Qəşəm İsabəyli imzası Fəxri
Andersen Siyahısında
Bu yaxınlarda Mexiko şəhərində Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurası - İBBY 2014-cü ilin Şərəf siyahısını (Bax sayt; - IBBY Honour List 2014) - Fəxri Andersen Siyahısını elan etdi. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer alıb. İndiyə qədər Andersen Fəxri Diplomuna Rusiyanın məşhur uşaq yazıçılarından S.Mixalkov, A.Barto, V.Medvedyev, Y.Koval, A.Aleksin, tərcüməçilərdən B. Zaxoder, İ. Tokmakova və başqaları layiq görülüb. Bu il isə rus yazıçısı S.Vostokov "Zimnya dvor" kitabı və tərcüməçi M.Boroditskaya "Anqliyskaya poyeziya dlya detey" tərcümə kitabıyla bu fəxri kürsüyə qalxa bilib.
Andersen Fəxri Diplomu
nə deməkdir? Son iki ildə dünya
uşaq yazıçılarının
müasir ədəbi
mühiti özündə
əks etdirən ən yaxşı əsərlərinin seçimi.
Bu əsərlər dünya dillərinə tərcümə və çap üçün tövsiyə olunur. Burda qeyd etmək
yerinə düşər
ki, hələ qonşu Gürcüstan və Ermənistan uşaq yazıçılarından
bu Fəxri Diplomu alan
olmayıb. Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır
ki, "Cin" nağıl-povestiylə Andersen Şərəf siyahısına
düşür. İndiyəcən "Cin" əsəri 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min ingilis
dilində çap edilən bu kitab oxucular arasında geniş yayılıb.
Xatırladaq ki, Q.İsabəylinin Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının
"Bookbird" jurnalında
(London, 2012) "Baba, sabahın xeyir!" hekayəsi ingiliscə çap olunub. İngilis redaktoru
əsər haqqında
fikrini, hekayənin ədəbi dəyərini
müəllifə ünvanladığı
məktubunda belə ifadə edib: "Sizin hekayəniz son dərəcə gözəldir!". Bu, Azərbaycan
uşaq ədəbiyyatı
haqqında deyilmiş
ilk dəyərli fikirdir.
Q.İsabəylinin əsərləri rus, ingilis, Ukrayna,
Belorus, Qırğız
dillərində də
çap edilib. Sovet dövründə "Murzilka"
(Moskva, 1982) jurnalında
onun iki qoşa səhifə şeirləri verilib.
Bakıda rusca "Üüü...", "Osel
sın Osla", "Mı starıe kafkaztsı", "Aclıq
dərsi" işıq
üzü görüb.
"Bədii forma və
məzmun axtarışları
və orijinal üslubu ilə seçilən, Azərbaycan
uşaq ədəbiyyatına
yeni nəfəs gətirən, rəngarəng
yaradıcılığa malik
olan Q.İsabəyli"
(Z. Xəlil, F. Əsgərli
"Uşaq ədəbiyyatı. Dərslik", Bakı-2007)
bu uğura yetincə son dərəcə
keşməkeşli yol
qət edib. Onun uşaq ədəbiyyatına
gətirdiyi yeniliklər,
uğurlu tapıntılar
haqqında yazıçı
və tənqidçilər
zamanında dəyərli
fikirlər söyləyib,
bir sıra əsərlərini təqdir
edib. Görkəmli
şair Məmməd İsmayıl yazırdı:
"Adı da, özü də "balaca" olan bu kitabda ("Balaca, bapbalaca",
Bakı-1982) uşaqların "barmaqlarını yalaya-yalaya"
oxuyacağı çox
şeirlərlə rastlaşdım.". ("Ədəbiyyat
və incəsənət"
qəzeti, 11 fevral
1983). Və ya:
"Əkil-Bəkil" poemasının
dili həqiqətən
də şəhd-şəkərlidir.
Bəlkə də elə
nağıllarımızdakı Əkil-Bəkil müəllifə
sehrli söz çırağının yerini
göstərib, ona görə yazı bu qədər oxunaqlı çıxıb."
("Əkil-Bəkil".
Ön söz, Bakı-1990). Burdaca
xatırlatmaq yerinə
düşər ki, Q.İsabəyli 1989-cu ildə
"Əkil-Bəkil" poemasıyla
Azərbaycan Yazıçılar
İttifaqının, Azərbaycan
Dövlət Mətbuat
Komitəsinin və Azərbaycan Komsomolunun
"İlin ən yaxşı uşaq kitabı" mükafatına
layiq görülüb.
Aldığı pul mükafatını
isə Şəhidlərin
abidəsinə yardım
fonduna keçirib.
Mərhum
yazıçı Ələviyyə
Babayeva vaxtilə Q.İsabəylinin "Gənclik"
nəşriyyatına təqdim
etdiyi əlyazmasından
təsirləndiyini belə
qələmə almışdı:
"Q.İsabəylinin nəsr
təhkiyə üslubu
şeir dili kimi poetik və
nağıl məziyyətlidir".
Və ya: "Q.İsabəylinin "Üüü..."
povestinin adı kimi özü də uşaq nəsri üçün tapıntıdır.". ("İstedad özü
öz yolunu tapır". "Ədəbiyyat qəzeti",
10 yanvar 1997).
Şair
Məmməd Namaz isə yazırdı:
"Mən "Nənəm
təkdi" kitabını
son illərdə yaradılmış
ən gözəl əsərlərdən biri,
bəlkə də elə birincisi hesab edirəm. Bu gözəl əsəri böyük Şəhriyarın
"Heydərbabaya salam" əsəri
səviyyəsində görürəm".
("Aysel Xəlilova
"Azərbaycanın görkəmli
uşaq yazıçısı
Qəşəm İsabəyli".
Bakı-2011).
Orijinal yaradıcılığı ilə
seçilən Qəşəm
İsabəylinin dünya
uşaq ədəbiyyatının
münsifi sayılan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının
Fəxri Andersen Diplomuna
layiq görülməsini
Azərbaycan uşaq ədəbiyyatının tarixində
ədəbi hadisə
adlandırmaq doğru
olar.
Hörmətli qələm dostum Qəşəm İsabəylini
bu böyük mükafata layiq görülməsi münasibətilə
təbrik edir, müəllifə dəyərli
nəsr və poeziyadan aclıq çəkən Azərbaycan
uşaq ədəbiyyatını
özünün orijinal
əsərlərilə zənginləşdirməsini
arzulayıram.
525-ci qəzet.-
2014.- 9 oktyabr.- S.8.