Akademik İsa Həbibbəylinin yaradıcılıq dünyası

 

 

Azərbaycan ədəbi mühitində ədəbiyyatşünaslıq elmimizin səmimi fədailərindən olan Əziz Mirəhmədov akademik İsa Həbibbəylinin kitablarından birinə yazdığı “Ağsaqqal nəsillərin davamçısı” adlı giriş sözündə deyir: “Yaşımızdakı böyük fərqə baxmayaraq, professor İsa Həbibbəylini təkcə həmkarım kimi yox, dünənki və bugünkü ağsaqqal nəsillərin fəal və layiqli davamçısı sayır, onu ürəkdən, candan salamlayıb alqışlayıram”. Ədəbi-elmi mühit çox yaxşı bilir ki, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov heç vaxt havayı söz deyən olmayıb. Sözünə sahib bu böyük alim İsa Həbibbəylini “Hazırda Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas yükünü çəkən, ciddi qayğıları ilə yaşayan aparıcı nümayəndələrindən biri” hesab edir. İsa Həbibbəylinin yaradıcılıq dünyasına bələd olan hər kəs böyük alim Əziz Mirəhmədovun bu fikirlərinin altından öz imzasını ata bilər.

Ədəbi yaradıcılıq yolu o qədər hamar olmayan, bütün elmi titullarını öz titanik fəaliyyətilə heç kimə minnət qoymadan yalnız özü qazanan İsa müəllim bu gün hər cür qiymətə layiq bir alimdir. Ömrünün xeyli hissəsini dövlət və ictimai işlərə sərf edən alimin çox məhsuldar elmi fəaliyyəti var. Onun yaradıcılıq dünyasını əks etdirən faktlara diqqət edək: İsa Həbibbəyli 15-dən çox monoqrafiyanın, 40-dan çox müxtəlif səpkili broşür-kitabların, 10 biblioqrafiyanın, 15-ə yaxın tərtib etdiyi kitabın, 400-dən çox elmi məqalənin, 40-dan çox redaktə etdiyi və rəy verdiyi kitabın müəllifidir. Neçə-neçə namizədlik və doktorluq dissertasiyasına rəhbərlik, opponentlik faktları onun fəaliyyətinin nə qədər geniş əhatəli olduğunu sübut edir.

İsa Həbibbəyli həmişə işlənməmiş sahələrə, birsıra hallarda onun ədəbi kəşfi hesab edilən faktlara müraciəti ilə ədəbiyyatşünaslıq tariximizdə əbədi yadda qalacaq tədqiqat işləri görmüşdür. Onun tədqiqatları postsovet respublika və şəhərlərinin,  Türkiyənin, İranın, Ermənistanın arxivlərindən alınmış tamamilə yeni yanaşma kimi, ədəbi kəşf kimi qəbul edilən faktlarla zəngindir. Mübaliğəsiz demək olar ki, alimin təkcə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri monoqrafiyası arxiv materiallarının zənginliyi və arxivlərin bolluğu ilə müqayisə olunmaz bir əsərdir. Əlbəttə, C. Məmmədquluzadə irsi müxtəlif istedadlı alimlər tərəfindən xeyli dərəcədə araşdırılmışdır. Lakin İsa Həbibbəylinin Mirzə Cəlil yaradıcılığına orijinal, yeni tapıntılarla dolu bir tədqiqat fəaliyyəti var. Bu fəaliyyət ətrafında onun Mirzə Cəlilin bədii və publisist dünyasına məhəbbət dolu ürəyi döyünür.

İsa Həbibbəyli “Cəlil Məmmədquluzudə: mühiti və  müasirləri” monoqrafiyası ilə bu böyük ədibə həsr olunmuş çoxsaylı əsərlərin həqiqi qiymətini verir, səviyyəli polemika mədəniyyəti ilə bu sahədə özünü göstərən mübahisəli məsələlərə aydınlıq gətirir və ən əsası isə Mirzə Cəlil mühitini, bu mühitin ədəbi dünyasını birər-birər yeni nəsil oxucuya təqdim edir. Əziz Mirəhmədovun da dəqiq qeyd etdiyi kimi, İsa müəllim son vaxtlar Azərbaycan ədəbi mühitinin Nəriman Nərimanov, Məhəmməd Tağı-Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Araz və s. kimi neçə-neçə böyük simalarını tamamilə yeni rakursda tədqiq etmiş və ayrı-ayrı nəşrlərdə bizə çatdırmışdır. Onun “XX əsr Azərbaycan yazıçıları”, “Ustad Məhəmmədhüseyn Şəhriyar”, “Şəhriyar dünyası”, “Ədəbi-tarixi yaddaş və müasirlik” kimi kitabları ədəbiyyat tariximizin konkret dövrü, ədəbi mərhələləri, ədəbi şəxsiyyətləri barədə dəqiq və səriştəli təhlilləri ilə qiymətlidir. Biz bu yerdə həmin kitablardan biri – “Ədəbi –tarixi yaddaş və müasirlik” əsərinin üzərində bir az artıq dayanmaq istərdik. Kitabın anonsunda da deyildiyi kimi, əsər Əməkdar Elm xadimi, akademik İsa Həbibbəylinin müxtəlif illərdə yazdığı elmi əsərlərini əhatə edir. Kitaba diqqətlə yanaşdıqda alimin polifonik ədəbi fəaliyyəti adamı heyran qoyur. Böyük həcmdə – yəni 43 çap vərəqi həcmində olan bu kitabda ədəbiyyatşünas alim klassik ədəbiyyatımızın, zəngin folklorumuzun, müasir ədəbi-bədii mühitimizin, ədəbiyyat nəzəriyyəsinin və bir çox digər məsələlərin elmi mənzərəsini yaratmışdır. Kitaba toplanmış elmi-nəzəri, tədqiqat əsərləri həm də tərtibatı və quruluşu ilə maraqlı bir komposiziya təşkil edir. İlk növbədə alimin folklorşünaslıqla bağlı tədqiqatları, kitabda yer alır. Burada “Kitabi-Dədə Qorqud” dastanlarında Naxçıvan faktı və s. kimi məsələlərdən bəhs edilir.

Müəllif Qorqudşünas alimlərin təkcə Azərbaycanda  deyil, habelə Türkiyədə aparılan tədqiqatları barədə söhbət açır. Müəllifin “oğuz türkcəsinin misilsiz xəzinəsi” hesab etdiyi “Kitabi-Dədə Qorqud” dastanlarında Ermənistan ərazilərinə dair toponimlərin öyrənilməsini Qorqudşünaslığın “ana vəzifələrindən biri” sayması da mühüm bir elmi yanaşma kimi maraqlıdır. Bu yanaşmanın reallaşmasının ermənilərin uydurma tarixinin uydurma olduğunu sübuta yetirəcək faktlar sırasında önəmli rol oynayacağı şübhəsizdir. “Dədə Qorqud” dastanlarındakı bir sıra toponimlərin Naxçıvan ərazisinə aid olmasının faktlarla sübutu da bu tədqiqatın mühüm cəhətlərindən biridir.

“Ədəbi-tarixi yaddaş və müasirlik” əsərinin mühüm bir qolu klassik ədəbiyyatın təhlilinə həsr edilib. Bu bölmənin təkcə sərlövhələri qoyulan məsələlərin nə qədər qiymətli olduğunu sübut edir. Klassik ədəbiyyatımızın ümumi portretini yaradan bu yerdə Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Mirzə Ələkbər Sabir, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Abbas Səhhət, Mir Cəlal, Məhəmmədhüseyn Şəhriyar kimi ədəbiyyat korifeylərinin yaradıcılığı bir neçə istiqamətdən təhlil olunur. Maraqlı cəhət orasındadır ki, bu təhlillər elmi üslubla publisistik üslubun uyarlığında aparılaraq təkcə elmi dairənin deyil, həm də adi oxucunun belə onlardan yararlanmasına imkan verir. Bu əsərlərin hamısında ədəbi şəxsiyyətlərin əsərlərindəki əsas motivlər – Vətən sevgisi, millət dərdi, milli-azadlıq ideyaları və üstəgəl bütün bunların sənətkarlıq ölçüləri ətrafında geniş söhbət gedir. Ədəbi nəsillərin davamı, məktəblərin yaşadılması ənənələri alimin əsərlərinin ortaya qoyduğu əsas məsələlərdəndir. Müəllif, məsələn, XX əsrin böyük sənətkar-yazıçısı Mir Cəlal yaradıcılığı ətrafındakı təhlillərindən birində deyir: “Ədibin bədii yaradıcılığı Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ənənələrinin yeni tarixi şəraitdəki davamı kimi səslənir”. Bu müddəada böyük bir həqiqət var, həm də ona görə ki, Mir Cəlal istər bədii yaradıcılığında, istərsə də elmi tədqiqatlarında ədəbi məktəblərə söykənir və təsadüfi deyil ki, özünün fundamental əsərlərindən birini elə “Ədəbi məktəblər” adlandırır. Unudulmaz yazıçı və ədəbiyyatşünas Mir Cəlal müəllim “Ədəbi məktəblər” əsərinin elə “Müqəddimə” hissəsindəcə yazır: “Haqlı olaraq yeni dövrün Azərbaycan ədəbiyyatını böyük ədibin adı ilə “Molla Nəsrəddin dövrü” ədəbiyyatı adlandırırlar. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə) – bu adın özü maarifçi – demokrat ədəbiyyatımıza sima və sifət verən bir simvol olmuşdur. Bu ad çəkildimi, ədəbi siyasi ideyalar çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur”. Mir Cəlal eyni qiyməti Əbdürrəhim bəy Haqverdiyevə də vermiş, onun da bədii yaradıcılığını, mübariz həyat yolunu məktəb kimi səciyyələndirmişdir. Bu mənada Mir Cəlal özü qiymət verdiyi həmin məktəbin nümayəndəsidirsə, İsa Həbibbəyli də ədəbiyyatşünaslıqda Mir Cəlal məktəbinin layiqli nümayəndəsi hesab olunmalıdır.

İsa Həbibbəyli həm xaraktercə, həm də elmi yaradıcılıq konteksində Vətən, vətəndaşlıq qayğıları ilə yaşayan və fəaliyyət göstərən alimdir. Diqqətlə yanaşdıqda aydın hiss olunur ki, onun öz tədqiqatlarına və təhlillərinə seçdiyi ədəbi-tarixi şəxsiyyətlərin hamısının yaradıcılığında Azərbaycan və azərbaycançılıq motivləri əsas yer tutur. Akademikin çağdaş ədəbi simalardan seçimləri də bu keyfiyyəti özündə daşıyan şəxsiyyətlərdir. Çağdaş ədəbiyyatımızın ustad nümayəndələrindən olan Anar, Məmməd Araz, Elçin, Hüseyn İbrahimov, Yusif və Vaqif Səmədoğlular, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub...  Bu yazıçı və şairlərin hər biri haqqında İsa Həbibbəylinin mükəmməl məqaləsi var və o məqalələr həsr olunduğu ədəbi şəxsiyyəti mümkün qədər bütöv şəkildə təqdim edir. Yenə də təkrar edirik ki, bu təhlil – təqdimatların hamısında vətənpərvərlik motivləri ön sırada dayanır.

Akademikin sənətə və sənətkara elmi baxışları klassik ədəbiyyatşünas alimlərimizin baxışları ilə üst-üstə düşür. Lakin bu üst-üstə düşmək keyfiyyəti daha çox ideallara və ideyalara  bağlıdır. Axtarışlar, tapıntılar və bu axtarışların nəticələrinin ifadə tərzi İsa Həbibbəylidə tamamilə yeni və orijinal olur. Alimin “Azərbaycan elmində Məmməd Cəfər məktəbi” məqaləsi ədəbi mühitimizdə və universitet mentalında  hər kəsin məhəbbət və hörmətlə xatırladığı bu adamın elmi-nəzəri fikirləri yer almışdır. İsa müəllim bu məqalədə qarşıya qoyduğu əsas məqsədi – Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslıq elmimizdə özünəməxsus məktəb yaratması ideyası aydın və təkzibolunmaz faktlarla sübuta yetirilir. Yaxud, yaşlı nəslin həm böyük ədəbiyyatşünas kimi, həm də cəsarətli bir istiqlal vətəndaşı kimi tanıdığı Abbas Zamanovun fəaliyyəti İsa Həbibbəylinin bu şəxsiyyətə məhəbbət dolu məqaləsində xüsusi detallarla oxucuya təqdim olunur. Eləcə də, “yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı” Əziz Mirəhmədov, fundamental əsərləri ilə yaddaşlarda qalan Bəkir Nəbiyev, Kamran Dadaşov, ədəbi-tənqidi görüşləri və təkrarolunmaz elmi-publisistik üslubu ilə sağlığında belə canlı klassikə dönmüş Yaşar Qarayev, bizim müasirimiz Nizami Cəfərov, Vaqif Yusifli və s. alimlər haqqında məqalələri ədəbiyyatşünaslıq və tənqid sahəsinin müasir mənzərəsini yaradır.

İsa Həbibbəyli tənqidçi və ədəbiyyatşünasların portretlərini maraqlı oçerklərdə təsvir etmişdir. Bu portret – oçerklərdə müəllif bəzən bir cümlədə bütöv bir alim obrazı yaradır. Dostumuz , istedadlı tənqidçi, publisist Nizami Cəfərovun portret cizgilərindən bircə misala diqqət edək: “Nizami Cəfərovu bir elm adamı kimi səciyyələndirən xüsusiyyətlərin sırasında geniş elmi dünyagörüş, orijinallıq, hadisə və faktlara mütəfəkkircəsinə baxış, yüksək nitq mədəniyyəti ilə yanaşı, həm də bənzərsiz üslub, özünəməxsus yazı tərzi üstünlük qazanır”. Qeyd etdiyimiz kimi, cəmi bircə sətirdə oxucu ən azı televiziyada, müxtəlif elmi konfranslarda, nəhayət, kitablarında və çoxsaylı məqalələrində gördüyü Nizami Cəfərovu daha yaxından tanımalı olur.

Akademik İsa Həbibbəyli söz sənətinin ən mürəkkəb sahələrindən olan ədəbiyyat nəzəriyyəsinin problemləri ilə lap cavan vaxtlarından məşğuldur. Onun ədəbiyyatın  elmi izahına özünəməxsus tərifi, ədəbiyyatşünaslıq elminin şöbələrinə yeni baxışı, ayrı-ayrı bədii janrlar barədə maraqlı məqalələri çox ciddi elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir. Ədəbiyyatşünaslıqda bəzən “böyük” janrların ətrafında çoxsaylı tədqiqatlar aparılır, “kiçik” janrlar isə kölgədə qalır. İsa müəllim üçün janrın böyüyü, kiçiyi yoxdur, janrlar onun nəzərində ancaq praktik yaradıcılıqdakı mahiyyətinə görə qiymətlidir. Bu mənada da İsa Həbibbəyli ədəbiyyatşünaslığımızda Mir Cəlal məktəbinin davamçısı kimi fəaliyyət göstərir. “Azərbaycan şeirində himn və marş”, “Kiçik hekayə janrı-novella”, “Dialoq haqqında monoloq” kimi məqalələr gənc ədəbi nəslin yaradıcılıq fəaliyyətinə çox kömək edə bilər.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi mühitini dünya ədəbi cərəyanları ilə müqayisədə təhlil edən geniş diapazonlu alimlərimizdəndir. Bu istiqamətdə Yaşar Qarayev, Cəfər Cəfərov üslubuna bənzər bir şəkildə ortaya çıxan məqalələri ilə həm də özünün erudisiyasını, məlumatlılıq səviyyəsini bildirmiş olur. Onun Azərbaycan maarifçi ədəbiyyatının A.S.Puşkinlə bağlı faktları təhlilə cəlb etməsi, Azərbaycan ədəbi çevrəsinin Hemunquey yaradıcılığına marağı, bir sıra ölkələrin ədəbi cərəyanları və bizim bədii söz dünyamız kimi önəmli məsələlərə elmi yanaşmaları günümüz üçün ciddi əhəmiyyət kəsb edən faktlardır.

Yuxarıda qeyd etdik ki, İsa Həbibbəylinin elmi yaradıcılığı polifonik mahiyyət kəsb edir. O, Azərbaycan elmi və bütövlükdə Azərbaycan cəmiyyəti üçün ictimai maraq kəsb edən elmi hadisələrə biganə qala bilmir. Ümumiyyətlə, cəmiyyətdə, yaşadığı mühitdə alim statusunu təkcə rəsmi diplomlarla deyil, həm də zamanın və toplumun qiymətində qazanmış hər kəs ictimai maraq deyilən bir fakta etinasız qala bilmir.

Azərbaycan klassik alim mühitindəki insanların əksəriyyəti millətin ictimai maraq dairəsində olan hadisələri təhlil etmək, qiymətləndirmək mövqeyində olmuşdur. Bu məktəbə, bu keyfiyyətə yaxşı bələd olan İsa Həbibbəyli alim adını həm də ictimai maraq kəsb edən hadisə və şəxsiyyətlərə diqqəti ilə qazanmışdır.

İsa Həbibbəyli və mətbuat ayrıca bir mövzudur. Alimin təkcə Cəlil Məmmədquluzadənin mühiti və müasirləri ilə bağlı genişmiqyaslı tədqiqatı klassik jurnalistikamız və onun korifeyləri haqqında çox dolğun informasiyalar verir. Klassik mətbuatımıza vətəndaşlıq sevgisi alimin müasir media sisteminin bütün tipoloji qollarına elmi-praktik marağına əsas vermişdir. Bu günkü qəzet və jurnallarımız, telekanallarımız İsa Həbibbəylini Milli Elmlər Akademiyasında xarizmatik bir informasiya mənbəyi kimi qəbul edir, ona güvənir.

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, akademik, neçə-neçə yaradıcılıq ödüllərinin sahibi İsa Həbibbəylinin 65 yaşı tamam olur. 65 yaş alim ömrünün ən məhsuldar, ən fəal dönəmidir. Xalqa, millətə, dövlətə və dövlətçiliyə, Azərbaycana və azərbaycançılığa, ədəbiyyatşünaslıq elmimizə bundan sonra da məhsuldar xidməti üçün Tanrıdan İsa müəllimə uzun ömür arzusu ilə:

Şamil Vəliyev, BDU Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor;

 

Cahangir Məmmədli, BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.16.