Əhməd Ağaoğlu şərqşünasları
London konqresində
Bu gün Azərbaycan alimlərinin dünyanın
müxtəlif ölkələrində keçirilən elmi
konfrans, konqres və simpoziumlarda iştirakı adi hala
çevrilmişdir.
Bəs
100-150 il əvvəl vəziyyət necə
olmuşdu? Azərbaycanın elmin müxtəlif sahələri
ilə məşğul olan mütəxəssislərinin beynəlxalq
arenaya çıxışı, uluslararası toplantı və tədbirlərdə iştirakı
nə zamandan başlamışdır?
Apardığımız araşdırmalar bu sahədə
birincilik çələnginin mədəni və ictimai-siyasi
həyatımızda bir çox ilklərə imza atan
ensiklopedik şəxsiyyət, türk dünyasının
böyük fikir adamı Əhməd Ağaoğluna
(1869-1939) məxsus olduğunu söyləməyə əsas
verir.
Təbii ki, söhbət nisbətən yeni dövrdən
və Avropa tədqiqatçılıq məktəbinin ənənələri
əsasında formalaşan beynəlxalq miqyaslı
toplantılardan gedir. Əks-təqdirdə, kimsə mənə piyada Təbrizdən
Şama (Dəməşqə) yollanan, ərəb müdriklərinin
elmi diskussiyalarına qatılmaq, onlardan öyrənmək
üçün böyük çətinliklərə sinə
gərən, vətəninin hüdudlarından kənarda
adını elm tarixinə həkk edən Xətib Təbrizinin
yaşı min ilə çatan elmi şücaətini
xatırlada bilər və tamamilə haqlı olar. Orta əsrlərlə bağlı başqa nümunələr
də yox deyildir.
Beləliklə, 23 yaşlı Əhməd
Ağaoğlu (həmin dövrdə Əhməd Ağayev ad və
soyadı ilə tanınırdı) 1892-ci ildə şərqşünasların
Böyük Britaniya paytaxtında keçirilən IX konqresinin
iştirakçısı olmuşdu. Tələbə-alim
(başqa ifadə tapmaqda çətinlik çəkirəm –
V.Q.) adlı-sanlı elm adamları qarşısında şiəlik
məzhəbinin İranın qədim dini təlimlərindən
biri – məzdəkiliklə əlaqələrinə dair
maraqlı və polemik məruzə ilə
çıxış etmişdi. O, məruzəsində
Məhəmməd Peyğəmbərin yaxın əshabələri
sırasına daxil olan İran əsilli Salman əl-Farsinin və
bütünlükdə İran amilinin yeni dünyəvi dinin
formalaşmasına təsiri üzərində
dayanmışdı. Qızı Sürəyya
Ağaoğlunun “Bir ömür boylə keçdi” adlı
xatirələr kitabında yazdığına görə
Qacar hökmdarı Nəsrəddin şah İranı mötəbər
elmi məclisdə yüksək səviyyədə təmsil
etdiyinə görə gənc Əhməd bəyə sonralar
ailənin talismanına çevrilən iri brilyant qaşlı
üzük hədiyyə göndərmişdi.
Məruzənin fransızca orijinal mətni ilk dəfə
1892-ci ildə “Les Croyances mazdeennesdans la religion chiite” adı ilə
konqresin E.Delmar Morqan tərəfindən hazırlanmış
materiallarında (“Transactions of the Ninth İnternational Congress of
orientalists” – “Şərqşünasların Doqquzuncu Beynəlxalq
konqresinin mətnləri”, London, 1893) çap olunmuşdu. Görünür,
konqresdə səslənən bir sıra fikirlər və irəli
sürülən fərziyyələr elmi
aktuallığını itirmədiyindən həmin kitab
1968-ci ildə Britaniya paytaxtında yenidən nəşr
edilmişdi.
Əlbəttə, elm tariximiz üçün
bütün bunlar həm maraqlı, həm də ibrətamizdir. Mən isə
hər şeydən öncə bir daha yuxarıda
xatırlatdığım 23 rəqəminə diqqəti
çəkmək istərdim. Bizim dövrümüzdə
22-23 yaşlı gənclər nadir hallarda digər şəhərlərdə
keçirilən tələbə elmi konfranslarına
qatılırdılar və bu həm şəxsin özü,
həm də təmsil
etdiyi ali təhsil müəssisəsi üçün diqqətəlayiq
uğur sayılırdı. Əhməd bəyin
nümunəsində isə söhbət dünyanın
nüfuzlu şərqşünaslarının iştirakı
ilə keçirilən beynəlxalq elmi tədbirdən
gedirdi.
Sorbonna tələbəsi Əhməd Ağayev Londona
müəllimləri, məşhur filosof Ernst Renanın
(1823-1892) və iranşünas-professor Ceyms Darmstaterin
(1849-1894) tövsiyəsi ilə getmişdi. Həyatının
son günlərini yaşayan Renan böyük önəm
verdiyi tədbirin iştirakçıları sırasında
yer ala bilməmişdi. Darmstater isə
konfransın ilk günündən sonuna qədər tələbəsi
ilə birlikdə olmuşdu.
Günümüzə qədər davam edən (sonuncu,
38-ci konqres 2006-cı ildə min nəfərdən çox
alimin iştirakı ilə Türkiyə Cümhuriyyətinin
prezidenti Abdulla Gülün himayəsi altında Ankarada baş
tutmuşdu, hazırda növbəti, 39-cu konqresin Bakıda təşkili
ilə bağlı ilkin məsləhətləşmələr
aparılır – V.Q.) şərqşünasların beynəlxalq
konqreslərinin keçirilmə tarixi haqqında bir neçə
kəlmə.
Dünya şərqşünasları özlərinin
ilk elmi forumuna 1873-cü ildə Fransa paytaxtında
toplaşmışdılar. Həmin konqresdə gələcək
fəaliyyəti tənzimləmək üçün təşkilati
qurum yaradılmış, nizamnamə qəbul
edilmişdi.
Bunun ardınca London, Sankt-Peterburq, Florensiya, Berlin, Leyden,
Vyana, Stokholm və Xristianiya (Oslo) şəhərlərində
beynəlxalq orientalistika konqresləri keçirilmişdi. Nizamnamənin şərtlərinə
görə toplantılar yalnız universitet və digər elm
mərkəzlərinin vəsaiti hesabına düzənlənməli,
sırf elmi xarakter daşımalı, ən
başlıcası isə dövlət
qurumlarının onun işinə hər hansı şəkildə
müdaxiləsinə yol verilməməli idi. Peterburqda
toplanan III konqres zamanı çar II Aleksandr elmi forumun xərclərini
öz üzərinə götürmək istədikdə təşkilatçılar
bununla razılaşmamışdılar. Şərqdə
və Afrikada müstəmləkəçiliyin geniş miqyas
aldığı bir şəraitdə alimlər bu yolla öz
müstəqilliklərini qorumaq, hər hansı siyasi qüvvənin
əlində alətə, rupora çevrilmək istəmirdilər.
Britaniya paytaxtından Parisə döndükdən sonra
Əhməd Ağayev konqreslə bağlı müşahidə
və təəssüratlarını qələmə alaraq Tiflisə,
əməkdaşlıq etdiyi “Kavkaz” qəzetinin
redaksiyasına göndərmişdi. Kifayət qədər
geniş və əhatəli material qəzetin 1892-ci ilin
dekabrında çıxan iki sayında özünə yer
almışdı. Həmin material mənim rus dilindən
tərcüməmdə izah və şərhlərlə
birlikdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
dilində latın əlifbası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 12 yanvar 2014-cü il tarixli sərəncamına əsasən
kütləvi tirajla çıxan “Əhməd bəy
Ağaoğlu. Seçilmiş əsərləri” (Bakı,
“Şərq-Qərb nəşriyyatı”, 2007-ci il) kitabına daxil edilmişdir.
Şərqşünasların beynəlxalq konqresinə
yola düşənə qədər Əhməd bəy
artıq Fransanın elmi mühitində müəyyən qədər
tanınırdı. Parisin “La Nouvelle Revue” dərgisində İran həyatından
bəhs edən silsilə məqalələri (“Fars cəmiyyəti:
fars qadını”, “Fars cəmiyyəti:
ruhanilər”, “Fars cəmiyyəti: din və dini icmalar”, “Fars cəmiyyəti:
teatr (şəbihgərdanlıq nəzərdə tutulur –
V.Q.) və onun xüsusiyyətləri”), “La revue bleue politique
et litteraire” məcmuəsində isə islam
dünyasının problemləri haqqındakı
araşdırması onu Fransa elmi mühitində gələcəyinə
ümid bəslənən iranşünas kimi
tanıtmışdı. Konqresə təqdim etdiyi məruzənin
mövzusu da təsadüfi seçilməmişdi.
Həmin dövrdə Əhməd Ağayev müəllimi
Darmsteterlə birlikdə din tarixi ilə yaxından
maraqlanır, qədim irandilli mədəniyyət abidəsi “Avesta”nın
fransız nəşrinə əhatəli izah və şərhlər
üzərində işləyirdi.
Konqresin açılışı sentyabrın 5-nə nəzərdə
tutulmuşdu.
Əhməd bəy Londona sentyabrın 4-də, səhər
saatlarında gəlmişdi. London onun Peterburq
və Parisdən sonra ayaq basdığı
üçüncü böyük Avropa şəhəri idi.
İlk təəssürat gözlədiyinin əksinə
olmuşdu. Hərəkətlilik,
canlılıq, qaynar həyat əvəzinə Əhməd bəy
Britaniya paytaxtının dərin bir sükunətə
daldığını görmüşdü. Səfər
qeydlərində yazırdı: “Viktoriya vağzalından
(Victoria station) ta Qartal Sarayına (Earls Court) qədər uzanan
böyük ərazidəki bu yerlər barəsində tez-tez
eşitdiyim qaynar həyatdan, enerji və hərəkətlilikdən
heç bir əsər-əlamət görmədim. Mənə çox qəribə gələn evlərin
yerləşdiyi qəribə küçələr isə o
qədər tənha idi ki, gözümün qabağında
faytonçu olmasaydı və hərdən orada-burada xidmətçi
qızları görməsəydim, bəlkə də harasa
tilsimli bir məmləkətə düşdüyümü zənn
edərdim”.
Əhməd bəyin Britaniya paytaxtına gəlişi
bazar gününə təsadüf etmişdi. Əhlikef
fransızlardan fərqli olaraq pedant ingilislər həmin
gün sadəcə istirahətlə məşğul idilər.
Bu səbəbdən də şəhər ilk
baxışdan ona boş və darıxdırıcı
görünmüşdü. Lakin konqres ərəfəsindəki
yeganə sərbəst gündən faydalanmaq
üçün paltarını dəyişib mərkəzə
– Sitiyə yollananda başqa mənzərə ilə üzləşmişdi.
Və nə qədər qəribə olsa da, tam fərqli mədəniyyətin
daşıyıcısı olan bu şəhərdə
keçirdiyi ilk saatlarda Londonla kiçik vətəni Şuşa arasında bənzərliklər
görmüşdü: “Xoşbəxtlikdən yolum şəhərin
ən qələbəlik yeri olan Pikadilliyə
düşdü və ilk təəssüratım
yavaş-yavaş dağılmağa başladı. Özünü elə bil doğma Şuşada,
Topxanada, ya da köhnə dustaqxananın yanındakı Erməni
bulvarında hiss edirsən. Budur, dəstə
– dəstə erməni və tatar avaraları gözlərim
önündə canlanır. Sanki onlar Tuman xanın
fantastik sərgüzəştlərindən dastanlar, ya da Həzrət
Əlinin şərəfinə qəsidələr oxuyan bir
aşığın, yaxud dərvişin dövrəsinə
yığışıblar...”
Hayd-parka toplaşanlar isə milli mənsubiyyətlərindən
asılı olmayaraq ilk baxışdan “Şuşa
avaralarını” xatırlatsalar da, məşğuliyyətləri
tamam fərqli idi. Əhməd bəy usta bir qələmlə bir neçə
il sonra Leninin canlı ingilis
danışıq dilini öyrənəcəyi bu məşhur
meydanın görümlü mənzərəsini
yaratmışdı: “Dəstəyə yaxınlaşıram:
səliqə ilə geyinmiş mülki paltarlı natiq
İncil oxuyur və camaata izah edir. Ondan bir neçə
addım aralı başqa dəstənin arasında cavan bir
oğlan Maltus nəzəriyyəsi haqda yaşlı kişi ilə mübahisə edir.
Üçüncü dəstədə Uayt Çapel (White
Chapell –Londonda
dünya xalqlarının etnoqrafiya və incəsənətini
əks etdirən qalereya –V.Q.) yəhudisinə oxşayan
arıq, əsəbi bir şəxs xırıltılı səsi
ilə fəhlələrə cəmiyyətdə məruz
qaldıqları sosial ədalətsizlikləri hirsli-hirsli və
ətraflı izah edir. Bir az aralıda isə
qadın, kişi və uşaqlardan ibarət dəstə dini
mahnılar oxuyur. Mən tələsik bu ziddiyyətlər
labirintindən çıxmaq istəyirəm və parkı tərk
edərkən başqa mənzərə ilə üzləşirəm.
Böyük bir dəstə adam əllərində
üzərinə “Are you saved?” (“Siz nicat
tapmısınızmı?” – V.Q.) və “The society of abstinense” (“Ayıqlar cəmiyyəti”
– V.Q.) sözləri yazılmış bayraqlarla parka tərəf
gedirdi. Bunlar salvasionistlər, yəni Xilas
Ordusunun təmsilçiləri, habelə spirtli içkilərdən
və papirosdan imtina edənlər cəmiyyətinin üzvləri
idilər. Onların yanınca gedən balaca
uşaqlar omnibusların üst qatına dırmaşır və
sırtıqcasına adamlardan “Sacred Society” (“Müqəddəs
Cəmiyyət” – V.Q.) üçün ianə tələb
edirdilər”. Bu sətirlər hər
şeydən əvvəl onun müəllifinin bədii
istedadından və müşahidə qabiliyyətindən xəbər
verməkdədir.
London-Şuşa paralelləri onun fikrini qraf
Noutbrankın konqres iştirakçıları şərəfinə
verdiyi ziyafətdən sonra yenidən məşğul
etmişdi.
Gecə yarısından keçmiş şəhərin tənha
küçələri ilə otelə qayıdarkən xəyalı
dörd il əvvəl tərk etdiyi, amma bir an
da olsun unutmadığı Şuşaya uçmuşdu.
İnkişaf səviyyəsindən asılı olmayaraq insan
təbiətinin əzəli, əbədi xüsusiyyətləri
haqda düşüncələrə dalmışdı:
“London, bu geniş enerji və əmək karvansarası
artıq yuxudadır. Nə heyrətamiz ziddiyyətdir! Yenə
Şuşa, ümumiyyətlə Şərq
və onun ölüm yuxusuna dalmış sakit gecələri
yada düşür. İdealı həyat və
hərəkət olan ingilis, Qərb ruhunun bu ən yüksək
ifadəçisi yaşamının bəzi cəhətləri
ilə heyrətamiz dərəcədə Şərqi –
sükunət və ətalət diyarını
xatırladır. İngilisin guşənişinliyə
yaxın ailə həyatı, gündəlik davranış
yeknəsəqliyi adamın yadına Şərqi salır”.
Yəqin ki, bu gecə düşüncələrində tənqid,
yaxud təqdirdən daha çox doğma yerlər
üçün nostalgiya axtarmaq düzgün olardı...
Sentyabrın 5-də Burlinqton Gardendə yerləşən
London universitetinin binasında şərqşünasların
IX konqresinin təntənəli açılışı
olmuşdu.
Forumun işinə rəhbərlik edən alman əsilli ingilis
alimi, Oksford professoru Maks Müllerin (1823-1900) dörd saat
çəkən (Əhməd bəy “Kavkaz” qəzetinə
göndərdiyi məqalədə nitqin əsas məqamlarına
toxunmuş, burada qaldırılan bir çox məsələlərə
öz münasibətini bildirmişdi – V.Q.)
açılış nitqindən sonra forum öz işini
hind, ari, semit (Babil, Assuriya, Ərəbistan), fars, Misir,
Çin, qədim yunan, Avstraliya, habelə antropologiya və
coğrafiya bölmələrində davam etdirmişdi. Hər şeylə
maraqlanan gənc Əhməd bəy imkan daxilində əksər
bölmələrin işinə qatılmağa, diqqətini
çəkən alimlərlə görüşməyə,
onların məruzələrinə qulaq asmağa
çalışırdı. Lakin bölmələrin
iclasları paralel şəkildə və demək olar ki, eyni
saatlarda keçirildiyindən buna hər dəfə müvəffəq
ola bilmirdi. Digər tərəfdən,
məqalədə sadalanan və qısa icmalı verilən məruzə
adları onun vaxtdan kifayət qədər səmərəli
istifadə etdiyini aşkara çıxarmaqdadır. Bu məruzələrlə bağlı qiymətləndirmələr,
onların əhatə etdiyi mövzular ətrafında
yürüdülən mülahizələr isə tam əsasla
Əhməd bəyin ensiklopedik bilik və zəkasından
danışmağa əsas verir.
İştirakçılar arasında hamıdan gənc
olmasına baxmayaraq Əhməd bəy kifayət qədər
iddialı və özünə inamlı idi. Məsələn, o,
konqresin işinə rəhbərlik edən dünya
şöhrətli sanskritoloq və din tarixçisi Maks Mullerin
Şərq-Qərb paralelləri haqqında söz açarkən
“yeri gəlmişkən qeyd etməliyəm ki, cənab
Müllerin idealı mənim “Kavkaz”dakı sonunci məqaləmdə
ifadə olunan ideala tam uyğun gəlir” – yazmaqdan çəkinməmişdi.
Bu sözlərin arxasında yalnız gəncliyə xas maksimalizm deyil, həm
də həqiqi bilik, mövzuya yaxından bələdlik
dayanırdı.
Maraqlıdır ki, gənc Əhməd bəy “Şərq
– Şərqdir, Qərb – Qərbdir, onlar heç zaman birləşə
bilməyəcəklər” kəlamının müəllifi,
tarixə Britaniya imperializminin tərənnümçüsü
kimi daxil olan gələcək Nobel laureatı Rediard Kiplinqlə
də polemikaya girərək Şərq-Qərb münasibətlərində
daha bəşəri və demokratik mövqe ortaya qoymuşdu. Konqreslə bağlı
qeydlərində o, yazırdı: “Bir yandan Aralıq dənizi
ilə Qara dəniz və Xəzər dənizi, o biri yandan da
Ural dağları dünyanın iki cəhəti, səmti
arasındakı fiziki hədlərdir. Lakin həmin
bu məntəqələr eyni dərəcədə Şərqin
və Qərbin hər ikisinə də aid deyilmi? Onlar Şərqi və Qərbi bir bütöv kimi
birləşdirərək riyazi mənada bölünməz
vahid yaratmırlarmı? Darvin dövründə bəşər
irqinin vəhdətinə, onun mənşə eyniliyinə
kim şübhə edə bilər?”
Amma Əhməd bəy özü də başa
düşürdü ki, hələ çoxlarının nəzərində
Şərq və Şərq insanı sadəcə
ekzotikadır.
Belə yanaşma hətta konqres
iştirakçıları arasında da gözə
çarpırdı. Bunu müəllifin qraf
Noutbrankın sarayındakı qəbul zamanı həssaslıqla
müşahidə və təsvir etdiyi aşağıdakı
epizoddan da görmək mümkündür: “Budur,
qırmızı rəngli böyük əba,
qızılı haşiyəli uzun və gen-bol cübbədə
hündür boylu, ay kimi yumru sifəti passiv, ağır, hərəkətsiz
və yayğın ifadəli bir kəşmirli naib
görürəm. Evening (axşam-V.Q.) paltarı geyinmiş,
döşləri yarıya qədər açıqda qalan və
arıq, eybəcər çiyinləri görünən qadınlar
“for a glance at the savage” (“vəhşiyə ani bir göz atmaq
üçün” – V.Q.) onun çevrəsində vurnuxurlar...”
Əhməd Ağayevin məruzəçilərdən
biri olduğu İran bölməsinin iclası sentyabrın 7-də
başlanmışdı. İlk olaraq iclasın sədri,
britaniyalı şərqşünas professor H.Qoldsmitin fars dilinin üslubi xüsusiyyətləri və
farscadan Avropa dillərinə tərcümə prinsipləri
haqqındakı məruzəsi dinlənilmişdi. Bundan sonra söz konqresin ən gənc
iştirakçısına – azərbaycanlı tələbə
Əhməd Ağayevə verilmişdi. Onun
məruzəsi, yuxarıda da qeyd etdiyim kimi, şiəliyin mənşəyinə
və bu məzhəbin formalaşmasında İran amilinə
həsr olunmuşdu. Əhməd bəyin
fikrincə, başlanğıc mərhələdə şiəlik
nə tam dini, nə də tam siyasi səciyyəsi ilə
seçilirdi, “nə isə bunların arasında orta bir cərəyan
kimi meydana çıxmışdı”. Əski
inanclarla yeni din arasında seçim qarşısında qalan
iranlılar “Sasanilər sülaləsinin imtiyazlarını
şiəliyin ən layiqli varisinin – üçüncü
imam Hüseynin üzərinə köçürərək
imamlıq vasitəsi ilə bir növ İranın milli və
dini təcəssümünü yaratmışdılar. Bu işdə İsfahan civarlarından
çıxmış Məqdək məbədinin oğlu, o
zamankı İranda nüfuz sahibi kimi tanınan Salman əl-Farsi
adlı bir şəxs xüsusi ilə fəal olmuşdu”.
Məruzədə daha sonra qədim İran və ərəb
mənbələri əsasında Salman əl-Farsinin həyat
yolunun, bioqrafiyasının rekonstruksiyasına cəhd göstərilmişdi. Əhməd bəy “dini
inanclarında dərin tərəddüdlərlə
üz-üzə qalan və narahat ruhu üçün
İrandan kənarda mənəvi qida axtaran” əl-Farsinin
Suriyada yəhudi, Fələstində xristian dinlərini qəbul
etdiyini, lakin tezliklə hər iki dini təlimdən xəyal
qırıqlığına uğrayaraq həqiqi nicatı islamda
tapdığını, Peyğəmbərin əshabələri
sırasında yer aldığını göstərmişdi.
O, tarixdə həm də müsəlmançılığı
qəbul edən ilk fars sayılır. Peyğəmbərin sağlığında
Əhli-beytə daxil olan Salman əl-Farsi onun
ölümündən sonra Həzrəti Əlinin ən sabit
və atəşin ardıcıllarından biri kimi
tanınmışdı. Öz növbəsində
Həzrəti Əli iranlı müdriki Həkimi-Loğman
adlandırmış və elmdə “nəhayətsiz bir dərya”
kimi yüksək dəyərləndirmişdi.
Əhməd
bəyin fikrincə, islam tarixində Salman əl-Farsinin
mühüm xidməti yeni din vasitəsi ilə İran və
Ərəb mədəniyyətlərini
yaxınlaşdırmaq və bu yolla da islama İranı
qazandırmaq olmuşdu: “O, əshabə kimi bu ənənələrin
(ərəb fütuhatına qədərki İran ənənələri
nəzərdə tutulur – V.Q.) mühüm bir qismini islam dininə
gətirmişdi. Bunlardan da göründüyü kimi, Salman əl-Farsi
rəvayətlərinin ümumi istiqaməti və ruhu, əvvəla
iranlıların Yəzdügirdin varisi kimi baxdıqları
İmam Hüseynin atası Əlinin və onun
oğullarının xilafətə müstəsna
hüquqlarının olduğunu sübut etməkdən və
o biri tərəfdən, köhnə İran məzhəbləri
ilə yeni islam məzhəblərini birləşdirmək
arzusundan ibarət idi”.
İranın qədim mədəniyyətinin
daşıyıcıları – Hindistanda yaşayan iranlı atəşpərəstlərin
konqresdə iştirak edən təmsilçiləri ilə
görüş Əhməd bəy üçün xüsusən
maraqlı olmuşdu. O, qeydlərində böyük rəğbətlə
söz açdığı Oksford məzunu olan ilk İran əsilli
hindistanlı qadının – xanım Zorbaçının məruzəsini
böyük diqqətlə dinləmiş, onunla fikir
mübadiləsi aparmışdı.
Professor
Volfun “Ərəb dilinin fonetikası”, professor Plunketin “Ərəb
dilinin avropalılar tərəfindən öyrənilməsi
üsulları”, şərqşünas cameəsinin ehtiramla
“Böyük Qoca” adlandırdığı professor Qladstonun “Şərq və Qədim
Yunanıstan”, Kasatellinin “İranlıların Hindistanda ədəbi
fəaliyyəti”, qraf de Qoubernatisin “Xalq nağıllarında əsatirin
rolu”, doktor Teylorun “Tasmaniya mədəniyyəti”
kimi fərqli mövzulara həsr edilmiş məruzələrinə
verdiyi şərhlər 23 yaşlı Əhməd Ağayevin
elmdə bir həvəskar deyil, universal zəka və biliklərə
malik zəhmətsevər və
istedadlı araşdırıcı olduğunu söyləməyə
əsas verir.
Konqres çərçivəsində Britaniya muzeyi ilə
tanışlıq azərbaycanlı gəncin yaddaşında
silinməz izlər buraxmışdı. Muzeyin direktoru
doktor Qarnetin icazəsi ilə iclaslar başa çatandan sonra
daha bir həftə Londonda qalaraq buradakı bir sıra qədim
kitab və əlyazmalarını araşdırmaqla məşğul
olmuşdu. Əhməd bəy bu zəngin
mənəvi sərvət xəzinəsinin Şərq ölkələrindən
– Osmanlı imperiyasından, İran, Hindistan və Misirdən
talanaraq gətirildiyini ürək ağrısı ilə qeyd
edirdi. Eyni zamanda onları həmişəlik
məhvdən olmaqdan qoruduqlarına, sahmana salıb sistemləşdirdiklərinə,
bu yolla da bəşəriyyətin mənəvi sərvətinə
çevirdiklərinə görə ingilislərə rəğbət
və minnətdarlığını da gizlətmirdi.
Davamlı
çalışdığı Paris Milli Kitabxanası ilə
Britaniya muzeyinin iş prinsiplərini, kataloqlaşdırma səviyyəsini
müqayisə edərkən üstünlüyü ingilislərə
verir, hətta ümumiləşdirmə apararaq yaşı və
həyat təcrübəsi ilə uzlaşmayan, amma həqiqətə
yaxın olan nəticələr çıxarırdı:
“İstər-istəməz düşünürsən:
ingilisin mənəvi istedadsızlığını bu qədər
məharətlə ört-basdır edən praktiki həssaslıq
fransızlarda olsaydı, onların dühası necə
möcüzələr yaradardı!”.
Sentyabrın
10-da konqresin digər iştirakçıları ilə birlikdə
Əhməd Ağayev də Böyük Britaniyanın
dünya şöhrətli iki ali təhsil ocağı –
Oksford və Kembric universitetləri ilə tanış olmaq
imkanı qazanmışdı. Və “Nə bizim
Rusiyada, nə də Fransada insan öz gözləri ilə
görmədən ingilis universitetinin nə demək
olduğunu hətta təxmini şəkildə də təsəvvür
edə bilməz” – deyə heyrətini gizlətməmişdi.
Ona iki gün Kembricdə yaşamaq, universitet kitabxanası,
müəllim və tələbələrin həyatı ilə
yaxından tanış olmaq imkanı
yaradılmışdı. Universitet rektorunun qonaqların şərəfinə
verdiyi ziyafət zamanı digər iştirakçılarla
birlikdə Əhməd bəy də burada ənənəyə
çevrilən rəmzi ehtiramdan yararlanmış, vaxtı ilə
Frensis Bekon və Con Stüart Millin istifadə etdiyi qədəhdən
şərab içmişdi...
Şərqşünasların bir həftə davam edən IX London konqresi öz işini sentyabrın 12-də başa çatdırmışdı. Həmin gün doktor Qrant-Doffinin rəhbərliyi ilə ingilis alimləri başqa ölkələrdən gəlmiş həmkarlarının şərəfinə ziyafət vermişdilər. Uzun illər ərzində yaranmış ənənəyə görə iştirakçıların hər biri qısa vida nitqi söyləməli idi. Bütün konqres boyu əsla çəkingənlik nümayiş etdirməyən Əhməd bəy də qocaman alimlərlə birlikdə bu ənənəvi hüquqdan faydalanmışdı.
Rəsmi bağlanış mərasimindən sonra daha bir həftə Londonda qalan Əhməd Ağayev Britaniya muzeyində çalışmaqla bir sırada Şərqlə bağlı digər qurumlarda –“Asiatic Society” (Asiya Cəmiyyətində) və “İndian office” –də (Hindistan nazirliyi) olmuşdu. Həyatının yaddaqalan hadisələrindən biri də Asiya Cəmiyyətini ziyarəti zamanı baş vermişdi. Cəmiyyətin prezidenti professor Devis böyük lütfkarlıq göstərərək onun nadir tarixi relikviyalardan biri – xəlifə Ömərə məxsus Qurani- Kərimlə tanışlığına imkan yaratmışdı.
Nəhayət, Şərq əlyazmalarına və daş basma kitablarına maraq Əhməd bəyi çoxsaylı nümunələrin toplandığı Kingstoun Muzeum və Adriatic Home kimi mühüm mədəniyyət mərkəzlərinə də aparmışdı. O, sentyabrın 21-də alimlər cərgəsində beynəlxalq konqresə qatıldığı Londonu tərk edərək Parisə, alma-materi saydığı Sorbonna universitetinin tələbələri sırasına qayıtmışdı.
Bu, Əhməd Ağayevin Londona ilk və son səfəri
olmuşdu. Mənəvi-insani keyfiyyətlərini yüksək
qiymətləndirməsə də, intizam və
bacarıqlarına heyran qaldığı ingilislərlə
növbəti görüşü 1919-cu ildə İstanbulda
baş tutmuşdu. Mudros barışıq müqaviləsinin
şərtlərinə əsasən Müttəfiq qüvvələrin
tərkibində Osmanlı paytaxtına nəzarəti öz əllərinə
alan britaniyalılar onu – Parisə, Versal Sülh konfransına
gedən Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin
üzvünü Türkiyədə hakimiyyətdən
devrilmiş “İttihad və Tərəqqi” partiyasının
fəallarından biri kimi həbs edib Malta sürgününə
göndərmişdilər...
Bütün bunlar dörddə bir əsr sonra baş verəcəkdi. 1892-ci il
oktyabrın 2-də Əhməd Ağayev Londondan Parisə
qayıdandan bir neçə gün sonra xeyirxahı,
böyük elm adamı və mütəfəkkir Ernst Renan vəfat
etmişdi. Bu həmin Renan idi ki, azərbaycanlı
gənci “Vətəninə dönmə. Şərq
səni udar!”- deyə Fransada qalmağa,
özünü elmə həsr etməyə
çağırmışdı. Əhməd bəy
isə “Şərqin də mənim tək yaxşı təhsil
görmüş insanlara ehtiyacı var. Burada öyrəndiklərini
gedib öz həmvətənlərinə öyrədəcəyəm”
– cavabını verərək əslində
qarşısında geniş üfüqlər açan sərfəli
təklifdən boyun qaçırmışdı.
O, Fransada
qalsaydı, çox ehtimal ki, qısa müddətdən sonra
universitet professoru ola bilərdi. Lakin
Əhməd bəy Bakı, yaxud Şuşa
məktəblərində müəllimlik etməyi Parisdəki
professor kürsüsündən üstün tutmuşdu.
Elmi araşdırmaları isə qəzetçilik,
siyasi publisistika əvəz etmişdi. Çünki mənsub
olduğu xalqın, təəssübünü çəkdiyi
türk dünyasının belə fədakar maarifçilik hərəkatına
ehtiyacı vardı. Parisdən tamamilə fərqli bir
insan kimi qayıdan, tezliklə doğma Şuşada “firəng
Əhməd” kimi məşhurlaşan Əhməd bəy
Ağayev Şərqin qədim tarixini öyrənməkdənsə,
onu çoxəsrlik qəflət yuxusundan ayıltmağı,
sabahını, gələcəyini hazırlamağı daha zəruri,
daha lazımlı iş saymışdı. Onilliklər
boyu yorulmadan bu istiqamətdə
çalışmışdı. Yəqin
ki, zəhmətinin bəhrəsini gördüyünü
söyləmək mümkündür. Çünki
Azərbaycanın qısa müddətli istiqlalının
şahidi olmuş, yeni Türkiyənin qurucuları
sırasında yer almışdı.
Gənclik
illərinin tutqusu, stixiyası olan elmə isə aradan otuz ildən
də çox
vaxt keçəndən, mübarizə və
ehtiraslar qismən sakitləşəndən sonra qayıda bilmişdi. Həm də
iranşünas kimi yox, tamamilə fərqli ipostasda – yeni
qurulmuş Ankara universitetinin konstitusiya hüququ professoru
kimi...
Sentyabr,
2014-cü il, Bakı.
Vilayət QULİYEV
525-ci qəzet.- 2014.-
4 oktyabr.- S.14-15.