Dumandan süzülən işıq

 

“Çəhrayı dünyanın notları”

 

 

 

Bu yazını bilgisayara diktə etməyə başlayanda paytaxtın üstünün dumanı  hələ çəkilməmişdi. Əslində gecə yarıdan başlayan bu duman yuxusu qaçmış bir Allah bəndəsi kimi məni bu yazıya kökləmişdi. Yəni içimdə də bir payız əhval-ruhiyyəsi hakim idi və mən də payızın təkcə xəzəlini yox, həm də dumanını, çənini yazıma çəkib gətirmək istəyirdim. Elə bil Allah səsimi eşitdi. Pəncərədən boylananda qaranlığın nə qədər qatılaşdığını hiss etdim. Dərhal pəncərəni açdım və uşaq kimi sevindim:

 

– Həyətə qatı bir duman çökmüşdü...

 

Hə, insan təbiətin bir parçasıdı. Bunu mən deməmişəm, bunu eşitmişəm və sonra da eşitdiyim bu həqiqət mənim gözümün önündə də gerçəkləşib. Sadəcə, bir az da dərindən anlamışam ki, təbiətin bir parçası olan insan danışmaq gücünə, özünü ifadə etmək qabiliyyətinə malikdi, yəni canlıdı. Doğrudu, təbiət bütün mənalarda onu anlayanla, onun dilini bilənlə həmsöhbət olur. Təkcə şairlərlə, rəssamlarla deyil, o, çobandan tutmuş alimə qədər, uşaqdan tutmuş böyüyə qədər hər kəsə özünü göstərir... öz yaxasını, öz qapısını açır, ip ucu uzadır. Hər kim o ipucunu görürsə, tutursa, onun naxışı gətirir, o, təbiətlə danışır və danışdığı zaman kəsiyində saflaşır, hətta mən deyərdim ki, elə o təbiətin özünə çevrilir... Bir anlıq gözünüzün önünə gətirin şəlalə səsini... şəlalə mənzərəsini... şəlalənin yaratdığı qeyri-adi vahimə, hiss, həyəcan... Və bütün bunların içərisinə qarışan əlini açıb şəlaləni tutmaq istəyən Allah bəndəsinin sevincini... Görün bu harmoniyanın içərisində nə qədər söz var, nə qədər fikir var, nə qədər pıçıltı var. Dinləyə bildinizmi? Sizi deyə bilmərəm, mən elə indicə o səslərin, o pıçıltıların içərisində idim. O səslərin, pıçıltıların içərisində hardansa yadıma bir səs də məni öz dünyasına çəkib aparmaq üçün əl uzatdı.

 

Bu payız sevgimin taleyi küskün,

Dumanda yol azan durna kimiyik.

Qayıtmaq, görüşmək

müşküldən müşkül –

Biz oxundan çıxan dünya kimiyik.

 

Hə, mən də elə oxumdan çıxdım və üzü o payıza tərəf baş alıb yol tutdum. Sadəcə, mən qatarından qalmış durna kimi gedirəm. Səsimi özüm eşidirəm, sözümü özümə deyirəm və səsimi, sözümü payızın dumanına bükürəm. Düşünürəm ki, dumana bükdüyüm bu səs, bu söz günün birində bir şeh damlası kimi hansısa gülün yanağını oxşayar, hansısa çiçəyin qönçəsini sərinlədər və yaxud da hansısa arının bir udum suyuna sevrilər...

 

Yerlə göyün qovuşduğunu adama xatırladan bu qatı payız dumanında rəngləri seçmək bəlkə də çətindi. Amma yaxınlaşıb bütün diqqətimi cəm edəndə həm kövrək, həm də bir az adamın içində müəyyən telləri qıran, müəyyən hissləri dəli edən nöqtələri görmək, duymaq çox rahat olur. Təbii ki, əgər görmək istəsən.

 

Çünki görmək istəməyəndə heç gün işığı da köməyə çatmır. Ona görə də bax o görmək istəyəndə qaranlığın lap dibində də sən işığı tapa bilirsən. Mən də bax o qatı payız dumanın içində öz-özümə pıçıldadım ki:

 

Əllərimdən əlini üzmə

Yıxılsam ürəyim sınar...

 

Bilmirəm, eşitdin, yoxsa yox, heç soruşmağım da doğru olmaz. Amma doğrudan-doğruya eşitməyini çox

istəyirəm. İstəyirəm biləsən ki:

 

İtirdiklərimizdən əlimizi üzüb

İtirmədiklərimizi gəzirik...

 

Sən bunu bilsən, bu dumanın içində işini rahatca görəcəksən. Təkcə dumanı yox, həm də qaranlığı yaran işığı. Görüb biləcəksən ki:

 

Bu şəhər özgədi, qərib gəlmişik.

Dolanbac yollarda itib gəlmişik.

Bizə qismət qəhət heç bilməmişik –

Sonda duyan oldu, ay Qaragilə.

 

Hə, yadıma bir məqam da düşdü. Bu da elə həmin payızla, həmin o dumanla bağlıdı. Nə vaxtdı onu ürəyimdə gəzdirirəm. İndi gəlib çatdı deyilmək vaxtı. Onu da deyim, eşit. Yəqin xoşuna gələr. Axı sən kövrək notları dəyərləndirməyi bacarırsan. Bunu mənə çoxları nöqsan sayır. Amma neyləyim, nostalji hisslər, şirinli-acılı xatirələr, ən vacibi isə səninlə sənsiz qalmaq mənim kövrək duyğulardan, kövrək pıçıltılardan qaçıb qurtarmaq imkanımı əlimdən alıb. Elə həmin o kövrəkliyin bir payız çiçəyi:

 

Bu nə eşq sevdası, necə möcüzə

Fəslinmi yubanıb, ağlınmı çaşıb?

Şirin sözə möhtac qadın kimisən

İçin çiçəkləyib çölünə çıxıb.

 

Yəqin söhbətin nədən getdiyini bildin. Anladın ki, payız çiçəkləri həm də təəccüb doğurur. Ona görə həm də deyirəm ki, bəzən bu çiçəkləri ya vaxtsız sayırlar, ya baxtsız, ya da təbiətin möcüzəsi. Amma mən bunların heç birinə inanmıram. Çünki mən o çiçəklərlə danışanda onların gecikmiş bir arzunun özü olduğunu, illərlə ünvanına gəlib çatmayan bir məktubun bir cümləsi olduğunu eşidirəm, görürəm, duyuram və bütünlüklə inanıram ki, bu çiçək məhz payızda açmalı idi... üzü xəzana, üzü qüruba gedən bir ömrə ümid vermək üçün... bir quruyan ağaca vida nəğməsi oxumaq üçün. Lap olsun ərik ağacı:

 

Erkən gəldi, xəzan yaşın

Qoşa düşməz şeşə daşın.

Gördüm bəxtimdə savaşı,

Gözümlə, ərik ağacı.

 

Dərdə yaxa tanıtma gəl,

Fağırsansa, tapar əcəl.

Ölümü özün öldür gəl,

Dözümlə, ərik ağacı.

 

Hə, mən də elə bunu düşünürəm. Mən də elə bu fikirdəyəm və tam əminəm ki, dözümü, taqəti olan, sona kimi vuruşan hər kəs mütləq bir yerə gedib çatıb. Doğrudur, bəzən deyirlər ki, “qırxında öyrənən gorunda çalar”. Amma mən bu fikirlə razılaşmıram. Çünki ömrün hər anı yaşayan üçün qiymətlidi, dəyərlidi və onu mənalı etmək də insanın ən böyük vəzifəsindən biridi. Əgər həmin o atalar sözünü kimsə özünə bir həyat gerçəkliyi  kimi qəbul edirsə, bu onun psixoloji durumunun ürəkaçan olmadığından xəbər verir. Ona görə də bu məqamın üstündən elə bil payız dumanı içində ötüb keçmək mənim üçün, yəqin elə sənin üçün də daha uyğun olar. Keçib getdikcə də quruyan ərik ağacının mütləq göyərəcəyinə. Mütləq çiçək açacağına bir ümidi də özümüzlə birlikdə təkcə aparmayaq.  Onu həm də keçib gəldiyimiz yol boyu bir toxum kimi əkək və inanaq ki, onlar mütləq göyrəcək. Axı:

 

Min qınaq bir borcu ödəyə bilməz,

Ölənə, itənə çatmaq da çətin.

Yolu tək, ümidi qeyb olanlara,

Mənim qollarımı körpü eləyin.

 

Doğrudan da ümid körpüsü olmaq və bu körpünü hamının üzünə açmaq, özü   təmənnasız xidmətdə

durmaq çox gözəldi. Mən hələ bunun savab tərəfini demirəm, yazmıram. Sadəcə onun maddi, mənəvi çalarlarını xatırladıram, yəni ona işarə edirəm. Və bu işarədən də yəqin, siz də anlayacaqsınız, biləcəksiniz :

 

Biz varlı deyildik, qibtə yeriydik,

Dövlət qamarlayıb pul yığanlara.

Bu evdə heç nəyin olmayan vaxtı,

Sevgi paylayardıq pay umanlara.

 

Və elə bu yerdəcə mütləq xatırlatmaq lazımdır ki:

 

Sən bildin, mən bildim, bir də dörd divar,

Başqası duymasın dərdimiz nədir.

Yarıya böldüyün papirosların,

Kül yeri, köz yeri ürəyimdədir.

 

Məncə bu notlar payızın bütün gözəlliyini oxumağa, görməyə mütləq stimul verəcək... mütləq səni də mənim kimi havalandıracaq. Üzü göylərə yol alıb getmək, ulduzlar aləmində özünə bir balaca dayanacaq keçəcək könlümdən . Axı, ulduzların işığı yerə çox gec gəlib çatır. Sən də o ulduzun işığının gec gəlməsinə, insanlara gec görünməsinə  bir az təəssüflənəcəksən. Amma nahaq. Təəssüf etmə. Necə deyərlər, “gec gələn güc gələr” deyiblər. Qoy gec də olsa  gəlsin. Gəlib bu misraları dinləsin:

 

Bu da bir fürsətdi ələ düşməyən,

Sözlərin mələklər göydən gətirən.

Min ildi heç kimə söylənilməyən,

Gəl, sənə bir həzin şeir oxuyum.

 

Bax, buna varam. Bu çağırış başdan-başa ümiddi. İstəyirəm qışqıram ki, “yaşasın ümid!”. Amma qışqırmıram. Çünki bu payızın bu qatı dumanında əvvəldə dediyim kimi, işığı da, ümidi də görmək istəyən mənim səsimə, mənim qışqırtıma həsrət deyil, ona tamarzı deyil, onu axtarmır. Əksinə, mən qışqırsam bəlkə də gülüş doğurar və mən də bu yersiz hərəkətimdən pərt olaram. Odur ki, başımı aşağı salıb şairlərdən birinin dediyi kimi, bir kənd uşağı kimi öz yolumla getməyə üstünlük verirəm. Bu yolun yağışı da var, qarı da var, dağı-dərəsi də, çətinlikləri  , sevinci də. Ona görə də darıxmağa, sıxılmağa, yorulmağa imkan vermir və mən də gedirəm – Bağdada ümid aparan duran kimi.

 

Ürəyim Bağdad günündə,

talehiniz, ruziniz

ilan əlində.

Dözün, durnalar gəlincə,

durnalar ümid gətirir uzaqdan,

dözün,

başınıza dönüm!

 

Elə mən də bax onu demək istəyirdim, necə ki də dedim. Dedim ki, dözün və bilin ki, dözənlər qaliblərdi. Hətta payızı sevməsələr də. Amma qərib payızın mənzərəsini inanmıram ki, kimsə sevməsin. Axı bu qərib payız bir tablodu  qarşında dayan və sükuta dal. Dağı arana apar, aranı dağa. Dayanmadan çək bu yükü. Çək ki, nələr çəkdiyini, nələrdən keçdiyini bir də son damlasına, son nöqtəsinə qədər yaşaya biləsən:

 

Bu necə payızdı, bu necə Allah,

Budaqda saralan min ümid ölür.

Yarpaq qırğınına azğın küləklər,

Bilmirsən ağlayır, bilmirsən gülür!

 

... Mənim dərdlərimə qoşulu yenə,

Dünyanın minlərlə durna qatarı.

Mən nəyə gəlmişdim, kimləri tapdım,

Ruhumun günəşli dost adamları.

 

Hə, axır ki, bu payız notunun sonuncu nöqtəsinə hələlik gəlib çatıram. Ona görə hələlik deyirəm ki, həm yaşımın, həm də iç dünyamın payız fəsli  mənimlə qol-boyundu. Və mən bu payızın hələ neçə dumanı, çəni ələkdən keçirəcəyini bilmirəm. Amma bircə onu bilirəm ki, bir görüş yeri var – lap qədim, lap köhnə görüş yeri. O da bizim ürəyimizdi. İmkanın olsa, o görüş yerinə baş çək, o görüş yerinə dəy. Payızdan qorxma. Xatirələrin təzələnəndə payızın qorxusu canından çıxacaq. Biləcəksən ki:

 

Zaman xəbərsiz ötüb

Qalan xatirələrdir.

Başımda çətir – yarpaq

Ayağımda inlədi.

 

Bəli, bu payız, daha doğrusu, bu yazının yazıldığı dumanlı payız günü ola bilsin ki, kiminsə gözünə görünmədi. Yəni yatıb yuxuya qalanlar oldu və Bakını bürüyən bu dumanı görmədi. Ancaq mən bu dumanın içində bu misraları dinləyəndə içim o qədər rahat idi ki... Ona görə ki, mən işıq toplayırdım!..

P.S. Yazımdakı bütün şeir parçalarının, misraların müəllifi dəyərli Sona xanım Vəliyevadı. Ürəyinə, qələminə qüvvət.

 

Əbülfət MƏDƏTOĞLU

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.20.