Sözü ilə özü bir olan alim
Haqqında söz açmaq
istədiyim insan öz ləyaqəti, təvazökarlığı, nəcibliyi,
səmimiyyəti, haqsızlığa
və ədalətsizliyə
qarşı daim mübarizəsi və qələbəsi, vətəninə,
xalqına bağlı
olan, professor vəzifəsində
olmasına baxmayaraq daim müəllimlərinin
adını uca tutması və onları hər zaman minnətdarlıqla anması və bir sıra yüksək
insani keyfiyyətləri
ilə YAXŞI TƏŞKİLATÇI,
YAXŞI ALİM olmaqla bərabər,
hər birimizin könlündə YAXŞI İNSAN kimi özünə əbədi yer qazanmış filologiya elmləri doktoru, professor Məhəbbət xanım
Mirzəliyevadır. Hər
zaman fəxr və qürur hissi
duyduğum bu tanışlığa və
yaxınlığa görə,
məhz belə bir müqəddəs insanla qarşılaşdırdığına
görə Tanrıya
minnətdaram. Şərəfli
ömrünün 65 ilini
arxada qoyan Məhəbbət Mirzəliyeva
saf əməllər üçün doğulmuş
bir xanım kimi, həm də Azərbaycan dilçiliyində öz sözünü demiş,
Azərbaycan ictimai mühitində özünəməxsus
yeri olan şəxsiyyətlərdəndir. Məhəbbət xanım hələ
gənclik illərindən
Azərbaycan dilçilik
elminin inkişafı istiqamətində daim elmi araşdırmalar axtarışında olmuşdur.
Belə ki, Azərbaycan dilçiliyində Türk
dillərinin frazeologiyasının
nəzəri cəhətdən
öyrənilməsi ilk növbədə
prof. Məhəbbət
Mirzəliyevanın adı
ilə bağlıdır.
"Türk dilləri
frazeologiyasının nəzəri
problemləri", "Türk
dillərinin frazeologiyası"
kimi fundamental əsərlər
məhz alimin uzun illərdən bəri apardığı
elmi tədqiqatın nəticəsidir.
Məhəbbət xanım eyni zamanda, Azərbaycan elmini müxtəlif beynəlxalq elmi konfranslarda dəfələrlə
layiqincə təmsil edən alimlərdəndir. Onunla eyni
konfransda iştirak etmək sevincini yaşamaq mənə də qismət olub. 20-25 oktyabr
2008-ci ildə Ankarada keçirilən VI Beynəlxalq
Türk Dili Qurultayında, 19-25 aprel
2010-cu ildə İzmir
Çeşmədə keçirilən
II Beynəlxalq Türk
Dünyası Kültür
Konqresində, 16-18 dekabr
2010-cu ildə İzmirdə
keçirilən III Beynəlxalq
Dünya Dili Türkçə simpoziumunda,
20-22 dekabr 2010-cu ildə
Tekirdağda keçirilən
Beynəlxalq Namiq Kamal simpoziumunda, 30 may-1 iyun 2012-ci ildə İstanbulda təşkil olunan Beynəlxalq Yaşayan Türkçə Bilgi Şölənində və
bir sıra digər konfranslarda Məhəbbət xanımın
və onun yetirmələrinin (eləcə
də mənim) müstəqil gənc tədqiqatçı kimi iştirakı professorun elmi sınağından keçmələri üçün
şərait yaradıb.
Elm sahəsində olduğu
kimi, təşkilatçılıq
istiqamətində də
Məhəbbət xanım
öz idarəetmə
bacarığı ilə
seçilir. Onun təşkilatçılıq
fəaliyyəti olduqca
çoxcəhətli və
rəngarəngdir. O, nəinki
bir sıra beynəlxalq tədbirlərin
iştirakçısı və
məruzəçisi olmuş,
həm də bir sıra tədbirlərin
təşkilatçısı olmuşdur. Məhəbbət
xanımın təşəbbüsü
və bilavasitə təşkilatçılığı ilə keçirilən ənənəvi "Azərbaycan
dilçiliyi: Sələflər
və xələflər"
elmi konfransı bu tədbirlərin sırasındadır. Həmin tədbirlərdə
XX əsr Azərbaycan
dilçilərinin fəaliyyətini
əks etdirən məruzələr böyük
üstünlük təşkil
edirdi. 2014-cü il
oktyabrın sonunda keçirilməsi nəzərdə
tutulan Əli bəy Hüseynzadənin
150 və akademik Məmmədağa Şirəliyevin
105 illik yubileyinə həsr olunmuş "Sələflər və Xələflər" I Beynəlxalq
elmi konfransının
təşəbbüskarı və təşkilatçısı
prof. Məhəbbət
Mirzəliyevadır. Göründüyü kimi, alim öz
sələflərinin unudulmaz
xatirələrini daim
əziz tutur və beləliklə də, özündən sonra gələn tədqiqatçılar üçün
layiqli nümunə sərgiləyir.
Məhəbbət xanım 1998-2010-cu illərdə
"Tədqiqlər" jurnalının
baş redaktoru olub. 2 illik fasilədən
sonra 2012-ci ildə yenidən nəşrə
başlayan toplu fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir. Bu illər ərzində Məhəbbət xanımın
sözün əsl mənasında xüsusi həssaslıqla, məsuliyyətlə
və obyektivliklə yanaşdığı "Tədqiqlər"
toplusu ilk nömrəsindən
başlayaraq bu günə qədər Azərbaycan dilçiliyinin
inkişafına vicdanla
və təmənnasız
xidmət göstərməsi,
yüksək elmilik nümayiş etdirməsi ilə seçilir. Toplunun üstün cəhətlərindən
biri də budur ki, burada
dünya şöhrətli
Azərbaycan və dünya alimlərinin məqalələrinə yer
verilməklə yanaşı,
elmə yeni gələn istedadlı gənclərin yazıları
da işıqlandırılır.
Məhəbbət xanımın baş
redaktor kimi 14 ildir nəşr olunan toplunun hər bir nömrəsini
əvvəldən sonuna
qədər ciddiyyətlə
oxuyaraq bütün redaktələri də özü aparır.
Bütün bunların təməlində
isə onun işinə olan sonsuz məhəbbət və mənəvi məsuliyyət hissi dayanır.
İstər elmi rəhbər,
elmi məsləhətçi
kimi, istər İnstitutun direktor müavini kimi, istər "Tədqiqlər"
toplusunun baş redaktoru kimi, istərsə də Dilçilik üzrə
Problem Şurasının elmi
katibi kimi Məhəbbət xanımın
xidməti, zəhməti
və qayğıları
müqayisə edilməyəcək
qədər çoxdur.
Məhəbbət xanımın adı
keçən və əməyi olan istənilən sahədə
rolu əvəzsiz, xidmətləri təqdirəlayiqdir.
Məhəbbət xanım bu nümunəvi fəaliyyəti
ilə daim bizə örnək olacaqdır.
Məhəbbət xanımın fəaliyyətinin
böyük bir hissəsi məhz AMEA Nəsimi Dilçilik İnstitutu ilə bağlıdır. 2002-ci ildən
2014-cü ilə qədər
İnstitutun Türk dilləri şöbəsinə
rəhbərlik edib.
1993-1996-cı illərdə
Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində
məsləhətçi, 1996-2001-ci illərdə Ali Attestasiya
Komissiyasında humanitar
və ictimai elmlər şöbəsinin
rəisi vəzifəsində
işləyib. 2002-ci ildən Bakı Dilçilik Məktəbinin
rəhbəridir. 2010-cu
ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurası
Dilçilik üzrə
Problem Şurasının elmi
katibidir. Hazırda AMEA Nəsimi Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Məhəbbət Mirzəliyeva istedadlı gəncləri üzə çıxaran, onlara dəstək olan və dəyərləndirən
nadir vicdanlı və
humanist alimlərdəndir. Onun elmi
rəhbərliyi ilə
onlarla fəlsəfə
doktoru, dosentlər yetişib. A.Hacıyeva,
L.Xanbutayeva, Q.Mahmudova,
C.Kazımov, G.Əliyeva,
S.Mənsimzadə, N.Quliyev,
G.Mirzəyeva, G.İsmixanova,
Ş.Həsənli və başqaları məhz Məhəbbət xanımın
rəhbərliyi ilə,
onun zəhməti, verdiyi düzgün istiqamət, tövsiyələri
və tələbkarlığı
sayəsində müdafiə
edərək alimlik dərəcəsinə layiq
görülə biliblər.
İndi
o, elmlər doktoru proqramı üzrə dörd doktorantın elmi məsləhətçisidir.
Bu doktorantlar sırasında
mənim də adım olduğu üçün çox xoşbəxt və qürurluyam. O, yalnız
mənə deyil, bütün tələbələrinə
qarşı həmişə
vicdanlı və
humanist münasibətdədir. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə vaxtından əvvəl müdafiə etdiyim namizədlik dissertasiyam, onun məzmununu əks etdirən "Türk dillərində zaman kateqoriyası" adlı monoqrafiyam professor Məhəbbət xanım
Mirzəliyevanın sonsuz
tələbkarlığının, qayğıkeşliyinin, fərdi
elmi qənaətlərimin
yüksək qiymətləndirilməsinin
bariz nəticələrindəndir.
Məhəbbət xanım nəinki
öz yetirmələrinə,
elmi rəhbəri olduğu doktorant və dissertantlarına, hətta rəhbərlik etdiyi şöbənin digər doktorantlarına doğma münasibət bəsləyir, onlara daim dəstək olur. Bu isə
ilk növbədə onun
elmi təfəkkürü,
mövzulara dərin bələdliyi, insanlara olan sevgisi və
xeyirxahlığından irəli
gəlir.
Yazıçı Kamal Abdullanın
sözləri ilə desəm, "Ruhun dünyamızı tərk
etməyə hazırlaşdığı
bir zamanda" əsl Azərbaycan xanımına xas olan səmimiyyət, nəciblik, xeyirxahlıq, həqiqətləri ifadə
edəbilmə cəsarəti
və MƏRDLİK kimi
yüksək insani keyfiyyətlərin sahibi, paklıq və saflıq mücəssəməsidir
bizim Məhəbbət
xanım... Yalnız elə bu xüsusiyyətlərinə görə
düşünürəm ki, Məhəbbət xanım Tanrının yüz ildən bir dünyaya bəxş etdiyi şəxsiyyətlərdəndir.
Qəlbi
daim Azərbaycan gəncliyinin gələcəyi
üçün çırpınan
əziz Məhəbbət
xanımı yubileyi münasibətilə təbrik
edir, ona uzun ömür, can sağlığı, AMEA Dilçilik
İnstitutundakı ibrətamiz
və nümunəvi fəaliyyətində uğurlar
və yeni yaradıcılıq nailiyyətləri
arzu edirəm.
Gülnarə
ƏLİYEVA,
Filologiya üzrə fəlsəfə doktoru BSU-nun dosenti
525-ci qəzet.-
2014.- 16 oktyabr.- S.7.