Yazıçılar Birliyində türkoloq-alim Əkbər Babayev yad edilib

 

Oktyabrın 17-i Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda türkoloq-alim Əkbər Babayevin 90 illiyi qeyd edilib.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Əkbər Babayevin həyat yaradıcılığından, onun Azərbaycan ümumilikdə türk ədəbiyyatı üçün gördüyü işlərdən danışıb:

Əkbər Babayev Moskvada yaşasa da, bütün qəlbilə Azərbaycana, Azərbaycan ədəbiyyatına bağlı olub. Əkbər Babayevin adı türk ədəbiyyatından ayrılmazdır. Xüsusilə Nazim Hikmət yaradıcılığı, dühası ilə əlaqədar qiymətli əsərlərin müəllifidir. Bundan başqa o, Nazim Hikmətlə çox yaxın dostluq əlaqələri saxlayıb. Hətta Bakıya da bir yerdə gəlirdilər. Nazim Hikmət vəfat edəndən sonra Əkbər Babayevin işlətdiyi bir ifadə heç vaxt yadımdan çıxmır: Nazimdən sonra biz yetim qaldıq, biz Nazim Hikmətin yetimləriyik.

Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının rəhbəri, türkoloq Tofiq Məlikli çıxışında Əkbər Babayevlə bağlı xatirələrini bölüşüb, onu Nazim Hikmət yaradıcılığının əvəzsiz tədqiqatçısı adlandırıb:

Əkbər müəllimin fəaliyyəti ədəbi baxımdan çox qiymətlidir. Nazim Hikmətin səkkiz cildlik əsərlərini toplamaqla ədəbiyyata əvəzsiz töhfə verib. Onun bütün dünyada tanınmasında, Türkiyədə Nazim Hikmət yaradıcılığının öyrənilməsində bu toplunun rolu danılmazdır.

Əkbər Babayevin yüksək insani keyfiyyətləri barədə danışan T.Məlikli onun heç vaxt unudulmayacağını, Nazim Hikmət şeiriyyatı durduqca xatırlanacağını qeyd edib.

Əkbər Babayevin qardaşı qızı Günəş Babayeva onun bir filoloq alim, Nazim Hikmət yaradıcılığının tədqiqçisi kimi xatırlandığını bildirib. G.Babayeva əmisinin insani keyfiyyətlərindən danışıb:

Əmim rəhmətə gedəndə yaşımız çox deyildi. Buna baxmayaraq, onun bizim layiqli vətəndaş kimi yetişməyimizdə əməyi böyük olub. Həmişə çalışıb ki, biz elmli, geniş dünyagörüşünə malik bir insan olaq. O, rəhmətə gedəndən sonra biz çalışdıq ki, Əkbər Babayev unudulmasın. Gəncədə evi yerləşən küçəyə onun adı verildi, yaşadığı mənzilin qarşısında barelyefi asıldı. İndi mütəmadi olaraq yerli kanallarda haqqında verilişlər hazırlanır. Bu ilin əvvəlində Türkiyədə olanda İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Nazim Hikmət klubunun prezidenti ilə görüşdük. Söhbət əsnasında məlum oldu ki, Türkiyədə Nazim Hikmətin Moskvada yaşadığı dövr haqqında az şey bilirlər. Bildiklərinin çox hissəsi yanlışdır. Hər il Türkiyədə keçirilən Nazim Hikmət günlərinə biz dəvət edildik. Gələn il keçiriləcək tədbir Əkbər Babayevə həsr ediləcək. Orada mümkün qədər Nazim Hikmətin Moskvadakı həyatı Əkbər Babayev haqqında məlumat verməyə çalışacağıq.

Şair Ramiz Rövşən Əkbər Babayevlə şəxsən tanış olmadığını təəssüf hissilə qeyd edib.

Bildirib ki, Əkbər Babayev türk ədəbiyyatını dünyaya tanıtmaq kimi şərəfli bir işin öhdəsindən layiqincə gəlib. Nazim Hikmətin Türkiyənin özündə tanınmağında yaxından iştirak edib.

Türkoloq Aqşin Babayev alimin həyatındakı Nazim Hikmətlə bağlı bəzi nüanslara toxunub:

Əkrəm Babayevlə Nazim Hikməti təkcə ədəbi deyil, həm dost münasibətləri birləşdirirdi. Nazim Hikmət ona öz oğlu kimi bağlanmışdı. Hətta bir kitabı üçün Məni mənə xatırladana avtoqrafıyla Əkrəm Babayevə hədiyyə etmişdi.

Tədbirin sonunda Xalq yazıçısı Anar qeyd edib ki, Əkbər Babayevlə bağlı xatirələr kitabının çapını Yazıçılar Birliyi öz üzərinə götürür.

Cavid ŞÜKÜROV

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.11.