Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin
işığında
Vaxtı,
zamanı insanlar nurlu əməlləri ilə tarixə
çevirir. Bəzən bir kəndin, bir obanın min illik həyat
yolu, yaşam tərzi, daş kitabələrə
atdığı silinməz imzalar, yaratdığı əmək
alətləri, zinət əşyaları - ölkənin mədəniyyət
tarixinin ən qiymətli səhifələrini təşkil
edir. Bəzən yüzilliklərin dərin qatlarından
işıq şüası, nur haləsi kimi
süzülüb gələn nəsil-soy şəcərələri
milli kimliyimizin etalonuna çevrilərək bir xalqın mənəvi
dəyərlər yükünü çiyinlərinə
qaldıraraq şərəf və ləyaqətlə
keçmişdən gələcəyə daşıyır.
Tariximizin qədim və zənginliyini etiraf etməkdə
dünya arxivlərini xəcalət təri bürüsə də
imdadımıza yenə də daş yaddaşlara həkk
olunmuş kitabələr, arxeoloji qazıntılar zamanı
tarixin dərin qatlarından boy göstərən maddi mədəniyyət
inciləri çatır.
Beş
il öncə ziyalıların sıx olduğu məclislərin
birində Şəkinin Baş Layısqı kəndindən
tapılmış, yaşı min illərlə
ölçülən, ilkin araşdırmalar nəticəsində
eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən
nizə ucluqlarından, kəsici alətlərdən,
qolbağlardan, sırğalardan, muncuqlardan, müxtəlif bəzək
əşyalarından iftixar hissi ilə söz açılsa
da, bu qədim yaşayış məskəninin adı -
"Layısqı" məfhumunun etimologiyası suallara səbəb
oldu. Həmin kəndin yetirməsi, milli dövlətçiliyə
sadiqliyi ilə seçilən, çağdaş zəmanəmizin
nüfuzlu ziyalısı Abdulla Yusifli üzünü mənə
çevirərək: - Asif müəllim, arxivlərlə
sıx təmasdasınız - dedi. Bu adın mənşəyi,
kəndin keçmişi ilə bağlı faktlar, sənədlər
aramaq, tapmaq mümkündürmü? Şübhəsiz ki,
suala birmənalı cavab vermək asan deyildi.
Çalışaram - dedim. İlk baxışdan cavab qaneedici
təsir bağışlamasa da Abdulla müəllim doğma kəndi
haqqında səhih məlumat almaq, tarixin dərin qatlarına
bələd olmaq, özündən sonrakı nəsillər
üçün də "Layısqı" adına
aydınlıq gətirtmək, bu sözün etimologiyası,
elmi mənşəyi barədə dəqiq bilgiyə yiyələnmək
niyyətində idi və milli təəssübkeşlik
aurasında daha da gözəl görünən bu xoş məramı
yalnız təqdir etmək və alqışlamaq olardı.
Azərbaycan
Dövlət Tarix Arxivində apardığım uzunmüddətli
araşdırmalar gözlənilməz zəngin və qeyri-adi
tapıntılar ilə nəticələndi. Tariximizin
1805-1917-ci illərini özündə hifz edən arxivin 10, 24,
29 və 43-cü fondlarında aşkar edilən
Layısqıya aid əyalət dəftəri əslində
çox dəyərli bir dəfinəni
xatırladırdı. Tapılmış yeni materiallardan məlum
olur ki, Rusiya İmperiyasının müvafiq orqanları tərəfindən
Şəki əyalətinin Layısqı kəndinə XIX
yüzillikdə altı dəfə, xüsusilə 1824, 1831,
1842, 1863, 1873 və 1886-cı illərdə ekspedisiyalar təşkil
edilmiş, əhalinin tərkibi, həyat tərzi,
sosial-iqtisadi güzəranı, fərqli, özünəməxsus
xüsusiyyətləri qeydə alınmış, siyahılar
dövlət məmurları, kənd icması və
nüfuzlu şəxslər tərəfindən möhür və
şəhadət barmaqlarını sənədlərə
basmaqla təsdiqlənmişdir. Kəndin adı 1824, 1831 və
1842-ci il siyahıyaalınmalarda "Layısqı" (bu ad ərəb
qrafikalı Azərbaycan dilində olan mətnlərdə fərqlidir
- A.R.), 1863 və sonrakı sənədlərdə isə "Baş Layısqı" kimi
qeydə alınmışdır. İllər üzrə əhalinin
sayını nəzərdən keçirdikdə
müşahidə olunur ki, 1824-cü ildə Layısqıda
195 ailə, 1831-ci ildə isə 190 ailə mövcud idisə,
1842-ci ildə bu rəqəm birdən-birə 155-ə
düşmüş, bizə məlum olmayan səbəblərə
görə mərkəzdənqaçma proses davam edərək
1863-cü ildə isə kənddə qalan ailələrin
sayı 116-ya enmişdir. Beləliklə, əvvəl 40-45,
sonralar isə 80-ə yaxın ailənin Layısqıdan
köçməsinin şübhəsiz ki, əsaslı səbəbləri
olmuşdur.
Ehtimal
etmək olar ki, XIX əsrin 30-cu illərində Layısqı
kəndi təbii fəlakət, sel daşqını və ya
digər səbəblərə görə iki yerə
parçalanmış, birini digərindən 10 km. məsafə
ayıran, düzənlik sahədə yeni kənd
salınmış, burada 40-45 layısqılı ailə yeni
yaşayış məskəninin təməlini,
bünövrəsini qoymuş, onlar yeni ünvanlarını
coğrafi mövqeyə uyğun olaraq Aşağı
Layısqı kimi tanıtmışlar. Ən çətin
sınaqlardan mərdanəliklə, üzüağ
çıxan, yer-yurdlarını tərk etməyən, ulu
babalarının müqəddəs ocaqlarını, qədim
məzar yerlərini Qafqaz sıra dağlarının cənub
yamaclarında qoruyub yaşadan cəsur, zəhmətkeş
insanların yaşadığı qədim məskən isə
Baş Layısqı adlandırılmışdır.
Arxiv
sənədlərində qeydə alınmışdır ki,
layısqılıların əsas məşğuliyyəti əkinçilik
(buğda, arpa, çəltik zəmiləri),
baramaçılıq, arıçılıq və
heyvandarlıq olmuşdur. Layısqılılar haqqında
1842-ci ilin siyahıyaalınmasında
yazılmışdır: "Bu kəndin əhalisi
taxılçılıq və ipəkçiliklə məşğul
olur. Kustar sənətkarlığa meyilli deyillər. Bu kənddə
altı dəyirman və iki çəltiküyüdən
var. Əhali yaxşı vəziyyətdə yaşayır.
Torpaqlar əsasən daşlıqdır. Onların meşələri
yetərincədir" (AR DTA fond-29, siyahı-1, saxlama vahidi-21,
vərəq-71).
Bu
yığcam və çox dəyərli informasiya
çörəyi "daşlıq"dan çıxan
Layısqılılar haqqında geniş təəssürat
yaradır. Təbiətlə əlbəyaxa döyüşən,
zəhmətsevər əhalinin "yaxşı vəziyyətdə
yaşa"ması nisbi dəyərləndirmədir və əsasən
ətraf yaşayış məntəqələri ilə
müqayisədə gəlinən qənaətdir. Lakin, o da həqiqətdir
ki, 6 dəyirmanın, o cümlədən 2 çəltiküyüdənin
bir kənddə mövcudluğu böyük hadisə olmaqla
yanaşı məhsul bolluğuna, ahəngdar iş prosesinin
intensivliyinə bariz nümunədir. Etiraf edilməlidir ki,
altı dəyirman bir kənd üçün həddən
ziyadə olsa da, şübhəsiz ki, ətraf kəndlərin
də dəyirmana olan ehtiyacı məhz Layısqıda ödənilmişdir.
İstinad
etdiyimiz sitatda "Əhali yaxşı vəziyyətdə
yaşayır" fikri yalnız iqtisadi anlamda deyil, daha
geniş mənada qəbul olunmalıdır. Layısqı kənd
camaatı içərisində təhsil almış insanlar,
ziyalılar, mollalar, əfəndilər,
döyüşçülər müəyyən zümrələr
təşkil etmişdir. Maraqlıdır ki, burada hörmət
əlaməti olaraq nüfuzlu insanlara, ziyalılara, geniş
dünyagörüşlü şəxslərə
"molla", "əfəndi" deyilmişdir. "Əfəndi"
sözünün əyalətdə geniş
yayılmasının səbəblərindən biri də bu
bölgənin - Osmanlı Türkiyəsinin mənəvi təsir
dairəsinə düşməsi ilə şərtlənir. Bəzən
layiq olmayan insanlara da "molla", "əfəndi" deyə
müraciət olunması əslən Layısqıdan olan,
aşıq poeziyamızın istedadlı nümayəndəsi
Molla Cüməni də hövsələdən
çıxarmışdır. O, məsələyə
qeyri-ciddi yanaşmanı sərt tənqid edərək
demişdir:
"Əlac
yoxdur əfəndidən, molladan,
Həqiqətin
binasını axtarım".
lll
1980-ci
ildə Baş Layısqı kəndindən
bir küp-qəbirin aşkar edilməsi tarixmizin dərin
laylarına işıq saldı. Eramızdan əvvəl
VIII-VII əsrə aid edilən Layısqı
tapıntılarının içərisində insan
sümükləri, bəzək əşyaları ilə
yanaşı xeyli nizə ucluqları da vardır. Bu
tapıntı ən qədim Layısqılınin nüfuzlu sərkərdə,
cəsur döyüşçü və ya mahir ovçu
olduğuna işarədir.
Kürəkçay
(1805), Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrindən sonra Azərbaycan türkləri Rusiya
İmperiyasının ordusunda hərbi xidmət əvəzinə
əsgəri vergi ödəsələr də, Şəki əyalətində,
o cümlədən Layısqıda ehtiyatda olan
döyüşçülər vergidən azad idi və
müharibə şəraitində onlar yüksək səviyyədə silahlanaraq hərbdə iştirak
edir, sülh şəraitində isə ipəkçilik,
heyvandarlıq və ovçuluq ilə məşğul
olurdular.
1824-cü
il sənədlərinə əsasən Layısqının
ilk ehtiyatda olan döyüşçüləri 7 nəfərdir.
Onlar Balaca Ağa Şıxqulu Yüzbaşı oğlu,
Çələ(bi) Ağa Hacı Qasım oğlu, Zaman
Hacı Qasım oğlu, Əbdürrəhman Ağa Məmmədəli
Ağa oğlu, Yusif Məmmədəli Ağa oğlu,
Şıxı Qaragöz oğlu və Əhməd Əli
Şıxı oğlundan ibarətdir. 1831-ci ildə
Layısqıdan olan ehtiyat döyüşçülərin
sayı 4 nəfərə enmiş və sonrakı illərdə
bu zümrə ləğv edilmişdir.
Sənədlər
üzərində müşahidələr belə bir qənaətə
gəlməyə əsas verir ki, layısqılı ərənlər
ailənin qadın üzvlərinin adlarının
siyahılarda yer almasına qısqanclıqla
yanaşmış, bu sahədə mərhəmliyə
üstünlük vermişdilər. Altı ekspedisiyadan
beşində layısqılı qadınların yalnız
sayı qeydə alınmışdır. İstisna olaraq
1842-ci ildə kənd əhalisinin siyahıyaalınmasında
kişilərlə bərabər xanımların da adları
yazılmışdır.
Bu
incə məsələdə bir məqama xüsusi diqqət
yetirilməlidir. Ənənəvi olaraq sənədləşmə
işlərini qeyri türklər həyata keçirdikləri
halda 1842-ci il siyahıyaalınmasını Laysıqıdan
yeddi nəfərlik qrup icra etmişdir. Sənədə birinci
imza atan Layısqının 70 yaşlı (O 1772-ci ildə
anadan olmuşdur -A.R.) nüfuzlu ağsaqqalı və
ziyalısı İsrafil Bayram oğlu olmuşdur. Onun
ardınca isə Allahyar Məhəmməd Vəli oğlu, Məhəmməd
Ramazan oğlu, Şirin Rəfi oğlu, Kərim Şəfi
oğlu, Bəkir Osman oğlu və Oruc İmamqulu oğlu qol
çəkmiş, Əli Əfəndi Tahir oğlu isə
imzaları təsdiqləmişdir (bax: AR DTA fond-29,
siyahı-1, saxlama vahidi-21, vərəq-97).
İsrafil
Bayram oğlunun ailəsi və təsərrüfatı
haqqında məlumatlar yığcam olsa da fikir söyləməyə
əsas verir. O, kəndin ən varlı adamı olmayıb. Bir
atı, beş iribuynuzlu mal-qarası, buğda, arpa və
çəltik üçün torpaq sahəsi, on iki min
ağacdan ibarət baramaçılıq üçün
bağı var idi. İsrafil Bayram oğlu Sona xanım ilə
ailə qurmuş, bu izdivacdan onun
Qurban (digər sənədlərdə Qurbanəli - A.R.)
və İbrahim adlı iki oğlu dünyaya gəlmişdir.
1842-ci il sənədinə əsasən Qurbanəli İsrafil
oğlunun 30, İbrahim
İsrafil oğlunun isə 20 yaşı vardı. Bu vaxt
kiçik qardaş subay, Qurbanəli İsrafil oğlu isə
Xanım ilə ailə hayatı qurmuş, bu evlilikdən
onların 5 yaşında Usub (Bu ad təhrif edilib, əsl
adı Yusifdir - A.R.) və 3 yaşında Həsən (Bu ad da
yanlışdır. İsrafil Bayram oğlu kiçik nəvəsinə
öz babası Hüseyn Əfəndinin adını
vermişdir - A.R.) adlı övladları var idi. Aradan 21 il vaxt
keçir. Bu zaman ərzində Baş Layısqı kəndində
baş verən dəyişiklikləri izləmək
müşkül məsələdir. Yalnız 1863-cü ildə
yerli əhali yenidən siyahıya alınıb. Bu sənədə
əsasən İsrafil Bayram oğlunun ailəsindəki dəyişikliyi
izlədikdə İbrahim İsrafil oğlunun adına rast gəlmirik.
Amma onun böyük qardaşı Qurbanəli İsrafil
oğlu bu müddət ərzində müqəddəs Kəbəni
ziyarət edərək "hacı" fəxri tituluna layiq
görülüb.
(Ardı var)
Akif RÜSTƏMOV
BDU-nun dosenti
525-ci qəzet.- 2014.- 14 oktyabr.- S.6.