"AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti"

 

 

13 həmişəmi nəhs rəqəmdir?! Sentyabrın 19-da, ən azı, 13 şəhərdə bu rəqəmə münasibətdə müsbət dəyişiklik oldu. Məsələ numerologiyada deyil, amma 13 rəqəmi 2020-ci ilədək Avropa futbolunda əhəmiyyətli yerlərdən birini tutacaq.

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı tarixə fərqli düşəcək. 16-cı qitə birinciliyi ilk dəfə olaraq ev sahibi qismində Avropanın bir və ya iki deyil, daha çox ölkəsini əhatə edəcək. 6 il sonra keçiriləcək turnirdə "Köhnə qitə"nin 13 müxtəlif şəhəri böyük futbolun pişvazına çıxacaq. 2012-ci il dekabrın 6-da UEFA-nın İcraiyyə Komitəsinin Lozannada keçirilən toplantısında bu barədə qərar qəbul olunub.

TARİXƏ QISA NƏZƏR

Avropa çempionatı ilk dəfə 1960-cı ildə keçirilib. SSRİ-ni təmsil edən yığmanın birinci yeri tutduğu yarışın ev sahibi Fransa olub. Sonrakı turnirləri Fransa ilə yanaşı, İspaniya, İtaliya, Belçika, Yuqoslaviya, AFR, İsveç, İngiltərə və Portuqaliya təkbaşına qəbul edib. 2000-ci ildə ilk dəfə olaraq turnir 2 ölkədə - Hollandiya və Belçikada keçirilib. 2008-ci ildəki yarışı Avstriya və İsveçrə, sonuncu turniri isə Ukrayna və Polşa birgə qəbul edib. Avro-2016 isə yenidən Fransada keçiriləcək. Bununla, Fransa qitə birinciliyini 3 dəfə qəbul edən ilk ölkə kimi tarixə düşəcək.

AFFA-nın İKİNCİ CƏHDİ

Bakının Avro-2020-yə namizədliyi AFFA-nın qitə birinciliyinə ev sahibliyi etmək istəyi baxımından ikinci cəhdidir. Bu istiqamətdə ilk addım 2012-ci ildə keçirilmiş qitə birinciliyinin təşkili məqsədilə atılmışdı. O dövrdə ölkəmiz daha bir mötəbər idman turnirini - Yay Olimpiya Oyunlarını da qəbul etmək iddiasını irəli sürmüşdü və seçim edilərkən üstünlük qədim Elladanın idman yadigarının xeyrinə edilmişdi. Bakıda Olimpiya oyunlarının təşkili alınmadığı üçün AFFA yenidən qitə birinciliyinə namizədliyi irəli sürdü. Lakin güclü rəqiblərlə mübarizədə elə ilk mərhələdəcə geri çəkilmək məcburiyyətində qaldıq.

2012 turnirdən fərqli olaraq, Bakının budəfəki namizədliyi daha iddialı idi. 

ƏVVƏL GÜRCÜSTANLA, SONRA TƏKBAŞINA

Avro-2020-nin qitənin müxtəlif ölkəsinin 13 şəhərində keçiriləcəyi elan olunmazdan öncə Azərbaycan turnirə Gürcüstanla birgə ev sahibliyi etmək niyyətində idi. İki ölkənin birgə namizədliyi barədə lazımi sənədlər UEFA-ya da göndərilmişdi. Lakin məlum qərardan sonra Bakı təkbaşına namizəd oldu.

BAKININ RƏQİBLƏRİ...

Bakı da daxil olmaqla ümumilikdə 19 şəhər Avro-2020-nin oyunlarını qəbul etməyə namizəd idi. Paytaxtımızın rəqibləri arasında London (İngiltərə), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kardiff (Uels), Sankt-Peterburq (Rusiya), Stokholm (İsveç), Minsk (Belarus), Kopenhagen (Danimarka), Münhen (Almaniya), Roma (İtaliya), Brüssel (Belçika), Bilbao (İspaniya), Amsterdam (Hollandiya), Budapeşt (Macarıstan), Buxarest (Rumıniya), Skopye (Makedoniya), Sofiya (Bolqarıstan) və Yerusəlim (İsrail) var idi.

... VƏ ÜSTÜNLÜKLƏRİ

Bakının digər namizəd şəhərlərlə müqayisədə bir çox üstünlükləri var idi. İlk növbədə, bu məsələdə dövlətin, xüsusilə respublika Prezidenti İlham Əliyevin dəstəyini qeyd etmək lazımdır. 2013-cü il mayın 22-də dövlət başçısı Avro-2020-nin oyunlarına ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

2013-cü ilin mayında UEFA prezidenti Mişel Platini seçim zamanı daha əvvəl bu turnirin həyəcanını yaşamayan şəhərlərə üstünlük verəcəklərini bəyan etmişdi. UEFA prezidentinin dediyi kimi də oldu. Bu açıqlama hələ əvvəldən paytaxtımıza Roma, Brüssel, Amsterdam, London kimi şəhərlərlə müqayisədə azacıq üstünlük qazandırırdı.

Bundan başqa, Bakının UEFA-ya təqdim etdiyi arenanın - Bakı Olimpiya Stadionunun inşasına indi deyil, daha əvvəl başlanıb. Arenanın əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Həmin vaxt - 2011-ci ildə isə Bakı hələ Avro-2020-yə namizəd deyildi. Bəzi namizəd şəhərlərdə oyunların keçirilməsi nəzərdə tutulan stadionun tikintisinin yubanması, bəzilərində ümumiyyətlə işlərə start verilməməsi Bakı üçün əlavə üstünlük idi.

Azərbaycan paytaxtının digər üstünlüyü kimi siyasi sabitliyi göstərmək olar. UEFA turnir həvalə etdiyi ölkələrin siyasi durumuna daim böyük diqqət ayırır. Azərbaycan isə bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Tarixi təcrübədən aydındır ki, hər bir xalqın və cəmiyyətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında isə ictimai-siyasi sabitlik faktoru gəlir. Əlbəttə ki, bəhs edilən faktorların təmin olunmasını şərtləndirən başlıca mexanizm milli dövlətdir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji cizgilərini və vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.

Otellər baxımından da Bakıda heç bir problem yoxdur. Bu gün şəhərdə xarici ölkələrdən gələcək qonaqları ən yüksək səviyyədə qəbul etmək, yerləşdirmək üçün hər cür şərait var. UEFA bütün bu məqamlara xüsusi diqqət yetirir.

TURNİRDƏN NƏ QAZANACAĞIQ?

Bu turnirin oyunlarının Bakıda da keçirilməsi sayəsində Azərbaycanın dünyadakı gündən-günə artan nüfuzu daha da yüksələcək. 2 il əvvəl olduğu kimi ölkəmiz yenidən təkcə siyasi, iqtisadi, mədəni tədbirlərə deyil, futbol yarışlarına da yüksək səviyyədə ev sahibliyi edə bildiyini bütün dünyaya sübut etmiş olacaq.

2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı keçirildi. Bu turnir infrastruktur baxımından ölkə futboluna böyük fayda verdi. Məhz həmin turnirə görə "Bayıl Arena", "Dalğa Arena", "Bakcell Arena" stadionları inşa edildi. Qızlar arasındakı turnir 2 il əvvəl keçirilsə də, bu gün də həmin stadionlar ölkə futbolunun inkişafında böyük rol oynayır. Eləcə də Tofiq Bəhramov adına Rspublika stadionu məhz dünya çempionatına görə yenidən əsaslı təmir olundu.

Avro-2020-nin Bakıda keçirilməsi Azərbaycanda turizmin inkişafında da böyük rol oynamağa qadirdi. Çünki bu turnir zamanı Azərbaycan paytaxtına xeyli turist gələcəyi şübhə doğurmur. Bu isə ölkə turizminin inkişafında əvəzsiz rol oynayacaq. Ümumiyyətlə, Azərbaycanda turizmin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi işinə qayğı və diqqət göstərmişdir. Ulu Öndərin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ökəmizdə turizm sahəsi dinamik inkişaf yolu keçmişdir. Bu turnir isə paytaxtımıza, ölkəmizə yeni turistərin cəlb olunması baxımından böyük rol oynayacaq.

GƏNCLƏR ÜÇÜN ƏLA STİMUL

UEFA-nın məlum qərarı açıqlamasından sonra sosial şəbəkələrdə bir məqam diqqətimi xüsusi cəlb etdi. Söhbət gənc və yeniyetmə futbolçuların bu qərara olan münasibətindən gedir.  Onlar Bakının qitə birinciliyinin bir neçə oyununu qəbul etməsini sevinclə qarşılayırlar. Bu, aydındır. Amma əsas məsələ odur ki, bu qərar - Bakının qalib olması gənclər üçün əla stimula çevrilib. Ən azından xeyli gənc futbolçuda "mən mütləq həmin çempionatda Azərbaycan millisinin formasını geyməliyəm" fikri formalaşıb. Bu gün 13,15,17,19 yaşında olanlar 6 ildən sonra Azərbaycan millisinin heyətində AVRO-2020-də çıxış etməyi qarşılarına məqsəd qoyublar. Axı milli komandamız AVRO-2020-nin final mərhələsinə vəsiqə qazansa, qrup oyunlarından ikisini məhz Bakıda keçirəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirdə öz doğma azarkeşlərin önündə oynamaq isə böyük xoşbəxtlikdir. Hər insana nəsib olmur. 

BAKININ QALİB OLACAĞI ƏVVƏLDƏN GÖZLƏNİLİRDİ

Bəlkə də bu fikir bir qədər iddialı səslənir. Amma Bakının UEFA-nın seçəcəyi 13 şəhər arasında yer alması mütləq idi.

Yuxarıda sadaladığımız səbəblər turnirin paytaxtımıza həvalə olunması üçün zərurət yaradırdı. Avropanın ən qabaqcıl ölkələri, şəhərləri bu gün müəyyən problemlərlə üz-üzə qaldıqları halda Azərbaycan paytaxtı gündən-günə irəliyə doğru gedir. Məhz bütün bunları nəzərə alaraq, UEFA-nın Bakının xeyrinə qərar qəbul edəcəyinə şübhə edilmirdi. Çoxları UEFA tərəfindən üç qrup və 1/8 final mərhələsinin bir oyununun Bakıya həvalə olunacağını gözləyirdi. Amma qitə futbol qurumu bir qədər də irəli gedərək, paytaxtımızı 1/8 final deyil, daha nüfuzlu olan 1/4 final matçı ilə təmin etdi. Bu, Azərbaycanın böyük qələbəsidir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda idmana, futbola göstərdiyi qayğının nəticəsidir... Göründüyü kimi, həqiqətən də 13 nəhs rəqəm deyil. Ən azı, Bakı üçün...

İbrahim CƏFƏROV

525-ci qəzet.- 2014.- 10 oktyabr.- S.8.