Şamil
Vəliyev Qürbətdə Azərbaycan davası,
yaxud həqiqət və yalnız həqiqət
MƏHƏMMƏD ƏMİN
RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ
HƏSR OLUNUR
Sovet dövrü bədii ədəbiyyatı, ədəbiyyatşünaslığı
və mətbuatının marksist-leninçi prinsiplərə
tabe tutulduğunu yaxından izləyən M.Ə.Rəsulzadənin
ədəbi-tənqidi mülahizələri müasir nəzəri
axtarışlar üçün dəyərli istinad mənbəyidir. O yazırdı: "Özləri
hər iki üzlü taktikaları ilə Rusiyada iqtidara gələn
bolşeviklər sonda bütün dünyanı
ruslaşdırmağa yönəlmiş olan siyasətlərini,
milliyyət məsələsində ortaya atdıqları məşhur
düsturla pərdələmək istədilər, Sovetlər
Birliyində, mədəniyyətin "Formaca milli, məzmunca
Sosialist" olması üzərində israr etdilər.
Sovetlər Birliyinə daxil olub qırx milyonu haqlayan
türk ellərində bu düsturun manevrdə nə kimi bir nəticəyə
çatdığını biliyoruz. Əvvəl şəkil
(forma) ruslaşdırıldı. 1939-cu ildən etibarən
Rusiyada-bütün Türk Respublikalarında latın
hərfləri ilə yazılmağa başlanmış olan
yazılar rus hərfləri ilə yazdırılmağa məcbur
edildi. Bununla əlaqədar olaraq türk dillərindəki
termin sistemi də İslam və Avropa əsaslarından
uzaqlaşdırılaraq rus sisteminə tabe tutuldu.
Şəklin ruslaşdırılmasından sonra məzmuna
əl atıldı. Bu məzmun sosialist olacaq kosmopolit bir mahiyyət
daşıyacaqdı. "Millət hər
cür bəşər, Vətən də yer üzü"
təsəvvür olunurdu. Lenin
"Rusiyanın mənfəətləri, cahan
inqilabının mənfəətlərinə fəda
olsun" deyirdi. Bu surətlə, Sovet
hakimiyyətinə düşən millətlər Sosialist
kosmotolitizmi ilə aldatılırdı. Milliyyətçiliyin-Şovinizm,
vətənpərvərliyin də kapitalist bir aldatma olduğu
hər tərəfə, hər kəsə təkidlə təlqin
olunurdu.
Lakin bütün bunlar Sovet hökumətinin nisbətən
zəif olduğu zamanlara məxsus bir hərəkət xəttinin
ifadəsi idi.
Bolşeviklər mövqelərində yerləşdikcə,
bu ifadədə yeni bir ruh meydana çıxır "Sosyalistlik"dən
məqsəd "rusluq" olduğu anlaşılırdı
("Şəkilcə də mühtəvaca da ruslaşdırma").
M.Ə.Rəsulzadə II Dünya müharibəsindən sonra
senzuralı Sovet mühitində Velikorus (Böyük rus)
qürurunun rəsmi sovet siyasətinin əsasında
durduğunu qeyd edir, ilk olaraq dünya inqilab ideyasını qəbul
etdiyinə görə "rus milləti millətlərin ən
şərəflisidir" fikrinin
yürüdüldüyünü aydınlaşdırır,
"sosialist kosmopolitizmi" pərdəsi arxasında
ruslaşdırmanın davam etdiyini nəzərə
çatdırırdı. 1937-ci ilin repressiya
ağrılarını yaşayan SSRİ xalqlarının
taleyi ilə daim maraqlanan M.Ə.Rəsulzadə "rus milləti
tarixdə rus məhkumu millətlərin müəllimləri
olmuş, onlara mədəniyyət dərsi verən bir
böyük qardaş mərtəbəsinə yüksəlmişdir!"
() fikrini tənqid hədəfi seçir, "sosialist kosmopolitizmi"ni kapitalist zehniyyəti kimi, tarix faktı kimi
qiymətləndirənlərin mövqeyini şərh edir və
bunun əvəzinə "sovet patriotizmi"ni önə
çəkən ədiblərin" məqsəd və məramını
aydınlaşdırırdı. Bu terminin nəzəri mahiyyətini
aydınlaşdıran M.Ə.Rəsulzadə ədəbi-elmi
və bədii prosesin forma və məzmun yeniliklərini təhlil
edərək yazırdı:
"Rusiya məhkumu millətlərin tarixləri,
xüsusilə ədəbiyyat tarixləri indi bu yeni nəzəriyyənin
işığı altında təhlil və tənqid olunur. Rus
böyük qardaşına bu gün deyil, tarixdə belə
sadiq qalmaq Sovetlərdə tətbiq olunan yeni "milli siyasət"in
ana tələbini təşkil etməkdədir.
"Sovet hökumətinə sədaqəti sübut etmək
üçün bu gün kommunist partiyasını və ata
Stalini mədh etmək kifayət deyil" bir də
böyük qardaşı Rus millətinə ərzi-səmimiyyət
etmək zəruridir!".
Son zamanlarda
siyasi Sovet mövqeləri,
Sovetlər birliyindəki millətlərin
vücuda gətirdikləri tarix və mədəniyyət
müəssisələrini möhkəm bir nəzarətə
tabe tuturlar. İndi sadə yaşanan dövr
deyil, yaşanmış dövrlər də təftişə
tabedir. Çar istilasına qarşı
göstərilən mübarizə və müqavimət hadisələri
ilə şəxsiyyətilərini idealizə edən mühərrir
şiddətlə lənət və zəifliyə
uğrayırlar. Çünki onların əsərlərində
böyük rus millətinin bu yerlərə gətirdiyi irəli
müəssisələrə qarşı gələn
"mürtəcelər" idealizə olunurmuş!
Bu "mürtəcelərin" arasında, məsələn,
Qafqaz istiqlal qəhrəmanı böyük Şamilin adı
başda gəlir. Vaxtilə şəxsən bolşevik
yazıçıları tərəfindən milli istiqlal və
inqilab qəhrəmanı deyə təqdir olunan bu tarixi sima,
indi "İngilis kapitalının agenti" və
"Osmanlı Sultanının əlaltısı" deyə
nümayiş olunur. Bunun kimi başqırd qəhrəmanı
"Knaseri" də köhnədən oturdulduğu milli qəhrəman
taxtından endirilir. Azərbaycanın, onunla birlikdə
digər Türk ellərinin də qəhrəmanı olan
"Dədə-Qorqud" hekayələri vətənpərvərliyi
xalq igidliyinin, vəfa və fədakarlığın bir
şah əsəri deyil də, "Orta əsrlər dərəbəyi
çapulculuğu" ilə "İslami geri fikirləri"
yayan bir irtica əsəri imiş!...
Milliyyət,
Vətən, azadlıq və istiqlal fıkirlərini tərvic
edən dünənki bütün şöhrətlər indi
yeni meyar ilə ölçülür. Azadlıq
və istiqlal fikrinin qəhrəmanları, şan və
şöhrət taxtlarından endirilir. Şöhrətli
şairlərimizdən Hüseyn Cavidlər ilə Əhməd Cavadların məşğul
olduqları faciəvi aqibət məlumunuzdur. Bunların
hörmətlə andığımız adları, Sovetlərin
bir zəiflətmək mövzusudur. İndi də
sırada, daha - dünənə qədər şəxsən
"azadlıq və inqilab şairi" deyə öydükləri
"Firdevs-i ihamat" şairi Məhəmməd Hadi
qalmış, "Onun da əsərlərində irtica və
milli ünsürlər az deyilmiş"! ("Şəkilcə
də mühtəvaca da ruslaşdırma") M.Ə.Rəsulzadənin
ədəbi-tənqidi fəaliyyəti və elmi-nəzəri
axtarışları mühacirət dövründə
Şimallı-Cənublu Bütöv və Azad Azərbaycan
idealını, türklük, islami dəyərlər və
müasirlik prinsiplərini daha parlaq ifadə edir. Bu yalnız ədəbi-bədii
prosesin təhlil və tənqidi zamanı deyil, siyasi
mülahizələr və mübarizədə
özünü göstərmir, həm də mətndaxili
haşiyələrin ifadə etdiyi Vətən nisgili və həsrətində
də əks
olunur.
Onun bu vətəndaşlıq mövqeyi "Dədə
Qorqud dastanları" məqaləsində
açıq-aydın bildirilir. Bu möhtəşəm Xalq abidəsinin
siyasi məqsədlərlə təhlil olunmasını əslində
xalqa, onun mədəniyyətinə qarşı düşmənçilik
hesab edən M.Rəsulzadə 1937-ci il
repressiyası dalğasında "siyasi
çapulçuluqla" məşğul olanların,
totalitar stalinçi rejim qulluqçularının mövqeyini
ifşa edirdi. O həqiqəti bəyan edərək
yazırdı: "Dastanlardan on biri ....Vətən, namus, din və
tayfa ....uğrunda etdikləri savaşlara və bu savaş
meydanlarında göstərilən igidlik səhnələrinə...,
birində də, Əzrail kimi məfhum qüvvətə qarşı
aparılan savaş təsvir olunur.
Bu
savaşlar Dəmirqapı Dərbənd, Bərdə, Gəncə,
Əlincə qala, Şərur, Göyçə gölü,
Dərəşam kimi Azərbaycan yerlərində;
Gürcü, Abxaz və erməni kimi qonşu məmləkətlərində
cərəyan edir. Dastanların
yazıldığı dil Azərbaycan şivəsinin
bütün özəlliklərinə malikdir. Bunlarda izah edilən həyat şərtləri də
Azərbaycandakı həyat şərtləri ilə
eynidir" ("Dədə Qorqud dastanları").
M.Ə.Rəsulzadə
düşmənə "arıq bir toğlu olsun belə verməyən"
vətən igidlərini, Qaraca Çoban, Qazan xan, Dəli
Domrul, Uruz, Bozatlı Beyrək, Qan Turalı, Dirsə xan
oğlu Buğacı, həm də "erkəklər kimi əhəmiyyətli,
cəsarətli və mərifətli" igid qadınları,
Burla Xatun, Selcan Xatunu və Oğuz elinin "mənəvi
atası, birliyin simvolu" olan Qorqud Atanın milli kimliyin ifadəçisi
kimi təqdim edirdi. Ona görə də yazırdı:
"Biz burada dastanların ədəbiyyat və sənət
baxımından təhlilinə girişmədən, sadəcə
ideologiya cəbhəsinə təmasla iktifa edirik. Bu
baxımdan yazımızı xülasə edəcək olursaq
deyərik ki:
"Dədə Qorqud dastanları, Vətən, din, azadlıq,
eşq, sədaqət və fədakarlıq hisslərini
qıcılayan milli üstün bir əsərdir".
1950-ci ilə qədər faydalı bir xalq əsəri
olaraq mənimsənən və dərsliklərə
alınaraq sovet Azərbaycan məktəblərində
oxutdurulan Dədə Qorqud dastanları deyərkən gözdən
düşdülər. Sovet ədəbiyyat tənqidçiləri
ilə müəllimlərinin yaxın bir keçmişə
qədər təqdiredici bir üslubla yüksəltdikləri
bu şah əsər, indi pis və zərərli əsər
deyə dərsliklərdən çıxarıldı və
kitablar atıldı. "Milliyyətçilik,
dinclik, dərəbəylik" mürəvveci, "inqilab
ideologiyasına müğayir fəsad bir əsər" deyə
aforiz edildi. Əsəri bu günə qədər
idealizə edən kimsələr isə, Sovet əleyhdarı
insanlar deyə bütün mövqelərdən
atıldılar.
Dədə
Qorqud, türk və Azərbaycan xalqının bu nurani piri,
indi bir irtica və gerilik rəmzi deyə təkfır olunur.
Elə ya
da belə çoban ilə xanın, ata ilə oğulun,
arvadla ərin, ana ilə qızın, bacı ilə
qardaşın qarşılıqlı sevgiləri ilə
boylar arasındakı qarşılıqlı və təsanüd
hisslərini, bir sözlə insan toplumunu təşkil edən
bütün sinif və təbəqələr arasında Vətən
və ailə kimi mənəvi ortaq qiymətlər naminə
birləşib qaynaşmağın və bu yoldakı qəhrəman
savaşın məddahı mürşiddir. Piri
bütün bu anlamların amansız düşməni olan
Bolşeviklər necə qəbul edə bilirlər?!...
Onlar,
sovet patriotizmi deyə ortaya atdıqları və sovet birliyində
bulunan digər rus millətləri "ağabəyi" rus
millətinin ancaq təcviz edəcəyi ideallar xaricində bir
sıra milli və vətəni əsaslar güdən
"separatist" (iftiraçı) ideolojiləri qətiyyən
təhəmmül etməzlər. "Sovet
patriotizminə" muqayir hər cür ideologiyanın
kökünü kəsmək, sovet hökumətinin inadla tətbiq
etdiyi ana siyasətdir. Bu siyasət baxımından yerli
tarix və ədəbiyyat məfahillərini idealizə etmək
bu yerlərdə yaşayan "kiçik
qardaşları" "böyük qardaş" rus
ağabəyi ilə (!) birləşməyə əngəllidir.
Bu əngəli andıran ən kiçik
şey təhlükəli bir amil kimi
atılmalıdır" ("Dədə Qorqud
dastanları").
(Ardı var)
(Əvvəli ötən
sayımızda)
525-ci qəzet.-
2014.- 3 oktyabr.- S.6.