Qürbət  

 

Şərəf Yılmaz 1 aprel 1967-ci ildə Antalyada doğulub. Səlcuq Universitetində Türk Dili və Ədəbiyyatı bölməsini bitirib. Fəlsəfə üzrə aspiranturanı qurtarıb. Gənc yazarlar və şairlər üçün Yaradıcılıq Məktəbi açıb, Yazarlar Akademiyası Dərnəyini qurub. Bir yayın evini idarə edir. "Temrin" ədəbiyyat dərgisini buraxır. Şeirlər, hekayələr yazır. "Hər şey sənin üçün", "Konsulun köpəyi", "Eşqdən soruş, o bilir", "Qiyamət keçidi" və digər kitabları çap olunub.

Məktəbdə kitabxana açmağı qərara aldıq. Dövlət tərəfindən nəşr edilən kitablar ucuzdu. Son vaxtlar çıxan kitablarda diqqət çəkən heç nə yoxdu.

Müstəqillikdən əvvəl çıxan kitablara baxıram, Sovet ideologiyası ilə doludu...

Düzü, tərs-avand görünüşlü qəribə Kiril hərflərini oxumaqdan canım çıxır, bir də Sovet ideologiyasını başa düşmək məni sıxır. Müstəqillikdən sonra buna dözmək çətindi.

Özbək nağılları, dastanları, əfsanələri bir-birinin ardınca çap olunub. Nəvainin "Leyli və Məcnun"una qədər nəşr edilib. Demək, insanlar öz dəyərlərinin qədrini bilməyə başlayıblar. Rəvayətin Ərəb ədəbiyyatından gəldiyinə inanmırsan. Bax gör, Nəvai nə qədər gözəl yazıb! Türkcə yazılan ilk Leyli və Məcnun hekayətidi. Təbii, nəşr edilməlidi! Bu misilsiz eşq hekayətini Türk dilində Füzuli ölümsüzləşdirsə də onu ilk dəfə türkcə qələmə alan Nəvaidi. Əlbəttə, heç zaman yaddan çıxmayacaq.

Başqa kitablar da nəşr edilir... Məsələn, öldürülən Türküstan mütəfəkkirlərinin həyatları kitab halına gətirilməkdədi. Nə qədər gözəldi! Müstəqillikdən sonra da olsa Özbək milli şairi Çolpanın şeirlərinin nəşrini görmək böyük xoşbəxtlikdi! Bir vaxtlar, yəni Türküstanın xanlıqlara bölündüyü dönəmdə Çolpan hətta osmanlıca da şeirlər qələmə alıb.

Ah, bircə bu yazılardakı tərs-avand hərflər olmayaydı!

Amma xeyli öyrəndim bu xilqətin qəribə əlifbasını. Asan olduğuna görə yox, inadkarlığıma görə. Axı Türküstan mütəfəkkirlərinin həyatını türkcə kitablardan öyrənmək imkanı yoxdu.

Bu arada özbəkcəni də kamilləşdirdim. Ünsiyyət böyük nemətdi! Lal-karlar kimi əl-qol hərəkətləri ilə anlaşmağa çalışdığım ilk günləri yadıma salıram, nə qədər çətindi, ilahi! İndi qaynayıb-qarışmışam, əməlli-başlı danışıram.

İkisi də türkcədi, deyib keçməyin, canım. Aradakı fərq böyükdü. İşlərini yerinə yetirmək üçün tərcüməçi tutan nə qədər iş adamı var. Asan deyil! Ondan yana özümə dərd edirdim. Yoxsa bu qədər qısa zamanda anlaşa bilməzdik.

Özbək mədəniyyəti haqqındakı kitabları araşdırdığımı görən kitab satanla bir neçə kəlmə kəsirik.

- Yabançısanmı? - deyə soruşur. Demək, aksentimdən bilinir. Dili öyrənsəm də, aksent adamı ələ verir.

- Bəli, - deyirəm.

Haralı olduğumla maraqlanır.

- Türkiyədənəm, - deyirəm.

- İstanbuldanmı?

- Xeyr!

Buralarda, Türkiyə deyəndə, ilk öncə İstanbul ağıllarına gəlir.

Gələndən bəri elə hey sual verirlər:

- Türkiyənin paytaxtı İstanbul deyilmi?

Allah, Allah! Bu İstanbul nəymiş belə, tanımayan yoxdu!

Kitab satan hər şeylə maraqlananın biridi. Təbii, haqlıdı. Mənim soruşduqlarımın yanında onunku heç nədi.

- Sizdə belə kitablar yoxdumu? - deyir.

Nə deyəcəyimi bilmirəm. Məgər bizdə elə kitablar tapılmazmı, deyimmi?

Adamın xətrinə dəyməkdən ehtiyatlanıram.

- Belə kitablar bizdə də var, amma burada çıxanları da oxumaq lazımdı... - Cavab xatirinə növbəti bir söz deyirəm.

Rəflərin arasında dolaşıram. "Ötən günlər" gözümə sataşır. Bu, Abdulla Qədirinin məşhur romanıdı. Vay, dədə! Müstəqillikdən sonra təzədən bəraət alan sənətkar!

Kitabın səhifələrini laübali halda çevirirəm. Oxuduğuma görə yox, hissləndiyimə görə. Bilsəniz fikrim haralarda cövlan edir!

Ağlım xanlıqlar dövrünə qədər gedir. Kommunistlərin Qədirini ölümə məhkum etməsi gözlərimin qabağına gəlir.

Özbək ədəbiyyatında roman onunla başlanır. Xanlıq dövrünü əks etdirən "Ötən günlər" romanı çıxanda Türküstan xalqı onu çox bəyənmişdi. Roman dua kitabı kimi illərlə əllərdən, dillərdən düşməmişdi. Xalq bu kitabı zaman-zaman bir araya gəlib birlikdə mütaliə etmişdi. O zamanlar kitabın səhifələrini əzbər bilən nə qədər adam varmış!

Kommunistlərin qadağan etdiyi günlərdə belə xalq bu romanı gizli şəkildə oxuyurmuş.

Ey gidi dünya!

Görün 1938-dən bu yana (1992) nə qədər zaman keçib! Özbəkistanda Abdulla Qədiridən bunacan söz açılmamışdır.

Kitab əlimdə eləcə mat-məəttəl durub qalmışdım. Kitab satan bu hərəkətimi öz bildiyi kimi yozdu:

- Deyəsən, axırına çıxacaqsan?

Zavallı mənim nə düşündüyümü hardan bilsin?

- Qədiri öz yurdunda qərib idi, deyilmi? - dedim.

Sözümü təsdiq etdiyini göstərmək üçün başını yellədi:

- Qədiri də, Çolpan da... - dedi.

Adamla iki saat söhbət etdik. Kağızdakı siyahıda adları yazılan kitablar artıq hazırdı.

Haqq-hesab çəkilən yerə yaxınlaşdım. Qara gözlü, qara saçlı, nərmənazik bir xanım kitabların qiymətlərini hesablayırdı. Arabir yanındakı yaşlı bir xanımla rusca nəsə danışırdı.

Rusca bilmədiyim üçün danışıqlarını başa düşmürdüm.

- Özbəkcə bilirsinizmi? - deyə soruşdum.

Sualımı anladı, amma verdiyi cavab özbəkcədən daha artıq türkcəyə bənzədi.

- Siz hansı millətdənsiniz? - dedim.

- Krım tatarı, - dedi.

Krım, çoxdan bəri içimdə bir hicran yükü olduğu üçün, fikrim yenə qarışdı. Mənə ünvanlanan sualla özümü güclə ələ ala bildim:

- Türkiyədənsinizmi?

- Bəli.

- Burada türkcə bilən bir ablamız var. Çağırım, tanış olun.

Bir neçə dəqiqədən sonra əlli yaşlarında, saçları ağarmış bir qadın gəlib qarşımda dayandı. Təmiz türkcə:

- Türkiyənin harasındansınız? - deyə soruşdu.

- Antaliyadanam, - dedim. - Bəs siz?

- Mən Krımdanam, amma ərim Rizədəndi.

- Nə? Rizədən?

- Bəli, Rizədən, oğlum. Səni onunla mütləq görüşdürməliyəm.

Sevim ablanın telefon nömrəsini aldım:

- Sizə təkrar gələcəyəm, - deyib kitablarla məktəbə qayıtdım.

lll

Araya şənbə, bazar günləri girdi. Dəqiq xatırlamıram, bazar ertəsiydi, ya da çərşənbə axşamı, iş yerinden Sevim ablaya zəng etdim. Telefona rusca danışan bir nəfər cavab verdi.

- Sevim, Sevim... - dedim.

Məni başa düşdü. Telefona Sevim ablanı çağırdı.

- Sizə gəlmək istəyirəm, - dedim.

- Gün əyiləndə, dörddə gəl, işdən çıxandan sonra bizə gedərik, evimizin yerini öyrənərsən, - dedi.

Dediyi saatda kitab satılan yerə getdim. Beş-on dəqiqə oturduqdan sonra mənim "Lada"mla yola çıxdıq.

Hərçənd Səmərqənd o qədər böyük bir şəhər deyil, amma maşının olması işi bir az da asanlaşdırır.

Şəhərin mərkəzindəki göydələn kimi ucalan İnturist Otelinin arxa küçəsinə döndük. Həyətli bir evdi. Mavi dəmirdən düzəldilmiş böyük bir qapısı vardı.

Sevim abla zəngi basdı. Mən beş-on addım arxada durmuşdum. Qapını, saçı-başı ağarmış bir adam açdı. Sevim abla:

- Niyazi, bax, Türkiyədən qonağımız gəlib, - dedi.

Adamın həyəcanlandığını gördüm.

İçəri, həyətə keçdik. Həyətdə iki divan qoyulmuşdu. Divardibi, evin üstünə doğru bir tənək uzanmışdı. Başında ağarmış saçlarını örtən kaskası, uzun boyunu xəfifcə bükmüş donqarı olan, divanın axırında ilişib qalmış kimi görünən başqa bir adam öz-özünə nəsə deyirdi.

Utancaqlığımı hələ ata bilməmişdim.

Divanın ən yuxarı başını, küncü göstərdilər:

- Buyurun, buyurun!

Bu sözü o qədər çox təkrarladılar ki!

Maraq və həyəcan dolu duyğularla divanda oturdum. Utancaqlığımı büruzə verməmək üçün əllərimi başıma aparır, üzümə, qulaqlarıma toxundururdum. Hamı maraq dolu baxışlarla bir-birini süzürdü.

Sükutu Niyazi əmi pozdu:

- Buralarda neynirsən, oğlum?

- Türk dilindən dərs deyirəm.

Biz söhbətimizə havadan-sudan ayaq verməyə çalışarkən yan tərəfdəki adamın hərəkətləri diqqətimi çəkdi. Adam arabir qalxır, həyətdə öz-özünə danışa-danışa gəzinir, sonra da qayıdıb yerində otururdu.

Niyazi əmi aydınlıq gətirdi:

- Bu mənim böyük qardaşımdı. Ağlı yerində deyil. Atamın bizə əmanətidi, nə edək?

Niyazi əmiyə:

- Dərviş dərvişi təkyədə, hacı hacını Məkkədə tapar, deyərlər. Biz də bu qədər adamın içində Sevim ablanı tapdıq, - dedim.

Niyazi əmidən bir qəhqəhə qopdu.

Karıxmış halda xəfifcə gülümsədim.

Niyazi əmi:

- Bu sözlər nə qədər gözəldi, - dedi.

- Bizim dilimiz hamısı gözəldi, - dedim.

- Hər gün gəl yanıma, türkcə söhbət edək.

- Hər gün çətin məsələdi, Niyazi əmi. Həftənin axırı mümkündü.

Könülsüz razılığını anladan bir halda boynunu büküb:

- Neynək, - dedi.

Getmək üçün icazə istədim.

- Yeməyə qal, - dedilər.

- Başqa bir vaxt. Həftə sonu həm bir piyalə çay içərik, həm də yemək yeyərik.

Sevinərək əllərini bir-birinə sürtür, danışmaq üçün söz axtarır kimi dodaqlarını sağa-sola tərpədir:

- Piyalədə yox, stəkanda çay içərik, - deyir.

- Burada piyalədə içirlər.

- Türkiyədə də, eləmi?

- Xeyr!

- Türkiyədə necədisə, burada da elədi!

Rahatlandığımı hiss edir, gülümsəyirəm. Sevim abla yan divandan qalxıb həyəcanla yanıma gəlir. Yanaqlarımı əllərinin arasına alır:

- Qurban olsunlar sənin gülən üzünə, - deyir.

Əllərini öpüb çıxıram.

lll

Bir gün Niyazi əmi telefon açdı. Həftə sonu hansı saatda gələcəyimi soruşurdu.

- Nə olub? - dedim?

- Qızım, kürəkənim və nəvələrim də səninlə tanış olmağa gələcəklər, - dedi.

Cümə ertəsi axşamı Niyazi əmigilə yollandım. Qapını Sevim abla açdı. Mən qapının ağzında durub salam verdim. Sevim ablanın arxasında Niyazi əmi, Niyazi əminin sağ və sol yanında, əllərindən tutan bir qız, bir oğlan olmaqla iki uşaq da vardı. Daha arxada gənc bir xanım, onun arxasında da eynəkli, cılız bir kişi dayanmışdı.

Hamısı sıranın sağından, solundan başını çıxarıb məni görməyə çalışırdı. Həyətə, oradan da evə girdik. Beləcə bir-birimizi görmək çətinliyi ortadan qalxmış oldu.

Niyazi əmi iki yanında oturmuş iki uşağı göstərərək:

- Bunlar mənim nəvələrimdi, - dedi.

- Eləmi? Adı nədi bunların?

- Qızın adı Tamilə, oğlanınkı Ənvərdi.

- Ənvər adını hardan götürmüsünüz?

- Ənvər Paşanı tanımayan varmı? Onu Türküstan xalqı da Türkiyə qədər tanıyır. Ruslara qarşı savaşarkən burada şəhid olub axı.

- Doğrudu, - dedim. - Allah macərapərəstliyini bağışlasın, hər halda, vətənpərvər adam idi.

Niyazi əminin qızı da, kürəkəni də müəllimdi. Kürəkəni fizikdi. Cavan adamdı. Qalın sağanaqlı və böyük şüşəli gözlükləriylə az da olsa elm əhlini xatırladırdı.

Kürəkəni Krım əsilliymiş. Ailəsindən yaddaşında qalan tək-tük kəlmədən başqa tatarca heç nə bilmirdi. Qızı da elə. Niyazi əmidən eşitdiyi bir neçə kəlməni işlədirdi, vəssalam.

Niyazi əmiyə sataşdım:

- Türkçəni bunlara niyə öyrətmədin?

Udqundu, üz-gözünü qırışdırdı və çarəsizliyini anladan bir tərzdə əllərini bir-birinə çataqlayıb boynunu bükdü. Sualıma özüm cavab verəsi oldum:

- Qarınlarını doyurmaq üçün təbii ki, rusca öyrəndilər, Niyazi əmi.

Ciddiləşdi, şəhadət barmağını üzümə tuşladı:

- Atam rəhmətlik, Allah məni kommunistlərə möhtac etməsin, deyərdi. Həyatı boyunca küçədə quru yemiş satdı, çörəkpulunu özü qazandı. Sovet quruluşunda nə dövlətə işlədi, nə də təqaüdçü oldu. Mən dolanışıq xatirinə ruscanı öyrəndim, amma türkcəni də unutmadım. Bunlara başa sala bilmədim dərdimi...

- Bundan sonra həftə sonlarında bir-birimizlə iki saat türkcə danışarıq, olarmı?

Niyazi əminin üzü təbəssümlə işıqlandı:

- Gözəl olar, oğlum! Bəlkə bunlar da bir az öyrəndi.

O gündən sonra hər həftə sonu Niyazi əmigildə bir yerə yığışıb türkcə danışmağa başladıq. İşimiz yalnız türkcə danışmaqdı. Qurbətdə məhz türkcə danışmaq üçün belə bir yerə yığışmağa dəyirdi. Ana dili başqa şeydi, canım!

Həftə sonları yığışanda mən danışmağa başlayan kimi hamı susur, can-başla məni dinləyirdi. Xüsusən, Sevim abla. Çox sevimli qadındı! Mənim danışığıma şeir kimi qulaq asırdı.

Türkcə bu qarşılıqlı ünsiyyətin ev əhlinə çox xeyiri dəydi. Niyazi əmi unutduqlarını xatırladı. Sevim abla təzə-təzə sözlər öyrəndi. Qızı ilə kürəkəni də türkcə sözlərin tələffüzünə alışmağa başladı.

Nəvələri əvvəlcə bizim söhbətlərimizə heç maraq göstərmirdilər. Niyazi əmi bir gün söhbət əsnasında:

- Bu balacalarla neyniyəcəyik? - dedi.

- Sən narahat olma, - dedim. - Onlara da bir yol taparıq.

Sonrakı gəlişlərimdə balacalara iki-iki şokolad gətirdim. Birdən-birə vəziyyət dəyişdi. Çağırmasam da yanıma gəlməyə başladılar. Artıq qorxusu yoxdu, bundan beləsi asandı!

Amma balacaları gözüm tutdu, yamanca şeylərdi!

- Gəl görüm, - dedim kiçik qıza.

Çəkindi, gəlmək istəmədi, Sevim ablanın yanına qaçdı.

Sevim abla:

- Bu mənə anasından çox isnişib, - dedi.

- Ənvər Paşa, yanıma gəl görüm, - dedim.

Olduqca ciddi bir davranışla mənə yanaşdı. Sanki Paşa kimi doğulmuşdu.

Ənvərin adı o gündən sonra Ənvər Paşa qaldı. Ev əhli də Ənvər Paşa çağırmağa başladı.

Mən Ənvər Paşa dedikçə, Niyazi əmi sevindiyindən özünə yer tapmırdı.

Bir axşam yenə:

- Ənvər Paşa, bura gəl, - dedim.

Niyazi əmi coşdu: "Ənvər Paşa oturdu daşa, daş yarıldı başdanbaşa!"

Bunun dalınca qəhqəhə çəkərək ele güldü ki! Həmin gülüşü görmək gərəkdi...

Adam türkcə danışmaqdan həzz alırdı. Gülməyinin, nəşələnməyinin səbəbi yalnız buydu. İllərdi türkcə danışmamışdı. Necə danışsın? Axı başa düşəni yoxdu! Öz uşaqları belə başa düşmürdülər.

Ənvər Paşa mənə alışdı. Artıq çağırmamış yanıma gəlirdi. Amma o kiçik qız var ha, o hələ məndən qaçırdı. Məndən qaçır, amma bir yandan da Ənvərlə biz danışanda diqqətlə dinləyir, fərqinə varmadan lap yaxına gəlirdi. Uşaq ki uşaq!

Ənvər Paşa ilə tanışlığımız getdikcə möhkəmləndi. Üstəlik türkcə danışırdım, uşaq məni başa düşürdü. Təəccüblü idi, türkcə kəlmə kəsməyi belə bilməyən uşaq verdiyim sualları başını tərpətməklə cavablandırırdı.

- Sənin adın Ənvərdi?

Başını tərpədirdi. Demək, başa düşürdü!

- Bacının adı Tamilədi?

Yenə başını tərpədirdi.

- Səni özümlə götürümmü?

Xeyr, işarəsi verirdi.

Kiçik qızla maraqlanmağı buraxdım. Mən fikir vermədikcə özü yaxınlaşmağa başladı. Çox naz elədi, amma artıq onunla da işlər yaxşıdı.

Nəvələrə əvvəl feilləri öyrətməyə başladım. "Gəldinmi, alacaqsanmı, verəcəkmisən?" deyərkən bir-bir, iki-iki türkcə feil söyləməyə başladılar. Mən onlarla danışdıqca Niyazi əmi ləzzət alırdı.

Çay gəldi. Artıq nəvələri buraxa bilərdim. Niyazi əmi ilə söhbətə başladıq. Bir ara dayanmadan soruşdum:

- Niyazi əmi, sizin burada nə işiniz var, hə? Rizə hara, bura hara?

Qara dəniz tərəflərin adamlarını xatırladan bir ifadə ilə:

- Mən Rizəni tanımıram, - dedi və davam etdi. - Rəhmətlik atam Rizədə doğulub. Yeniyetmə ikən çörəkçiliyə başlayıb. O zaman Qara dənizdə çörəkçilik etməklə tez-tez Batuma gedib-gələn çox imiş. Təbii, atam da gedib-gəlirmiş. Gözlənilmədən atam Batumda çörəkçiliyə başlayır. Orada işini yaxşı qurur. Vaxtında ev-eşik sahibi olur. Bir gün sərhədlər qəfildən bağlanır. Atamla bərabər çoxları Batumda qalır. Hərçənd geri dönmək istəyənlərə icazə verilir, amma atam uzun müddət düşünüb-daşınır, qalmağı qərara alır. Batum, hər halda, uzaq deyil, düşünərək işinə davam edir. Üç-beş il keçəndən sonra Batumda qalan türkləri aranı qarışdırmasınlar deyə Sibirə sürgün edirlər. Bax, atamın macərası da ordan başlayır.

Sevim abla bir yandan bizi diqqətlə dinləyir, o biri yandan da xəbərdarlığından qalmırdı:

- Çayınızı soyutmayın!

- Doğrudan da!

Çayı piyalə ilə içəndən bəri sanki dadı qaçıb. Türküstan əhli nədənsə çayı soyuq içməyi üstün tutur. Bundan yana da soyusun deyə piyaləyə süzür. Təbii, çini qab tez soyudur. Amma çay dediyin isti içilər, canım! Buzlu çay, soyuq çay, fincanda çay-filan da bu yaxınlarda çıxıb. Türk adətlərində belə şeylər yoxdu.

Qədimdən qəhvə varmış, Yəməndən gələrmiş. İndi çay var, Rizədə istehsal edilir. Həm də gözəlim xoruzquyruğu kimi dəm alır.

İndi biz burada Rizə çayı tapa bilmədiyimizə görə məcburən , yaşıl çayla keçinirik, bəs Türkiyədə fincanda soyuq çay içənlərə nə deyəsən?

Bir də, son vaxtlar "neskafe" diyilən bir şeyi dəb salmışlar. Bilmirsən güləsən, ağlayasan? Türk ya qəhvə içər, ya da çay. Neskafe nədi bəs?

lll

Bir dəfə Niyazi əmigilin qapısında məni balacalar qarşıladılar. Artıq mehribançılığımızdan danışmağa ehtiyac yoxdu! Niyazi əmi bu durumun fərqindəydi.

- Nəvələrim sənə yaxşı alışdı, ha, - deyirdi!

Salonda bütün ailə üzvləri hamısı toplanıb. Niyazi əmi özünü toplayır və önəmli bir məlumatı demək istədiyini hiss etdirircəsinə boğazını arıtlayıb gözümün içinə baxır:

- Gələn həftə Ənvəri sünnət etdirəcəyik.

- Xeyirli, mübarək olsun!

- Sağ ol, oğlum, çox yaşa! Amma sənə aid bir tapşırığım var.

- Ay hay, Niyazi əmi.

- Daha doğrusu, bu tapşırıq deyil, bizim ürəyimizdən keçən bir arzudu.

- Bacardığım bir şeymi?

- Bəli, bacardığın bir şey. Ənvər Paşanı xəstəxanada sünnət etdirəcəyik. Onu ora sən aparacaqsan.

- Apararam.

Həkimlə həftəarası gün təyin etmişdilər. Ənvər Paşa və Sevim abla mənim maşınıma mindi, xəstəxanaya getdik.

Onlar birlikdə içəri girdilər. Mən onları maşınımda yarım saada qədərmi-nəmi gözlədim. Sevim abla, qucağında da Ənvər Paşa çıxıb gəldilər.

Uşağın bənizi solmuş kimiydi, amma ağlamaq-filan yoxdu. İndi hər şeyi ağrısız həll edirlər. Qabaqlar belə deyildi. Üç gün əvvəldən həyəcan başlardı. Evini, kəndini tərk edib dağlara qaçmağı düşünən uşaqlar böyüklər tərəfindən sünnətçinin yanına gətirilərdi, fəryad, fəğan göyə yüksələrdi, sanki qan su yerinə axardı.

İndi tibb çox inkişaf edib, canım. Maşallah, uşaq xəstəxanadan paşa kimi çıxdı!

Düz evə gəldik. Yaxasına ilk pulu mən sancdım.

- Bizdə sünnət mərasimi belə olur, Niyazi əmi.

- Sən bu uşağın mənəvi atasısan.

- Köməyimiz dəydisə, bu bizim üçün böyük şeydi.

Günlərin bir günü Türkiyəyə dönməyi qərara aldım. Yola düşəcəyim tarixi dəqiq öyrəndikdən sonra həyəcanla Niyazi əmigilə getdim. Həm Türkiyəyə dönəcəyimi deyəcək, həm də vidalaşacaqdım.

Niyazi əmidən soruşdum:

- Türkiyəni heç gördünüzmü?

Dərindən köksünü ötürdükdən sonra:

- Elə bir gün hardan doğdu? - dedi. - Atam Sibir sürgünündən qayıtdıqdan sonra Səmərqənd bərəkətli bir diyardı, deyib bura gəldi. Biz sürgündə doğulduq. Atam Batumda evlənmişdi.

- Yəni ananız da sürgünə getdi?

- Bəli, anam da sürgünə getdi. Bir müddət sonra anamı sərbəst buraxdılar. Təbii, biz bu zaman doğulduq. Atam anama dedi: "Səmərqəndin torpağının bərəkətli, iqliminin yaxşı olduğunu eşitmişəm. Siz orada özünüzə bir məkan seçin". Anamgil bura gəlib bu gördüyün evi aldılar. Sonra atam da sürgünü tamamlayıb buraya gəldi. Amma atam sürgündən gəldikdən sonra bu quruluşun heç bir işinə qarışmadı.

Uzun qış gecələrində bizə həmişə Türkiyədən danışardı. O danışdıqca biz nağıl kimi dinləyərdik. Mən gözümü yumar, xəyalən atamın söylədiyi yerlərdə dolaşardım. Oralar üçün çox darıxar, xəyallar qurardım, amma getmək mümkün deyildi! Atam sürgündə yaşadı, qürbətdə öldü. Bizim qürbətimiz hələ bitmədi, oğlum.

Türkiyəyə gedəcəyimi deməyə dilim gəlmədi. Nə qədər çək-çevir etsəm də dərdimi heç cür söyləyə bilmədim. Axırda qalxarkən:

- Niyazi əmi, bəlkə bir daha görüşmədik, haqqınızı halal edin, - deyə bildim.

Türkcədən çevirən:

 

Eyvaz Zeynalov

525-ci qəzet.- 2014.- 14 oktyabr.- S.8.