Sənətdə iz qoyan sənətkar - professor Oqtay Babazadə

 

 

 

(Əvvəli ötən sayımızda)

Rejissor Oqtay Babazadəni başqa həmkarlarından fərqləndirən önəmli bir cəhət var. O, yaradıcı kollektivlə birlikdə işləməyə, daha çox filmin ssenarisinə üstünlük verib onun əsasında çəkiliş aparmağı xoşlayır. Bununla yanaşı,  yaradıcı qrupun bütün adamlarının fikir və düşüncülərinə hörmətlə yanaşır. Onların yaradıcılıqla bağlı bu və ya digər təkliflərini saf-çürük edib, gərəkli olanlarını dəstəkləyir. Bu və ya digər məqamlarda həmin fikir və təkliflərdən istifadə etməyə çalışır.

Biz onunla birlikdə xeyli sayda sənədli film üzərində işləmişik.  İlk böyük işimiz professor Lütfi Zadənin həyat və elmi yaradıcılığına  həsr edilmiş dörd seriyalı "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmidir. Çəkilişləri Azərbaycandan başqa bir neçə xarici ölkələrdə - ABŞ-da, İranda, Almaniyada mürəkkəb mövzulu filmi reallaşdırmaq çətindən-çətin idi. Hər şeydən əvvəl  nəzərdə tutulmuş ölkələrə getmək üçün xeyli maliyyə vəsaiti tələb olunurdu. Digər tərəfdən qarşıda Lütfi Zadənin elmi nəzəriyyəsi olan qeyri-səlis məntiq nəzəriyyəsinin praktik tətbiqini ekranda ustalıqla canlandırıb anlaşıqlı formada tamaşaçıya çatdırmaq məsələsi dururdu. Bundan əlavə min illərlə insan cəmiyyəti arasında mövcud olmuş Aristotelin binar məntiqinin müasir zamanda gərəksizliyi elmi arqumentlərlə sübuta yetirilib. Lütfi Zadənin qeyri-səlis məntiqinin çağdaş əsrimizdə nəinki texnika və texnologiya sahəsində, eləcə də insan cəmiyyətində daha önəmli rol oynadığı vizual formada göstərilməli idi.

Əlbəttə, bu mürəkkəb məsələ ssenari müəllifi ilə rejissorun birgə yaradıcılıq səyini bir-birini dərindən anlaması tələb edirdi. Oqtay Babazadə bunları əvvəlcədən bildiyi üçün filmi bütünlüklə ssenari üzərində qurdu. Nəticədə sözlə vizual görüntülər həmahəng səslənib bir-birini tamamladı və baxımlı film yarandı. Elə buna görə də həmin sənədli film 1998-ci ildə Almaniyada ilk təqdimatı zamanı (professor Lütfi Zadənin iştirakı ilə), həm də bundan bir az sonra Azərbaycan televiziyasında ilk təqdimatı və nümayişi olanda böyük əks-səda yaratdı.Sanki bu filmdə hər şey zərrəbinlə seçilmişdi. Ssenari mətnindən tutmuş rejissor işinə qədər, operator işindən başlanmış aparıcı və bəstəkar musiqisinə qədər hər şey harmonik vəhdətdə verilmişdi. Elə bu səbəbdən də film tamaşıçını yormurdu. Mövzunun yeri və mürəkkəb olması hiss edilmirdi. Əksinə, tamaşaçı bu filmdə istədiyi qədər elmi bilgi və estetik zövq alırdı. Professor Lütfi Zadənin dünya elmində Aristotellə, Albert Eynşteynlə və digər dünya elm nəhəngləri ilə yanaşı durduğunun əyani şahidi olurduq.          

Mənim ssenarim, Oqtay Babazadənin rejissorluğu ilə lentə alınmış "Toğrul" səhədli filmi də bu kontekstdəndir. XX əsrin sonundan mərhələ-mərhələ, hissə-hissə Vilnüsdə, Bakıda, Şuşada, Səmərqənddə, Lahıcda, Parisdə, Gəncədə, Baloniyada lentə alınmış bu film həm çəkiliş coğrafiyasının genişliyinə, həm də Toğrul Nərimanbəyovun çoxçalarlı yaradıcılığını yetərincə əhatə etdiyinə görə qiymətlidir. Bu sənədli filmdə rəssamla yaradıcılıq, yaradıcılıqla zaman, zamanla sənətkar sıx vəhdətdə verilmişdir.  Filmdə dünya şöhrətli rəssam dünyaya yalnız Azərbaycan məkanından deyil, həm də Şərq və Qərb parametrlərindən baxır. Ona görə onun dünya incəsənəti ilə əlaqədar söylədiyi fikirlər çox maraqlı və çox qiymətlidir. Dünya təsviri sənətinin keçmiş və çağdaş vəziyyətinə iki nöqtədən - Şərq və Qərb nöqtələrindən baxan rəssam tamaşaçını elmi-məntiqi arqumentlərlə inandırmağa çalışır ki, bu sahədə gedən deqradasiyaya, tənəzzülə səbəb  onların gedib banklara dirənməsi, maliyə məsələsi ilə əlaqədardır. Elə bunun nəticəsidir ki,  indi Leonardo da Vinçilər, Rafaellər, Tissianlar, Renuarlar, Van Qoqlar, Sezanlar yaranmır.

Rəssamın bu və digər səmimi etirafları filmdə çox ustalıqla traktovka edilmişdir. Məhz həmin rejissor ustalığının nəticəsidir ki, bir saat davam edən bu film tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılaşmışdır. Hətta tammetrajlı "Toğrul" filmi 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş birinci Televiziya filmləri festivalının "TEFİ" - "Birlik" diplomuna layıq görülmüşdir.

Biz ayrı-ayrı vaxtlarda birlikdə "Ömür", "Alim", "Körpülü", "Luvr" sənədli filmlərini reallaşdırmışıq. Onun ssenari müəllifliyi və rejissorluğu ilə "Gədəbəyin alban abidələri" sənədli filmi də həyata vəsiqə alıb. Müxtəlif mövzulu, müxtəlif ovqatlı  bu filmlər həm tarixilik, həm rejissor - müəllif fikrinin üst-üstə düşməsi, həm də vizual görüntülərlə kadrarxası mətnin harmonik vəhdət təşkil edib bir-birini tamamlaması ilə diqqəti çəkir.

Oqtay Babazadənin bir rejissor kimi bir neçə önəmli cəhəti var. Ozü təcrübəli rejissor olmasına baxmayaraq, daim öyrənməyi xoşlayır. Klassik rejissorlara da, cavan həmkarlarına da eyni sevgi ilə yanaşır. Klassiklərdən söz düşəndə deyir: "Mən sənədli filmlər ustası Mixail Rommun və Roman Karmenin yaradıcılığını çox xoşlayıram. Mixail Rommun rejissorluğu ilə araya-ərsəyə gəlmiş "Adi faşizm" filmi günü bu gün də mənim üçün şedevrdir. Bu filmdə sonradan çəkilmiş çox az kadrlar var. Əsasən, müharibə dövründə alman və sovet cəbhə operatorlarının lentə aldıqları kadrlardan istifadə olunub. Amma film o qədər qözəl montaj edilib ki, filmin nümayişi başa çatdıqdan sonra bu filmin sənədli olduğu yox, bədii olduğu təəssüratı yaradır.

Rejissor Roman Karmenin "Dəniz fatehləri" sənədli filmi də bu qəbildəndir. İmran Qasımovun ssenarisi, Roman Karmenin rejissorluğu, Cavanşir Məmmədovun operatorluğu, bəstəkar Qara Qarayevin musiqisi ilə araya-ərsəyə gəlmiş bu film də sənədlilikdən çox bədii film təsiri bağışlayır. Çünki hər şey harmonik və dinamikdir. Biri digərini süni surətdə yox, təbii şəkildə tamamlayır.

Cağdaş günlərimizdə sənədli film çəkməyə meyilli gənc rejissorlar da çoxdur. Onların dünyaya və sənətə baxışları əvvəlkilərdən xeyli fərqlidir. Bu fərq nələrdən ibarətdir? Mən daim bu sualın cavabını axtarıram və çox təbii ki, ürəyimə yatanları dəstəkləyir, xoşuma gəlməyənləri rədd edirəm. Fikrimcə həm klassiklərdən, həm də gənclərdən öyrənməli çox şey var. Klassiklərdən peşəkarlıq və təcrübə, gənclərdən isə ideya və ifadə tərzi yeni olur. Mən bunu bu gün dərs dediyim universitet tələbələrinin həmin istiqamətdə gördükləri işlərə əsaslanıb deyirəm".

Oqtay Babazadənin digər önəmli cəhətlərindən biri də odur ki, o mövzulardan qorxub çəkinmir. Bütün mövzularda - istər elm, istərsə də incəsənət, ədəbiyyat, musiqi və yaxud tarix, təbiət, idman mövzuları olsun, hamısına eyni məhəbbət və hörmətlə yanaşır. Heç vaxt onun dilindən: "Bu mənim mövzum deyil, bunu mən bacarmaram" ifadəsi eşitməzsən. Ancaq bu sözlərin şahidi olarsan: "Mən həmişə hazıram!"

Onun ən önəmli cəhətlərindən biri də məqsədinə çatmaq üçün inadkar olmasıdır. Oqtay müəllimlə biz Gürcüstanda, İranda, Türkiyədə, Almaniyada, Hollandiyada, Danimarkada, Belçikada, Amerikada, Fransada, İtaliyada, dəfələrlə çəkilişlər aparmışıq. Çəkilişlər zamanı çoxlu maneələr baş verib. Kimisi pul tələb edib, kimisi çəkiliş məkanına qadağa qoyulduğunu söyləyib, kimisi isə çəkilişdən yaxa qurtarmaq istəyib. Amma o, bunlara məhəl qoymadan öz işlərini görüb. Belə səhnələrlə biz Amerikada və Parisdə dəfələrlə üz-üzə gəlmişik. Amerikada "Uzaq və yaxın Lütfi Zadə" çox seriyalı sənədli filminin çəkilişlərini apararkən polis yaxınlaşıb o yerdə çəkilişlərə qadağa qoyulduğunu söylədi. Və əlavə etdi ki, bu məkanda çəkilişlər üçün filan departamentdən icazə vərəqəsi gərəkdir. Oqtay müəllim zarafata salıb tərcüməçi vasitəsi ilə ona belə dedi: "Cənab polis, sizin ölkənizi bilmirəm, amma bizim ölkədə əvvəlcə çəkib sonra icazə alırlar".

Polis əvvəlcə çaşdı, sonra deyilənlərin mahiyyətini dərk edib qəhqəhə çəkdi. Gülə-gülə ona yaxınlaşıb dedi: "Elədirsə, onda öz ölkənizdə olduğu kimi hərəkət edin". Parisdə Luvr muzeyində "Luvr"adlı sənədli filmi çəkəndə də buna oxşar bir hadisə ilə üzləşmişik. Bildiyiniz kimi bu muzeyə peşəkər çəkiliş kameraları ilə daxil olmağa qadağa qoyulub. Çəkiliş aparmaq üçün gərək xeyli miqdarda pul keçirib icazə alasan. Bizim isə buna maddi imkanımız yox idi. Amma Oqtay müəllim hansı yollasa çəkilişi reallşdırdı və biz istədiyimizə nail olduq.

Mənim dünyaya qöz açdığım, indi qürbətdə qalan kəndimiz Körpülü ilə əlaqədar 2000-ci ildə çəkməyə başladığımiz "Körpülü" tammetrajlı  sənədli filminin lentə alınması zamanı da bir neçə` qorxunc vəziyyətlə üzləşməli olduq. Ermənistan ərazisində yerləşən kəndimiz üç respublikanın - Ermənistanın, Gürcüstanın və Azərbaycanın sərhəddində qərarlaşıb. Bu sərhəd erməni əsgərləri tərəfindən ciddi nəzarətdə saxlanılır. Biz belə qərara gəldik ki, kəndimizlə bağlı çəkilişləri Gürcüstana məxsus ərazidən, Burma deyilən kəndin yaxınlığındakı nöqtədən lentə alaq. Belə də etdik. Gün qüruba enəndə kameramızı quraşdırıb Körpülü istiqamətinə yönəltdik. Sən demə, Debet çayının o tərəfində lövbər salmış polis-buraxılış məntəqəsinin erməni əsgərləri - snayperləri silahlarını bizə tuşlayıb bizi hədəfdə saxlayırmışlar. Birdən hiss etdik ki, 200 metr aralıda Debetin o tayında silahlar şaqqıldadı. Oqtay müəllim tez özünü operator dayanan tərəfə atıb həm onu, həm də kameranı yerə yıxıb hər ikisini real təhlükədən sovuşdurdu. Düzdür, həmin gün heç nəyə nail ola bilməyib suyu süzülə-süzülə qonşu Sadaxlı kəndinə - mənim qohumum Zemfiranın evinə qayıtdıq. Oturub çəkiliş aparmaq üçün yeni yollar axtardıq. Axırda belə qərara gəldik ki, çəkilişi sübh tezdən, erməni keşikçiləri yuxusuzluqdan əldən düşdükləri məqamda aparaq. Elə də etdik. Və axır ki, istədiyimizə nail olduq.

Bir müddət Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində rejissor köməkçisi işləmiş, sonralar ali dərəcəli rejissor vəzifəsinə qədər yüksələn Oqtay Babazadə bir çox nüfuzlu mükafatların sahibidir. O, 2000-ci ildən respublikanın əməkdar incəsənət xadimi fəxri adını daşıyır. Hələ televiziyada işlədiyi dövrlərdən rejissorluq işi ilə pedaqoji fəaliyyətini paralelləşdirib. 1991-ci ilin sentyabrından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər yüksəlib. Bununla yanaşı, o, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, akademikidir. Özü də bir neçə dərs vəsaitinin müəllifidir. Onun imzası ilə işıq üzü görmüş "Ekranda təsvir və səs", "Kinoda və televiziyada montaj", "Ekranda söz" dərs vəsaitləri sözun həqiqi mənasında bu sahədə illərdən bəri davam edən boşluğu aradan qaldırıblar.

O, publisistika ilə məşğul olmağı da xoşlayır. Arada bir yaxından tanıdığı, dostluq etdiyi elm və sənət adamları barədə bir-birindən maraqlı oçerklər, xatirələr yazır. Onun professor Lütfı Zadə, Xalq rəssamı Toğrul Hərimanbəyov haqqında yazdığı yazılar böyük elmi-publisistik dəyərə layiqdir.

...Müdriklərdən biri deyir: "Xoşbəxt o sənətkardır ki, yaşlaşanda geri dönüb arxaya baxanda özünü və yaradıcılıqlarının izlərini görür". Respublikanın  əməkdar incəsənət xadimi, rejissor, professor Oqtay Babazadə məhz belə xoşbəxtlərdəndir.

 

 

Möhbəddin Səməd

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.6.