Kamança milli dəyərlərimizə ədəbi və əbədi abidə

 

MİRZƏ CƏLİLİN ÖLMƏZ ƏSƏRİ GERÇƏK VƏTƏNDAŞLIQ DƏRSLİYİ KİMİ

 

Milli musiqi xalqımızın milli heysiyyəti, ruhu, bütün duyğu hisslərinin külli olaraq qovuşduğu milli sərvətdir. Bu gün ulu öndərimiz Heydər Əliyevin xalqına vətəninə bağlılıq duyğularını bir vətəndaşlıq dərsi kimi yaşatdığımız dövrdə milli dəyərlərimizə olan münasibətlərimiz dəyişərək daha isti, daha qaynar olub. Uzaqgörən xalqına bağlı, Heydər Əliyev məktəbinin layiqli davamçıları tərəfindən bu ənənələr davam etdirildikcə daha böyük nailiyyətlər uğurlar əldə edirik. Təkcə uzaqgörən siyasət peşəkar diplomatiya ilə deyil, həm zəngin ruhu canlandıran milli musiqimizlə sərhədləri aşırıq, bütün dünya xalqları arasında özümüzü tanıdırıq, sevdiririk, milli varlığımızı təsbit edirik. Bu gün həm daha çılpaq həyasızcasına ermənilər tərəfindən milli dəyərlərimiz olan sərvətimizin talanması, özününküləşdirilməsi halları bizi həm düşünməyə, həm birlik içərisində daha qabarıq mübarizə aparmağa vadar edir. Əgər bir erməni dığası ya hayı Evrovision kimi yüksək statuslu musiqi festivalında sözündən tutmuş özünə qədər Azərbaycan mahnısı ilə müsabiqədə çıxış edirsə bu, dünya birliyi tərəfindən heç bir qınaqla qarşılanmırsa, bizim yox, əlbəttə, özünü aldadanların ikitirəliyi münasibətlərdə meyara çevirənlərin öz günahıdır. Bu hal isə təkcə bu gün yox, dünən var idi. Cəlil Məmmədquluzadə kimi görkəmli bir ədibimiz Kamança əsərində əgər erməni talançılığını, oğurluğunu, xainliyini, türk-müsəlman düşmənliyini göstərirdisə, bu, belə ziyalılarımızın milli qeyrət xalqına bağlılığının, vətənpərvərliyinin ifadəsi idi. Çox təəssüf ki, mütaliədən kənar düşən yeni nəsillərimiz belə əsərlərdən , onların milli əhəmiyyət kəsb edən ideyalarından da xalidirlər. Ancaq qeyd edilən bu kimi əsərlər milli ədəbiyyatımızın ən qiymətli incisi sərvəti kimi yüksək bir qiymətə malikdirlər. Bəs adı çəkilən bu əsərin Kamança pyesinin milli dəyəri, əhəmiyyəti nədə idi?

Kamança əsəri Cəlil Məmmədquluzadənin sırf milli münaqişə məsələlərinə həsr olunan, ictimai-mənəvi baxımdan milli xarakterləri səciyyələndirən, mənəviyyat, şüur ərazi oğurluğu olaraq erməni xainliyini göstərən ən sanballı əsəri kimi ayrıca bir əhəmiyyətə malikdir. Bu baxımdan akademik İsa Həbibbəylinin haqlı olaraq dediyi kimi, ustad Mirzə Cəlil Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikir tarixində, sözün geniş mənasında, milli istiqlal, demokratiya Vətən azadlığı uğrunda mübarizənin ön cərgəsində dayanır. Onun yaradıcılığı gələn hər yeni nəsil üçün müstəqillik, azərbaycançılıq, millilik vətəndaşlıq tərbiyəsi məktəbidir.

Kamança əsəri erməni-müsəlman (azərbaycanlı) münaqişəsindən bəhs edir. Hadisələr Qarabağda baş verir. Haqlı olaraq deyildiyi kimi, Cəlil Məmmədquluzadənin Kamança pyesi Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş ilk sanballı əsər kimi mühüm əhəmiyyət kəsb edir. Həm ona görə ki, Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan yazıçıları içərisində bəlkə yeganə ədibdir ki, əlinə silah alıb Qarabağ savaşında ön cəbhədə vuruşmuş, təkcə bir yazıçı kimi əsərlərində yox, həm əldə silah bir əsgər kimi vətənin keşiyində durmaq vəzifəsini yerinə yetirmişdi. Doğrudan da, ədibin həmin vaxtlar Həmidə xanıma bu münasibətlə yazdığı məktubda da, bu, öz əksini tapır Həmin məktubunda ədib axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər? deyə ermənilərə öz qınağını da əks etdirir.

Münaqişənin təsvirində müəllifi, xüsusilə iki milli psixologiya, mənəviyyat daha çox düşündürür münaqişənin mahiyyətinə müəllif münasibəti məhz bu psixoloji məqamdan keçir. Demək olar ki, hadisələrin xüsusi bədii sənətkarlıqla təsvirində münaqişənin bütün ideoloji təfərrüatı öz əksini tapır. Müəllif azərbaycanlı psixologiyasına dərindən nüfuz edərək onun konkret obrazlarla təcəssümünü yaradır. Öz insanına sevgi, yanğı, itkidən doğan dəlicəsinə bir qəzəb bütün radikal miqyası ilə özünü nümayiş etdirir. Qəhrəman yüzbaşının: ...Biz onların həyə beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir hardan tapacağıq? Şirzadı hardan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? replikasında azərbaycanlı insanındakı təəssübkeşlik hissi özünü açıq büruzə verir. Saysız-hesabsız azərbaycanlı insanın öldürmələri ermənilərin qədər mənfur bir xislətə, qəddar bir xarakterə, xainliyə sahib olduqlarını nümayiş etdirir. Onların qəddarlıq vəhşilik keyfiyyətini təqdim etmək üçün ədib: Qəhrəman yüzbaşı: Məgər yadınızdan çıxıb ki, haman dəyirmanda on iki adamımızı yandırdılar? replikasında ifadə edir. Azərbaycan insanı humanist, təəssübkeş, öz xalqına bağlı, həssas olması qədər milli-ictimai məsələlərdə biganəlik, unutqanlığı, daha çox güzəştə getməsi ilə söhbət mövzusuna çevrilir. Erməni Baxşının tutulmasından sonra məhz bu cür milli psixoloji, mənəvi məsələlər çözüm yeri taparaq açılmağa başlayır. Erməni Baxşının hər tərəfdən müsəlmanlar Qərhəman yüzbaşı, şəhid anası Zeynəb ana tərəfindən ittihamı bütövlükdə erməni millətçiliyinin erməniçiliyin mühakiməsidir. Çünki doğrudan da, vallah, fürsət tapsan sən (erməni Baxşıya müraciət olunur-R.Q.) haman müsəlman qanına yerikləyən ermənilərin birisən. Ədib Zeynəb ananın simasında oğlu öldürülən bir ananın çəkilməz dərdini, etiraz və üsyanını, mübarizə qüdrətini təcəssüm etdirir.

Əsərdə kamançanın ortaya çıxması ilə milli psixoloji, mənəvi məsələlərin aydınlaşması üçün bədii-struktural məqamlar işə düşür. Struktural olaraq kamança əsərdə metaforik bir surət, bir obraz kimi çıxış edərək milli mənsubiyyəti, bütövlükdə, Azərbaycan milli ruhunu, milli mənəviyyatını təmsil edir. Burda musiqi özü, musiqi alətinin musiqi ilə birləşməsi obraz, qəhrəman olaraq çıxış edir və hadisələri, əsərin süjetini, bədii-estetik idealı, ideyanı müəyyənləşdirir. Burda rəmzi şəkildə işlənən bu musiqi özü təhlilin açarı olur. Bu mənada əsərdə kamançanı da bədii obraz səviyyəsinə qaldırması Cəlil Məmmədquluzadənin dərin humanizmini və əsl sənətkarlıq məharətini nümayiş etdirir. Qəhrəman yüzbaşının intiqamçılığı, vurub-tutmaq, kəsib-öldürmək hisslərini musiqinin dəruni incəliklərindən gələn gözəl hisslər unutdurur, yumşaldır, hətta tərəddüddə, hələ özündən ayrılmamış bir təzad içərisində qoyur. Musiqi qüdrəti Qəhrəman yüzbaşının əsl kimliyini xalqının humanizmi və insanpərvərliyini, yalın düşməni amana buraxma və onu bağışlama qüdrətini, ədibin bədii dili ilə desək keçən günlərini ona andırır, təlqin edir. Musiqi öz ülviliyi, təmizliyi, aliliyi ilə sülh, əmin-amanlıq, insanpərvərlik ideyalarının carçısına çevrilir. Beləliklə, musiqi qələbə çalır, kamança zəfər əldə edir, sülh, humanizm qəlblərə hakim kəsilir, ən qaçılmaz ölüm fərmanını dayandırır, axırı həyat ölümə, xeyir şərə, sənət ədavətə üstün gəlir.

Kamança əsərində ədibin məqsədi azərbaycanlı balalarını milli musiqinin təsiri ilə oyatmaq və ayıtmaqdır. Cəlil Məmmədquluzadə kamança ilə müsəlmanın qulağının dibinə elə bil şapalaq vurub ayıldır: Sənin musiqin və alətin kimin əlində, kimin dilindədir? deyir. Çünki bu da bir həqiqətdir ki, Kamança faciəsi müəllifin real düşüncələrindən yaranmışdı. Həmidə xanımın dediyinə görə, Mirzə Cəlil hələ 1918-ci ildən bu mövzuda əsər yazmaq, bunun üçün kamança almaq və çalmağı öyrənmək fikrinə də düşmüşdü. Mirzə Cəlilə kamança çalmağı Baxşı öyrətmişdi və ədib onu öz adı ilə də əsərə salmışdı. Hətta xatirələrə görə, Mirzə Cəlil ölümündən bir az əvvəl qəlbinin iniltilərini basdırmaq üçün son dəfə kamança da çalmışdı. Bundan başqa Kamança faciəsinin mövzusunun Azərbaycanın müstəqillik və istiqlal çarpışmaları dövründə həmişə bizə qarşı torpaq iddiasında olan, erməni daşnaklarının çörəyimizi yeyə-yeyə bizi faciələrlə üzləşdirməsi əmin-amanlıq mübarizəsi dövründən olması da əsəri ədibin real düşüncələrindən doğduğunu, milli mənsubiyyət və təəssüb duyğularından intişar tapdığını göstərir. Doğrudan da, ədibin böyük ustalıqla qələmə aldığı bu əsərdə erməni Baxşı Azərbaycan milli dəyərlərimizin incilərindən olan milli musiqimizi dərindən mənimsəmiş, az qala erməniçiliyini Azərbaycan milli mənəviyyatı ilə zənginləşdirmiş bir ruha, mənəviyyata sahiblənməyə nail olmuşdur. Demək, Mirzə Cəlil bu obrazı yaratmaqla onu məhz milli mənsubiyyət oğrusu, işğalçı, milli münaqişənin tərəflərindən biri kimi təqdim etmək məqsədi daşımışdır. Azərbaycanın milli dəyərlərini çox yaxşı mənimsəyən erməni Baxşı humanist və tolerant azərbaycanlı üçün ciddi təhlükədir. Bu mənada ədib münaqişənin yaranmasında rus milli-müstəmləkəçi siyasətinin günahkarlığını görsə də, erməniçiliyin ideologiyasındakı işğalçı, məzlumluğa bürünmüş yırtıcılığı, özünü axmaqlığa qoymuş bicliyi, anti-insaniliyi, hər cür qəddarlıq və vəhşiliyi də mətnaltında verməyi və xalqını ayıq tutmağı unutmur. Fikrimizcə, Kamança əsəri ilə Mirzə Cəlil Məmmədquluzadə ayıq və oyanıq olmağın, özünə və öz milli dəyərlərinə sahib çıxmağın, öz milli varlığını qorumanın zəruriliyini ifadə etmişdir. Kamança əsəri bütövlükdə Azərbaycan ədəbiyyatında milli özünəqayıdış, mövcudluğun təməlində milli ruh, milli-mənəvi dəyərlər və mənəviyyatın mənimsənilməsi ideyasının dayandığının əks olunduğu ən kamil bədii əsərdir.

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2014.- 11 oktyabr.- S.28.