"Kaş bu bahar yaylaqlara
gedəydim..."
Hərdən Bakıya yolum düşəndə onunla
görüşürəm. Səmimi söhbətləşirik,
bizi narahat edən məsələlərdən,
ordan-burdan söz açıb danışsaq
da, sözümüz hərlənib-fırlanıb Qarabağın
üstünə gəlir.
O dərdimizdən danışırıq
ki, danışmamaq mümkün deyil. Onun köhnə kişilərə bənzəyən
görkəmi, boyu-buxunu,
insanı özünə
cəlb edən bir görünüşü
var. Yenə də avqust ayında Bakıdaydım. Yayın bu cırhacırında onun işlədiyi özünə məxsus olan ofisinə gəldim. Həm görüşmək, hal-əhval
tutmaq, həm də otağındakı
sərinkeşin qarşısında
oturub bir az sərinləmək istədim. Səmimi salam-kəlamdan sonra yenə də ordan-burdan danışdıq.
Mənim qələm əhli olduğumdanmı,
Hacı İlham Qurbanoğlu söhbət arası əlini uzadıb bir qovluqdan bir neçə
vərəq çıxartdı.
Hərdən-hərdən qəlbinin
səsinin kağıza
köçürdüyünü, nəsə yazdığını,-
dedi və onun şeirlərinə baxa bilərəmmi? - deyə soruşdu. Mən də baxdım. Onun yeni əlifbamızla olduqca səliqəli xətlə yazdığı
şeirlərə baxdım.
Ümumiyyətlə yaxşı
xətti olan insanlara böyük hörmətim var. Təhsilini
kiril əlifbasıyla
alan bu adamın
yeni əlifbamızla belə səliqəylə
yazmağı mənə
çox maraqlı gəldi.
Deyirlər ki, yaxşı
xətt insanın daxili aləminin göstəricisidir. Bəlkə
də belədir. Şübhəsiz hər bir insanın özünəməxsus xətti
olur. Alimlər lap çoxdan müəyyən
ediblər ki, insanın xətti ilə onun xarakteri
arasında bir uyğunluq da var. Yəni bir adamın
psixoloji portretini çəkmək istəyirsənsə,
onun xəttinə bax. İnsanın kim və necə
olduğunu müəyyən
etmək üçün
onun xəttinə baxmaq kifayətdir. Dünyanın qrafoloqları
müəyyən edirlər
ki, insanlar əlləriylə yox beyinləriylə yazırlar.
Hər bir insanın xətti insanın təfəkkürünü,
xasiyyətini, temperamentini,
onun insanlara münasibətini göstərir.
İnsanın daxili gözəlliyinin onun yazısından bəlli olması mübahisəli məsələdir. Yaxşı
xətt - kalliqrafiya nəinki incəsənətdir,
hətta ideal ruhun incənətidir deyənlər
də var. Amma qəribədir ki, bir sıra dahilərin
- Leonardo da Vinçinin,
Mikelanjelonun, Nikolay Qumilyovun, Aleksandr Puşkinin, Mixail Lermontovun, Bethovenin, Çörçilin, Dostoyevskinin,
Qoqolun, Pasternakın xətləri çox pis olub. Hər
halda insanın gözəl xətti olması yaxşı əlamətdir.
Azərbaycan istedadlar diyarıdır
deyirlər. Şübhəsiz
bu zaman-zaman sübut olunub. Bunlara deməyə heç ehtiyac da yoxdur. Əsrlər
boyu Azərbaycanda biri - birindən öz dəsti-xətti ilə, müxtəlif yaradıcılıq qabiliyyətilə
seçilən, özünəməxsus
isteda malik olan insanlarımız olub. Çox sevindirici haldır ki, belələrini görəndə adamın
ürəyi dağa dönür. Onlar istedadlı və bacarıqlı olmalarına
görə digərlərindən
seçilirlər.
Şeirləri diqqətlə oxudum.
Hacının şeirləri
onun iç dünyasının aynasıdır.
Bəyəndiyim şeirlər
var idi. Onun içindəki yurd, millət, Vətən sevgisi, bununla bərabər özündəki sadə
davranış, üstəlik
hisslərini bu dərəcədə sadə
və sərrast ifadə etmək qabiliyyəti məndə müsbət təəssürat
yaratdı. Bəzi şeirlərində yerinə
düşməyən misralar
da, ifadələr də var. Amma hər halda İlhamın şeirlərində
ilhamsızlıq duyulmur.
Onu da nəzərə
alsaq ki, Hacı İlham peşəkar şair deyil, özünün də şairlik iddiası yoxdur.Yalnız özünün dediyi kimi qəlbinin səsini nəzmə cəkir. Onun işğal altında qalan, doğma ellərimizin həsrətindən
bir az da
qocalan dağlarımıza,
qaçqınlarımıza həsr etdiyi şeirləri oxuyanda isə ona qarşı
bir doğmalıq hiss
etdim. Şair iddiası olmayan adi bir adamın,
sadə bir vətəndaşımızın, bir soydaşımızın
içindən keçənləri,
fikrini, duyğusunu ictimaiyyətə, söz sevənlərə çatdırmaq
maraqlı olar, deyə,- düşündüm.
Ona Moskvaya qayıdan kimi şeirləri ümumiyyətlə
yazıları haqda öz sözümü, fikrimi bildirəcəyimi,- dedim.
Beyləqanda anadan olsa da, soyunun-kökünün
bir qolu Laçının Minkəndinə
gedib çıxır.
Bu o kənddir ki, zəngin bir tarixə malik olub və Azərbaycanımıza
çox sayda samballı şəxsiyyətlər,
ziyalılar verib. Hacı İlham mənsub olduğu millətlə, özünün
milli mənsubiyyətiylə,
tarixi keçmişiylə
və soy-köküylə
fəxr edir. Hacı uzun illərdir ki, Bakıxanov qəsəbəsində
yaşayır, bu şəhərin ictimai həyatında, ədəbi
mühitində fəal
iştirak edir, qəsəbə dindarlarının
ağsaqqallar şurasının
sədridir, yurddaşları
ilə - özü kimi dağlarımızın
həsrətiylə, dərdiylə
yaşayanlarla tez-tez görüşür, dərdini,
nisgilini bölüşür
və sonra isə dərdlərini, hisslərini nəzmə çəkir, şeirə
çevirir. Onun çoxsayda məqalələri,
ilahi sözləri, nəsihətləri tez - tez "Haqqın səsi" qəzetində
çap olunur. Hacı İlhamın şeirə, sözə, ədəbiyyata həvəsi
hələ Beyləqanda
yaşayanda, orta məktəb illərində
yaranıb. Amma ömrünün çox
vaxtlarını, indi girov düşən, əsirlikdə qalan allı - güllü yaylaqlarımızda, dağlarımızın
qoynunda keçirib. O vaxtlardan uzun illər ötsə də, yazdıqlarını
bir kimsəyə göstərməyib. Şeirlərinə
ötəri bir həvəs, ötəri bir hiss kimi baxıb.
Dağlardan ayrı düşdüyünə, yollarının
bağlandığına dözə
bilmir, dağların harayına çata bilmir, səsinə səs verə bilmir, dərdini yazır:
Nadanlar saldı oyuna,
Yetişməyirəm hayına,
Gələ bilmirəm qoynuna,
Əl çatmazsan, yurd yerimiz!
Pərən - pərən olub
elim,
Çox
uzaqsan çatmır əlim,
Yada düşdün, yandı
dilim,
Əl çatmazsan, yurd yerimiz!
Quzuların mələşməsi,
Bulaqların zümzüməsi,
Yadımdadı tütək səsi,
Əl çatmazsan, yurd yerimiz!
Köksü dolu lala yaylaq,
Gül gölündən tala yaylaq,
Sinəmdə bax xala, yaylaq,
Əl çatmazsan, yurd yerimiz!
Hacı
İlham dağlarımızın
insanlarının o dağların
büllur suyu kimi saflığından, təmizliyindən söz açır. Bu gün onun ürəyi
dağlarımızın həsrəti ilə
çırpınır, amma neyləsin əli çatmır,
ünü yetişmir. Əli çatsa ətəyindən
yapışar, torpağına diz çöküb,
daşını öpər, qayasını qucaqlayar. Artıq
neçə illərdir ki, həsrət qaldığı yurd
yerlərimizə, onun torpağına, daşına, suyuna,
havasına, gülünə,çiçəyinə həsrət
qaldığını deyir,- Hacı İlham.
Yurdumuzu
yağı düşmən taladı,
Qəlbimizi
oda-közə qaladı,
Millətimi
al-qanına buladı,
Ayağa
qalx, Azərbaycan, ayağa!
Anaların
göz yaşını silən yox,
Dərdlərimi,
nisgilimi bilən yox,
O
dağlara bir gedən yox, gələn yox,
Ayağa
qalx, Azərbaycan , ayağa!
Yurd-yuvamı
azad etsin igidlər,
Oğlum,qızım
bu diyara ol sipər,
Haqsızlığa
bir çəpər ol,sinə gər,
Ayağa
qalx, Azərbaycan , ayağa!
Ürəyində
ölməz həvəs dağların,
Tükənibdi
səbri tələs, dağların,
Birgə
verək səsinə səs dağların,
Ayağa
qalx, Azərbaycan , ayağa!
Hacı
ilham inamını itirmə,
Odlar
yurdum, zamanını itirmə,
Eli səslə,
gümanını itirmə,
Ayağa
qalx, Azərbaycan , ayağa!
Hacı
İlham yazılarında xalqımızın başına gətirilən
faciələr, fəlakətlər, yurdumuza göz dikən
düşmənlərin iyrənc niyyətləri,
qaçqınlarımızın, köçkünlərimizin
ürək ağrıları, qəlb döyüntüləri
öz əksini tapır. Hacı İlham yazılarında
insanları əxlaqi saflığa, paklığa, vətənə,
xalqa, millətə sədaqətlə, milli mənəvi dəyərlərimizə
hörmətlə yanaşmağı, gözü-bəbəyi
kimi qorumağı tövsiyə edir.
Son illərdə
Azərbaycanda televiziya verilişlərinin
bayağılığı, həddindən artıq şou
arxasınca qaçmaq, milli dəyərləri nəzərə
almadan dayaz, cılız proqramların hazırlanması,
milli-mənəvi dəyərlərə, mentalitetə
uyğun olmayan verilişlər yayımlandığını
bilirik. İnsanların beyninə ən istedadlı,
şöhrətli, qüdrətli insanların şou əhli
olması sızdırılır. Artıq neçə illərdir
ki, xalqa ağıllarına nə gəldi təqdim edirlər.
Səviyyəsiz insanlar ekranlardan şit, bayağı,
heç bir maarifləndirici yükü olmayan verilişləri
cəmiyyətə sırıyırlar. Humanizmin ümumbəşəri
dəyərlərini müdafiə etmək əvəzinə,
cəmiyyətin kamilləşməsində iştirak etmək
əvəzinə mənəviyyatsızlığı,
bayağılılığı, milli mentalitetimizə
uyğun olmayan, Azərbaycan xalqının
dünyagörüşü, əxlaqı, adət-ənənələri,
dini inancları ilə bir araya sığmayan verilişlər
hazırlayırlar. Təəssüf ki, bu verilişlər cəmiyyətdə,
gənclərin və yeniyetmələrin zövqünü,
dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə
mənfi təsir edir. Bizim insanların ucuz musiqiyə, bayağı
mədəniyyətə alışdırırlar. Bunların
hamısı da gələcək nəslin formalaşmasına
çox mənfi təsir göstərir. Bütün
bunların müqabilində Hacının ilahi sözləri və
nəsihətləri olduqca dəyərlidir.Əttökən
şouların, bayağı söhbətlərin, yersiz, mənasız
müzakirələrin yayımlandığı bir zamanda belə
müdrik kəlamlara, nəsihətlərə insanların
çox ehtiyacı var. Hər bir kəsin yazdıqlarına,
adicə bir misrasına, bir ifadəsinə hörmətlə
yanaşılmalıdır, ən azından isə bu
yazını yazanın bir iddiası yoxdursa. Şübhəsiz,
hər bir yaradıcı insan özünü sənətin
müəyyən bir mərtəbəsində, iddiaları
olanlar isə zirvəsində görmək istəyir və elə
də zənn edir ki, artıq o böyük yazardır o,
dahidir, bunun ta yer üzündə tayı-bərabəri
yoxdur. Bu mənada Hacı İlhamın dəyərli kəlamlarına,
özünün dediyi kimi nəzmə çevirdiyi ürəyinin
səsiylə qələmə aldığı kəlamlara
sayğıyla yanaşmalıyıq.
Onun ilahi
kəlamları və nəsihətləri insanları həsəddən,
kindən uzaq olmağa xeyirxah, mərhəmətli, mehriban, ədalətli,
imanlı olmağa, daim insanlara dayaq, kömək olmağa səsləyir.
İnsanpərvərliyə səsləyir Hacının ilahi
sözləri. O, insanları bir-birilərinə qarşı ədalətli
olmağa çağırır, düzgün olmağa, milli-
mənəvi dəyərlərimizi var gücü ilə
qoruyub saxlamağa səsləyir.Təmizliyi, halal zəhməti
hər şeydən üstün tutur. Bədxahlara, xüsusilə
də tamahkar olanlara, dünya malından doymayanlara nifrətini
bildirir:
Sevdim təmizliyi,
halal zəhməti,
Tanrı
halallara verər qiyməti,
Dünyanın
sərvəti, şanı - şöhrəti,
Nəyimə
gərəkdir, qoy sənin olsun.
Çoxları
yan aldı sərvətə sarı,
Qoy sərvət
yığanlar dinməsin barı,
Dünyada qalacaq dünyanın varı,
Nəyimə gərəkdir, qoy sənin olsun.
Hacı İlham üçün Vətən öz doğma kəndindən və Beyləqandan başlayır. O, yuxusunda da Beyləqanı görür.Yeniyetmə çağlarını keçirdiyi Laçın dağlarını görür. Onun əsas qələmə aldığı mövzu isə girovluqda qalan torpaqlarımızdır, köçkünlərimizin, qaçqınlarımızın çəkdiyi ağrı-acılar, üzləşdiyi haqsızlıqlardı. Çox sadə şəkildə həsrətini, harayını ifadə edir, dağlarımızı görmək istəyir:
Dünyadan əlimi üzməmiş, Allah,
Məni dağlarımın qoynuna qaytar...
Yaxud:
Ürəyimdə məhəbbətim,
Var dözümüm, dəyanətim,
Görən bitərmi həsrətim,
Görən dərdim azalarmı?
Hacı İlham kitabını çapa hazırlayır. Onun şeir və hekayələrdən, ilahi kəlamlardan ibarət özünün dediyi kimi kitabında onun həm poetik düşüncələri, həm də müxtəlif illərdə yazdığı əsərləri, məqalələri öz ifadəsini tapacaqdır.
Torpaqlarımızın işğalından çox vaxt keçməsinə baxmayaraq Hacı İlham ümidlə, bir arzuyla yaşayır, inanır ki, bir gün gələcək, elə bir gün yetişəcək ki, biz hamımız doğma yurdumuza qayıdacağıq. İllərdən bəri həsrət qaldığımız, gözü yolda qalan Vətən torpağına qovuşacağıq.
Darıxmışam, dözümüm yox,tabım yox,
Kaş bu bahar yaylaqlara gedəydim,
Yaddaşımda əbədilik yaşayan,
Elat küylü oylaqlara gedəydim.
Arzuların çin olsun, Hacı İlham!
Nəsib
NƏBİOĞLU
Azərbaycan
Yazıçılar Birliyi Moskva Bölməsinin katibi,
Rəsul Rza və Yuri
Dolqoruki adına beynəlxalq ədəbi
mükafatlar laureatı
525-ci qəzet.-
2014.- 1 oktyabr.- S.8.