Cəmiyyət və
jurnalistika
Azərbaycan
Sovet Ensiklopediyasının 10-cu cildində cəmiyyət
haqqında belə yazılıb: "Cəmiyyət geniş
mənada insanların tarixən təşəkkül
tapmış birgə fəaliyyət formalarının məcmusudur".
Biz insanlar cəmiyyətdə yaşamaq
üçün doğulmuşuq. Dünyaya
gələn hər bir insan istərdi inkişaf etmiş, şəxsiyyətə
öz müqəddəratını təyin etmə
azadlığını verən demokratik cəmiyyətdə
yaşasın. Belə cəmiyyət
üçün insanlar əsrlər boyu mübarizə
aparıblar. Çünki demokratik cəmiyyətdə
hüquq və azadlıqlara riayət olunur, insanların şəxsi
toxunulmazlığı qorunur, mətbuat və söz
azadlığının mövcudluğu əsas şərtdir.
Normal cəmiyyətdə mətbuata normal münasibət
var. Belə ki, dövlət medianın inkişafına hər
cür qayğı göstərir, anlayır ki, mətbuat
nöqsanların üzə çıxarılmasında, cəmiyyətin
saflaşmasına xidmət edir. Bəzi jurnalistlər
nöqsanları göstərərkən hakimiyyəti yersiz tənqid
atəşinə tutur, sanki ondan zövq alır. Halbuki, ayrı-ayrı insanların
buraxdığı səhvləri hakimiyyətin fəaliyyəti
ilə bağlamaq düzgün olmaz. Fransız
yazıçısı Viktor Hüqo nöqsandan
"qaşıyıb qan çıxaran" jurnalistlər
barədə belə deyib: "Cəmiyyəti tənqid etmək
yox, çatışmazlıqlarını aradan qaldırmaq
üçün çalışmaq lazımdır". Jurnalistlər buna əməl edirlərmi? Suala birmənalı cavab yoxdur. Bəzi
jurnalistlər əksinə, nöqsanlardan, problemlərdən
şou düzəldir, o ki var hakimiyyəti
günahlandırır. Hətta, Qərb
ölkələrini bizə nümunə kimi göstərirlər.
Düzdür, Amerika və Qərb ölkələrindən
öyrəniləsi şeylər var. Amma bu o demək deyil ki,
orada hər şey yerindədir. Əsla belə
deyil. Dövlət mənafeyinə toxunan
yazı olanda onun qarşısını almağa
çalışır. Qəzetlərin
yazdığına görə, ABŞ-ın özündə
böyük qəzetlər, korporasiyalar, ayrı-ayrı
şirkətlərin və hökumətə bağlı
hansısa qurumların siyasətinə tabedir.
Bu
günlərdə "Washington Examiner" onlayn qəzetinin
yazdığına görə, ölkənin 38 media təşkilatı
mətbuata təzyiqlərin göstərilməsi, jurnalistlərin
fəaliyyətinə maneələrin yaradılması ilə
bağlı prezident Barak Obamaya şikayət məktubu
göndəriblər. Məktubdan məlum olur
ki, hökuməti tənqid edən jurnalistlərin adları
"qara siyahı"ya salınır.
Bu gün kütləvi informasiya vasitələri
"dördüncü hakimiyyət"ə çevrilib və
onların fikir formalaşdırma gücü realdır. Jurnalistika,
Prezident Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun təbirincə
desək, "demokratik cəmiyyətin formalaşmasında və
inkişafında yerinə yetirdiyi funksiyalarının mahiyyətinə,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
arasındakı münasibətlərin təkamülündə
və tənzimlənməsində mühüm rol
oynadığına və ən nəhayət, ictimai rəyə
məqsədyönlü şəkildə təsir göstərmək
imkanlarına görə dördüncü hakimiyyət
statusunu qazanmışdır".
Məlumdur ki, vətəndaş cəmiyyətinin əsas
atributlarından biri söz və mətbuat
azadlığıdır. 70 il sovet hakimiyyətinin
tərkibində olan Azərbaycanda mətbuat və söz
azadlığı istənilən səviyyədə deyildi. Birpartiyalı sistem olduğundan mətbuat yalnız həmin
partiyanın qarşıya qoyduğu vəzifələri yerinə
yetirməyə borclu idi.
Ölkəmizdə plüralizm, mətbuat və söz
azadlığı müstəqillik qazandıqdan sonra
formalaşmağa başladı. Yeni yaranan mətbu
orqanlar Qərbin söykəndiyi modellərə
üstünlük verirdi. Yeni mətbuat
dedikdə, jurnalistika sahəsində tədqiqatçı alim
M.B.Şkondinin təbirincə desək, "xalqın mətbuatı,
xalq üçün mətbuat, azad və həqiqəti yazan,
oxucuların etibarını qazanmış mətbuat başa
düşülməlidir". Belə bir
mətbuat Azərbaycanda senzura ləğv olandan sonra
inkişaf etməyə başladı.
Təbii ki, oxucuların etibarını qazanmaq hər mətbuata
nəsib olmur.
Əgər mətbuat yalan yazırsa, faktlara
söykənmirsə, kiməsə qara yaxırsa oxucuların
qınağına tuş gəlir. Məsələn,
"Filankəs ailəsini və var-dövlətini Azərbaycandan
çıxarır", "Nazirin oğlu adam
bıçaqlayıb", "Gələn həftə həbslər
gözlənilir" və digər bu tipli
başlıqları oxuyandan sonra fikirləşirsən,
görəsən yazılanlar həqiqətdirmi? Sonra məlum olur ki, uydurmadır. Sadəcə olaraq bəzi jurnalistlər məsuliyyət
hissini itirərək, ağızlarına nə gəldi
yazıb qan qaraldırlar. Hətta, belə
yazılara bəzən şərh də verirlər,
özü də etikadan uzaq.
Bu yaxınlarda saytlardan birində gözümə bir xəbərdarlıq
sataşdı.
Yazılara şərh vermək istəyənlərə
müraciət olunmuşdu. "Şərh
yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol
verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr
işlətməməli, Azərbaycanın qanunlarına zidd
çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək,
ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcəkdir".
Belə hesab etmək olarmı ki, bu azad sözün, fərqli
düşüncənin boğulmasıdır. Əsla yox! Belə
düşünənlər böyük səhvə yol verirlər.
Şərh yazmaq olar, lakin qəbul olunmuş
qanunlara əməl etməklə.
Cəmiyyət demokratik dəyərlərə söykənirsə,
mənəvi məsuliyyət üçün geniş imkanlar
açır.
Belə bir cəmiyyətdə jurnalistin məsuliyyəti
daha çoxdur. Çünki jurnalist cəmiyyət,
insanlar, tarix qarşısında sosial və mənəvi məsuliyyət
daşıyır. Rus alimi L.Q.Svitiç qeyd edir ki, hər
bi söz minlərlə və milyonlarla tirajlanaraq cəmiyyətin
sağalması üçün dərman ola
bilər və ya qorxu, ümidsizlik, düşmənçilik
yaradar, tək adamları deyil, bütün cəmiyyəti
şikəst edə bilər.
XX əsrdə ABŞ-da yaranmış sosial məsuliyyət
nəzəriyyəsinə görə, mətbuatdan istənilən
şəxs söz deyə, fikrini açıq bildirə bilər. Mətbuata
ictimaiyyətin rəyi ilə nəzarət edilir. Ən əsası kütləvi informasiya vasitələri
öz üzərinə sosial məsuliyyət
götürür. Təəssüf ki,
jurnalist peşəsindən irəli gələn məhdudiyyətləri
nəzərə almayan, bəzi jurnalistlər oxucuların
gündəlik problemlərinin həlinə biganə
qalırlar. Harvard Universitetinin fəlsəfə
doktoru W.E.Hoskinçin rəhbərliyi ilə yaradılan
komissiyanın hazırladığı məlumatda deyilir ki, mətbuata
azadlıq verilməlidir, lakin bu yalnız o halda saxlanıla bilər
ki, kütləvi media bütövlükdə cəmiyyət
qarşısında öz məsuliyyətini başa
düşsün.
Bəzən jurnalist öz məsuliyyətini dərk
etmir. Azərbaycan-Ermənistan sərhəddindəki olayla
bağlı mətbuatda dərc olunmuş dezinformasiyalar
insanlar arasında çaşqınlıq yaratdı. Müharibə şəraitində olan ölkəmiz
üçün belə məlumatların dərci yolverilməzdir.
Özü də anonim olan bu yazıları
yoxlamaq da çətin olur. Amerika jurnalisti
Yucin Qudvin yazır ki, "tez-tez jurnalistlərə
ötürülən məlumatların qeyri-dəqiqliyi
aşkar olur, bəzən isə onlar tamamilə yalan
çıxır. Nəticədə həqiqətlə
heç bir əlaqəsi olmayan qərəzli yazılar mətbuata
yol tapır, belə materiallar çox vaxt anonim olur, buna
görə də onları yoxlamaq da çox müşkül
məsələdir".
Cəmiyyətə
fikir, söz, vicdan, din və s. azadlıqlar nə
üçün lazımdır? Əvvəla,
belə azadlıqlar, ilk növbədə demokratik cəmiyyətə
xasdır. İkincisi, ona görə
lazımdır ki, vətəndaşlar siyasi həyatda səmərəli
şəkildə iştirak edə bilsinlər. Onlar ölkədə baş verən hadisələrdən
vaxtında məlumat ala bilmirlərsə, onunla bağlı
müzakirələrdən kənarda qalırlar. Amerika Konstitusiyasının yaradıcılarından
biri olan Ceyms Medisona görə, məlumatdan məhrum olan xalq
məzəkə və faciə doğuran hakimiyyətin
astanasındadır.
Sivil cəmiyyət jurnalistikanın inkişafının
qayğısına qalır, iqtidar-müxalifət mətbuatının
"söz döyüşünə" hörmətlə
yanaşır.
Bir şərtlə ki, bir-birinə qara
yaxmasınlar, nöqsanları, problemləri göstərməklə
cəmiyyətə xidmət etsinlər. Di
gəl həmişə belə olmur. Azərbaycan
mətbuatının banisi H.Zərdabi yazırdı ki, "qəzetin
borcudur işlərin yaxşı və
yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq
nikü-bədindən xəbərdar olub, onun əlacının
dalınca olsun".
Prezident Heydər Əliyev 2002-ci ildə jurnalistlərlə görüşündə Azərbaycanda müxalifət və müstəqil mətbuatın olmasını demokratiyanın əlaməti kimi dəıyərləndirmişdi: "İstərdim ki, müxalifət mətbuatı tarazlı siyasət aparsın. Yəni tənqid də etsin, tənqidsiz ola bilməz. Səhvlərimizi də tutsun, desin, bunsuz da ola bilməz".
Azərbaycan jurnalistləri istədikləri mövzunu gündəmə gətirməkdə sərbəstdirlər. Lakin bu sərbəstlik bəzən ifrat dərəcədə olur. Buna da alışmalıyıq. Ona görə ki, azad cəmiyyətdə belə hallar tez-tez olur. Söz və ifadə azadlığının verdiyi imkanları bəzi jurnalistlər düzgün qiymətləndirmir. Xüsusilə də internet medianın geniş yayıldığı indiki dövrdə problemlər daha da çoxalıb. Sosial şəbəkələrdə elə ifadələrə, elə üzdəniraq yazılara, hətta biabırçı fotolara rast gəlmək mümkündür. Demək olar ki, mənəviyyat, əxlaqi dəyərlər unudulur. Halbuki, "gecənin gündüzə, qışın yaza, torpağın suya və bədənin başa nə qədər ehtiyacı varsa, millətin də mənəviyyata o qədər ehtiyacı var." ("Füyuzat" jurnalı)
Demokratik cəmiyyətdə nəşr olunan qəzetlərin bir çoxu özlərini, "müstəqil" elan edirlər. Doğrudanmı onlar müstəqildir? Əlbəttə, yox! Onların əksəriyyəti siyasi partiyaların, siyasi dairələrin əslində təbliğat vasitəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış edərkən demişdi: "Bu gün Azərbaycanda sözün əsl mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsl mənasında müstəqil olmalıdır".
Bəli, dövlət başçısının arzusundan doqquz il keçib. Nə dəyişib? Vicdanla qiymət verənlər üçün çox şey dəyişib. Həm Azərbaycanın siyasi həyatında, həm də mediasında irəliləyiş göz qabağındadır. Mətbuatımız bir ictimai institut olaraq qloballaşan dünyamızda həyatımızın bütün sahələrinə təsir edən təsisatlardan birinə çevrilib.
Demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan söz və məlumat azadlığı istiqamətində müəyyən addımlar atır. Görülən məqsədyönlü tədbirlər nəticəsində respublikada nəşr olunan yüzlərlə qəzet, jurnal, elektron media, informasiya agentlikləri cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi fikrin və siyasi plüralizmin inkişafına çevrilməkdədir.
Çoxları mənimlə razılaşar ki, media iqtisadi cəhətdən özünü təmin edə bilmir. Reklam bazarının zəifliyi onları asılı vəziyyətə salır. Müqayisə üçün deyək ki, Macarıstanın əhalisinin sayı Azərbaycanın əhalisinin sayı ilə eyni olduğu halda orada KİV-in reklam bazarı 600 milyon avrodur. Həmin puldan çap KİV-lərinə 160 milyon ayrılır. Azərbaycanda çap nəşrlərinin reklam bazarı 2 milyon təşkil edir. Fərq göz qabağındadır.
Azərbaycan dövləti KİV-ə hər cür yardım göstərir. Ölkə başçısının "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları dövlət-mətbuat münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımdır. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vansitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond bir sıra KİV-lərin layihələrini maliyyələşdirir, jurnalistlərin yazılarını qiymətləndirir.
Mətbuata yardım məsələsini başqa cür yozanlar da var. Əslində isə, bu kömək mətbuatın fəaliyyətini canlandırmaq üçündür. Qeyd edim ki, Qərb ölkələrində də KİV-ə dövlət yardımı var. Bu yardımlar müxtəlifdir. Məsələn, beş ölkədə - Avstriya, Fransa, Hollandiya, Norveç və İsveçdə qəzet bazarında rəngarəngliyi qorumaq üçün maliyyə çətinlikləri ilə üzləşən bəzi nəşrlərə yardım göstərilir.
Bir daha yada salaq ki, jurnalist peşəsi çox məsuliyyətli peşədir. Onun mürəkkəbliyi cəmiyyət qarşısında sosial və mənəvi məsuliyyət daşımasındadır. Jurnalist dörd zəruri keyfiyyəti unutmamalıdır. O, səbrlə dinləməli, soyuqqanlı düşünməli, təhqirə yol verməməli, cəmiyyətə obyektiv, qərəzsiz, vicdanla xidmət etməlidir.
Akif RÜSTƏMOV
BDU-nun dosenti
525-ci qəzet.-
2014.- 3 oktyabr.- S.5.