İki evdən Kiyevəcən... - IV
yazı
Kiyevdə Azərbaycan ab-havasının
necə duyulduğunu
hiss etmək, görmək
hələ burda ikən mənə maraqlıydı. Və düşünürdüm ki, bu məqamla
tanışlıq adidən-adi
sayılacaq işdi.
Amma orda hər şeyin
əlçatan olduğu
təəssüratı özünü
qismən doğrultdu.
Yaxşı deyirlər ki,
əgər Allahı güldürmək istəyirsənsə,
planlarından danış.
Mən bu fikirlə razılaşsam da, adətimdən qalan deyiləm. Bir iş barədə irəlicədən, özü
də xeyli düşünüb-daşınıram. Sonda yalnız Kiyevi ziyarətlə məhdudlaşan
səfər əslində
azı iki şəhəri də əhatə etməklə
bir neçə gün artıq çəkəcəkdi. Və bu
indi yalnız paytaxtdan deyil, Ukraynadan qeydlər kimi qarşınıza çıxacaqdı.
Dünyanın demək olar bütün guşələrinə
səpələnmiş həmvətənlərimizin
bir hissəsi də Ukraynada yaşayır. Bir neçə il
əvvəlin rəsmi
statistikasına görə,
qədim slavyan torpağında azərbaycanlıların
sayı qırx min nəfəri keçmir. Amma qeyri-rəsmi məlumatlarda
bu rəqəmi yarım milyonu haqlayır. Ölkəmizin Ukraynadakı rəsmi
təmsilçiliyinin - səfirlikdəkilərin
və diaspor fəallarının fikrincəsə,
bizimkilərin sayı
250-300 min nəfərdən artıq deyil. Bəlkə də təəccüblənəcəksiz,
axı niyə bu boyda fərq
var? Məsələ
ondadı ki, ordakı soydaşlarımızın
əksəriyyəti müstəqillikdən
bu yana
Ukraynaya gedənlərdi
və onların çoxu daimi qeydiyyatdan keçməyiblər.
Ona görə də azərbaycanlı obrazı
orda daha çox ticarət və xidmət sahəsində çalışanların
hesabına formalaşır.
Təəssüf doğurur, amma
gerçəklikdi. Hərçənd
Ukraynanın ictimai, elmi-mədəni həyatında
çalışan, yetərincə
tanınan, sanbalıyla
seçilən həmvətənlərimiz
az deyil.
Və onların hər birini səfirlik və diaspor nümayəndələri tanıyır.
Diaspordan
söz düşmüşkən,
burada onların fəaliyyəti nəzərə
çarpacaq dərəcədədi.
Burada fəaliyyətə başlayan
ilk diaspor təşkilatı
Ukrayna Azərbaycanlıları
Konqresidi. Konqres 1990-cı illərin əvvəlində
Azərbaycan diasporunu dünya ölkələri
üzrə müvafiq
təşkilatların vahid
koordinasiyasına birləşdirmək
məqsədi ilə yaradılıb. Bu gün
Ukraynanın
bütün bölgələrində
fəaliyyət göstərən
bu qurum demokratik prinsipləri, Azərbaycan və Ukrayna xalqlarının humanistik ənənələrini
rəhbər tutur və öz üzvlərinin milli-mədəni,
mənəvi, ictimai-siyasi,
yaradıcılıq tələblərinin
ödənilməsi, həmçinin,
vətəndaşların hüquqlarının
və qanuni maraqlarının reallaşması
yolunda ictimai-siyasi iş aparır. Bununla yanaşı, Konqres ictimai həyatda fəal iştirak edir, bir çox
mədəni, eləcə
də xeyriyyə aksiyaları keçirir, eyni zamanda bu
istiqamətdə təşkil
edilən tədbirlərə
iştirakçı kimi
qoşulur. Təsadüfi
deyil ki, qurumun bazasında "Azərbaycan" ansamblı
yaradılıb, Dnepropetrovsk, Sumı, Xarkov və Zaporojye regional təşkilatlarının da
öz yaradıcı kollektivləri var. Təqribən
on il qabaq konqresin nəzdində yaradılan gənclər komitəsinin üzvləri
arasında T.Q.Şevcenko
adına Kiyev Milli Universitetində, Beynəlxalq Münasibətlər
İnstitutunda, Regionlararası
Heyəti İdarəetmə
Akademiyasında, onun nəzdində yaradılan
Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Münasibətlər
İnstitutunda, Tibb və Mülki Aviasiya Universitetlərində
və digər təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr üstünlük
təşkil edir. Konqres Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ukraynadakı
səfirliyi, Ukrayna və Azərbaycanın ictimai təşkilatları
ilə sıx əməkdaşlıq edir.
UAK-ın Krım,
Dnepropetrovsk və Xarkov
təşkilatlarının öz qəzetlərini buraxması, eyni zamanda qurumun əsas çap orqanı olan "Azərbaycanın səsi"
qəzetinin Kiyevdə
Ukrayna dilində işıq üzü görməsi ürəkaçan
haldı. Konqresin saytında da Azərbaycanla, eləcə
də diasporun fəaliyyəti ilə bağlı məlumatlar üç dildə - Ukrayna, rus və
Azərbaycan dilində
yayımlanması da ölkəmizin, xalqımızın
və bizlərin bir parçası olan Ukraynadakı azərbaycanlıların təbliği
baxımından çox
faydalıdı. Konqresin ərsəyə
gəlməsində böyük
əmək sərf edən Rövşən Tağıyev orta məktəbi bitirəndən
taleyini bu qədim torpağa bağlayıb. Ali hüquqşünas təhsili
aldıqdan sonra, uğurlu karyera qurmuş, təqribən otuz ildən bəri yaşadığı
ölkənin həyatında
tanınan və Azərbaycanın başını
uca edən soydaşımızdı Rövşən
bəy.
Ukraynada həmvətənlərimizin sıx
yaşadığı bölgələrdən
birində - Xarkovda
"Dostluq" - Azərbaycan-Ukrayna
Xarkov vilayət təşkilatı fəaliyyət
göstərir. Qurum on beş il
qabaq yaradılıb. Təşkilatın
ətrafında müxtəlif millətləri
təmsil edən yüzlərlə nümayəndə
toplaşıb. Əsas
məqsədi milli adət-ənənələrin qorunması və inkişaf etdirilməsində oradakı
azərbaycanlıların səylərinin
birləşdirilməsi, eyni
zamanda Ukrayna və Azərbaycan arasındakı mədəni-iqtisadi
əlaqələrin möhkəmləndirilməsi,
soydaşlarımızın hüquq və maraqlarının qorunması,
təminatı olan
"Dostluq" bu istiqamətdə imkanı
daxilində çalışır.
Təşkilatın nəzdində
"Dostluq" Azərbaycan
Mədəniyyət və
Təhsil Mərkəzi,
"Azərbaycan
inciləri" adlı
rəqs qrupu, "Qarabağ" folklor ansamblı, "Natəvan"
Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, hüquqi xidmət fəaliyyət göstərir. "Dostluq" təşkilatı
ötən illər ərzində Ukraynada bir sıra sosial,
mədəni, təhsil
və xeyriyyə layihələri həyata keçirib. Təşkilata
texnika elmləri doktoru, professor Murad Ömərov rəhbərlik edir. Murad bəyin böyük qardaşı Azad Ömərov
da Ukraynada tanınan həmvətənlərimizdəndi.
Azad müəllim məmurdu, ərazi baxımdan Azərbaycanın
yarısı boyda yeri əhatə edən regional bir qurumun rəhbəridi.
İxtisasca mühəndis olan
soydaşımız poeziya
vurğunudu və öz təbirincə desək, həm də həvəskar şairdi. Onun uzun illər ərzində qələmə
aldığı şeirlər
iki il
qabaq bir kitaba cəmlənərək,
çap edilib. Və təsadüf elə gətirib ki, mən də həmin kitabın Azərbaycan Yazıçılar
Birliyində baş tutan təqdimat mərasimində iştirak
etmişəm.
Ukrayna Azərbaycanlı Gənclər
Birliyi
Bu qurum 2010-cu ildə
təsis edilib. Ukraynanın
əksər - on doqquz
vilayətində regional təşkilatlarını
yaradan birliyin nəzdində şən və hazırcavablar klubu,
milli musiqi ansamblı, "Bakı"
futbol komandası fəaliyyət göstərir.
Ukrayna Azərbaycanlı
Gənclər Birliyi
(UAGB) xalqımızın
qədim adət-ənənələrini,
zəngin mədəni
irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ
etmək, əsasən
də, Ukraynada böyüməkdə olan
azərbaycanlı gənclərin
bu ölkənin ictimai- siyasi həyatına inteqrasiyasını
təmin etməyi başlıca məqsəd
kimi qarşısına
qoyub. UAGB-in sədri vaxtilə dövlət xəttiylə Ukraynaya təhsil almağa göndərilmiş on nəfərdən
biri, Azərbaycan Televiziyasının oradakı
əməkdaşı kimi
çalışmış, gəncliyinə baxmayaraq, uğurlar qazanmış, siyasi elmlər üzrə fəlsə doktoru dərəcəsinə
yiyələnmiş Anar
Tahirovdu. Anar bəylə rəhbərlik
etdiyi birliyin Tolstoy metrostansiyası yaxınlığındakı
ofisində görüşdük.
Buradakı işgüzar mühiti
çox bəyəndim.
UAGB fəalları sanki qarışqa kimi qaynaşırdılar.
Gənc qurum rəhbəri fəaliyyətlərindən,
ötən ilin yazından çap etməyə başladıqları
"SAMU" adlı jurnaldan,
"Azərbaycanca-ukraynaca və
ukraynaca-azərbaycanca danışıq
kitabçası"ndan, indiyədək
üç dəfə
keçirdikləri Ümumukrayna
gənclərinin forumundan
və sairdən ətraflı söhbət
açdı. Birliyin on iki
min üzvünün ölkənin
ictimai, elmi-mədəni
həyatında rolu, çəkisi barədə
ürəkaçan faktların
olması həqiqətən
də xoş idi. Yeri gəlmişkən, Ukraynada çox məşhur olan telemüsabiqələrdən birində
vokalçı istedadıyla
fərqlənmiş soydaşımız
Vaqif Nağıyev
UAGB-in diqqət mərkəzindədi.
Məhz birliyin köməyilə gənc
istedadlı müğənniyə
xüsusi qayğı
göstərilməkdədi...
Ukraynada
yaşca ən cavan olan diaspor
təşkilatı təqribən
il yarım
qabaq yaradılmış
Ukraynadakı Azərbaycanlıların
Birləşmiş Diasporudu
(UABD). Təəssüf ki, bu qurumun fəaliyyətinə
bilavasitə cavabdeh sayılan şəxslə
görüşmək istəyimiz
baş tutmadı.
Kiyevdə diaspor fəallarından
hesab olunan, iş adamı
kimi tanınan başqa bir həmvətənimizin də
etinasızlığıyla qarşılaşdım. Amma
nə yaxşı ki, Kiyevdə azərbaycanlı olduğu
duyulan professorlar - Məmməd Bağırov,
Aydın Salmanov, Arif Quliyev kimi
insanlar da yaşayır. Və onlarla görüş
çox maraqlı oldu. Bu barədəsə
ayrıca danışacam...
Seymur ELSEVƏR
525-ci qəzet.-
2014.- 9 oktyabr.- S.4.