Şuşa haqqında cinas qafiyəli beşliklər

 

 

Məhəmməd Həsənquliyev 1940-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. 1961-ci ildə Şuşa Pedaqoji texnikumunu, 1969-cu ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili ədəbiyyatı fakültəsini bitirib. 1961-1964-cü illərdə Kəlbəcər rayonunda pedaqoq fəaliyyətinə başlayıb.

 

1987-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. 1988-ci ildə SSRİ üzrə I Ümumittifaq Müəllimlər Qurultayının iştirakçısı olub. 1964-cü ildən Laçın rayonu Qarakeçdi kənd 1 saylı tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.

 

Pedaqoji sahədə 50 ildən artıq davamlı çalışan Məhəmməd Həsənquliyev bədii yaradıcılıqla ardıcıl məşğul olur. Xalq şeirinə yaxşı bələd olan Məhəmməd Həsənquliyevin bir neçə şeirini oxuculara təqdim edirik.

 

Şuşa haqqında cinas qafiyəli beşliklər

 

Şuşa dağ başında məğrur qaladı,

Elarası adı həm qaladı,

Düşmən dönə-dönə oda qaladı,

Yağı tapdağında qaldığı yetər,

İnşallah, əvvəlki çağına yetər.

Bilinmədi xəyanət , düzü .

Qorunmadı doğru-dürüst, düzünə.

Düşmən ayaq basdı Cıdır düzünə.

Vaqif məqbərəsin tez uçurdular.

Qartalı zirvədən  san uçurdular.

 

Xarı bülbül, gül-çiçəyi yüz xalvar.

Ətəyində min al-əlvan xalı var.

Üzdə İsa bulağıtək xalı var.

İndi sisdən üzü tutqun, qaralı.

Sabah yenə çox qonaqlı-qaralı.

 

Qarabağımızın canı təni.

Üzeyirin, Xan əminin vətəni.

Xan qızı bulağı kövsər vətəni.

Sakinlər başına gül ələrdilər.

Alçaq dığalarsa güllələdilər.

 

Doğma kəndimiz Qarakeçdi haqqında cinaslı beşliklər

 

Gülüstan timsallı kənd Qarakeçdi

tale yoluna yüz qara keçdi

Sənə alov yağdı, son qara keçdi

Teyləndi yüz barlı ağac budağı

Sakinlərin unutmazlar bu dağı.

 

Bir dilbər guşəydin dağ ətəyində

Göz oxşardı başın da, ətəyin .

Epitetdi sənə zərf , təyin

Gördülər ki, bir yenilməz qalasan

Qoymadılar görkəmində qalasan.

 

Qaralar geyibdi Əliş bulağı

Sil getsin qaranı, ancaq bul ağı.

Qəbul etmə bu təhnizi, bu lağı.

Namərdliklə sən odlara qalandın

Dəyişildi, qoymadı qala adın.

 

Qız-gəlin geyimi təmiz saya

Gərəkdi kiçiklər böyüyü saya.

Gözəl adətləri gəlməzdi saya.

Davam edir bunlar neçə sənədir.

Fəxarəti mənə, həm sənədir.

 

Yaddan çıxarmazdı yoxsulu, təki.

Göz üstə saxlardı balası təki.

Bax bu sifətində qalaydı təki.

Çox heyif ki, indi qəlbi yaradır.

Erməni yüz fitnə-fəsad yaradır.

 

Kəndimiz

 

Vüqarlı dağların dilbər guşəsi.

Yaylayan ellərin kefi, nəşəsi.

Qonaq qara saxlamaqdı peşəsi.

Səxavətdə yeganəydi kəndimiz

Gülüstani-irəm idi dörd yanı.

Özü ortada kəndlər sultanı.

Yayda aran əhli əziz Mehmanı.

Elə doğma bir anaydı kəndimiz.

 

Bəzəkli gəlindi dağlar qoynunda.

Həmayılı bərq vurardı boynunda.

Umbay meydan açardı hər toyunda.

Bol ruzili mərdanəydi kəndimiz.

 

Qarasuyun qırxbuğumu, tərəsi.

Gülxətimi, qantəpəri, zirəsi.

Neçə dərdə dərman idi hərəsi,

Loğmanlıqda bir dənəydi kəndimiz.

 

Qarakeçdi kəndi illərdən bəri.

 Bölgədə olmuşdu dillər əzbəri.

Bu adla fəxr edir igid ərləri.

Namərdliyə biganəydi kəndimiz.

 

Fərməştəpə alnındakı sağ gözü.

 Çal bayırı, təravətli gül üzü.

 Dillər əzbəriydi Qarasu düzü.

Dağ gölündə bir sonaydı kəndimiz.

 

Ərsəyə yetirib neçə cavanı.

Tayı bərabəri bölgədə hanı.

 Hilal kimi bir qəni pəhləvanı.

Yetişdirən danə idi kəndimiz.

 

Ana qucağıtək köksündə yatdıq.

Qoynunda böyüyüb ərsəyə çatdıq.

Nankor övlad kimi tərk edib atdıq.

Onunçün bələndi qana kəndimiz.

 

Məhəmməd Həsənquliyev,

Əməkdar müəllim.

525-ci qəzet.- 2014.- 14 oktyabr.- S.8.