Musiqi irsimizin fədakar
araşdırıcısı
Milli musiqi xəzinəmiz məzmun, mahiyyət etibarilə dolğun, tutumlu, yaranış, təşəkkül
və təkamül mərhələləri baxımından
qədim və zəngin olsa da, bu istiqamətdə
peşəkar araşdırmaların,
sistemli incələmələrin
tarixi çox gəncdir. Musiqi irsimizin tədqiqinə
dair ciddi araşdırmalara XIX yüzilliyin
sonlarından başlansa
da, yalnız XX əsrdə bu sahə özünün inkişaf mərhələsinə
qədəm qoymuş,
görkəmli mütəxəssislərini
yetişdirmişdir. Onların sırasında
peşəkarlığı, həssaslığı və
duyğusallığı ilə
seçilən və
sevilən xanım musiqi araşdırıcılarının
mədəniyyət tariximizdə
xüsusi yeri, rolu və xidmətləri
vardır.
Azərbaycanın görkəmli ilk xanım
musiqişünası Xurşid
xanım Həsən bəy qızı Ağayeva (1906, Bakı -
1953, Bakı) dahi bəstəkarımız Üzeyir
Hacıbəyli haqqında
ilk monoqrafiyası ilə
milli incəsənətimizin
bu unikal sahəsində ilk cığırı
açmaqla özündən
sonra gələnlər
üçün böyük
bir yolun başlanğıcını, zəngin
ənənələrin bünövrəsini
qoydu. Tədqiqatçı-alim
xanımlardan Zemfira Səfərova, Fərəh
Əliyeva, Emruz Əfəndiyeva, Elmira Abbasova,
Zemfira Qafarova, Zümrüd Dadaşzadə,
Xurşid Abdullayeva və b. milli musiqimizin tarixi və nəzəriyyəsi
sahələrində ciddi
tədqiqatlar aparmış
elmi-mədəni irsimizə
töhfələr bəxş
etmişdilər. Çağdaş
musiqi irsimizin fədakar xanım araşdırıcılarından biri də elmi
məqalələri və
sanballı kitabları
ilə zövqlü oxucu rəğbətini qazanmış, mövzuya yanaşma tərzinə görə fəlsəfi düşüncələrə daha çox üstünlük verən,
elmi yeniliyə can atan, naməlum faktların təsir gücündən yerli-yerində
faydalanmağı bacaran,
beləliklə də
hər bir əsəri ilə zehinlərdə dərin təəssüratlar oyatmağa
çalışan Əminə
Tuncaydır.
İlk tanışlıq, alimin mənəviyyat aləminə,
iç dünyasına
"səyahət" üçün
kitablardan gözəl
vasitə nə ola bilər?
Əminə xanımla ilk tanışlığım
onun "Musiqi töhfələri" (2013), "Məqalələr" toplusu
(2011) və "Dağılan
dünyam" (2011) adlı
kitabları ilə başladı. İlk iki
toplu elmi məqalələrdən ibarət
olduğu halda üçüncü kitabı
sərlövhəsindən də bəlli olduğu kimi bədii nümunələrdən
- mənsur şeirlər,
hekayələr, qəzəllər
və rübailərdən
ibarətdir. Məhz
bu mötəbər qaynaqlardan bəlli oldu ki, onun
"Mənsur şeirlər",
"Közərən məhəbbət",
"Şübhədən inama", "Mənəvi
ucalıq", eləcə
də "Asif Ataya ithaf", "Bəxtiyar Vahabzadəyə
ithaf" adlı ədəbi-bədii kitabları
geniş oxucu auditoriyasının rəğbətini
qazanmış, dəyərli
mütəxəssis rəylərinin
yazılmasına rəvac
vermişdir.
Böyük əminliklə vurğulanmalıdır
ki, Əminə xanımın bədii yaradıcılıqla məşğul
olması, poetik duyğularını yüksək
səriştə ilə
ifa tərzi onun elmi məqalələrinin
dilində, fərdi üslub xüsusiyyətlərində
özünü qabarıq
büruzə verir. Bədii yazılarında
elmi düşüncə
yükü, tədqiqat
işlərində, faktların
təqdimat sistemində
isə poetik dil, estetik füsunkarlıq
aparıcı mövqedədir.
Əminə Tuncay (Abbasova) qədim və zəngin milli ənənələrə sadiqliyi
ilə qürur duyan, ixtixar hissi yaşayan Bakının Nardaran kəndində klassik musiqimizi dərindən incələməyi bacaran,
muğamlarımızı mükəmməl
bilən, ona heyranlığını və
vurğunluğunu səmimiyyətlə
büruzə verən
Abbas Abbasovun ailəsində dünyaya göz açmışdır.
Duyğularının estetik gözəlliyə
köklənməsində, dünyagörüşünün formalaşmasında ana laylasından daha çox muğamlarımızın
təsiri, rolu danılmazdır.
Bakı şəhərindəki 134 saylı
orta məktəbi uğurla bitirdikdən sonra gənc abituriyent ailənin tövsiyəsi ilə öncə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Burada iki il oxuduqdan
sonra Əminə Abbas qızı fərqli obyektiv və subyektiv səbəblərə görə
təhsilini yarımçıq
qoyaraq incəsənət
sahəsini seçir.
Musiqi sənətinə olan marağının ciddiliyinə
güvənərək tərəddüd
etmədən növbəti
dəfə sənədlərini
Azərbaycan Dövlət
İncəsənət İnstitutuna
(indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti) təqdim edərək 1969-cu ildə
bu unikal mədəniyyət ocağına
daxil olur. Ötən əsrin
60-cı illərində hər
iki ali
təhsil müəssisəsinə
qəbul yüksək
müsabiqə şərtləri
ilə müşayiət
olunurdu. Gənc Əminənin respublikanın
ən nüfuzlu ali məktəblərinə
daxil olma bacarığı onun hərtərəfli biliyə,
geniş dünyagörüşə
və istedada sahibliyini təsdiqləyən
faktlardır.
Əminə xanım təhsil illərində respublikanın görkəmli incəsənət xadimlərindən - Ədil İsgəndərov, Şəfiqə Axundova, Müxlis Cənizadə və b. dərs alıb, uzun illər M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramlarının aparıcısı vəzifəsində çalışıb, dahi sənətkarların, muğam ustalarının qəlbinə yol tapmağı, klassik musiqinin sirrinə, sehrinə vaqif olmağı bacarmışdır. O, canlı musiqimizin məbədgahında çalışdığı illərdə böyük maestro Niyazinin, bənzərsiz bəstəkarımız Cahangir Cahangirovun birbaşa rəhbərliyi altında fəaliyyət göstərmişdir. Muğam sənətimizin korifeylərindən Xan Şuşuinski, Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova, Yaqub Məmmədov, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev və b. ecazkar səs sahibləri ilə səmimi ünsiyyət yaratmış, klassik musiqimizin fəlsəfi qatlarına dərindən bələd olmaq üçün ustad dərsləri almışdır. Nəzəri biliyini nadir arxiv materialları ilə zənginləşdirən Əminə xanım Bakı, Tiflis, İstanbul, Sankt-Peterburq, Moskva elmi-tədqiqat mərkəzlərində olmuş, musiqi irsimizə aid naməlum sənədləri, faktları elmi fondlardan üzə çıxararaq müəyyən kölgəli məqamlara aydınlıq gətirmişdir. Onun fədakarlıqla araşdırdığı problemlər nəticədə uğurlu dissertasiya işi ilə sonuclandı. Əminə xanım Abbasovanın 1992-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Muğamların fəlsəfi dünyası və tariximizdə musiqinin əhəmiyyəti" mövzusunda yazdığı və müdafiə etdiyi elmi-tədqiqat işi uzun illərdən bəri aparılan gərgin və ciddi elmi araşdırmaların bəhrəsi idi. Ulu qaynaqlardan qüdrət alan muğamlarımızın fəlsəfi duyumu, qoca və müdrik fəlsəfənin muğamlarda təcəssümü və bu məcrada musiqili düşüncənin - düşündürücü musiqinin incəsənət tariximizdə yeri, insanın kamilləşmə prosesindəki müqtədir əhəmiyyəti məhz ilk dəfə Əminə Tuncayın tədqiqatlarında mükəmməl həllini tapmışdır. Müşahidələrimə əsasən demək olar ki, Əminə xanımın vətənə sevgisi, millətə məhəbbəti milli musiqidən qaynaqlanır və çöhrəsindən təbəssüm əskik olmayan Tuncay musiqili sevginin həmişə cavan və həmişə canlı tunc heykəlidir.
Əminə xanımın bir vaxtlar çalışdığı İstanbul, Tiflis, Sankt-Peterburq, Moskva arxivlərində bu ilin mart, iyun, avqust aylarında elmi ezamiyyətdə olarkən onun "Musiqi töhfələri" və "Məqalələr" kitablarını da özümlə aparmışdım. Xüsusilə istirahət günlərində, arxivlərin açıq olmadığı zamanlarda istirahətimin mənalı keçməsində bu kitabların müəllifinə minnətdaram.
Nə qədər qəribə olsa da etiraf edim ki, (əslində belə metoddan istifadə edərək haqqında fikir söylədiyin adamı tərifləməyin tərəfdarı deyiləm - A.R.) Cəfər Cabbarlı irsini 40 ilə yaxın ilk mənbələr əsasında tədqiq etsəm də, Əminə Tuncayın "C.Cabbarlı yaradıcılığında musiqinin təzahür formaları" adlı məqaləsini oxuduqdan sonra bu qənaətdəyəm ki, böyük dramaturqun ədəbi irsi müxtəlif elmi tədqiqat sahələri üçün bitib-tükənməz araşdırma mənbəyidir. Bu zəngin ədəbi-bədii materialların nə qədər toxunulmamış, elmi təhlildən və nəşrlərdən kənarda qalmış nümunələri mövcuddur. Əminə xanim Cabbarı yaradıcılığının açılmamış qatlarından birinə toxunaraq yazır: "Onu da deyim ki, heç kəsə məlum olmayan 40-a yaxın (C.Cabbarlının-A.R.) mərsiyələri vardır ki, o da mənim şəxsi arxivimdədir. O ailəyə çox yaxın olduğumdan bu mərsiyələri mənə C.Cabbarlının qardaşı qızı, Azərbaycan Teleradio Şirkətinin keçmiş diktoru, mərhum Gültəkin Cabbarlı, bacısı Əminə xanım Cabbarlıdan alıb mənə vermişdir. O, mərsiyələr 1952-ci ildə onun tərəfindən anamın matəm məclisində oxunmuşdur. Qardaşı qızının dediyinə görə mərsiyənin sözləri və havacatı da ədibin özünə məxsus imiş. Əmim özü də bu mərsiyələri zümzüməsilə oxuyarmış, təxəllüsü də, "Cəfər, ey nuri-dideyi giryan" deyə mərsiyələrin axırında işlədərmiş" (Əminə Tuncay. "Musiqi töhfələri", Bakı, "Adiloğlu", 2013).
Böyük ədibimiz Cəfər Cabbarlının 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımı günlərində "Dur, ey xar olan millət" sərlövhəli mərsiyə yazdığı, kütləvi qırğının yeddisində, qırxında və ildönümündə gənclərin dəstə-dəstə məhəllələri gəzərək uca səslə bu hüznlü musiqini ifa etdikləri bizə bəllidir. Hətta ədibin nəvəsi, publisist, şərqşünas Bəhlul Abbasovun bir zamanlar rəhbərlik etdiyi "Bizim əsr" qəzetində Cabbarlının kitablarına daxil edilməyən bir neçə mərsiyəsini çap etdirməsi də məlumdur. Amma "heç kəsə məlum olmayan 40-a yaxın mərsiyə"nin Əminə xanımın "şəxsi arxivi"ndə olması əsl tapıntı, nadir ədəbi hadisədir.
Əminə xanımın "C.Cabbarlı yaradıcılığında musiqinin təzahür formaları"adlı yazısını oxuyanda iyun ayının əvvəlləri, gecələri də gündüz qədər işıqlı olan Sankt-Peterburq şəhərində idim. Zaman fərqini unudaraq Əminə xanıma telefon açdım. Xəttin o başından "Ha can! Bacı sənə qurban!" - deyən Əminə xanımın doğma, ürəyə yağ kimi yayılan səsini eşitdim. Bir anlığa mənə elə gəldi ki, gecənin bu vaxtında mərsiyə mövzusunun yeri deyil. Onun "Musiqi töhfələri"ni oxuduğumu, kitabın və orada yer alan elmi məqalələrin məziyyətlərindən söz açdım. Xüsusilə, "Leyli və Məcnun" operasında Füzuli və Üzeyir zirvəsinin fəlsəfi dünyası", "Ü.Hacıbəylinin musiqi ilə əlaqədar müxtəlif illərdə dərc edilmiş məqalələri haqqında təfərrüatlar", "Ü.Hacıbəyli ilə S.Vurğunun musiqi haqqındakı mülahizələri", Üzeyir bəy haqqında mülahizələr", "Hafiz Şirazi Üzeyir Hacıbəyli yaradıcılığında" və b. tədqiqatları dahi bəstəkarın yaradıcılığına yeni baxış olduğunu vurğuladım. Bu məqalələrin hər biri ömrünü musiqi irsimizin araşdırılmasına həsr etmiş fədakar bir xanımın XX yüzilliyin əvvəllərinə aid mətbuat orqanlarından, arxivlərdən üzə çıxardığı yeni və dəyərli faktlarla zəngindir. Kitabda həm klassik musiqiyə, həm də xalq musiqisinə aid maraqlı mövzulardan geniş bəhs edilmişdir.
"Musiqi töhfələri" kitabında yer alan, muğamlarımızda istifadə olunan istilahların yeni və lakonik şərhi Əminə xanımın klassik musiqi irsimizlə yanaşı ərəb və fars dillərinə də dərindən bələd olduğunu təsdiqləyir.
Elmi-mədəni mühitdə əsasən musiqi irsimizin araşdırıcısı kimi tanınan, fəlsəfə doktoru, publisist, yazıçı Əminə xanım Tuncaya çoxşaxəli yaradıcılığında uğurlar arzulayıram.
Asif Rüstəmli
525-ci qəzet.-
2014.- 10 oktyabr.- S.7.