"Ulduz" şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri

 

 

Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur. Bu tərəqqi bütün sahələrdə özünü aşkar şəkildə göstərir. Qida sənayesinin inkişafı da bu sıradandır. Elə bunun nəticəsidir ki, sözügedən sahə ildən-ilə daha da genişlənərək yeni-yeni müəssisələr, şirkətlər fəaliyyətə başlayır. Bununla həm istehlakçılara yeni məhsullar təqdim olunur, həm də bir-birinə qarşı rəqabət mühitində fəaliyyət göstərən müəssisələr daha keyfiyyətli məhsullara üstünlük verməyə məcbur qalırlar. Artıq bu sahədə uğurlu fəaliyyətin nəticəsidir ki, qənnadı sənayesində yerli müəssisələr ölkədəki təminatı ödəməklə yanaşı, xarici bazarlarda da rəqabətə tab gətirə bilirlər.

 

Sosialist ölkədən bazar iqtisadiyyatına

 

Azərbaycanda yeyinti sənayesində yerli şirkətlərin fəaliyyətə başlaması 1990-cı illərdən sonrakı dövrə təsadüf edir. Sovet İttifaqının dağılmasından sonra digər sosialist ölkələri kimi, Azərbaycan da, iqtisadiyyatını bazar iqtisadiyyatının prinsipləri əsasında qurmaq qərarına gəldi. İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, geri qalanı isə istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə işsizlərdən ibarət böyük bir ordu yarandı.

 

Artıq 1993-cü ildə Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı.

 

Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün işlər görməyə başladı.

 

1991-92-ci illərdən başlayaraq Azərbaycana gələn türk və xarici iş adamları bu prosesdə aktiv rol almağa başladılar. Belə şirkətlərdən biri də "Azersun Holding" oldu. Daha sonra bu müəssisə yerli mütəxəssisləri də cəlb etməklə uğurlu biznes fəaliyyəti nəticəsində böyüyərək, qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir holdinqə çevrildi.

 

Azərbaycandan doğan "Ulduz"

 

Azərbaycanı qida sənayesində mühüm yer tutan, istehlakçıların etibar etdiyi, eyni zamanda beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən müəssisələrdən biri də "Ulduz" şokolad fabrikidir.

 

"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki 2001-ci ildə fəaliyyətə başlayıb. "Ulduz" şokolad fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", "Seasons", "Sema", "Vedding" və digər məhsulların müxtəlif çeşidləri ilə tanınır. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - "Topnut" markalı "Draje" və "Cırtdan", "Freş", "Alpinmilk", "Villi" markalı karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirib. "Ulduz"un istehsal gücü saatda 3200 kiloqramdır. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub.

 

Ölkəmizdən dünyaya açılan qapı

 

Müəssisənin ixrac potensialı daha da artırılaraq, Rusiyanın Moskva, Sankt -Peterburq, Ufa, Maxaçqala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijni-Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə məhsullarını ixrac edir. "Ulduz" fabriki beynəlxalq İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi, İFS (İnternational Food Standart) Beynəlxalq Qida Standartı, BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) sertifikatları alıb. 2009-cu ildə Moskvada "Prodekspo-2009" sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin qızıl medalına layiq görülüb. Fabrik 2010-cu ildə "İlin xalq markası" mükafatını qazanıb. İstanbul şəhərində XXI əsrin beynəlxalq qida sənayesi "World Food İstanbul -2013" sərgisinə qatılan "Ulduz" Şokolad Fabriki növbəti dəfə öz uğurlu iştirakı ilə yadda qalıb.

 

Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunur.

 

"Ulduz"da qovuşan istehlakçılar

 

"Ulduz" şokolad fabrikində iş fəaliyyəti ilə tanışlıq məqsədi ilə müntəzəm olaraq media nümayəndələrinin və digər şəxslərin buraya səfərləri də təşkil olunur. Media nümayəndələrinin son belə səfəri cari ilin sentyabrında baş tutdu. Fabrikdə gördüklərimiz əsasında deyə bilərik ki, "Ulduz"da texniki və gigiyena qaydalarına tam şəkildə əməl olunur. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənərək fabrikdə yeni müasir avadanlıqlar quraşdırıb. Fabrikin məhsullarında xəstəlik və zərərli faktorlara rast gəlmək qeyri-mümkündür. Ən kiçik elementlərdə belə, personalın qablaşdırılan məhsula azacıq da olsa təması yoxdur. Məhsulların xammaldan başlayaraq istehsaladək təsnifi və düzgün emalı qaydaları təqdirəlayiqdir.

 

İstehsalat texnologiyası da gigiyena qaydalarına uyğun dəyərləndirilir. Satılan məhsulların müayinəsi həyata keçirilir. Bunun üçün qida, əczaçılıq, kimya, biologiya, baytarlıq və tibb sahəsində ali lisenziya səviyyəsində təhsil görmüş personalı mühüm iş aparır. Məhsulun istehsalından istehlakına qədər bütün mərhələlərdə görülən səhiyyə tədbirləri yaxşı nümunədir. Əldə edilən məhsulun tərkibinin fiziki, kimyəvi və mikrobioloji təsbiti də var. Müəssisə peşəkarlar tərəfindən intensiv şəkildə dezinfeksiya olunur. Buarada məhsulun analizini həyata keçirən professional laboratoriyası fəaliyyətdədir. Əldə edilən nəticələr təkrar-təkrar müayinə edilməklə yanaşı istehlakçıların şikayət və təklifləri də dəyərləndirilir. Zərərli canlılar, toz, duman kimi ekoloji çirkləndiricilərə qarşı qapalıdır.

 

"Ulduz"da hamam, ayaqyolu və digər ictimai bölmələr istehsalatdan tamamilə ayrıdır. Buarada işçilər və müəssisəni ziyarət edənlər üçün gigiyena qaydalarını xatırladan lövhələr asılıb. İş yeri gün işığına ekvivalent şəkildə işıqlandırılıb. İstiliyin normadan artıq yüksəlməsini, buxarın və tozun əmələ gəlməsinin qarşısını almaq, çirkli havanı dəyişdirmək üçün mexaniki, təbii havalandırma sistemi ilə təmin edilib.

 

Dezinfeksiya qaydaları əsasında nəzərdə tutulmuş qalıq tullantı anbarı var. Qalıqların tullanılması xüsusi şöbənin nəzarətindədir. Su və zərərli canlıların yığılması üçün burada münbit şərait yoxdur.

 

Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə iş vaxtı çay və isti yeməklə yanaşı, onların işə gəlib getmələri üçün nəqliyyat və xüsusi iş geyimləri ilə təminatını da həyata keçirir. İşçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.

 

"Məqsədimiz keyfiyyətli malları idxal etməkdir"

 

"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin "Ulduz" şokolad fabrikinin direktoru Vüsal Şərifov deyir ki, əsas məqsədimiz Azərbaycana keyfiyyətli mallar verməkdir: "Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. Fabrikin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Biz Azərbaycan bazarında bir boşluq gördük. Türkiyədən və Rusiyadan  idxal olunan malların Azərbaycana gətirilməsindən bir az narahat olduq. "Azərbaycanın bir markası yoxdur" fikri bizdə formalaşdı.

"Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevildi. Hər bir Azərbaycan vətəndaşı deyə bilir ki, bizim də şokolad markamız var. Fabrik yerli bazara yeni bir ad "Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi.Əsas məqsədimiz yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir".

 

O, hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışdığını deyib: "Məhz kollektivimizin yorulmaz əməyi sayəsində müəssisə istehsal olunan məhsulların həcmini artırır və eksport proqramını uğurla artıraraq, hər il istehsal həcmini öncəki illə müqayisədə iki dəfə artırır".

 

Qazanılan uğurlar

 

"Ulduz"un məhsullarından müştərilər də məmnundur. Belə olmasaydı, Bakı və regionlardakı satış obyektlərində müştərinin seçimi bu müəssisənin şokoladları üzərində dayanmazdı. Artıq Azərbaycan insanı yaxşı şokolad və şirniyyat üçün xarici ölkə markalarına müraciət etmir. O, eyni zamanda keyfiyyətli məhsulları ilə daxili bazarda iqtisadi rəqabəti də gücləndirir.

 

Müxtəlif çeşidli keyfiyyətli, dadlı və zövq verən "Ulduz" şokolad məhsullarına xarici bazarlardakı istehlakçılar da etibar edir.

 

Fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da iştirak edib.

"Ulduz" şokolad fabriki Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalayıb. 2014-cü ilin sentyabrın 15-18-i tarixlərində "Ulduz" şokolad və karamel fabriki daha iki beynəlxalq qida sərgisində iştirak edib. Bunlardan biri Moskvada keçirilmiş "World Food Moscow 2014" və Tehran şəhərində baş tutmuş "13th İran İnternational Confectionery Fair" sərgiləri idi. Burada "Ulduz" şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsulları ilə təmsil edib.

 

Vüsal Şərifov xarici əlaqələrlə bağlı bunları deyir: "Biz bir çox xarici şirkətlərlə əməkdaşlıq edirik ki, onlardan yeni şeylər öyrənək. Ən əsası isə odur ki, artıq Azərbaycanın özünün şokolad məhsulu var. Biz bu məhsulla öz ölkəmizi beynəlxalq qənnadı sərgilərində təmsil edirik. Öz xidmətlərimizə görə bir neçə dəfə həm öz ölkəmizdə, həm də xaricdə medal və sertifikatlarla təltif olunmuşuq. Bu il isə bizim məhsulumuz 2013-cü ilin ən keyfiyyətli məhsulu seçilib. Biz gələcəkdə Qazaxıstan, ABŞ və digər ölkələrin şirkətləri ilə əməkdaşlığ da planlaşdırırıq".

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Ulduz" Şokolad Fabriki bizim bütün tələblərimizə cavab verir. İstehlakçılar bu məhsula tam olaraq etimad göstərə bilərlər".

 

İsgəndər HƏsƏnov,

525-ci qəzet.- 2014.- 25 noyabr.- S.5.