Günlərin bir günündə...

 

“ADİ GÜNLƏRİN ƏHVALATLARI” SİLSİLƏSİNDƏN

 

Kəndimizə yolum ayda-ildə bir dəfə, o da xeyirdə-şərdə düşür. Elə o bircə gedişimdə də məclislərdə kəndimizin adamları ötənlərdən, olanlardan, olacaqlardan o qədər əcaib-qəraib əhvalatlar, elə şirin-şəkər, duzlu-məzəli söz-söhbətlər “toxuyub” danışırlar ki, xatırlanması ta növbəti gəlişiməcən bəs eləyir.

Bu dəfə də yoldan-izdən uzaq, uzaqdan uzaqda olsa da yurd yerlərinin hələ də çırağı sönməyən, ocağı adda-budda tüstülənən Göyəmliyə haqqın rəhmətinə qovuşan xətirli bir adamın hüzr məclisi ilə bağlı getmişdim.

lll

Məlumdur ki, hüzr məclislərinin öz qayda-qanunları var və demək olar ki,  bu da hər yerdə eynidir. Belə yerlərdə uzaqdan təziyədarlığa gələnlərin ətrafına həm hüzr sahiblərindən, həm də elə uzaqdan gələnin öz hörmətinə görə daha beş-üç nəfər onu istəyən də toplaşır. Bu hüzr məclisində də beləydi. Gəlib-gedənlərin gur məqamı ötüb keçsə də, gəl-get hələ   kəsilməmişdi. Bu səbəbdən bir neçə nəfər Quran əhli də hələ hüzr yerində  idilər. Mərhumun əzizlərinə dil-ağız eləyib, həm də bacardığım qədər təskinlik verəndən sonra yan-yörəmdəki bir neçə nəfərlə yerimi rahatlayıb, mağara keçib əyləşdim. Mərhuma yaxın adam olduğum üçün xeyli də oturdum. Hələ oturacaqdım da...

lll

Məclisin sakit məqamında  molla Ağamirzə mənə yanaşıb məxsusi əhvallaşdı. Özümün kef-əhvalımı soruşandan sonra bununla da  qane olmayıb bütün əzizlərimi də adbaad xəbər alıb onların da əhvallarından hali olandan sonra dua-səna eləyə-eləyə:

– Özün də bilirsən də, – dedi, –mən səni lap çox istəyirəm. Mən də: – Hə, əlbətdə bilirəm, Allah yardımçın olsun, ay molla Ağamirzə, – deyə ağız dolusu minnətdarlıq elədim. Mollanın səmimi rəftarından ürəklənib:  – Macalın olanda bizim ocaqda gözü qalanların  adına da, vaxt-bivaxt bir Yasin oxu, – deyib əlimi cibimə apardım, – elə bəri başdan haqqını da qoy verim...

Yaşı zənnimcə əllini haqlamış həmsöhbətim mənim bu sözlərimdən sonra: – Bu sonranın işidir, – dedi, – xatircəm ol, amma mənim indi səninlə ikilikdə xəlvəti sözüm var, gəl bir kənara çəkilək.

–Burada yad adam ki yoxdur, əşi, nə sözün var söylə də, yaxşı düşmür axı, baxanlar nə deyərlər, – deyə dilləndim, doğurdan da məclisdən kənara çıxmaq hörmətsizlik olardı...O, sözümü kəsib:

– Yox ee, bizim adamları tanıyırsan da, qoy eşidən-bilən olmasın, ikilikdə danışaq, – deyə təkid etdi.

Çar-naçar o deyənlə razılaşası oldum. Molla Ağamirzə yenə əvvəlki söhbətinə qayıdıb təkrar:- mən səni  lap çox istəyirəm, gərək bunu biləsən də...- Sonra dəqiq vaxt da göstərə-göstərə: – lap on beş, on altı ildən sonra da sənə olan bu münasibətim dəyişən deyil, – deyə məni əmin də etmək istədi.

Mən kişinin özünü əziyyətə salıb haldan-dildən düşə-düşə söz axtarıb bu lüzumsuz tərifatını uzatmaması üçün:

– Ay molla Ağamirzə, mənim bundan sonra yaşamağa on beş yox ee, heç beş il də gümanım yoxdu. Kişini başdan ayağa diqqətlə süzüb: – Səni deyə bilmərəm, mətləbə keç, sözünü de, – deyə indi də mən təkid elədim.

Molla Ağamirzə  altdan yuxarı mənə zəndlə baxıb başını aşağı saldı. Yerə baxa-baxa axır ki:

–Ay müəllim, mənim bu dəstəmaz işim çətinləşib, axı çox əziyyət çəkirəm, – dedi və dərin bir ah da çəkdi.

 Ani olaraq düşündüm ki, yəqin kişinin səhhətində problem yaranıb, müalicəyə getmək üçün  yardımçı olmağımı istəyir.

Daha “ahın dağa-daşa” deməyib, əlbəəl:

–Nədi, a kişi, olmaya prostatın-zadın var? Elə bir şey varsa niyə özünə əziyyət verirsən, yubatma, müalicəyə get, arxayın ol, biz də əlimizdən gələn köməyi edərik, – deyə ciddi-cəhdlə kişiyə məsləhət verib yol göstərmək istədim.

Molla Ağamirzə başını yerdən azacıq qaldırıb saqqalını qaşıdı və:

–Yox ee, müəllim, yox, mənim işim su məsələsidir, su! Suya ehtiyacım var, nəinki əl-üz yumağa, heç içməyə də həyətimizdə, həndəvərimizdə bir qaşıq su yoxdu,  deyə and-aman eləməyə başladı.

Çox fikirləşmədən:

–Əşi, bəlkə bir quyu qazdırasan? –deyə ağlıma gələn ilk təklifi etdim.

O isə:

–Yox, yox, a müəllim, quyudan da kar aşmadı, qazdırmışdım, xeyli də xərc çəkmişdim, su çıxmadı,  deyə ahu-zar, af-uf da elədi.

Mən:

–İndi mənlik burda nə iş ki, əlimdən nə gələsidir, açıq de fikrini , – deyə soruşdum.

Deyəsən, bu sözləri deyəndə özümdən asılı olmayaraq bir balaca səsimi qaldırmışdım.

Molla işarət barmağını çənəsi ilə bığının arasında tük örtmüş dodaqlarının üstünə qoyub: – Şşş, yavaş danış, eşidən olar, – deyə qoluma toxunub  məni bir az da kənara çəkdi.

Sonra da səsini bir az da qısıb:

–Müəllim, sən o qonşunuz Faiqə hovuz vermisən eee... – deyib nədənsə sözünü yarıda kəsdi.

Kişinin sözünü ağzında qoydum:

–Hə, vermişəm, nə olsun ki, istəyib,  mən də vermişəm xeyir işlərə işlətsin...

Molla Ağamirzə lap astadan bir-iki ağız öskürdü, əlini şalvarının cibinə salıb nəsə eşələdi. Papiros çıxaracağını zənn etdim. Deyəsən, axtardığını tapa bilmədi. Əlini cibindən çıxarıb: – Şoğərib təsbehim də evdə qalıb, – deyib sözünə davam elədi: – Əşi, a müəllim, deyirəm ki, doğurdan da dünya fani imiş, yadındadı da bu dudimanın sahibi?.. – Ağamirzə kişi mənalı-mənalı susdu, sonra da: – Müəllim;- hə, onu deyirəm axı, Faiq deyir ki, o hovuz su axıdır. Ancaq əziz canın haqqı, o deyən kimi elə də axıtmır, bir balaca damcıladır. Deyirəm, mümkün olsaydı, icazə verərdin, sizin həyətdəki su quyusundan o hovuzu su ilə doldurardıq, ordan da mən nasosla öz  həyətimə vurardım, – deyib çənəsini azacıq qaldırıb düz gözlərimin içinə baxmağa başladı.

Söz bu yerə çatanda hövsələmi basa bilmədim, belə bir şey üstə mənim canımı qaralayıb kəlməbaşı and içməyi də ürəyimcə olmamışdı. Ancaq daha kəndimizin mollasıdı da, “öz canın üçün” deyə bilməzdim. Elə beləcə: – Ay kişi, səhərdən bəri pıçıldaya-pıçıldaya elə bunu demək istəyirdin? Sudu da, haracan gücün çatır apar, sən bu işi görsəydin, mən məgər qadağa qoyacağdım? Ay molla, təki sənin ehtiyacın beləcə düzəlsin, burada nə var ki, – deyəsən, bərkdən danışıb kişinin diləyini hüzür-manzıra salmışdım. Səsim bizə yaxınlaşmaqda olan  qonşumuz İnqilab kişinin də qulağına çatmışdı. Çünki elə uzaqdan diqqətini bizə tərəf yönəltmişdi. Bunu həm də sinə-sinə gəlməyindən bildim.

Ancaq molla Ağamirzə “daha səsə salma” demir, barmağını dodaqlarının üstünə tutub “şşş!” eləmirdi.

Bizə simsarlığı çatan qonşumuz İnqilab kişi gəlib durduğumuz yerə yetişmişdi.

Onu yaxına səsləyib: – Bir az yeyin tərpən, – deyə yanıma çağırdım. Mollanın həyətinə dağın bu üzündən o biri üzünə (mollanın evi bizim evlərdən bəlkə də bir iki yüz metr hündürdə binə idi) su aparmaq istədiyini anladıb bunu Faiqə də bildirməsini, müsəlman bəndəsinə yardımçı olmaqlarını rica elədim. İnqilab kişi məndən belə bir tapşırıq eşidən kimi: – Müəllim, – dedi, – axı, biz o hovuzdan  bu molla Ağamirzəyə su verəsi olsaq, özümüz çətində qalacağıq (dilinə gətirməsə də, İnqilab kişinin quyumuza hayıfı gəldiyini, quruya biləcəyindən ehtiyat etdiyini hiss etdim)...

İnqilab kişi haqlı olsa da: – Sən mən deyənə qulaq as, ay əmi – dedim. Bu təkidimdən sonra daha bir söz deyə bilməyən İnqilab kişi də hirsini soyutmaq üçün molla Ağamirzəni yamsıladı: “ Bu dünya fanidir! Dünyanı fani bilənimə bax!..

Molla Ağamirzə ilə belə dil-ağız edib əvvəl oturduğum yerə tərəf addımlasam da onun tük basmış çöhrəsi gözümün önündən çəkilmirdi...

Nəzərlərim kişinin saç-saqqal basmış üzünə sancılıb qalmışdı.

...Bilnəli Davud kişinin kəndimizdə dəlləklik elədiyi yadımdadır, onda mən uşaq idim.  O vaxtlar kəndimiz də böyük idi. Tüstüsü səmasını duman kimi bürüyən Göyəmlidə yetmiş-səksən evdə ocaq qalanırdı. Deməli bu hesabla Bilnəli Davud da azı elə o evlərin sayı qədər kişi başı qırxırdı. O kişilərin də ki, başı baş idi ha, əsl kişi başı!

Deyəsən hardasa danışmışam, Davud il boyu o kişilərin başını qırxıb, bığ-saqqalını ülgücləyər, muzdunu taxıl mövsümünə, xırmanacan gözləyərdi. Xırmanda da ki, nə çoxdu bəhanə Davud üçün, gah yel əsmirdi, gah da öküzlər xırraşıb vələ girmirdi. Davud da qalırdı gözləyə-gözləyə. Əşi, ölmüşdü göyəmlilər Davuda haqq verməyə, ay aldı ha!

Molla Ağamirzənin tük basmış saç-saqqalına baxdıqca düşündüm ki, yəqin daha kəndin dəlləyi yoxdur. Ani olaraq bu da fikrimdən keçdi ki, bəs Babalı kişi, o ki sağ-salamatdı.

Davud kişinin Göyəmlidən “əlini çıxarandan” sonra Babalı kişi arada-sırada xətirli adamların qulluğunda dayanar, saç-saqqalını ülgücləyib səliqə-sahmana salardı. Yeriyəndə sanki keçib getdiyi yolu da qaldırıb çiyni üstdə qoyub aparan nəhəng gövdəli Hətəm kişi, bir gün dediyim bu Babalı kişiyə saç-saqqalını qırxdırırmış. Kişi kətil üstdə sakitcə əyləşib qımıldanmır, Babalı kişi də əlindəki “pamazoku” qaynar suya batırıb kişinin başının dərisinə sürtüb ovuşdururmuş. Hər adi sözə, sorğuya heç hə-yoxla da cavab verməyən, çox az danışan Hətəm kişi elə oturduğu yerdə heç qaşının tükünü belə tərpətmədən altdan yuxarı aramla səslənib: – Babalı, əlinlə ovxala da, əlinlə,- deyir. Babalı kişi də: – Əlimi yandırar axı,- deyib, barmaqlarının ucunu suyun üstünə toxunduraraq tez də geri çəkib ufuldayır.

Hətəm kişi gülümsəyən təhər bir  görkəm alıb:- Ay pir olmuş, bəs mənim başımı yandırmır?- deyib, bəlkə də lap gülür!

İndi ürəyimdən keçdi ki, Molla Ağamirzənin tük basmış boyun-boğazı, baş-gözünə Babalı kişinin pamazoku isladaraq çəkdiyi qaynar suya görən dözərdi? Özümdən asılı olmayaraq qımışdım, yan-yörəmə baxıb tez də özümü ələ aldım.

lll

Elə yeri gəlmişkən, onu da deyim ki, bizim kəndimiz molla tayfasını əzəldən çox sevəndi. Necə deyərlər, çox mollacanlıdırlar. Xüsusən də, öz aralarından çıxanları.

Bunu hələ öz uşaqlığımdan, bizdən qabaqki kişilərin Kərbəlayi Qüdrətə “ehtiramından” da görmüşəm. (Balaca boylu, o həlim xasiyyətli kişi yaxşı mərsiyəxan idi.)  Mərsiyə ustası olan o kişiyə məhərrəmlikdə nöhələri sinədən dedizdirib elə cuşə gəlirdilər ki, qollarını açıb yelləmə döş döyəndə o balacaboy kişini də yerlə bir edirdilər. Guya ki, yumruqları da balaca boylu Kərbəlayının çənəsinə heç də qəsdən yox, təsadüfən dəyib...

Allah tərəfi, elə indiki mollamız  Ağamirzə kişini də əl üstə tuturlar.

Molla Ağamirzə hinduşka həvəskarıdı. Həyətindəki hər növ təsərrüfatdan daha çox bu sahəyə üstünlük verir. Qonşusu, bizim “əmi” çağırdığımız  Əlimusa kişi belə deyir.

 İndi oruq-toruğunun sorağı yaxınlı-uzaqlı çox yerdən gələn tayfamızın adını daşıdığı Həsən kişinin əslən Təkləli olduğunu bilsəm də, kəndimizə, Göyəmliyə nə zaman köçüb gəldiyini deyə bilmərəm. Bunu heç atam da bilmirdi. Yəqin ki, babamsa bilməmiş olmazdı. Ancaq yeddi arxa dönənindən bu tərəfə özünü köklü-köməcli göyəmlili bilən İmanqulu oğlu Gülağa kişi də ta elə dünənəcən bizlərə “gəlmə” deyirdi. Daha heç o “gəlmə” sözünün də indi bizlər üçün elə bir əhəmiyyəti yoxdur. Çünki biz buralarda elə binə salıb yurd olmuşuq ki, özünün yeddi arxa dönənini göyəmlili bilənlər belə yalan olublar...

Bizim şenlikdə, Həsənnidə (bu tayfamızın adıdı) başı papaqlıların hamısı bir-birini “əmi” çağırır. Nədənsə “dayı” sözü bizlərdə dəb deyil. Bacı uşaqlarım məndən inciməsinlər, onları çox istəyirəm, Molla Ağamirzə demişkən “lap çox”. Ancaq həqiqət belədi ki, bizimkilər daha çox “əmi” sözünə üstünlük verirlər. Odur ki, Əlimusa kişi cavan olsa belə, elə Faiq də, Molla Ağamirzənin özü də mənim əmimdirlər. Onlar məni “əmi” çağırdığı kimi, mən də onlara “əmi” deyə müraciət edirəm.

Onu da deyim ki, Əlimusa kişi bir az gopçudu. Ancaq Fətulla əmim deyir ki, gopçuluqda mən Əlimusa əmioğlumdan heç də geri qalmıram, bəlkə də ondan irəlidə olaram. Əmim belə deyir ha!

 Əlimusa əmi deyir ki, Molla Ağamirzə kişi hinduşkaları sayına müzayiq qoyun sürüsü kimi kövşəndə, yalda-yamacda otarır. O gün qonşu kənddə bir toydan çıxıb gün-günorta vədəsini ötəndən sonra hinduşka sürüsünü qabağına qatıb “nişandəsdiq” deyilən yerə otarmağa aparıb. Hinduşkalar yal boyunca gərən açıb çəyirtkələri  döşünə qatıb diri-diri dənlədikcə kürəyini daşa söykəyib bu müdhiş mənzərəni  seyr edən molla Ağamirzəni qəfil yuxu aparır. Əlimusa əmi onu da deyir ki, o gün toyda molla Ağamirzəyə yeməkdən sonra iri yonma stəkanda içməyə “Fanta” veriblərmiş. Bilmək olmur, kişini bəlkə də o “Fanta” elə bərk yuxuladıbmış... Beləcə kişini yuxu necə aparırsa, axşamın düşdüyündən də heç xəbəri olmur. Ayılanda isə gecənin zülmətini, bir də ətrafını zil qaranlıq sardığını görür. Bir sağa fırlanır, bir sola dönür, hinduşka sürüsü nə gəzir? Kişi “vay dədə vay, indi mən haranın daşını töküm təpəmə, evə necə gedim?”deyə əsl vanöysə qaldırır. Mollanın hinduşka “sürüsünü” axtarmaq haray-həşirinə bütün kənd ayağa qalxır. Əlimusa əmi belə desə də,  ancaq mən bütöv kəndin bu axtarışa qatıldığına heç də inanmıram. Öz şenliyimizə, bizim Həsənnilərə isə inanıram...

Molla Ağamirzəyə: – Ay kişi, belə qaranlıqda yalda-yamacda gəzib özünü əldən salma, çıx bəri gəl- deyib bir ağıllı məsləhət verən də olmur.

Mollanın qonşuluğundakı iki yanaşı yurdu ondan çox-çox qabaq binə edən, qıylarından qulaq tutulan, haylarından nəinki  molla kimilərin, elə çölün  qurd-quşunun da canına vəlvələ düşən, indi yerləri görünən, çoxdan haqqın dərgahına qovuşan  kişilər – Canəli oğlu Nəcəflə Səməd oğlu Zəfər sağ olsaydılar, onda başqa məsələ...

O kişilər mollanı gecə gözü kol-kosun arasında, yal-yamacda kora-korayla gəzməyə qıymaz, “dua oxuyub qurdun-quşun ağzın bağla, heç nə olmaz”, – deyib əmin-arxayın edər və rahatca yatmağa göndərərdilər.

İndi o kişilərin yer-yurdunda qalanlardan Faiq əmim Pitəli başında Nil köbərinin dibində oturub kürəyini də gövdəsinə söykəyərək arada,- ehey! – deyib zikkə vurur, qaranlıqda guya o da hinduşkaları gəzirmiş kimi bir görüntü yaradır, mürgü tutanda da, məşhur “Axtarma məni” mahnısının notları üstündə fit çalır. Bizim kənddə əsl həqiqətdə yaxşı fit çalanlar var.

Burasını da deyim ki, elə Faiqin özündən də bəlkə də yaxşı molla olardı, əgər fit çalmağa olan həvəsinin badına getməsəydi. Hələ məktəb yaşı çatmamış qonşu kəndə, indi Göyəmlinin mollası Ağamirzə kişinin də ustadı olmuş Müdərrisin yanına get-gəl edib çərəkəni öyrənirmiş. Bir gün də qonşu kənddən Müdərrisin  yanından qayıdanda yolda o kişilərdən biri ilə rastlaşır.

Kişi:

–Bala, Faiq, hardan gəlirsən, – soruşur.

Faiq də qayıdıb deyir ki, əmi, bəs belə-belə, qonşu kənddə filan molladan dərs alıram, ordan gəlirəm.

Kişi:

–Bərəkallah, bərəkallah, – deyir, – əcəb eləyirsən, kəndimizin mollası olarsan, inşallah, – deyə uşağın bu əməlini bir xeyli tərif, təmayül eləyir. Sonda isə bir “ancaq” da deyir...

Faiq: – Əmi, o “ancaq” dedin ha, nə olar, bir onu da aç, izah et, de də, – deyə təkid eləyir (uşağa bax ha!).

Kişi də qayıdır ki,- Bala, molla olmağın yaxşıdı, çox yaxşıdı. Ancaq bundan sonra daha fit çala bilməyəcəksən. Mollalara fit çalmaq olmaz. Elə o gündən Faiq də mollalıq dərsi almağın daşını atır.

Qəbahətim də olsa, elə buradaca boynuma almaq istəyirəm ki, həmkəndlilərimdən fərqli olaraq mən özüm fit çala bilmirəm. Düzdür, uşaq vaxtı fit çalmağa həvəsliydim. Çöldə, bayırda, adam arasında utanıb-çəkindiyimə görə həvəsində olduğum bu işi evdə məşq eləyib öyrənmək istəyirdim. Evdə, eyvanda yavaş-yavaş dodaqlarımı büzərək nəfəsimi üfürüb təzəcə səs çıxarırdım ki, anam: “oğlum, evdə fit çalmazlar, xeyir-bərəkətimiz qaçar, “- deyə  iradını bildirib, “çöldə-bayırda çal, öyrən”, – deyə məsləhət də verdi”.

Daha o gündən “evimizin xeyir-bərəkətinin qaçması” qorxusundan mən heç çöl-bayırda da fit çalmadım, bu işə baş qoşmadım, öyrənmədim. Çox hayıf...

Ancaq Faiq əmi özüyçün deyir. Fit çalmaqda o Payızxan kişiyə heç “züy” də tuta bilməz. Payızxan kişi həqiqətən, əsl fit çalandı, özü də bənzərsiz.

Orasını da deyim ki, Payızxan kişi gecələr yatmır, gecələr kənd yatır. Payızxan kişi isə gündüzlər yatır. Yox, Payızxan kişi heç gündüzlər də yatmır...

lll

Nə isə, qayıdaq molla Ağamirzənin itmiş hinduşkalarının axtarışına.

Payızxan kişi eniş olsun, ya yoxuş, fərqi yoxdu, yolu ağzına alıb aparan kəhər atı ilə uzaq, qonşu kənddən bivaxt çağı qayıdırmış. Kəndin kövşənində haray-həşiri eşidir. Çöldə ləngiməyib atı mucqurur kənd tərəfə.

Payızxan kişinin atı da atdı ha! Atın etibarına bax ee, kişi bu atı üç dəfə satıb. Bir dəfə Masallıya, iki dəfə də Cəlilabada. Hər dəfə də at heç həftə ötürməmiş yağış-qar bilmədən elə-belə, yolu ağzına tutub dönüb qayıdıb gəlib Göyəmliyə. Atın təzə “sahibləri” də bu etibarlılığından təsirlənib hər dəfə heç pullarını geri istəməyib, atı köhnə sahibinə güzəştə gediblər. Bunu da Əlmusa əmim deyir. Burasını isə mən deyirəm, belə halda – “At ilə itə etibar yoxdu” deyənlərin- keçənlərin fikrinə düzəliş etmək gərəkdir...

Qərəz Payızxan kişi molla Ağamirzənin evini haylayıb, sonra da cavab verən uşaqlarından: – Bala, hinduşkalarınız hardadı, gəlib həyətə çıxıblarmı? – soruşur.

Uşaqlar da: –Payızxan əmi, heç indiyə qədər çöldə-bayırda hinduşka qalar? Hinduşkalarımız hələ ertədən gəlib, dama da salmışıq. Nə olub, niyə soruşursan?- deyə kişinin bu sorğu-sualına hələ bir heyrət də edirlər...

Payızxan kişi də daha uşaqlarla çənə-boğaz olub onlara cavab vermir, kəhər atını səyridib yol-yuxarı kəmnədilin kollarında, Meşəkulatda, Bandibildə kolun-kosun içində gecə gözünə hinduşka sürüsünü axtaran  mollanı haylayıb: – Ay qonşu, ay molla Ağamirzə, ay kişi, gəl, arxayın get evə, hinduşkalar çoxdan həyətə qayıdıb, uşaqlar dama da salıblar.

Halal olsun, yenə də Payızxan kişiyə ...

lll

Molla Ağamirzədən yenicə aralanıb oturanların arasında yerimi rahatlamışdım ki, əmizadəmiz Səfayıl kişi gəlib çıxdı. Məclis əhli kimi mən də bu yaşlı kişini ayaq üstə qarşıladım. Kişi ilə ikiəlli görüşüb hal-əhval tutandan sonra elə yanımdaca yer eləyib otuzdurdum. Səfayıl kişi söhbətcil adamdı. Danışmaqda yan-yörəsindəkilərə fürsət-macal verən deyil. Elə burada da oturan kimi əvvəlcə quru-quru bir öskürüb sonra da sözə başladı. Bir əvvəl ordan-burdan deyib danışandan sonra üzünü mənə tərəf çevirib,- həə, müəllim, necəsən? Mən cavab verməyə macal tapmamış:- Görürəm yaxşısan, Maşallah. Sonra da:- Mən elə burdan, məclisdən bir az qabaq getmişdim. Eşitdim gəlmisən, dayanmadım, durub gəldim,- deyə bir-iki əlavə də elədi.

Mən də məmnunluğumu bildirib: – Xatiriniz əziz olsun, ay Səfayıl əmi, Allah sizi bizim bu yer-yurda, qohuma-dosta çox görməsin, – deyib mehribançılıq əlaməti olaraq sol əlimi uzadıb kişinin sağ əlini ovcumun içinə aldım... Yəni, “sol əlin verdiyini sağ əl bilməməlidi” öyüdünü nəzərə aldım. Səfayıl kişi mənə “müəllim” desə də mən onu “əmi” çağırıram. Axı o da bizim şenlikdəndi.

Bu ehtişamlı hal-əhval tutmağımdan Səfayıl kişi çox xoşhal olub az qala bir az duyğulandı da.

Bayaqdan bəri mənə “müəllim” deyən Səfayıl kişi birdən çiyni üstdən yanpörtü dönüb mənə xoş bir qılıqla “əmi” deyəndə dalağım sancdı.

...Qorxum əbəs deyildi. Bir neçə il bundan qabaq da elə belə bir məclisdə yaxın adamlardan birinin  dəfni zamanı elə bu Səfayıl kişi fürsət tapıb məni bir kənara çəkmiş, sonra da bir  müddət dinib-danışmadan köks ötürə-ötürə: – Əmi, – demişdi, görürsən də, dünyanın faniliyini... Süleymana qalmayan bu dünya kimə qalacaq ki?..

Kişinin sözünü sidq-ürəklə təsdiq etməli olmuşdum...

Sonra kişi qəfildən əlini-əlinə vurub:

–Pah atonnan, – deyə az qala hayqırmışdı. – Bu puç dünyada bəs adamların gözü niyə doymur?

Kişinin belə haqlı iradının da qarşısında susmalı olmuşdum.

–Əşi, – deyə bu dəfə Səfayıl kişi səsini bir az qısmışdı,- Üzünə görə demirəm, sən gözü-könlü tox adamsan. Müdrikliyinə də sözüm yox... Bayaq dediklərim sənin kimi kişilərə bir zərrə də şamil ola bilməz.

Nədən ki... – Bu ara Səfayıl kişi sözünə bir balaca ara verdi. Sonra da: – Eşitdim ki, bəs qəsəbədəki boşalan o kommunal mənzilini xalaoğlu  Quluya vermək istəyirsən.

Səfayıl kişinin bu sorğu-sualından bir şey kəsdirməyib: – Elədir, – dedim. – Qohumumdu da, verəndə nə olar ki? O dediyin xaloğlu karagələn adamdı, həm də indi bir az çətinliyə düşüb, tutunacağı yoxdu.

Səfayıl kişi güldü: –Nə olar ki, karagələn olanda. Bizim Səidənin vəziyyəti məgər ondan yaxşıdı? Elə o da ürək yanan bir baladı da. İndi istəsən onun vəziyyətini nəzərə ala bilməzsən? Bir kəsiyi qıraqda qoyub o boyda, yep-yekə kişini qabağa çəkəcəksən?

–Axı...

Səfayıl kişi ağzımı açmağa qoymadı:

– Mən Qulu-mulu bilmirəm, Qulunun, maşallah, sən boyda bir arxası, simsarı var. Bizim uşağın işini düzüb qoşsan, məcbur olub xalaoğlunun işinə tez əncam çəkərsən...

Yaxşı ki, o zaman evi dövlətə qaytardım, nə Səfayılın işinə əncam çəkə bildim, nə də xalaoğluna “arxa durdum”...

... İndi həmin o Səfayıl kişi üz-gözünü büzüşdürüb hüznlü bir hala saldı. Sanki, dünyanın bütün dərd sərini toplayıb ürəyinə yığmışdı.

–Əmi, – deyə yumşaq, kövrək bir səslə mənə tərəf üz tutdu. –Demə ki, sinni səksəni haqlayan bu Səfayıl kişi belə məclisdə qorxudan uşağa dönüb...

Onun bu bəlağətli sözlərindən açığı heç nə başa düşmədim. Sözlərinə Səfayıl kişi özü aydınlıq gətirdi. –Vallah, billah, əmi, hər dəfə yolum belə məclislərə düşəndə ölüm xofundan yox, dünyanın qəribəliyindən haldan-hala düşürəm ki, vay dədəm vay, bu insan oğlunun gözü bu dünya malından görən nə vaxt doyacaq...

Lənət şeytana! Haqlı sözə nə deyəsən? Ancaq ürəyimdən keçənləri dilimə gətirmədim. Ancaq Səfayıl kişi də sarı yağın içindən sarı tük seçənlərdəndi axı...

Və elə bil buna bənd imiş kimi:

–Əşi, iraq-iraq, birdən elə bilərsən sənin bostanına daş atıram ha...

Mənə “əmi” deyən bu ağsaqqala nə deyəydim? Səfayıl kişi də elə bil buna bənd idi:

–İndi, ay əmi, səndən kiçik bir təmənnam var.

Dişim bağırsağımı kəssə də çar-naçar:

–Buyur, ay Səfayıl əmi, buyur, – dedim.

Səfayıl kişi ədəb-ərkanla:

–Buyurmaq, nədir, ay əmi, belə xahiş edəcəyəm, minnət edəcəyəm... Ot biçini gəlib çatıb, bilirsən də...

–Hə, elədi, bilirəm, xeyirli-bərəkətli olsun – dedim, işin avand! Topladıqlarını  salamatçılıqla mal-qarana yedizdirəsən. Ruzun bol!.. Cani-dildən kişiyə mübarəkdarlıq etdim.

Səfayıl kişi bu sözlərimə bənd imiş kimi xısın-xısın gülüb:

Həyət-bacanı, çöldə-kövşəndəki beş-üç sot ot yerini biçmək üçün o təzə çıxan otbiçənlər vare, mənə elə onlardan biri lazımdır ki, işim yüngül olsun. Kişi mənalı-mənalı susub sonra da;- Sizin həyətdə biri var, öz gözlərimlə görmüşəm...

Fikirləşib “hə-yox” deməyə mənə imkan vermədən: –Həyət-bacanıza baxan o İnqilaba tapşır, qoy gətirib qapıma atsın!..

Üzümə-üz tutub deyə bilmədim ki, ay Səfayıl kişi, özün görürsən ki, ancaq xeyirdə-şərdə kəndimizə yolum düşür. Ata ocağına əl uzadıb bir yüngülvari səliqə-sahman yaratmağa da onda əlim çatır. İndi sən istəyən otbiçəni mən min bir əziyyətlə əldə edib bu ucqar dağ kəndinə gətirib çıxartmışam. Deyirsən, indi də onu sənə verim, öz əlim yerdə qalsın?!

Arif olduğu qədər də çox bic bir adam olan Səfayıl kişi bu dəfə də ürəyimdən keçənlərdən xəbər tutubmuş kimi:

–Əşi, sənin əlin uzundur, – dedi, – istəsən yenə tapa bilərsən...

lll         

Hüzür məclisindən evə döndüm. Həyətdə təzəcə oturub yerimi rahatlamışdım ki, qonşumuz  Faiq də gəldi. Mollanın  su istəməsi ilə bağlı bu danışdıqlarımı görər-görməz İnqilab kişini qabaqlayıb Faiqə özüm anlatdım. Mən mollaya həyətimizdəki quyudan su aparmağa razılıq verdim. İndi iş qalıb qonşumuz Faiqə. Açığı üzünə “vermə”  deyə bilmədim. Faiq də hələ ki, mənə nə “hə”, nə də “yox” dedi. Əgər o da “yox” deyə bilməsə, işimiz əngəldi. Axı Molla Ağamirzə də bizimlə bir vaxtda həyətində, elə eyni dərinlikdə su quyusu vurdurmuşdu. Yaxşı da su çıxmışdı.Kişinin su quyusu bir həftədən sonra qurudu, qorxuram ki...

Ancaq bilirəm bu iş elə-belə bitməyəcək, kəndə növbəti gəlişimdə əhvalatın davamını şirin-şirin mənə danışacaqlar. Orasına da şəkk-şübhəm yoxdu ki, “mollasevər”  qonum-qonşu Molla Ağamirzənin su işini, elə mən qarışıq hələm-hələm həll etməyəcəklər.

lll

Aradan bir həftə keçəndən sonra İnqilab kişinin telefonundan mənə  zəng gəldi. Açdım, özüydü:

–Əmi! – deyə müraciət edib salam verəndən sonra, Səfayıl əvvəl gəlib otbiçəni  apardı. Əcəb eləyib,- dedim,- tapşırmışdım da sənə, yaxşı eləyib vermisən.

İnqilab kişi o başda udqunub:- Yox e, əmi, iki gün sonra sındırıb gətirib atdı həyətdə, maşın kirayələyib aparıb rayon mərkəzində təmir elətdirdim. Elə gətirib həyət-bacanın ot-ələfini təzəcə biçməyə başlamışdım ki... İnqilab kişinin səsi titrədi, deyəsən, lap kövrəlmişdi. Mən tez-tələsik:

–Nə oldu, olmaya əl-ayağını kəsdin, düzünü de,- deyə təlaşla soruşdum.

İnqilab dəstəyin o başından az qala hirsindən ağlaya-ağlaya:

–Əmi, yox e yox – dedi, – məsələ burasındadır ki, kişi yenə gəlib. Gəlib ki, bərəkallah, düzəltmisən, işim yarımçıq qalıb, otbiçəni ver aparım, sən dəryazla, oraqla da biçərsən... –Dəstəyin o başında İnqilab kişi susub cavabını gözləsə də, ona nə deyəcəyimi bilmədim.

Əlim üzümdə qalmışdı. “Bu fani dünya” olmaya Səfayıl kişiyə qalacaqdı?!. Yoxsa?

lll

İndi bu danışdıqlarım qırx, qırx beş yurd yerində çırağı yanan kəndin bir şenliyində (məhəlləsində), beş-altı evin arasında baş verən ayaqüstü əhvalatlardı. Bütöv kəndə baş vursam gör hələ onda nələr olacaq, nələr eşidəcəyəm, nələri görəcəyəm, nələr danışacağam...

 

 

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.22-23