzetində çap olunan Məmməd Arif, eyni zamanda, "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Hövsələ", "Mərsiyə xəbərləri" felyetonlarını da "Məğmun Xızılı" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc etdirib. 1925-ci ildən başlayaraq ədəbiyyatşünaslıqla bağlı əsərlərini Məmməd Arif təxəllüsü ilə qələmə alıb.

 

Alimin 1956-cı ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu görkəmli ədibin Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilib, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırıb. "Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında Məmməd Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq edib, onların ideya və bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim edib".

 

Professor bildirib ki, Məmməd Arif sözün əsl mənasında ədəbiyyatşünaslıq məktəbi, tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətdir:

 

"Onun tənqidi yaradıcılığı Azərbaycanda estetik-nəzəri fikrin yoxluğu haqqında şüurlara yeridilən əsassız, cəfəng formullara son qoymaq üçün kara gələn ən dəyərli mənbədir. Məmməd Arif hələ 1930-cu illərdə ciddi, tələbkar, əsərə və ədəbi prosesə yüksək ideya-estetik meyarlar səviyyəsindən yanaşan bir tənqidçi kimi tanınırdı. Eyni zamanda, Məmməd Arif mühafizəkarlıqdan uzaq bir tədqiqatçı və tənqidçi olub,  gənc ədəbi qüvvələri həmişə dəstəkləyib, onların yaradıcılığına qayğı göstərib.

 

Qeyd etmək lazımdır ki, XX əsrin 60-cı illərində Azərbaycan ədəbiyyatının semantik fəzası genişlənməyə başlayanda Məmməd Arif bu prosesə böyük həssaslıqla yanaşıb, Azərbaycan şairləri arasında modernist, avanqard tipli poeziyaya meyli maraqla izləyib və yeni təmayülləri araşdırmağa çalışıb. Görkəmli tənqidçi sərbəst şeir yazan qələm sahiblərini ciddi düşünməyə, ona ötəri moda kimi yanaşmamağa, ideyanı formaya qurban verməməyə, əhəmiyyətli mövzular üzərində işləməyə və zəngin bədii obrazlar yaratmağa dəvət edirdi".

Professor Məryəm Əlizadə tədbirdə "Məmməd Arif və ədəbi tənqid" mövzusunda məruzə ilə çıxış edib.

Xalq artisti, professor Azər Zeynalov, dosentlər Kəmalə Mehdiyeva, Gülağa Zeynalov və universitetin "Aktyor sənəti" fakültəsinin tələbələrinin təqdimatında ədəbi-bədii kompozisiya sərgilənib.

Sonda Məmməd Arifin nəvəsi, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə akademik haqqında xatirələrini bölüşüb və Azərbaycan elminə göstərdiyi qayğıya görə dövlət başçısına öz minnətdarlığını ünvanlayıb.

Yubiley tədbirində akademikin zəngin və çoxcəhətli yaradıcılığı müxtəlif aspektdən işıqlandıran, həyat və fəaliyyətini geniş əks etdirən fotoslaydlar nümayiş etdirilib. Universitetin foyesində alimin kitablarından ibarət sərgi təşkil olunub.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.7.