Qədimlərdən gələn müdrik
səslər: “Nibelunqlar” və “Kitabi-Dədə Qorqud”
Qədim eposlar malik olduqları
zəngin məlumatlarla, kəşf olunmasını gözləyən simvollarla bir çox elm sahəsi üçün zəngin mənbədirlər. Cəmiyyət nə qədər
müasirləşsə də, münasibətlərdə
texnologiya ön plana keçsə də, üstünlük
qazansa da, böyük araşdırmalar kiçik statuslarla, səthi
aforizmlərlə əvəzlənsə də, qədim
eposlar öz sanbalını və əhəmiyyətini
saxlamaqda davam edir. Əgər simvolik dillə təsvir etsək,
onda eposlar tikintisi hələ də sual yaradan qədim abidələrə
bənzətmək olar. Necə ki, Stonehenge, qədim
Misir məbədləri, ehramları və s. öz sirrini
qorumaqla yanaşı, insanları uca məqsədlərə,
dərin mənalara çağırır, eləcə də
qədim eposlar yalnız bir xalqın deyil, bütöv bəşəriyyətin
tarixini, inkişaf mərhələlərini özündə
ehtiva etdirir və insanı öz kökünə, əsl
mahiyyətinə qaytarır.
Bəzən mütəxəssislər qədim tikililər
arasında mistik bir əlaqənin mövcudluğunu axtarmaqla
bütün yer kürəsində və kainatdakı
harmoniyanın varlığını təsdiqləməyə
çalışırlar. Maraqlıdır ki, bir
çox hallarda buna nail olurlar. Məsələn, Meksika,
Tibet, Misir ehramları, Stounheng və Bermud adaları
arasında əlaqələr barədə müxtəlif
fikirlər söylənilir, tezislər irəli
sürülür. Eləcə də qədim
eposlar sanki bəşəriyyətin tarixinin pazllar, mozaika
şəklində ifadəsidir. Bu
bütöv mənzərəni görmək üçün
onların mahiyyətindəki ümumi qanunauyğunluğu kəşf
etmək və hissələri müvafiq şəkildə
düzmək lazımdır. Təsadüfi deyil ki, Azərbaycan
alimi Kamal Abdulla "Odissey"in və "Dədə
Qorqud"un qəhrəmanları,
yaranmış situasiyalar arasında maraqlı paralellər
aparır. Yaxud ingilis ədəbiyyatşünası
Sesil Moris Boura da aralarındakı uzaq məsafəyə
baxmayaraq İrland qəhrəmanlıq nəğmələri
ilə "Koroğlu" arasında bənzər məqamların
olmasından danışır. Təbii ki,
söhbət yalnız zahiri deyil, həm də mahiyyət
üzrə bənzərlikdən gedir. Biz isə öz
araşdırmamızda iki epos: qədim german eposu
"Nibelunqlar" və oğuz-türk eposu "Kitabi Dədə
Qorqud" arasında müqayisə aparacağıq. Onu da əlavə edək ki, hər iki epos əvvəlcə
şifahi yaranıb, sonradan qələmə
alındığına və geniş bir coğrafi məkanı
əhatə etdiyinə görə, onların fərqli
nüsxələri məlumdur. Biz nüsxələrin,
fərqlərin detallarına varmadan, yalnız hər iki eposun
eyni ideyanın təzahürü olması qənaəti ilə
bir neçə prinsipial məsələnin üzərində
duracağıq.
Eposlar -
xalqın özünütəsdiqinin ifadəsi kimi
Tədqiqatçıların fikrinə görə, hər
xalqın eposu olmur.Qəhrəmanların şəninə nəğmələr
qoşulsa da, nağıllar, dastanlar söylənsə də,
bu, hər zaman epos səviyyəsinə qədər
qalxmayıb. Məsələn, Boura belə hesab edir ki, qədim
çinlilərin və qədim yəhudilərin eposu
olmayıb. Əvəzində, elə xalqlar var ki,
eposları ümumbəşəri irs hesab
olunur.
Eposlarda diqqəti cəlb edən detallardan biri
insanların tilsimlə, fövqəlqüvvələrlə
sıx əlaqəli, hətta iç-içə
olmaqlarıdır. "Nibelunqlar"da Ziqfrid əjdaha Fafnirlə,
"Kitabi-Dədə Qorqud"da isə Basat Təpəgözlə
vuruşaraq el-obasını bəladan - tilsimdən xilasedir.
Düzdür, Ziqfridin əldə etdiyi
üzük, Basatın əldə etdiyi üzükdən daha
böyük gücə sahibdir. Amma əhəmiyyətli
haldır ki, Ziqfridin üzüyü nəinki onun, hətta
xalqının bəlasına səbəb olur. Xalqını bir tilsimdən qurtaran qəhrəman
onu başqa bir bəlaya düçar edir. Bu isə deməkdir ki, tilsimdən Adəm
övladına yalnız lənət gələ bilər,
insanların xoşbəxtliyi tilsimdə deyil, öz
gücünə və ağlına güvənindədir.
Təsadüfi deyil ki, hər iki eposda təktanrıçılığın
- german xalqlarında xristianlıq, oğuzlarda isə
islamın yeni yayıldığı,eyni
zamanda hələ ənənəvi inancın
qaldığı və aralarında gizli bir mübarizənin
davam etdiyi bir dövr təsvir edilir. Burada diqqət
mərkəzində hər hansı dini mərasim, öhdəçilik,
zahirilik deyil, məhz həqiqi iman, əqidə durur.
Eposlar xalqın məhz xalq kimi formalaşması prosesini
təsvir edir.
Hər ikisində də diqqət cəlb edən
məsələ bəla gələndə, yaxud qələbə
və sevincli günlərdə bütün xalqın öz
lideri ətrafında birləşməsidir. Yəni eposlarda gücün məhz birlikdə
olması ideyası durur. Həm "Nibelunqlar", həm
də "Kitabi-Dədə Qorqud" öz bölgəsində
məhz nüfuz və söz sahibi olan xalq haqqında epos -
epik poemadır və əsasən igidliyin, hünərin, mərdliyin
tərənnümüdür. Tarixə nəzər
salanda belə qənaətə gəlmək olur ki, qəhrəmanlıq
bir xalqın özünütəsdiq prosesinin stimulu, təkanıdır.
Təsadüf deyil ki, eposların əsas spesifik
xüsusiyyətlərindən biri məhz qəhrəmanlara
oxunan alqış dolu nəğmələr və ya
ağılardır. Məsələn,
"Kitabi- Dədə Qorqudda" Qanturalı hər
üç canvərlə mübarizədən öncə
onun şəninə nəğmə oxunur. Düzdür, qəhrəmanlıq
bir şəxsin adı ilə bağlı olur, lakin unutmaq
olmaz ki, bu şəxsi yetişdirən xalq və mühit,
şərait var. Başqa sözlə desək, qəhrəmanlara
əbədiyyət verən yenə də xalqdır. Əslində xalqın qəhrəmana ehtiyacı
var, çünki o, idealdır, ruh yüksəkliyinin təminatçısıdır.
O özü bir növ xalqı bir yerə toplayan nüvə
rolunu oynayır.Eposlar məhz bütün bunları kompleks
şəkildə tərənnüm edən bir ədəbiyyat
nümunəsidir. Başqa sözlə desək,
eposlar istər dinc zamanlardakı həyatında, istər
qonşu xalqlarla münasibətlərində, istərsə də,
döyüşlərdə öz üslubu və inkişaf xətti
olan xalqın mədəni inkişafının təzahürüdür.
Epos-müdrikliyin
tərənnümü
Bəli,
tarixən də məlumdur ki, bir millətin və ya xalqın
taleyində ayrı-ayrı şəxsiyyətin müstəsna
rolu ola bilir. Hətta belə
düşünmək olar ki, eposlar məhz bu həqiqəti
vurğulayan, yəni bir şəxsiyyətin öz millətinin
taleyindəki rolunun əhəmiyyətini göstərən nəğmədir.
Təsadüfi deyil ki, eposlardakı qəhrəmanların
adları da onların missiyasının ifadəsidir.
Nümunə olaraq, "Nibelunqlar"da Ziqfridi (Siegfried - sieg -
qələbə, fried - sülh), Brünhildanı
("döyüşə hazır" və ya
"silahlı cəngavər qadın"), yaxud “Kitabi-Dədə
Qorqud”da qəhrəmanların öz adlarını öz
hünərləri ilə qazanmasını göstərmək
olar. Yəni bu şəxslər məhz öz millətləri
üçün daha yüksək və ali
bir qüvvə tərəfindən seçilmiş
insanlardır. Buna görədir ki, Bouranın da
qeyd etdiyi kimi, qəhrəmanların yüksək keyfiyyətləri
onların təbii xüsusiyyətləridir, çünki
onlar məhz yaradılışdan müəyyən missiya
üçün yaradılıblar.
Müəyyən mənada bunu Yaradanın insanların,
hətta xalqların talelərində müxtəlif şəkildə
iştirak edib onları idarə etməsidir. Düzdür,
qədim dövrdə bu müdaxilə, istiqamətləndirmə,
insan və Yaradanın iradəsinin qarşılaşması,
hətta çarpışması daha tez-tez və aydın
şəkildə göstərilirdi. Elə
Homerin "İliada"sındakı, yaxud "Odissey"indəki
hadisələri xatırlamaq yetər.Başqa sözlə desək,
qəhrəmanlar bir növ tanrılar və insanlar arasında
bir medium, vasitəçidirlər. Bəlkə
də buna görə, hələ antik dövrdən filosoflar
qəhrəmanları daha yüksək kateqoriyalı insan hesab
etmiş və onların xüsusi hörmət və
münasibətə layiq olduqlarını
vurğulamışlar.
Yuxarıda da qeyd etdiyimiz kimi, qəhrəmanlar hər nə
qədər təkbaşına xalqın taleyində həlledici
rol oynasalar da, onlar cəmiyyət arasındadırlar,
xalqın içindədirlər, onların sevdikləri qadın,
onları sevən valideynləri var. Onlar sadə insanlardır. Bu, təsadüfi
deyil. Qeyd etdiyimiz kimi onlar xalqı birləşdirən,
cəmiyyəti möhkəmləndirən nüvədirlər.
Bu nüvənin yaradılışdan
aldığı keyfiyyətlərinə tilsim, dünya
malına hərislik, ən dəhşətli halda isə
yalan, satqınlıq qarışanda bütün orqanizm
dağılır. Məgər Ziqfridin
Brünhildaya qarşı elədiyi ilk baxışda xırda
xəyanəti onun qəhrəmanlıq obrazını
dağıdan və bunun ardınca bütün Burqundiya nəslini
və 4 imperiyanı çökdürən səbəb
olmadımı? Məntiqli bir nəticədir: bir qəhrəman
bir xalqın taleyini həll edirsə, onun məhvi də həmin
xalqın məhvinə gətirməlidir. Təbii
ki, burada söhbət məhz mənəvi məhvdən gedir,
çünki fiziki məhv qəhrəmanın obrazını
yalnız ucaldır.
Yeri gəlmişkən, burada iki epos arasında əhəmiyyətli
bir fərqə diqqət çəkək."Nibelunqlar"
bir qəhrəman haqqında poemadır - onun
doğulmasından tutmuş ölümünə və
övladının gələcəyinin həllinə qədər
tarixi bir dövrü əhatə edən poetik nəqldir. Burada başqa
qəhrəmanlar olsalar da, onlar Ziqfrid obrazının
açılmasına xidmət edirlər.
"Kitabi-Dədə Qorqud"da isə hər boyun
öz qəhrəmanı var. Bütün boyların qəhrəmanları
oğuz elinin bəyləridir və hər boy
özlüyündə ayrıca bir eposdur. Belə
düşünmək olar ki, qəhrəman bütün eldir.
Başqa bir ümumi qəhrəman da Dədə
Qorquddur. Düzdür, Dədə Qorqud iti
ağıl nümayiş etdirməkdən başqa özü
hər hansı xüsusi qəhrəmanlıq göstərmir,
onun şəninə hər hansı nəğmə oxunmur,
alqış deyən də, ağı söyləyən də
onun özüdür. Sanki adı kimi odlu bir ruh olub (Qor -
od, qud - ruh) oğuz elinin üzərində dolaşır, onu
öz müdrikliyi ilə istiqamətləndirir, bəlalı
günlərində dəyərli məsləhətlər
verir, dəstək durur, sınağa çəkilən qəhrəmanları
sınmağa qoymur. Belə bir nəticə
çıxartmaq olar ki, "Kitabi-Dədə Qorqud" bir
eli-obanı, bir xalqı formalaşdıran, özünü təsdiq
etdirən müdriklik haqqında eposdur. Əslində
"Nibelunqlar"ın mahiyyətinə baxanda eyni mənzərə
ilə qarşılaşırıq. İnsanların
tanrıları fərqlidir - kimi bütlərə, kimi mistik
qüvvələrə, kimi də tək Allaha səcdə etməsinə
baxmayaraq ümumi bir tək həqiqət sabitdir və
xalqın əmin-amanlığı üçün vacibdir - ədalət
və müqəddəslik duyğusu. "Köhnə
tanrılar",bir tərəfdən
insanların "köhnə tanrıların
qızılları ilə yeni tanrı qarşısında səcdə
etməklərini" müşahidə edirlər, amma digər
tərəfdən onları yanlış addımlardan -
dünya malına aludəçilikdən qorumağa
çalışırlar. Təsadüfi deyil
ki, eposlarda qəhrəmanların uşaqlıq və yeniyetməlik
çağlarında qeyri-insani bir qüvvənin yanında
böyüməsi, dünyanı, insanları onun təqdimatında
öyrənməsi sanki bir qanunauyğunluqdur. Nümunə olaraq, Axillesi böyüdən Xironu,
yaxud bütün səyahətlərində Odisseyi qoruyan
Afinanı göstərmək olar. Məşhur Nibelunq xəzinəsinin
sahibi Alberixin qardaşı dəmirçi Regin Ziqfridi
böyüdür, tərbiyə edir, ən yüksək dəyərlərə
hörmət etməyi öyrədir, daha vacibi isə adi
insanların istək və zəifliklərindən uzaq
tutmağa çalışır. Amma onun adi
insanların ehtiraslarına tutulduğunu və artıq
dönməz yola girdiyini görəndə onu tərk edir.
Bununla da Ziqfridin bəlaları başlayır.
Burada əhəmiyyətli bir məqam da var: Ziqfridin dastanlara
düşəcək qəhrəmanlığı- Fafnirə
qalib gəlməsi, xalqın səmimi sevgisini qazanması məhz
insanların ən böyük zəifliyi olan - var-dövlət,
ad-san və şan-şöhrət hərisliyi
qarşısında güzəştə gedir. Meydana
yalanlar, xəyanətlər, hiylələr girir və
Nibelunqların xəzinəsi və üzüyü geri
qaytarılana qədər davam edir.
Hər iki eposda diqqəti çəkən daha bir detal
isə qəhrəmanın həyat yoldaşının
kimliyidir. Əvvəla, bu qadınlar öz gözəlliyi və
xanımlığı ilə el-oba içində fərqlənirlər.
İkincisi isə onlar öz igidliyi və mərdliyi
ilə ad-san qazanır, oğlanlara meydan oxuyurlar. Məsələn,
"Nibelunqlarda"kı valkiriya (pəhləvan qadın)
Brünhilda özü skandinaviya əfsanələrinin,
"Baş Edda"nın qəhrəmanıdır
və haqqında nəğmələr qoşulub. O, mərddir
və Ziqfridə namərdliyi bağışlamır. Maraqlıdır ki, Ziqfridin qətlinin və
Brünhildanın özünün ölümünün səbəbi
məhz bu namərdlik olur. Ali duyğular
alçaq hisslərlə bir araya sığmır və
insanlıq Tanrı qəzəbinə tuş gəlir.
"Dədə Qorqud"da da qadınlar hünərli və
öz gələcək həyat yoldaşlarına ən
böyük dəstəkdirlər. Sarı donlu Selcan xatunun təsvirində
deyilir: "Məgər Trabuzan təkürinin bir əzmi-görklü
məhbub qızı vardı. Sağına-soluna
iki qoşa yay çəkərdi. Atduği
ox yerə düşməzdi". Eyni təsvir
Banuçiçəyə də aiddir. Ən
vacibi isə igidliyinə görə elin neçə
oğlanından artıq olan bu qadınlar öz ərlərinə
hörmət və itaət edirlər. Bu, kor bir itaət
deyil! Məsələn, Selcan xatun Qanturalıya öz sədaqətini
sevgi dolu sözlərlə, səmimi andlarla inandıra bilməyəndə
silaha - oxa əl atır, zəiflik göstərmir! Bu, öz gücünü daha böyük və
müdrik bir qüvvəyə qatmaqdır.
Hər iki eposda rast gəlinən bu detal bir neçə
əhəmiyyətli məsələni vurğulamış
olur. Əvvəla,
ailənin məhz bir-birinə tay olan, yalan
və hiylədən uzaq olan gənclərin arasında
qurulması və bununla da gələcək nəslin
cırlaşmaqdan qorunması; ikincisi, ailənin möhkəmliyinin
ər və arvadın bir-birinə dəstək və arxa ola
bilməsindən asılı olması. Hər
ikisi sağlam və möhkəm cəmiyyətin göstəriciləridir.
Maraqlıdır ki, eposlarda bəzən qəhrəmanlar
ölsələr də, yaxud satqın tərəfindən qətlə
yetirilsələr də, onların adı, nümunəsi
qalır.
Boura yazır: "Qəhrəman insan nəslinə məxsus
möhtəşəmliyi artırır və göstərir
ki, o, hansı hünərlərə qadirdir; o,
başqaları üçün insan təcrübəsinin
hüdudlarını genişləndirir və öz idarəolunmaz
həyat gücü ilə onların gözündə həyatın
dəyərini artırır. Hər nə qədər adi
insanlar özlərinin bu ideala bənzəmədiyini hiss etsələr
də, ona hörmət edirlər, çünki o, hətta ən
təvazökar və itaətkar adamı da cəlb edən macəra
və həyəcan, eyni zamanda şöhrətin
imkanlarını açırdı". Yəni
söhbət ayrı-ayrı şəxsiyyətdən deyil, təməldə
duran ilahi həqiqət və ədalətdən gedir. Belə olan halda, eposların tərənnüm elədiyi
də məhz bu prinsiplərə dayanan qəhrəmanlıq
olduğu qənaətinə gəlinir.
Eposun
musiqisi
Heç bir epos müharibə prosesində yaranmır. Adətən
döyüşlər zamanı əvvəlki zəfərlər
haqqında nəğmələr oxunur və onlara istinadən
qəhrəmana tərifnamələr deyilir. Döyüşlərdən sonra isə onun
haqqında yeni nəğmələr, dastanlar qoşulur.
Eposlar məhz dinc zamanların və diqqətin
hərbdən, döyüşlərdən sülhə, sakit
həyata yönəlməyin məhsuludur. Təsadüfi deyil ki, eposlarda hər nə qədər
əfsanə qarışığı olsa da, onlar bir tərəfdən
gerçək tarixi salnamə olmaq iddiasındadırlar, digər
tərəfdən, bir ədəbiyyat nümunəsidir.Eyni
zamanda, bu poeziya nümunəsi musiqi, daha doğrusu, avazla
müşayiət olunur. Həm də adi
deyil, ilahi bir avazla. Əgər qəhrəman
taleyin hökmü ilə, ilahi qanunlarla yaşayır,
tanrının köməyi ilə şərə qalib gəlirsə,
bu, yalnız ilahi səslə bir xeyir-dua olmalıdır.
Bu, yerlərdəki haqq əmələ göylərin
əks-sədası olmalıdır.
"Nibelunqlar"da nəğmə arfanın, "Dədə
Qorqud"da isə qopuzun müşayiəti ilə oxunur. Niyə məhz
bu alətlər? Çünki hər ikisi
müqəddəs musiqi aləti hesab edilir. Bununla da bir növ dastanın sadəcə bir rəvayət
deyil, Haqdan alınan bir həqiqətə malik olduğunu
vurğulanır.
Qədim və orta əsrlərdə
yaradılmış sənət əsərlərində adətən
tanrıları və ya qəhrəmanları mədh edən
mələklər əllərində arfa təsvir olunurlar. Səsin təmizliyinin,
paklığının, yerlə göy arasındakı
harmoniyanın, ülviliyin rəmzi olan arfa mələklər
aləti hesab edilir. Təsadüfi deyil ki,
Bibliyada da bir neçə dəfə arfa xatırlanır.
Həmin ayələrə istinad edən Yelena Uayt yazır:
"Səcdə edənlər Allahı arfa və kimvallarla təsbih
edirdilər; musiqi bizim ibadətimizdə öz yerini
tutmalıdır (Yev. 500, 501 (1898)). Lakin arfa həm də qəhrəmanların mədhi
üçündür, çünki bu qəhrəmanlıqlar
məhz Tanrının köməyi ilə və Onun adı
naminə edilir. Uayt yazır: "İsa sağ əli ilə
qalibin başına şöhrət çələngi
qoyur... Hər birinə həm də qalibin palma
budağı və parıldayan arfa verilir. Sonra
musiqini idarə edən mələklər işarə edən
kimi hər əl ustalıqla tellərə dəyir və
ecazkar musiqi səslənir". Digər
maraqlı bir fakt isə arfanın məhz döyüş
yayından düzəldilməsidir. Başqa
sözlə desək, arfa hadisələrdəki müqəddəsliyi
və ucalığı tərənnüm edən bir alətdir.
Bu, döyüş də ola bilər, sevgi
də. Yetər ki, Allah tərəfindən
xeyir-dua verilmiş olsun. Belə olan halda,
arfanı müəyyən mənada Allahın
xeyir-duasının səslənməsi də adlandırmaq
olar.
Eyni missiyanı "Dədə Qorqud"da qopuz yerinə
yetirir. Qopuzun
etimoloji mənalarından birinə görə qopqədim
türkcədə "ucalıq", "yüksəklik",
uz isə "avaz", "sehrli musiqi ahəngi" deməkdir.
Dədə Qorqud igidlik göstərən
oğula qopuzla nəğmə deyə-deyə ad qoyur, soy
soylayır, Allahın xeyir-duasını səsləndirir.
Qopuzun müqəddəsliyi,
toxunulmazlığı bütün el tərəfindən qəbul
edilir. "Uzun Qoca oğlu Səgrək boyu"nda bir
igidin digərinə qılınc qaldırmamasını belə
izah edir: "Mərə kafir, dədəm Qorqudun qopuzu
hörmətinə çalmadım. Əgər
əlündə qopuz olmasaydı, ağam
başıyçün, səni iki para edərdim". Qopuzun yüksək
missiyasındandır ki, hər adam ona əlini
vura bilməz, ona yaxın dura bilməz. Qopuz
müqəddəs and yeridir. Əfsanələrdən
məlum olduğuna görə, qopuz məhz vergi verilən -
Allahın seçdiyi bəndələrə verilir.
lll
Eposlar bir xalqın qopuzla, arfa ilə nəql edilən
müqəddəs səhifələridir. Bu səhifələr
bəlalarını və zəfərlərini, sevgisini və
qisasını tərənnüm edə-edə həmin
xalqın kimliyinin formalaşmasına şahidliyini təsdiqləyir.
Yarı tilsim, yarı iman, yarı mübarizə,
yarı eşqlə dolu eposlar hər nə qədər bir
xalqın keçmiş səhifələri haqqında oxunan nəğmə
olsalar da, onlar bu gün oxunmaq üçün nəzərdə
tutulublar.
Eposlar həm də bir xalqın öz Yaradanı ilə ən
sıx təmas anlarının ifadəsidir. Belə təmas
anları hər xalqa qismət olmur, qismət olubsa, hər xalq
ondakı ilahi hikmətdən aldığı enerji ilə
öz varlığını əsrlər boyu qoruyub saxlaya
bilmir. Həm "Nibelunqlar", həm də " Kitabi-Dədə Qorqud"un
bugünkü aktuallığı hər iki xalqın o zamanlar
dərk elədiyi hikmətin qədrini hələ də bilməsinə
bir sübutdur.
Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru
525-ci qəzet.-
2014.- 9 oktyabr.- S.2;5.