"Azərbaycan Qafqazda
ən çox inkişaf
etmiş ölkələrdən biridir"
Azərbaycanın Avropada sıx mədəni əlaqələrə
malik olduğu ölkələrdən biri
də Avstriyadır. Bu günlərdə Avstriya hökumətinin mədəniyyət
məsələləri üzrə
məsləhətçisi, "Avropanın mədəniyyət
paytaxtları" müsabiqəsinin
münsiflər heyətinin
üzvü Norbert Ridlin
Bakıda səfərdə
olub. Onunla müsahibə zamanı
ilk növbədə səfərinin
məqsədini açıqladı.
- İlk dəfə
Azərbaycana 1998-ci ildə
gəlmişəm. O zaman iki ölkə arasında mədəniyyət
tədbirinə hazırlıq
işləri aparılırdı.
Həmin
vaxt mən Avstriyanın Mədəniyyət
Nazirliyində beynəlxalq
mədəni əlaqələr
üzrə departamentin
rəhbəri idim.
Əvvəllər mədəni əlaqələrimiz
o qədər də geniş deyildi. Sonradan biz prosesi intensivləşdirdik.
2000-ci ildə mədəni əməkdaşlıq
sazişi ərsəyə
gəldi, bu istiqamətdə hüquqi
bazamız yarandı.
Eyni zamanda hüquqi bazanın icra olunmasına, mübadiləyə
da kifayət qədər vəsait lazımdır. Zaman keçdikcə,
əlaqələrimiz sıxlaşdı,
Avstriyanın Azərbaycanda
səfirliyinin açılması
bunu bir daha sübut edir. Hazırda ölkələrimizin müvafiq nazirlikləri arasında çox gözəl əlaqələr
var.
Bakıya budəfəki səfərim
də 2015-ci ildə Avstriyada Azərbaycan mədəniyyət günlərinin
təşkili ilə bağlıdır. Bununla əlaqədar Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyində müzakirələr apardıq.
Nazir Əbülfəs Qarayevlə,
nazir müavini Ədalət Vəliyevlə
görüşümüz oldu. Biz tədbir
müddətində nümayiş
etdiriləcək proqramı,
istiqamətləri müəyyənləşdirdik.
Mədəniyyət günləri çərçivəsində
Azərbaycan musiqisinin,
miniatür kitablarının,
folklorunun, turizminin təqdimatı, foto və rəsm sərgilərinin təşkili,
həmçinin bu tədbirlərin Vyana ilə yanaşı, paytaxta yaxın olan şəhərlərdə
keçirilməsi yaxşı
olardı. Düşünürəm ki, Avstriyada Azərbaycan filmlərinin nümayişi maraqla qarşılanar.
Bir sözlə,
çox səmərəli
görüşlər keçirdik. Avstriyada Azərbaycan
mədəniyyəti günləri
ilk dəfə 2000-ci ildə
keçirilib. Müəyyən fasilədən sonra hər kəs tədbirdə daha yaxşı iştirak etmək istəyir. Etiraf etmək lazımdır ki, qarşılıqlı
mədəniyyət günləri,
incəsənət sahəsində
mübadilə əlaqələrin
daha da möhkəmlənməsinə
xidmət edir.
- Ümumiyyətlə, ölkələrimiz
arasında mədəni
əlaqələrin spektrini
necə xarakterizə edərdiniz?
- Mədəni əlaqələrimiz
iki istiqamətdə inkişaf edir: biri rəsmi, digəri isə incəsənət işçiləri
arasında qurulan özəl əməkdaşlıqdır.
Əlbəttə, nazirliklər səviyyəsində
əlaqələrin mühüm
rolu var. Mədəniyyətin
müxtəlif sahələri
üzrə fəal mübadilə var. Avstriya incəsənət nümayəndələrinin
Bakıda, Gəncədə
sərgiləri olub.
Biz hər iki
tərəfin belə
qarşılıqlı tədbirlərini
dəstəkləyirik. Musiqi sahəsində əlaqələrimizi
xüsusi qeyd etməliyəm. Kitabxana
sahəsində əlaqələr
var. Sizin Mədəniyyət
və Turizm Nazirliyinizin müraciəti
ilə Azərbaycandan
mütəxəssislər gəlib,
Nizami Gəncəvinin
Vyana Dövlət Kitabxanasında saxlanılan
"Xəmsə"sinə daxil olan kitablardan
birini bərpa etdilər. Bu özü
də yaxın əlaqələrimizin olduğunu
göstərir. Avstriya bütün
dünyadan sənətçiləri
işləməyə dəvət
edir. Belə ölkələrdən biri də Azərbaycandır.
Azərbaycandan 7 rəssamı 2-3 ay müddətinə ölkəmizə
dəvət etdik.
Onlar Avstriya və onun mədəniyyəti haqqında təəssürat
əldə etdilər.
Tez və ya gec
bu onların rəsm əsərlərində
yəqin ki, öz əksini tapacaq. Azərbaycanla turizm sahəsində
də əlaqələrimiz
inkişaf edir. Məsələn, Azərbaycan Turizm
İnstitutu ilə Avstriyanın Krems Universiteti arasında əlaqələr qurulub.
Eyni zamanda biz Azərbaycanda turizm işinin qurulması ilə bağlı təlim keçirmişik. "Şahdağ" turizm kompleksinin idarə olunmasında avstriyalı mütəxəssis iştirak
edir.
- Maraqlıdır, hazırda
avstriyalılar Azərbaycan
mədəniyyətini nə
dərəcədə tanıyırlar?
- Biz istəyirik ki, xalqlarımız bir-birimizin
mədəniyyətini yaxından
tanısın. Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin Avstriyada mədəniyyət günləri
keçirmək qərarı
bununla bağlıdır.
Avstriyada Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə, eləcə də Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzinin təşəbbüsü
ilə il ərzində müxtəlif
tədbirlər olur. Vyananın ən məşhur yerlərində gerçəkləşən
bu tədbirlərdə
Azərbaycan müğənniləri,
fotoqrafları iştirak
edir, rəsm əsərləri təşkil
olunur. Azərbaycanın Avstriyadakı səfirliyi
də mədəni əlaqələrin genişlənməsində
çox işlər görür. Sizin sualınıza
gəlincə, əlbəttə,
Azərbaycan son illərədək
dünyada daha çox nefti və qazı ilə tanınıb.
Bu isə onu göstərir ki, hələ də
müxtəlif mədəniyyət tədbirlərinin
keçirilməsinə ehtiyacımız var. Yoxsa Azərbaycan
vətəndaşları bəzən Avstriya ilə
Avstraliyanı qarışdırırlar. Amma
biz qarşılıqlı olaraq bir-birimizi yaxşı
başa düşürük.
Azərbaycan hazırda Qafqazda ən çox inkişaf etmiş ölkələrdən biridir. Əlbəttə, ölkənin mədəniyyətinin bütün dünyada tanıdılması üçün zamana ehtiyac var. Düşünürəm ki, Vyanadan Bakıya birbaşa gündəlik uçuş çox asan və rahatdır. Lakin hələlik Azərbaycan Avstriyada bir turizm ölkəsi kimi elə də tanınmır. İlk növbədə Azərbaycanı mədəni yolla tanıtmaq, gözəl mənzərələrinin olduğunu göstərmək lazımdır. Mən Gəncədə, Şəkidə, Qobustanda olmuşam. Məsələn, Şəki öz dağları ilə birlikdə Avstriyaya bənzəyir. Amma fərqlər də var. Şəkidəki karvansaralardan Avstriyada yoxdur. Sizin Xəzər dənizi sahilləriniz də gözəldir. Qobustan qayaüstü rəsmləri UNESCO-nun siyahısına daxil edilib. Lakin siz bunu daha populyar edə bilərsiniz. Azərbaycan tarixən Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Əgər siz kimisə yuxudan oyadıb Azərbaycan haqqında soruşsanız və o da cavabında desə ki, bəli, mən o ölkəni tanıyıram, deməli, bu sahədə vəziyyət yaxşıdır.
- "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvüsünüz. Bu layihə Avropa üçün hansı əhəmiyyəti kəsb edir?
- Mən artıq iki ildir ki, müsabiqənin jürisində iştirak edirəm. Layihənin vacibliyi ölkələri, şəhərləri Avropa mədəniyyəti nöqteyi-nəzərindən göstərməkdir. Avropa paytaxtının iki tərəfi var. Birincisi, Avropa ölçüsü nə deməkdir? Avropa mədəniyyəti ölçüsü proqramda əks olunur. Yəni bu proqramın mahiyyəti bundan ibarətdir ki, şəhər mədəniyyət paytaxtı olduğu dövrdə başqa ölkələrlə də əməkdaşlıq etməlidir. İkincisi, şəhər il ərzində Avropa üçün nə iş görür? Burada söhbət mübadilədən, əsas tədbirlərdən, mədəniyyət layihələrindən gedir. Qeyd etməliyəm ki, bu, doğrudan da, müvəffəqiyyətli layihədir. Layihə həm də şəhərlərin mədəniyyətinin inkişafına, mədəniyyət infrastrukturunun qurulmasına təkan verir.
- Qeyd etdiyiniz kimi, 1998-ci ildən bəri Azərbaycana bir neçə dəfə gəlmisiniz və hətta bəzi regionlara da baş çəkmisiniz. Sizcə, ötən müddət ərzində ölkəmiz hansı uğurlara nail olub?
- Azərbaycan mədəniyyət sahəsində böyük uğurlara nail olub. Bu ölkə Avropa və Asiya arasında körpü olmaqla Qərb və Şərq mədəniyyətini özündə birləşdirir. Bunu musiqidə, rəqsdə, rəssamlıqda da görmək olar. Ölkəniz çox müasirləşib. Sizin sənətçilər xarici ölkələrin ən məşhur səhnələrində çıxışlar edirlər. Bu, doğrudan da, yaxşı inkişaf göstəricisidir. Əlbəttə, ölkənin mədəniyyəti hər zaman töhfələr verməlidir. Lakin əgər sən həddindən çox özünə qapılsan, gec-tez dayanacaqsan. Onda sən sadəcə öz şorbanda qaynayacaqsan. Fikrimcə, XVIII-XIX əsrdə yaşamış muğam ifaçıları bu gün muğamın müasirləşməsini görsələr, heyrətə düşərlər. Əlbəttə, inkişaf lazımdır. Bütün Avropa ölkələrinin milli rəqsləri var. Bu rəqslər həm də müasir baletin, müasir rəqslərin təsiri ilə inkişaf edir. Ümumiyyətlə, mədəniyyət öz-özünə inkişaf edən sahədir. Mədəniyyət daş dövründən, məsələn, Qobustandakı həyatın mövcudluğundan bəri inkişaf edir. Bu, muğama, milli rəqsə doğru uzun bir yoldur. Əlbəttə, burada siyasi dəstək də olmalıdır. Hər bir incəsənət növü, hətta təbiətin özü də yeniliyə can atır.
- Uzun müddətdir ki, mədəniyyət sahəsində çalışırsınız. Mədəniyyətin qloballaşmasına münasibətiniz necədir? Bu proses bizə nə verir?
- Mən, ümumiyyətlə, qloballaşmaya inanmıram. Burada bir təhlükə var. Böyük bir dünya mədəniyyəti qarışır və hər şey bərabər olur. Təsəvvür edin, balaca quş bütün heyvanların və ya quşların rəngini götürüb. Məsələn, tutuquşunu götürək. Üzərində bütün rənglərdən var. Bu rənglərin qarışığı isə qeyri-müəyyən və boz rəngdir. Yəni qloballaşma boz rəngli görünür. Bir sözlə, bu qarışıq yaxşı təsir bağışlamır. Yəni qarışıq rənglərlə görünmək gülməlidir. Qloballaşmanın ikinci təhlükəsi mədəniyyətin sənayeləşməsidir. Siz bunu rəssamlıqda, musiqidə, internetdə görə bilərsiniz. Mən internetdən hər hansı şəkli yükləyə bilərəm. Bəzi şeyləri dəyişirəm və sonra bu mənim mülkiyyətim olur. Elə ədəbiyyatı da hər kəs internetdən yükləyə və ya oxuya bilər. Ona görə də artıq kitab almaq o qədər də vacib deyil. Bu bir prosesdir. Digər tərəfdən, əlbəttə, bütün bunların faydalı tərəfləri də var. Məsələn, mən Azərbaycana gəlirəmsə, internetdə axtarıram və ölkə haqqında məlumat əldə edirəm. Bu mənim şəxsi təcrübəmdir. Yeni bir ölkəyə getməzdən öncə özümü hazırlayıram, internetdə ölkə haqqında məlumat əldə edirəm.
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 16 oktyabr.- S.5.