Hər son bir başlanğıc...
Bu günlərdə AYB-nin Natəvan klubunda təqdimat mərasimi keçirilən "Daha sonumu yazıram" şeirlər toplusu Kəmaləddin Qədimin oxucularla
səkkizinci kitablı
görüşü idi.
Kəmaləddin Qədim şeirlərini oxuduqca insan özündən asılı olmayaraq həqiqəti bəlkə də mövcud olduğu məsafədən bir az da yaxın hiss edir özünə. Hər sözün, hər misranın, hər beytin, hər bəndin və nəhayətdə hər şeirin son dayanacağında varlığına inandığın, bəzən də inansan belə tam olaraq əmin ola bilmədiyin həqiqətin düz üstünə çıxırsan . Zamanımızda abstrakt təsvirlərin, illüziyavarı deyimlərin qeyri-adi nələrisə ehtiva etmə cəhdinə qarşı bu şeirlərdən hər hansı birini söyləmək və əminliklə sübut etmək olar ki, oxucuya çatdırılmalı olanları qısa, konkret fikirlərlə bu cür də çatdırmaq mümkündür. Kəmaləddin Qədim şeirlərindəki hərəkətlilik, daxili təlatüm, şeirə xas təsiretmə gücü öz oxucusunu dünyaya yenidən, daha ayıq gözlə baxmağa sövq edir. (Hətta bəzən, vadar edir). Bəzən yaxşı ədəbi nümunələri həyatın güzgüsü hesab etsək də, Kəmaləddin Qədim şeirlərini oxuduqda adamda elə təsəvvür yaranır ki, bu şeirlər hündür binaların şəffaf pəncərə şüşələridir. Burdan boylanmaqla bütün şəhəri, küçələri, geniş səmanı bir sözlə həyatı asanca görmək, baş verənləri aydınca seyr etmək mümkündür. Amma burada bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, bu şeirlərdəki aydınlıq, şəffaflıq içərisində həm də mövcud duruma qarşı sadəcə seyrçilik missiyası yox, əksinə, oxucuda baş verən proseslərə bir təsiretmə inamını formalaşdıran daxili enerji mövcuddur. Kəmaləddin Qədimin şeirləri ancaq onun özü üçün güzgüdür. Çünki şair sözü güzgüyə çevirərək özünə bir növ şeirlərindən baxır və hər baxdığında da güzgü- söz qarşısında hisslərin hesabatını verir. O məsuliyyətin ağırlığını birinci özünə, sonra isə onu duyacaq hər kəsə dönə-dönə izah edir:
Qoymayın düşsün yerə,
Girin sözün altına.
Əslində, şeir şairin birinci özünə pıçıltısıdır. Bu pıçıltının içərisində özünə təsəlli verməkdən tutmuş ta özünü günahlandırmaya qədər hər şey sığır. "Sığışmır" şeirində Kəmaləddin Qədimin, kimsənin eşitməyini istəmədiyi təkcə özünə pıçıldayıb elə özü də təsəlli tapdığı dərdlərə söykəndiyini görürük. O dərdlər ki, bölüşsək sanki, azalacağından ehtiyat edirik, hər zərrəsini belə ruhumuzda gəzdirməyə can atırıq. "Sığışmır" şeirində də şair özünə pıçıldayır və özünə inandırır həyatın bütün olar-olmazlarını:
Yaşa uzağı səksən,
Doxsan, nəsə çatışmır.
Ha tərəfdən, ha yandan,
Baxsan, nəsə çatışmır.
Gididir gidi hər şey,
Sıxır, incidir hər şey.
Ölürsən bitir hər şey,
Sağsan, nəsə çatışmır.
Şairin bütövlükdə vətənpərlik mövzulu şeirləri ilə yanaşı başqa şeirlərinin də hər hansı bir misrasında, bəndində Vətən mövzusu qəfildən oxucunu dərindən düşünməyə vadar edir.
Kəmaləddin Qədimin vətənpərvərlik mövzulu şeirlərində də ayrıca bir yanaşma tərzi var. Məlum hadisələrdən sonra vətənə bolluca vəsf şeirləri yazmağı özünə peşə seçənlərdən fərqli olaraq, vətənin ağrı-acılarını misralarında ürək ağrısıyla canlandırmaq şairin vəzifə borcuna çevrilmişdir. Bu misralardakı təəssüf dolu hisslərlə, daxili ağrılarla yanaşı bir özünə istehza, özünü qınama hissi də vardır:
Gedər, ömrü belə paşa da qalmaz,
Yem olar böcəyə, quşa da, qalmaz.
Nədən ölüb elə
Şuşada qalmaz,
O boyda cənnətdən sağ çıxıb gedər?
Sonda isə, "Daha sonumu yazıram " -deyən gözəl şairimiz Kəmaləddin Qədimə demək istəyirik ki, hər son bir başlanğıc...
İntiqam YAŞAR
525-ci qəzet.-
2014.- 17 oktyabr.- S.8.