İki evdən Kiyevəcən... - II yazı

 

 

 

Bu günün Kiyevi və kiyevlilər

Kiyevlə ətraflı tanışlığa son bir ildə adı dünya mətbuatından düşməyən Maydandan başladım. Şəhərin düz mərkəzində, məşhur Kreşatik küçəsində yerləşir Maydan. Düz böyründəcə Azadlıq meydanı metro stansiyasıdı. Kreşatik metro stansiyasının içindəki keçidlə bu yerə çıxa bilərsən. Cəmi bir ay əvvəl burda çadırlar vardı. Paytaxtda mitinqlər çoxdan səngisə də, çadırlar dururdu və Maydan əcaib görkən almışdı. İndisə yavaş-yavaş hər şey öz məcrasına qayıtmışdı. Çadırlar yığışdırılmış, Maydan və ərtafı təmizlənmişdi. Burda həmişə olduğu kimi qələbəlikdi. Müstəqil Ukraynanın Şərəfi abidəsinin yan-yörəsi adamla, əsasən də gənclərlə doludu. Şəkil çəkdirən kim, deyib-gülüb əylənən kim... Bu yerlərdən xatirə olaraq mən də şəkil çəkdirdim. Kiyevlilər sadə, mehribandı, yoldan ötən istənilən birindən xahiş etsən, gülümsəyərək fotoaparatı sənə tuşlamağa hazırdı. Hətta ölkədəki gərgin vəziyyət - müharibə şəraiti belə ümumən adamların əhval-ruhiyyəsinə təsir etməyib. Acıq-qıcıqsız üzlər görmək xoş təsir bağışlayır. Müharibə demişkən, mən Kiyevə çatandan bir gün sonra müvəqqəti də olsa, atəşkəs elan edildi. Bəzi tanışlarım yarızarafat bunu mənim sabitqədəmliyimə yozdular...

Maydandan bir qədər sola, yolun o biri üzündə Kiyev meriyasının binası yerləşir. Memarlığıyla seçilən yaraşıqlı binadı. Burda idman uğurlarının ardınca xalq hərəkatındakı fəallığıyla daha da məşhurlaşan Vitali Kliçko əyləşir. O, artıq boks əlcəklərini mer vəzifəsinə dəyişib. Əhalisinin sayına görə Avropanın yeddinci şəhərinə rəhbərlik edir. Say məsələsinə gəlincə vilayəti nəzərə almadan, təkcə şəhərin özündə 4-5 milyon nəfərin yaşadığı söylənir. 

Mənbəyini Rusiyadan götürən, davamı Belorus, əhəmiyyətliliyi   yadda qalması baxımından daha çox Ukraynayla bağlı olan bol sulu Dnepr çayının və təpəliklərin üstündə bərqərar Kiyev tarixi yerləri və müasir şəhərsalma mədəniyyəti və yaşıllığıyla göz oxşayır. Yeri gəlmişkən, tarixi abidələrlə yanaşı, sovet dövründə - ötən əsrin ortalarında tikilmiş, artıq hər biri qiymətli memarıq nümunəsinə çevrilən binalar şəhərdə çoxdu. Ən maraqlısısa odu ki, şəhərsalma qaydalarına uyğun tikililər bir-birinə həmahəngdi - memarlıq ansamblı yaradır. Bu məqam xüsusilə heykəllərin qoyuluşu zamanı seçilmiş yerlərdə özünü göstərir. Belə rəvayət eləyirlər ki,  Maydan ətrafında görkəmcə tort diliminə bənzəyən bəzi binaların inşasına Stalin göstəriş veribmiş. Ağır müharibədən çıxan ölkə əhalisinin sanki iştahını açmaq, bu yolla qıtlığı unutdurmaq qərarına gəlibmiş. Qəribədi...

Kafe "Şults"

Hə, elə beləcə də adlanır. Tolstoy metrostansiyasından Krasnoarmeyski küçəsiylə bir azca üzüaşağı gedəndə bir xudmani obyekt var. Təzə açılıb. Əslində bura pivəbardı. Demək olar menyuda nə varsa, pivəylə uzlaşdırılıb. Yolum təsadüfən düşmüşdü bura. Azərbaycanın Ukraynadakı səfirliyinə gedəcəydim. Günortanı xeyli keçmişdi, mənsə hələ nahar eləməmişdim. Birdən gözüm "Şults"un lövhəsinə və düz girişin qarşısında qaraşın, görkəmcə qafqazlılara bənzəyən gülərüz oğlana sataşdı. O, düz obyektin önündə qoyduğu stol və avadanlıqdan pivə süzüb satırdı. İstiqanlıqla salamlaşdı, "nahar üçün yer axtarırsızsa, bura münasibdi" dedi. Razılıq əlaməti olaraq, gülümsəyib kafeyə girdim. Heç nə soruşulmadan qarşıma birinci və ikinci xörək gətirildi. Ukraynalılar borşu çox əla bişirirlər. Və bu torpaqda olub da, borş dadmamaq, sanki günahdı. Mənim kimi yeməklə bağlı heç bir şıltaqlığı və Allaha şükür, səhhətində problemi olmayan təbii ki, bu fürsəti əldən verməz. Ona görə də elə gəlişimin ilk günü nahar zamanı borşu yoxlamaq qərarına gəlmişdim. Doğrudanmı ukraynalılar bu xörəyi bizdən yaxşı bişirirlər? Kiyevdə "Domaşnyaya kuxnya" kafe şəbəkəsi var. Burda müxtəlif çeşiddə birinci və ikinci xörəklər, salatlar, şirələr, dissertlər təklif olunur. Yeməklər keyfiyyətli və ucuzdu. Bizim pulla təqribən 3 manat və ya bir az artıq xərcləməklə dissertəcən hər şeydən dada bilərsən.

Qayıdaq yenə "Şults"a. Nahar bitdi, haqq-hesaba çatanda, inanmadım, bayaq söylədiyimdən də aşağıydı. Səbəbisə məlumdu: biznes lanç vaxtına düşmüşəm. Həmin arada müştərilərə güzəştlər edilir.

Aleksandr Knırşa - bayaq kafenin girişində salamlaşdığım qarayanız oğlanın ad və soyadı belədi - mənə on dörd növ pivə istehsal etmələrindən danışır. Söhbət zamanı məlum olur ki, babaları ötən əsrin otuzuncu illərində Ukraynaya gəlmiş macar əsilli bu cavan "Şults"un sahibidi. İşçisi xəstə olduğundan onu əvəz eləmək qərarına gəlib. Saşa mənə pivə təklif edir. İş başında olduğumu və səfirliyə gedəcəyimi xatırladıram. Ərklə bir azca dadmağı xahiş edib, cibindən saqqız çıxarır. Sözünü yerə salmayıb, parçın lap dibində bir azca içirəm. Pivə o qədər azdı ki, güclə tamsınıb, nə içdiyini bilirsən... Növbə saqqızındı...

Vaxt gedir, görüş yerinə tələsməliyəm. Yaxşısı, taksiylə getməkdi. Elə burdaca deyim ki, Kiyevdə taksi Bakıdakından xeyli münasibdi. Təsəvvür edin, Nərimanov metrosunun yanından şəhərin mərkəzinə - Sahil metrosu həndəvərinə taksiylə neçəyə gedərsiz? Kiyevdə cəmi ikicə manata (hətta bir qədər də ucuz) belə bir məsafəni adlayıb, mənzil başına yetişə bilərsiz. Bunun üçün müxtəlif taksi firmalarının  telefon nömrələrinə zəng vurub, dayandığınız və gedəcəyiniz yeri söyləmək kifayətdi. Uzağı, on dəqiqəyə maşın yanındadı...

Ümumiyyətlə Kiyevdə bazar-dükan, alış-veriş məsələlərində qiymətlər bəzi hallarda Bakıyla eyni, bir qism şeylərdəsə ucuzdu. Məsələn, orda Maydandan piyada on-on iki dəqiqəlik məsafədə yerləşən dəbdəbəli "Arena" ticarət mərkəzində  bizim pulla təqribən 40 manata iki nəfərin balıq və üstəlik ağ şərabla nahar etməsi mümkündü. Bakıda, məşhur "Park bulvar"dasa bu məbləğə istəyini o sayaq gerçəkləşdirəcəyinə çətin inanasan.

Son illər vüsət alan təmir-abadlıq işlərinin hesabına Bakıdakı təmtəraqlı, alışıb-yanan binaları, parkları, çəkilən yolları, salınan körpüləri həm özümüz görürürük, həm də özgələr. Kiyev bu sarıdan bizdən geri qalır. Doğrudu, şəhər yeni salınan yaşayış massivlərinin, xüsusən Dnepr çayının sol sahilinin genişlənməsi hesabına xeyli böyüyüb, amma bizdəki təki çoxlu investisiya yatırılmadığı diqqətdən yayınmır. Şəhərdə örtüyü təzələnmiş, dizaynıyla seçilən yollar demək olar yoxdu. Heç bizdəki qədər maşın da gözə dəymir. Doğrudu, bütün böyük şəhərlərdə olduğu kimi burda da tıxac problemi var, bununla belə vəziyyət dözüləsi, şükür ediləsidi. Neçə gün ərzində bu problemlə yüngülvari şəkildə yalnız qayıdanbaş şəhərdən aeroporta gedərkən üzləşdim...

Gələn il Kiyev metropoliteni fəaliyyətinin 55 illiyini qeyd edəcək. Ötən müddətdə bir-birini kəsən üç qanad üzərində 52 stansiya işə salınıb. Gediş haqqı bizdəkindən xeyli ucuzdu. İki gediş təqribən 24 qəpiyə başa gəlir. Metro qədim və müasir Kiyevdə ən əlverişli nəqliyyat növü olaraq qalır. Gün ərzində 1,5-2 milyon sərnişin bu sərfəli nəqliyyat növünə üz tutur. Və metro yalnız şəhəri iki yerə bölən Dnepr çayının sağ sahilində fəaliyyət göstərmir. 10-dan artıq stansiya çayın sol sahilindədi. Tikilməkdə olan stansiyaların hesabına gələcəkdə bu rəqəm 30-a çatacaq. Uzunluğu 2 min kilometrdən, hövzəsinin sahəsi 500 min kvadrat kilometrdən böyük olan, iri su tutumlu, Avropada sayca dördüncü ən böyük çay sayılan Dneprin üzərindən bir neçə körpü var. Bunlardan biri də metronun hərəkəti üçün çəkilmiş körpüdü. Dnepr stansiyasından Lesnayayacan olan xətt məhz bu körpünün üzərindən keçir. Maraqlıdı ki, bu istiqamətdə bir stansiya adada yerləşir. Hidropark adlanan bu ərazidə stansiya da həmin adı daşıyır. Yeri  gəlmişkən, Kiyevdə Dnepr çayında yerləşən böyük bir ada var. Türk mənşəli bu yer Turxanov adası adlanır. Sahəsi otuz hektardan çoxdu.  Burada çoxlu ictimai-iaşə obyektləri var. Vaxtilə pioner düşərgələri də fəaliyyət göstərib. İndisə daha çox yeyib-içməyə, əylənməyə gələnlərin məskənidi bura. İşgüzar soydaşlarımızdan biri məhz burda xidmətiylə maraq doğuran restoran açıb. Axar-baxarlı yer olduğu söylənir. Çoxdan Kiyevdə yaşayan bir tanışımla şam eləməyə ordan maraqlı yer olmayacağını düşünürdüm. Amma təəssüf ki, həmin tanışım axşamdan bir qədər ötmüş, Turxanov adasına yalnız piyada körpüsüylə getməyin mümkünlüyünü söylədi. Körpünün xeyli uzunluğunu, vaxtınsa darlığını nəzərə alıb, istəyimdən vaz keçmək məcburiyyətində qaldım. Necə deyərlər, Turxanovla görüş rahat vaxt istəyirdi, busa imkan xaricindəydi...

Volodyanın Mejeqorye gəzintisi

Onunla Maydanda tanış oldum. Əlində mikrofon, sol yanında on nəfərlik rahat maşın, yoldan ötənləri Mejeqoryaya gəzintiyə dəvət edirdi. O baş-bubaşa təqribən bir saatlıq yol olan mənzərəli Mejeqoryedə saat yarım gəzib-dolanmaq imkanı cəmi 80 qrivnaya, bizim pulla təqribən 5 manata başa gəlirdi. Volodya bu yeri elə tərifləyir, diqqəti elə cəlb etməyi bacarırdı ki, hamı ayaq saxlayıb, azı bir-iki kəlmə kəsirdi onunla. Təbii ki, bu qədər maraq göstərənin içindən potensial müştərilər də çıxırdı. Məsələn, Volodya belə deyirdi: "Pis yer olsaydı, devrilmiş prezident (söhbət Yanukoviçdən gedir - S.E.) orda özünə malikanə tikməzdi. Taras Şevçenko həmişə gəzməyə, dincəlməyə ora getməzdi. Su içdiyi parç hələ də durur. İnanmırsız, gedək göstərim...". Hə, beləcə, özü də artistlik məharətiylə danışırdı o. Doğrusu, mən də getmək istədim ora. Həm Volodyanın təqdimatında olanları, həm də yerli camaatın "Kiyev dənizi" adlandırdığı Dnepr üzərindəki Kiyev su anbarını görmək keçdi könlümdən. Amma əvvəlcədən belə bir gəzintidən xəbərsiziydim deyə, planlaşdıra bilmədim. Axşamüstüydü, iki-üç saatlıq vaxtım vardı. Səfər müddətində nəzərdə tutduğum ikigünlük mədəni istirahət proqramını başlamaq gərək idi. Və bu proqram üçün ilk yer "Andreyeskiy spusk"u seçmişdim. Yolum ora sarıydı...

 

Seymur ELSEVƏR

525-ci qəzet.- 2014.- 3 oktyabr.- S.4.