Ağrı dağın ağrıları

 

 

 

Yazıçı Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə bu günlərdə yenidən nəşr olunmuş “Közərən sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə məlum olan və olmayan, bir sıra maraqlı məqamları öz əksini tapıb. Aktuallığını düşünərək, kitabdan bəzi hissələri oxuculara təqdim edirik.

Bir səhər Rəhim müəllim telefonla mənə zəng çaldı. Salam-kalamdan sonra:

– İrəvana gedirəm, gəl, səni də aparım, – dedi, – çox gileylənirsən ki, İrəvanı görməmişəm. Orada mənim cəmi bir-iki saatlıq işim var, onu görüb, sonra şəhərlə tanış olub qayıdarıq.

Getdim, kabinetində məni gözləyirdi. Ardımca sürüçü içəri daxil oldu və:

– Maşın hazırdır – dedi.

– Hansı maşını gətirmisən?

– “Pobeda” – sürücü cavab verdi.

– Get “ZİM”i gətir. Sən bu jurnalistlərin incə məxluq olduğunu bilmirsən. Üzümüzə deməsə də, daxilində fikirləşəcək ki, yəqin “ZİM”ə qıymırıq. – Rəhim müəllim incə zarafatla sürücünü başa saldı.

...”ZİM” maşını o qədər də rahat olmayan Naxçıvan-İrəvan yolunda bizi atıb-tutmadan, həm də yüksək sürətlə şütüyürdü. Nazirlər Soveti başçısının əhval-ruhiyyəsi həmişəkindən fərqli olaraq bu gün çox yüksək idi. O, mənə tərəf yönəlib, ərkyana:

– Yoldaş jurnalist, heç soruşmursan ki, Moskvaya nəyə getmişdin? – deyib söhbətə başladı.

– Deyərsiniz, bilərəm.

Müsahibimin baxışları qayğılı ifadə aldı:

– Qırx ildir Sovet hökuməti qurulub, ancaq Naxçıvan hələ də elektrik işığından korluq çəkir. Orda-burda mazutla işləyən beş-altı elektrik stansiyamız tüstülənir. Onnan da kar aşmır. Çox əlləşib vuruşandan sonra Naxçıvana çerez İrəvan yüksək gərginlikli elektrik xəttinin çəkilməsini bu ilin planına daxil etdirmişik. Di gəl ki, layihədə klimatik şərait nəzərə alınmayıb. Xəttin dəmir-beton dayaqlarla yox, ağac dirəklərlə çəkilməsi nəzərdə tutulub. Bu da bizə əl vermir. Nədi, nədi, bir neçə ton metala, beş-on manat da pula qənaət edilsin. Ancaq ağac dayaqlar Araratın rütubətli, yağmurlu ətəklərində nə qədər ömr eləyə bilər? Beş-on ildən sonra hamısı çürüyüb tökülməlidir. Bu da, nə Azərbaycanlıq, nə də ki Naxçıvanlıq məsələdir. Bunu yalnız Moskva həll edə bilər. Ona görə də heç kəs dərisini kola verib, bu işə girişmək istəmir. Məcbur olub özüm düşdüm ortalığa, düz Kremləcən getdim. Bu boyda vəzifəm ola-ola, böyük bir çətinliklə Malenkovun qəbuluna düşə bildim. Muxtar Respublikanın iki xarici dövlətlə sərhəd olmasından, bu qədim diyarın coğrafi şəraitindən, iqtisadi çətinliklərindən, xüsusilə elektrik enerjisinin qıtlığından, kəndlərdə hələ də adamların neft lampalarından istifadə etməsindən... ətraflı danışdım. Məni diqqətlə dinlədi. Sonra elə həmin dəqiqə göstəriş verdi ki, İrəvan-Naxçıvan yüksək gərginlikli elektrik xətti ağac yox, dəmir dayaqlarla çəkilməlidir. Bununla da məsələ qurtardı. Mənə qəribə gələn o oldu ki, Mərkəzi Komitənin Baş katibi, Nazirlər Sovetinin sədri vəzifələrindən azad olunub, yalnız ölkənin elektrikləşdirilməsi sahəsinə baxan bu adam məni dinlədi, göstəriş verdi, vəssalam! Malenkov mənimlə bircə kəlmə başqa söz danışmadı. Elə bil sözümü daşa deyib, ondan cavab alıb, çıxdım. Onun sifətinin ifadəsində, baxışlarında da heç bir ifadə hiss etmədim. İndi bu məsələ ilə əlaqədar İrəvanlıq yüngül bir iş qalıb, onu da bu gün mütləq həll etməliyik, – müsahibim əlavə etdi.

Rəhim Kərəmoğlunun xoş əhval-ruhiyyədə olmasının səbəbini anladım. Sən demə Naxçıvana yüksək gərginlikli elektrik xəttinin çəkilişi probleminin həllini yoluna qoyub. Bu münasibətlə onun qanadı olsaydı, uçardı.

Rəhim müəllim nikbin söz-söhbətinə fasilə verib ani fikrə getdi. Nə düşündüsə, təəssüf və təəccüb mənasında başını buladı:

– Bundan qabaq Moskvada olarkən, Mərkəzi Komitə aparatının məsul işçiləri ilə aramızda qəribə söhbətlər keçdi. – Rəhim müəllim bu sözləri deyib, bir qədər duruxdu və yenə də sözünə davam etdi:

– Düzü, deməyə çətinlik çəkirəm, – dedi. – Bu, onlarla mənim aramda olan çox sekret söhbətdi. Bunu heç kimə danışmaq olmaz. Amma Sizə etibar edirəm. Bilirəm, ağzından çıxmaz. Məndən dərin maraqla soruşdular ki, Rusiyadan Naxçıvana neçə nəfər müəllimə göndərilib. Dedim, bizdə rus dili müəlliməsi çoxdur, ancaq neçə nəfər olduğunu dəqiq bilmirəm. Sonra soruşdu ki, onlardan neçə nəfəri ərə gedib, özünə ailə həyatı qurub? Bu suala da dürüst cavab verə bilmədim. Onlar cavablarımdan narazı qaldılar və bunu mənə bərk irad tutdular. Söz verdim ki, geri dönəndə sizi maraqlandıran bu məsələlərlə ətraflı məşğul olaram. Axır sözləri də o oldu ki, innən sonra bu məsələni daim diqqət mərkəzində saxlayın və çalışın ki, ora göndərilən rus dili müəllimələri vaxtında ərə getsinlər, ailə qursunlar, əks təqdirdə geri qayıda bilərlər. Ona imkan verməyin...

Nazirlər Sovetinin başçısı yenə də dərin fikrə getdi, sonra sükutu pozaraq:

– Əlbəttə, onların bu yöndə olan sorğu-sualı məni açmadı. Çünki hər kəlmələrindən böyük millətçilik iyi gəlirdi. Bu cür siyasət bizi yaxşı sonluğa aparmır – dedi. Vaxtilə Lenin deyirdi ki, böyük millətçilik iddiası yarananda, xırda millətçilik əhval-ruhiyyəsi mütləq baş qaldırmalıdır.

lll

Rəhim müəllim İrəvan-Naxçıvan elektrik xətti çəkilişinin Ermənistanla əlaqədar düyünlərini çətinliklə olsa da, birtəhər açıb işi çəminə qoymuşdu. Odur ki, əhvalı yaxşıydı. İrəvanın bəzi görməli yerlərinə ötəri baş vurub geri döndük. Gedəndə olduğu kimi, qayıdanda da Vedi el-obasına çatar-çatmaz sürücü maşının radiosunu söndürdü. “ZİM”in sürəti azaldı. Müsahibimin bayaqkı xoş əhval-ruhiyyəsi də qeybə çəkildi. Mənə elə gəldi ki, Araz da bu yerlərdən keçəndə sifəti bozarmışdı, tutqun görünürdü. O taydakı Ağrı dağı da hüznlü kimi idi. Ətrafa sanki qəbir sükutu çökmüşdü. Hərdən qulağıma tükürpədici səslər də gəlirdi. Ancaq bu, canlı varlıqların səsinə bənzəmirdi. Elə bil doğmalarını itirmiş torpağın sızıltısı idi. Haradasa eşitmişdim ki, Ağrı dağı həmişəki kimi vüqarlı deyil, qəddi-qaməti bir az miskinləşən kimi olub. Sən demə Ağrı dağın ağrılı dərdləri varmış. İrəvandan tutmuş Təbriz ellərinəcən Arazboyu o tay-bu tay olan, tikə-tikə, parça-parça pay-puş edilən, didim-didim didilən, yaralanmış Azərbaycan torpaqlarının dərdiymiş, Ağrı dağa ağır dərd olub, onun belini bükən. Qələm əhli kimi bütün bunları duyduqca, bu niskil mənim də yuxa qəlbimə sirayət etdi. Heç birimiz dillənmirdik. Yolumuza duman, çiskin çökübmüş kimi maşınımız çətin irəliləyirdi. Bəlkə də ona görə ki, torpaq incikliydi, iniltiliydi, giley-güzarlıydı. Altımızdakı maşın da bunu duyubmuş kimi ağır gedirdi.

Rəhim müəllim yana çönüb avtomaşının kabinəsindən görünən yaxın-uzaq kəndləri, baş daşları sındırılmış müsəlman qəbiristanlıqlarına işarə edib:

– Buralar ta qədimdən Azərbaycan məskənləridir, – dedi. Ölənlər ölüb, qalanlarını da ermənilər sıxışdırıb çıxarıblar. İndi ucqarlarda tək-tük azərbaycanlı qalıb. Yəqin onlarınkı da bu gün-sabahlıqdır. Ona görə də hər dəfə buralardan keçəndə əhvalım pozulur, özümə gələ bilmirəm.

Müsahibim sükuta daldı. Və sonra yenə də üzünü mənə çevirərək:

– Daşnak millətçiliyi vəbadan qorxulu xəstəlikdi, – dedi. Taleyimiz elə gətirib ki, onun fəsadlarından xilas ola bilmirik.

Müsahibim belə deyəndə mənim ağlıma ayrı şey gəldi. Və bir anlığa düşündüm – uşaq anadan olandan sonra bəzi qorxulu xəstəliklərə qarşı onu əvvəlcədən peyvənd edirlər. Qatı millətçilik xəstəliyi əleyhinə də belə bir peyvənd mümkün olsaydı... Onda erməni millətçiləri də belə bir virusdan xilas edilərdi. Və onların qonşuları da öz yurd-yuvasında dinclik tapardılar.

Müsahibim isə söhbətinə ara vermədən danışırdı: heç uzağa getməyək, dünənəcən, tarixi dəqiqliklə desək, ötən əsrin əvvəllərinəcən İrəvanın müstəqil hakimi Məhəmməd xan idi. Və o, ən mühüm məsələlərin həllində Naxçıvan hakimi Kalbalı xanın dedikləri ilə oturub-dururdu. Rus qoşunlarının komandanı Sisyanov İrəvana təşrif gətirəndə, bu yerlərin hakimi kimi yalnız Məhəmməd xanla hesablaşır, onunla danışıqlar aparırdı. İndi ermənilər yaxalarını yırtıb deyirlər ki, bu torpaqlar dədə-babadan bizimkidir. Harda da xaç nişanı olan bir alban kilsəsi görürlər, şivən qoparıb yüz çür saxta dəlil-sübutlarla əsaslandırmağa çalışırlar ki, bunun bünövrə daşını qoyan erməni əcdadlarımızdır. Utanmasan oynamağa nə var ki?! Belə yerdə deyiblər ki, yersiz gəldi, yerli qaç. Bu bədxah ermənilər sonradan-sonraya qonşuluğumuzda peyda olandan hər çür hiyləyə əl atır, sadəlövh azərbaycanlıları dədə-baba yurdlarından didərgin salırlar.

Müsahibim bu sözləri ürək yanğısı ilə danışırdı:

– Jurnalist kimi bu, sizin üçün də maraqlı olar – söhbətinə davam etdi. – Bir dəfə qatarla Moskvaya gedirdim. Təsadüf elə gətirdi ki, vaxtı ilə Mircəfər Bağırovla bir yerdə Mərkəzi Komitənin katibi işləmiş S. ilə eyni kupeyə düşdük. Onu çoxdan tanıyırdım. Söhbətimiz tutdu. Mənə belə bir qəribə əhvalat danışdı:

Aparatda ikinci şəxs sayılırdım. Bağırov bəzi məsələlərdə mənimlə hesablaşırdı. Bir gün məni yanına dəvət etdi. Getdim, adəti üzrə əlində bir neçə karandaş kabinet boyu o tərəf bu tərəfə var-gəl eləyirdi. Onun xasiyyətinə bələd idim. Hiss etdim ki, qanı qaradır. Bərk əsəbiləşib. Ancaq bu barədə ondan heç nə soruşmadım. Sən demə Mikoyan Beriyanın qılığına girib onunla birlikdə Stalini başdan çıxarıblar. Stalinə izah ediblər ki, artıq müharibə qurtarıb, müxtəlif xarici ölkələrdə yaşayan ermənilər öz dindaşlarının yanına qayıtmaq istəyir. Lakin Ermənistanın ərazisi darısqal olduğundan onların yerləşdirilməsi çətinlik törədir. Bunun üçün yeganə bir çıxış yolu var. Azərbaycanda Mingəçevir su hövzəsinin tikintisi başa çatıb. Mil-Muğan zonasında min hektarlarla xam torpaq su ilə təmin olunub. Bu geniş torpaqları əkib-becərmək üçün böyük işçi qüvvəsi lazımdır, ona görə də yaxşı olardı ki, Ermənistanda əkinçilik üçün imkanları onsuz da məhdud olan Azərbaycan rayonlarının əhalisi Mingəçevirin sututarlarına köçürülüb, orada məskunlaşdırılsınlar. Onların da yerində xaricdən gələn ermənilər yerləşdirilsin.

Mikoyanla Beriyanın bu mülahizəsi Stalinin ağlına batır. Lakin soruşur:

– Bu barədə Bağırovla danışmısınızmı?

– Xeyr, – Mikoyan və Beriya cavab verirlər.

– Mən etiraz etmirəm. Ancaq Mircəfər Bağırovun da bu barədə rəyini öyrənmək lazımdır.

Mikoyanın hiyləsi ilə Beriya Bağırova zəng vurub məsələni ona çatdırır və Bağırovu inandırır ki, guya bu, Stalinin fikridir. Və artıq o, öz razılığını verib.

Bağırov çıxılmaz vəziyyətdə qalır. Və Beriyaya belə bir cavab verir:

– Bir halda ki, Stalinin sözü qətidir və bu barədə razılıq verib, mən daha nə deyə bilərəm?!

Mikoyanla Beriya da elə Bağırovun bu sözünə bənd idi. Stalinə tez çatdırırlar ki, Mircəfər etiraz etmir, razıdır.

Bu barədə hazırlanmış məktubun üstünə Stalin göy karandaşla belə bir dərkənar qoyur: “Na suqubo dobrovolnıx naçalax” (“Sırf könüllülük əsasında”).

Stalinin könüllülük prinsipi Ermənistan rəhbərliyi tərəfindən bəşər tarixində görünməmiş vəhşi bir zorakılıqla həyata keçirilir. Köçürülən azərbaycanlıların da bir qismi Milin, Muğanın istisinə tablaşmadıqlarından qırılıb məhv oldular.

Müsahibim söhbətinin istiqamətini dəyişib soruşdu:

– Stalinin İrəvanın üst tərəfindəki meşələrin əhatəsində olan nəhəng heykəlini görmüsünüz?

– Bəli, bir dəfə ötəri...

– Mikoyanın ideyası ilə ucaldılan həmin heykəlin sənətkarlıq baxımından və əzəmətinə görə ölkədə misli-bərabəri yox idi. Bəs necə, Mikoyan öz həmyerlisi üçün canından keçməyə hazır idi. Stalin də onu elə bu cür başa düşür və Mikoyanın sədaqətinə əsla şübhə etmirdi. Ona necə də inanırdı! Ancaq çox təəssüf! İyirminci əsrin siyasət nəhəngləri olan Çörçilin, Ruzveltin aldada bilmədiyi Stalini Mikoyan asanlıqla aldadıb yoldan çıxarır və ondan sui-istifadə edirdi. Axırı nə oldu? Stalinin tabutuna balta endirib, onun ruhunu təhqir etməkdə Mikoyan Xruşşovdan az canfəşanlıq göstərmirdi. “Stalinin “SSRİ-də sosializmin iqtisadi problemləri” əsəri çətin ki, tələblərimizə cavab versin” – bu söz ilk dəfə Mikoyanın dilindən çıxdı. Stalinin İrəvanın başı üzərində ucaldılan nəhəng heykəlin uçurulmasında da Mikoyan İrəvanı başa saldı ki, birinciliyi əldən vermək olmaz. Bu həm də Mikoyanın Xruşşova olan səmimiyyətinin nümayişi demək idi. Axı, ona indi də Xruşşovun qılığına girmək lazım olmuşdu.

 

(Ardı var)

Əli İldırımoğlu

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.26.