Teatrlara dövlət qayğısı kimi və niyə qıcıqlandırır?

 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin müsahibəsi

 

Yazıçı-dramaturq və filosof Firuz Mustafanın "Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır" sərlövhəli məqaləsində toxunduğu məsələlər teatr ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev həmin məqaləyə cavab olaraq müsahibə verib.

 

- Əliqismət müəllim, məqalə müəllifi Azərbaycan teatrının problemlərindən danışarkən "eksklüziv təhlillə kifayətlənməyi" caiz saymadığını söyləyir və bu məsələyə məşhur Amerika dramaturqu Artur Millerin bir sitatı ilə başlamaqla, əslində, özü bilərəkdən hədəfdən yayınaraq, oxucusunu konkret və rasional düşünmək şansından məhrum edir.

 

- Əlbəttə, o məşhur teatr bilicisinin fikirləri konkret məkan və zaman müstəvisində bəlkə də yerinə düşə, ağıllı və bir qədər də cəlbedici səslənə bilər: O deyirdi ki: "Nəinki tamaşaya qoyulan hər hansı bir əsərin, hətta az qala Brodveydəki bütün teatrların taleyini çox vaxt "Nyu-York tayms"da nüfuzlu bir tənqidçinin çap etdirdiyi məqalə həll edir".

 

Ola bilər, Miller dövrü üçün bu bəlkə də beləydi!

 

Bu sözlər deyilən vaxt (Miller 1915-ci ildə doğulub, 2005-ci ildə, 90 yaşında vəfat edib) o boyda Amerikada bu qəzeti oxuyan aydınlar və ictimai fikiri yönləndirmək qabiliyyətində olan tənqidçilər yəqin ki, hər hansı bir tamaşanın taleyini bir qələmlə həll etmək iqtidarında idilər. Çünki onda okeanın o tayında hələ KİV və elektron texnologiyalar şəbəkəsi bu qədər geniş yayılmamışdı və insanlar özlərini gəlişdirmək, mənəvi ehtiyaclarını təmin etmək üçün yaxşı tamaşanı - hansısa nüfuzlu bir qəzetin rəyi ilə seçmək, hansısa tənqidçinin tövsiyəsini nəzərə almaq səviyyəsində zövqə və tələbata malik olmaq məcburiyyində idilər.

 

Bəli, müəllif "bizdə müasir teatr tənqidi yoxdur" - deməklə Amerika kəşf etdiyini düşünürsə, yanılır, çünki bu problemi biz, yəni taleyini teatrla bağlayan peşəkarlar dəfələrlə müzakirə mövzusuna çevirmişik, onun həlli yollarını mütəxəssislərlə bərabər araşdırmağa çalışmışıq, gənclər arasında müsabiqələr keçirmişik və bu proses bu gün də davam etməkdədir. Axı biz hər hansı bir ziyalıya və ya qələm əhlinə "bu tamaşamızdan yaz!" deyə göstəriş verə də bilmərik. Teatr tənqidinin olmaması məncə, yaxşı tamaşa qıtlığı ilə bağlı deyil, sırf yaradıcılıq işidir, istedad məsələdir, fərdin (yəni yazmaq bacarığı olan insanın) peşəkarlıq səviyyəsi və hər kəsin fikrini ifadə edib ümumilədirməyi bacarmaq məsuliyyətidir.

 

Firuz Mustafanın da adını hörmətlə çəkdiyi bir çox klassiklərin, həm dünya dramaturgiyası korifeylərinin şah əsərləri, həm də bu gün belə öz aktuallığını qoruyub saxlamaqda olan milli ədəbi nümunələrimiz tamaşaya qoyulan illərdə heç kim Cəfər Cəfərova, Mehdi Məmmədova, Yaşar Qarayevə, Ədilə Əliyevaya, Cabir Səfərova, İnqilab Kərimova və digər tanınmış tənqidçi və teatr bilicilərinə göstəriş vermirdi ki, gedin, filan tamaşaya baxın və resenziya yazın... Teatrlar bu böyük söz sahiblərinin və sənət araşdırmaçılarının, teatr təəssübkeşlərinin, sözün həqiqi mənasında, ikinci evinə çevrilmişdi. Onlar bəzən bir tamaşaya dəfələrlə baxır, hərdən son məşqləri izləməyə gəlir, aktyorların oyunundan tutmuş səhnənin tərtibatına, rejissorun və bəstəkarın yozumuna, geyim rəssamının işinə, qrim ustasının zəhmətinə, bir sözlə səhnədə görünən və görünməyən bütün truppanın əziyyətinə qiymət verir, əsərin ədəbi-bədii dəyərindən yüksək peşəkarlıqla söz açır, onu təhlil edir, fikilərini bildirirdilər. Özü də bu yazılarda qərəz yox, sağlam tənqid, irad olurdu ki, hər kəs öz səhvini növbəti tamaşayadək islah etməyə, cilalamağa çalışırdı. Bəli, onda bizim Teatral Bakı mühitində hər kəs teatra getməyə can atır, baxdığı tamaşa barədə danışır, təəssüratlarını qonum-qonşusu, iş yoldaşları, dostları ilə bölüşürdü.

 

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu sahədə radikal addımlar atır, bu ənənəni yenidən bərpa etməyə çalışır.

 

- Sözsüz ki, bu gün həm televiziya kanalları, həm də internet şəbəkəsi ilə rəqabətdə çox vaxt uduzduğunu etiraf edən teatrların yaşaması üçün hər kəs, o cümlədən ünvanımıza hansısa incikliyinin əvəzini çıxmaq qəsdi ilə qərəzli və əsassız tənqid yazan müəlliflər də məsuliyyət daşımalıdır.

 

- Bəli. Firuz Mustafanın yazdığı dram əsərləri vaxtilə Gənclər Teatrında, Naxçıvan, Şuşa, Lənkəran, Ağdam, Mingəçevir, Sumqayıt, İrəvan, Qusar Dövlət Teatrlarında tamaşaya qoyulsa da, onların heç biri teatral hadisə kimi qarşılanmayıb, bir neçə dəfə oynanıldıqdan sonra, tamaşaçı yığa bilmədiyi üçün repertuardan çıxarılıb. Əslində, ilk baxışdan bu qədər əsəri oynanılan bir qələm sahibi, özünün idda etdiyi kimi "yüksək səhnə parametrlərinə uyğun yazılmış" əsərlərin müəllifi, hər halda indiyədək dramaturq kimi məşhurlaşmalı və yaradıcılığına ehtiyac duyulan birisi olmalı idi. Təəssüf ki, çoxlu sayda (30-a yaxın) əsəri tamaşaya qoyulan müəllif teatrın işini, daxili strukturunu yetərincə bilmədiyindən nəzəri cəhətdən kitablardan oxuduqlarını hansısa tanınmışların sitatlarının köməyi ilə möhkəmləndirmək istəyir və bu gün inkişaf edən, yenilənən (həm fiziki, həm də mənəvi) Azərbaycan teatrı haqqında absurd fikirlər söyləməkdən çəkinmir.

 

Firuz müəllim etiraz edib deyə bilər ki, əgər mənim əsərlərim zəif idisə, onda teatrlar bu pyeslərə niyə o qədər zəhmət və xərc çəkib tamaşaya qoyurdu? Cavabını açıqlayım: sadəcə sizin və siz qəbildən olan bəzi dramaturqların bəxti onda gətirdi ki, o dövrdə teatrlara yenicə sərbəstlik verilmişdi, bütün sənət ocaqları repertuar seçimində sərbəst idilər və siz də bu fürsətdən yararlanırdınız, çünki bilirdiniz ki, "bildirçinin bəyliyi xırman sovulanacandır!"

 

Bu da həqiqətdir ki, o dövdə sizin kimi bir neçə nəfər "məşhur qələm əhli" var idi ki, zaman öz əbədi ələyindən onları keçirmədi!

 

Əgər hörmətli filosof bunun əksini sübut eləməyə hazırdısa, onda keçmiş mətbuat işçisi, "Teatr" jurnalının təsisçisi kimi (bu jurnaln cəmi bircə nömrəsini çap etdirə bilib) ona bir sualım var: indiyədək hər hansı bir tamaşa barədə niyə tənqidi fikir, resenziya yazmamısınız, mənfi və müsbət fikirlərinizi söyləməmisiniz? Qələmdaşlarınızın zəif əsərlərini niyə görməzdən gəlmisiniz? Sizdən dəqiq və tutarlı cavab gözləmədiyimdən məlum həqiqəti özüm söyləmək istəyirəm: Çünki... o vaxt siz də bilirdiniz ki, teatrlara təqdim etdiyiniz dram əsərləri şedevr deyil və ölkədə baş verənlərin fonunda tam gücdən düşən teatr tənqidi də bunu görə-görə, bilə-bilə susmağa məcburdu. Elə susmağı da o vaxtdan sizin kimi "dialoq quraşdırıb, əhvalat düzəldənlər" vərdiş etdirdi onlara! "Böyük dramaturqların" cılız əsərlərini təhlil etməkdən vaz keçib öz sözlərinə və fikirlərinə hörmət edən 3-5 nəfər tanınmış tənqidçi kənara çəkilib, özfəaliyyət səviyyəsində olan bədii materialı güc-bəla tamaşaçıya "yedirtməyə" çalışanların canfəşanlığını təəssüflə izlədilər və susdular, elə o vaxtdan bəri də susurlar...

 

Son 20 ildə əsərləri tanınmış teatrlarda oynanılan müəlliflər arasında daha çox adı keçənlərdən biri də elə Firuz Mustafadır!

 

Və mən yenə Firuz müəllimə bir sual vermək istəyirəm: Bilirsinizmi, bu gün teatrlarımız həm dramaturgiya, həm rejissura, həm aktyor, həm də tamaşaçı sarıdan niyə korluq çəkir? Çünki sizin kimi bir çoxları da özünü "qüdrətli qələm sahibi" saydığı və keyfiyyətsiz cızmaqaralarını teatrlara "sırıyaraq" (siz bunu daha yaxşı bilirsiniz) əsl istedadların qarşısını kəsdiyi dövrlərdə, özünə hörmət eləyən teatr fədailəri bu sənət məbədlərindən ürəkağrısı ilə üz çevirdilər.

 

- Müşahidələr göstərir ki, bu gün teatrlar öz repertuarlarını yenidən yaradırlar, uzun illərin boşluğunu doldurmağa, tamaşaçılarla, istedadlı müəlliflərlə illər öncə qırılmış bağları, itirilmiş əlaqələri bərpa etməyə, gənc yaradıcı qüvvələri teatra cəlb etməyə çalışırlar.

 

- Həmin müəllif isə məqaləsində tez-tez "teatrlarda tamaşaçı rəyi nəzərə alınmır"- deyə hər kəsi qınamağa can atır. Düzü, mən onun ziyalılığına, alimliyinə də az qala şübhə ilə yanaşmağa başlayıram. Firuz Mustafa, teatr, sizin fikrinizcə, restoran və mehmanxanadır ki, gələn müştərinin (tamaşaçının) nə arzuladığını soruşub, onların hər birinin istəyi ilə tamaşa hazırlasın?! Tamaşaçı rəyi öyrənmək istəyən, teatra gələr, tamaşaçının səhnədə baş verənlərə necə reaksiya verdiyinin əyani şahidi olar, sonra hökm verər.

 

Rəhbərlik etdiyim Musiqili Teatrda son bir neçə ildə uğurla oynanılan əsərlərin, istər, "Arşın mal alan" olsun, istər "Ər və arvad", (Üzeyir Hacıbəyli), "Xanuma" (A.Saqarelli), "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev), "Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir" (M. Kamoletti), "Skapenin kələkləri" (Molyer), "Kimyagər" (M.F.Axundov), istərsə "Evlənmə" (N.Qoqol) və digər tamaşalarımızın necə anşlaqla qarşılandığı teatr ictimaiyyətinə məlumdur və əminəm ki, bundan sonra da məhz belə baxımlı tamaşalar hazırlamağa gücümüz və istedadımız çatacaq!

 

Bu yazı ilə tanış olan arif və uzaqgörən oxucular belə bir məntiqi nəticə çıxarırlar ki, görünür müəllif özünün də idda etdiyi kimi, "dramaturq - həm də filosof olmalıdır" qənaətini gerçəkləşdirmək niyyəti ilə müraciət etdiyi daha prestijli teatrlardan əliboş qayıtdıqdan sonra qələmə sarılaraq içinin ağrı-acısını peşəkar kollektivlərin ünvanına püskürməklə, az qala əsryarımlıq bir tarixi olan Azərbaycan teatrını səriştəsizlikdə günahlandırmaqla kimlərdənsə heyif almağa çalışır!

 

Onu anlamaq o qədər də çətin deyil. Axı indi zaman da, dövran da, tamaşaçı, dinləyici tələbatı da dəyişib. İndi müasir tamaşaçı daha maraqlı, daha düşündürücü mövzuları əhatə edən əsərlərə baxmaq istəyir. Əgər bizdə teatr, onun yazdığı kimi, təkcə bəzəkli binadan və tamaşa salonundan ibarət olsaydı, yəqin ki, onun kimi "dahi dramaturqu" çıraqla axtarardı. Ancaq nə yaxşı ki, bu belə deyil və ola da bilməz.

 

Əgər bu gün Azərbaycandakı və xüsusilə də paytaxtdakı bütün teatrlar dövlət tərəfindən təmir olunursa, yenidən qurulursa, dövlət sifarişi ilə tamaşaya qoyulan əsərlərin sayı yavaş-yavaş artırsa, buna sevinmək lazımdır, Firuz müəllim! Müharibə şəraitində yaşayan, hər gün düşmən tərəfin hücumlarının dəf etmək üçün bütün diqqətini cəbhə bölgəsinə yönəltmək məcburiyyətində qalan bir ölkənin rəhbəri vaxt tapıb vətəndaşlarının mənəvi inkişafı qayğısına qalırsa, onu ancaq alqışlamaq gərəkdir, yoldaş filosof!

 

Bu gün ölkədə fəaliyyət göstərən 26 dövlət teatrının və bu sahəyə aid olan digər qurumların fəaliyyət dairəsini daha da genişləndirmək, oynanılan tamaşaların ideya-bədii məzmununu yüksəltmək, teatrlara yeni istedadlı cavanların cəlb edilməsinə nail olmaq üçün tədbirlər görülür və bu işlərdə biz dövlətimizin dəstəyinə güvənirik. Təsadüfi deyil ki, 2007-ci ildə Prezident İlham Əliyev "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam imzaladı. Bu sərəncamda milli dəyərlərimizin qoruyucusu və təbliğatçısı olan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq imkanlarının genişləndirilməsi kimi vacib məsələlər nəzərdə tutulmuşdu. Bu sərəncamdan sonra təbii ki, xeyli iş görülüb və hələ də görülməkdədir.

 

Mənim anlamadığım bir məqam da budur ki, Firuz Mustafa teatrlara dövlətin bu qayğısından niyə belə qıcıqlanır ki? Və ya əgər hər hansı bir teatr tamaşa hazırlamaq məqsədi ilə xaricdən bir rejissor dəvət edirsə, bunun ona nə ziyanı var ki?

 

O qonağın iş təcrübəsindən bəhrələnmək, "ustad dərslərinin" iştirakçısı olmaq üçün bilirsinizmi nazirlik neçə nəfərin ezamiyyət xərcinin çəkib xaricə göndərə bilərdi, ay müəllim? Uzaqbaşı, 2-3 nəfərin! Amma bir nəfəri Bakıya dəvət etməklə onlarla insana dünya teatrlarının qabaqcıl təcrübəsindən bəhrələnmək imkanı yaradılır. Buna ancaq sevinmək lazımdır!

 

Əgər Azərbaycanda teatrın vəziyyəti hörmətli filosofumuzun düşündüyü və yazdığı qədər acınacaqlı olsaydı, onda şəxsən onun də qatıldığı Beynəlxalq Teatr Konfransı 3-cü dəfə Bakıda keçirilməz, dünyanın 40-dan artıq ölkəsindən 140-dan çox tanınmış teatr xadimi bu nüfuzlu məclisdə iştirak etmək üçün planetin dörd bir yanından Bakıya gəlməzdi.

 

Yəqin Firuz Mustafa özü də məruzələrə diqqətlə qulaq asanda başa düşdü ki, çıxış edənlər daha çox onun toxunduğu (və nədənsə təkcə milli teatrlarımıza şamil etdiyi) məsələlərdən söz açdılar, bunun ümumbəşəri problem olduğunu vurğuladılar, arzu və istəklərini bildirdilər, konkret təkliflər irəli sürdülər, qabaqcıl təcrübədən bəhrələnmək üçün əlaqələri genişləndirməyin zəruriliyini dilə gətirdilər və məlum oldu ki, bu əslində, bütün dünya teatrlarının ortaq narahatlığıdır.

 

Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri xanım Ayşa Rau bildirdi ki, maliyyə çatışmazlığı, binasızlıq və maraqlı əsər qıtlığı üzündən qurucusu olduğu teatrın kollektivi illərdən bəri yalnız Dehlinin balaca bir qəsəbə klubunda çıxış etməyə məcburdur.

 

- Amma bizim teatrlar artıq beynəlxalq festivallara dəvət olunur, Beynəlxalq teatr qurumlarına üzv seçilir. Tamaşalarının nümayişi coğrafiyası ildən-ilə böyüyür.

 

- Tamamilə doğrudur. Qeyd elədim ki, Firuz Mustafanın əsərləri bir vaxtlar müxtəlif teatrlarda tamaşaya qoyulub və məncə o teatr işçilərinin pərdə arxasında qalan böyük zəhmətindən xəbərdardı. Ən azı aylarla onlarla ünsiyyətdə olub, duz-çörək kəsib. Belə olan halda, bir vaxtlar, elə indinin özündə də, teatrın ab-havasını udmuş bir ziyalı kimi gərək o yaradıcı insanların əməyinə daha sayğılı yanaşaydı...

 

Yəqin ki, oxucularımız mənimlə razılaşarlar ki, öz tarixinə, mədəniyyətinə, bədii-estetik dəyərlərinə və nəhayət vətəninə və xalqına dəyər verən, hörmət edən hər kəs kiminsə ünvanına söz demək fikrinə düşəndə, əvvəl-əvvəl dönüb bir özünə, özünün ictimai mövqeyinə baxmalı, ondan sonra başqalarını tənqid (bu məqamda təhqir) etmək fikrinə düşməlidir, özü də xarici ölkələrdə də yayımlanan televiziya kanalında!

 

Azərbaycanda istedadlı insanlar çoxdur, onların arasında şairlər, yazıçılar, dramaturqlar da kifayət qədərdir. Ancaq bir çoxları teatrdan uzaqdır, amma bu o demək deyil ki, biz onlarla əməkdaşlıq etmirik, əksinə bəziləri ilə əlaqə saxlayırıq, yaradıcılığı ilə maraqlanırıq, bəzilərinə hər hansı bir mövzunu işləməsi barədə sifariş də veririk. Lakin təəssüf ki, onların teatrlara təqdim etdikləri əsərlərin mövzusu o qədər primitiv olur ki, bəzən müasir geyimli bu yazarların hələ də ötən çağlara dirənən səthi dünyagörüşünə, düşüncə və mühakimə qabiliyyətinə heyrət edirsən. Biz də yaxşı əsər istəyirik, müasir tamaşaçının tələbləri və zövqü ilə ayaqlaşan pyeslər arzulayırıq, istəyirik ki, yaxın tariximizi əks etdirən əsərlər səhnəyə gəlsin, insanlara, xüsusilə də, cavan nəslə, gələcəyə ümid, həvəs aşılayan pyeslər yazılsın, bunu isə təkcə teatr direktoru və ya rejissorla, aktyor eləməməlidir ki...

 

Bəli, biz bu gün dünya arenasına çıxmaqda israrlıyıq və inşallah, tezliklə bir çoxları kimi siz də görəcəksiniz ki, artıq sorağı planetin dörd bir yanından gələn Azərbaycan teatrları yaxın gələcəkdə öz tamaşaları ilə dünya turnesinə yollanacaqlar. Ölkə başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı məncə bu arzumuzu gerçəkləşdirmək üçün qarşımızda geniş perspektivlər açır.

 

Bir sözlə, Azərbaycan teatrı özünün çox məhsuldar inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, iş olan yerdə problemlər də olacaq, nöqsanlar da... Amma bu inkişafa göz yummaq, şəxsi maraqları naminə görülən işlərin üstünə qara yaxmaq heç ziyalıya, yaradıcı insana yaraşan xüsusiyyət deyil.

 

Telli PƏNAHQIZI

525-ci qəzet.- 2014.- 25 noyabr.- S.7.