Bir addım öndə...
Alxan Məmmədovu
(Bayramoğlu) çoxdan - tələbəlik illərindən
tanıyıram, yəni yetmişinci illərdən; o zaman da,
bütün dövrlərdə olduğu kimi, gənclik
özünün gələcəyini qurmaq üçün
yeni istiqamətlər, ictimai proseslər, münbit fəaliyyət sferası
axtarışında idi.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya
fakültəsində oxuyan tələbələr içərisində
Alxan həmişə özünün davranışı,
dünyagörüşü, ictimai fəallığı,
savadı ilə fərqlənirdi. Sanki o bu İnstituta
yad deyildi, hamını tanıyırdı, müəllimlərlə
də yaxın münasibətləri vardı. Ola bilsin ki, bu onun tələbə
yoldaşlarının əksəriyyətindən bir 1-2
yaş böyük olması, yaxud ictimai fəallığı
ilə bağlı idi, o, gərək ki, fakultədə
hansısa bir ictimai vəzifə də
daşıyırdı. Sovet dövründə
təhsildə belə fəallar və qabaqcıllar olurdu.
Ancaq başqalarından fərqli olaraq onun ictimai vəzifəsi
yaxşı oxumağına mane olmurdu, yəni Alxan özünün ictimai vəzifəsindən
sui-istifadə etmirdi, əksinə
yüksək təhsili ilə müəllimlərin
sevimlisinə çevrilmişdi. O vaxtlar XX yüzil Azərbaycan
ədəbiyyatından bizə mühazirələr oxuyan
professor Məmməd Məmmədovun onun əmisi olması
haqqında tələbələr arasında söhbətlər
gəzirdi, bəlkə bu da Alxanın özünü
İnstitutda aparmasına, yaxşı oxumasına, tələbə
elmi cəmiyyətinə çox tez qoşulmasına, eləcə
də elmi işə maraq göstərməsinə nədən
olmuşdu. Tələbələrin obyektiv, tələbkar və
savadlı müəllim kimi tanıdığı professor M.Məmmədovun
Alxana öncə bir tələbə, sonra bir alim kimi təsiri
az olmamışdı. Alxanın
gələcəkdə tədqiqat obyektinin XX yüzil ədəbiyyatımızın
görkəmli nümayəndəsi M.Ə.Sabirin
yaradıcılığı və mühiti təşkil etməsi
də təsadüfi deyildi. Bütün bunlar Alxanın
İnstitutda müəllimlər və tələbə
yoldaşları arasında nüfuzunu müəyyənləşdirən
amillərdən idi...
Bir
müddət təyinatla Şamaxıda müəllimlik edən
Alxanın elm yolunu seçib aspiranturaya daxil olması oradan
birdəfəlik çıxıb mərkəzə gəlməsinə
imkan verdi. Ancaq deməzdim ki,
Alxan məhz bu məqsədlə çətin və məşəqqətli
elm yolunu seçmişdir, o, harda olur-olsun, gəncliyində
onda boy verən elmi təfəkkürünü, təbiətən
araşdırmaçılıq qabiliyyətini nə zamansa
biruzə verməli idi. Elə də oldu... Cəmi bir
neçə ildən sonra Alxanı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında gördük. O zaman mən artıq
istehsalatdan ayrılmamaqla İnstitutun qiyabi aspirantı idim. Səhv
etmirəmsə, APİ-nin filologiya fakultəsinin1977-ci il buraxılışından istehsalatdan
ayrılmaqla elmi həyata ilk qədəm qoyan da Alxan oldu...
80-ci illərin
əvvəllərində aspiranturaya daxil olan Alxanın
xoşbəxtliyi orasında oldu ki, dövrün görkəmli
alimləri və şəxsiyyətləri İsmayıl
Şıxlı, Əbdüləzəl Dəmirçizadə,
Feyzulla Qasımzadə, Fərhad Fərhadov, Azər
Hüseynov, Afat Qurbanov, Məmməd Məmmədov, Xeyrulla Məmmədov,
Qəzənfər Kazımovdan aldığı dərsləri
və elmi təcrübəni respublika ədəbiyyatşünaslığının
mərkəzi hesab olunan Nizami adına Ədəbiyyat
İnstitutunda Məmmədcəfər Cəfərov, Əziz
Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov,
Yaşar Qarayev, Qasım Qasımzadə, Mirəli Seyidov,
Əkbər Ağayev, Əflatun Saraclı ilə davam etdirdi. Və burasını da mütləq qeyd etmək lazım
gəlir ki, bu gün professor adını layiqincə
daşıyan Alxan Məmmədovun elmi uğurlarında onun
atdığı ilk addımlar önəmli rol oynadı.
Xüsusilə AMEA-nın müxbir üzvü görkəmli
alim Əziz Mirəhmədovun Alxanın fəlsəfə
doktorluğu üzrə tədqiqat işinə elmi rəhbər
olması, mənə belə gəlir ki, təkcə onun bir
alim kimi formalaşmasında deyil, elmi tədqiqat sahəsinin də
müəyyənləşməsində rol oynadı. Çünki Alxanın ilk və sonrakı tədqiqatları
ədəbiyyat tarixçiliyi, mətnşünaslıq və
faktoloji araşdırmalar istiqamətində davam etdi. Bu o zaman idi ki, mətnşünaslıq və
faktoloji araşdırmalara meyl zəifləməkdə,
özünün tənəzzül dövrünü
yaşamaqdaydı. Halbuki aradan qırx il
keçməsinə rəğmən bugünün
özündə də ədəbiyyatşünaslığımızın
ayrı-ayrı dövrləri ilə bağlı ədəbiyyat
tarixçiliyi üzrə araşdırmalar öz əhəmiyyətini
itirməyib. Hətta ədəbiyyatşünaslığımızın
iki böyük siması - Qulam Məmmədli və Abbas
Zamanovun bu sahədə apardığı
araşdırmaların miqyasını və əhəmiyyətini
gördükdə Alxanın böyük bir missiyanın
yorulmadan təkbaşına həyata keçirməsinin və
bu böyük ədəbiyyatşünasların yolunu
uğurla davam etdirməsinin şahidi oluruq. Onun ilk elmi tədiqat işinin Mirzə Ələkbər
Sabirin yaradıcılığı ilə bağlı
olması Sabirşünaslığın yeni mərhələsinin
statusunu müəyyənləşdirmiş oldu. Nədənki A.Məmmədovun
yaradıcılığına yaxşı bələd
olduğu professor M.Məmmədov və elmi rəhbəri
Ə.Mirəhmədov şairin
yaradıcılığının fundamental
araşdırıcıları kimi artıq öz
sözünü demiş, demək olar ki,
"daşını daş üstə
qoymamışdılar". Yadımdadır
ki, bizim tələbəlik illərində hətta
M.Ə.Sabirin yaradıcılığı ilə bağlı
bu iki alimin və professor Xeyrulla Məmmədovun mətbuatda
mübahisələri də düşürdü. Hətta elmi kuluarlarda gəzən söhbətlərə
görə bu mübahisələr onların münasibətlərində
bir soyuqluq da yaratmışdı (bu soyuqluğu bilən Alxan
da siyasət işlədərək bir müddət elmi rəhbərindən
M.Məmmədovun qohumu olduğunu gizli saxlamışdı).
Bu cür görkəmli alimlərin fundamental
araşdırmalarından sonra M.Ə.Sabir
yaradıcılığına müraciət etmək və
elmi qənaətlərə gəlmək tədqiqatçıdan
cəsarətlə yanaşı, həm də gərgin zəhmət,
yorulmaz iş və istedad tələb edirdi.
Alxan Məmmədov elmi həyata çox tez
alışdı; gərgin yaradıcılıq
axtarışları apardı, yeni faktlar aşkara
çıxardı, məqalələr yazdı və göstərdi
ki, bu böyük satirikin əsərlərinin nəşri
tarixi, mənbəşünaslıq və mətnşünaslıq
istiqamətində araşdırmalara hər zaman olduğu
kimi, bu gün də kəskin ehtiyac vardır. M.Ə.Sabirin
elmi tərcümeyi-halının yazılması ilk dəfə
A.Məmmədovun tədqiqatları sayəsində
mümkün olmuşdur. "Mirzə
Ələkbər Sabirin elmi tərcümeyi-halı"
mövzusunda namizədlik dissertasiyası müdafiə edən
A.Məmmədov təkcə bu mövzu ilə kifayətlənmədi,
bütövlükdə XX yüzilin əvvəlləri Azərbaycan
ədəbiyyatının problemlərinin
araşdırılmasında görkəmli ədəbiyyatşünasların
yolunu uğurla davam etdirdi. Namizədlik disertasiyası
müdafiəsinə qədər Alxanın 50-dən çox
məqaləsi dərc olunmuşdu. Halbuki
anoloji hallarda digər tədqiqatçıların 6-8, ən
çox 10 məqaləsi dərc olunurdu. Məhz
bu məqalələr sayəsində M.Ə.Sabirin həyatı
və şəxsiyyəti ilə bağlı gerçəklikləri
öyrənmək mümkün olmuş, elmi mühitdə
Sabirin yeni şair obrazı yaranmışdı. Sonralar o, tədqiqatlarının əhatə dairəsini
daha da genişləndirərək "Şamaxı ədəbi
mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)"
mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Bu tədqiqatı ilə o, ədəbiyyatımızın
regional aspektdə tədqiqinin əsasını qoymaqla kifayətlənmədi,
həm də bu cür tədqiqatların elmi-nəzəri
konsepsiyasını işləyib hazırladı. Ədəbiyyatşünaslığımızda
ilk dəfə olaraq ədəbi mühit kontekstində
yazılan bu elmi iş sonrakı illərdə yeni elmi işlərin
yazılması üçün bir təcrübə rolunu
oynadı. Problemin işlənilməsi A.Məmmədovun
tədqiqat coğrafiyasını genişləndirdiyi kimi, ədəbiyyatşünaslığımızda
bu istiqamətdə olan boşluğu da doldurmağa xidmət
etdi.
Professor A.Məmmədov 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemləri ilə bağlı araşdırıcı məqalələr yazdı; respublikanın müxtəlif elmi nəşrlərində və kütləvi ədəbi jurnallarında və qəzetlərində dərc olunan bu araşdırmaların hamısı, demək olar ki, ilk dəfə işıq üzü görür, ya da ədəbiyyatşünaslığa az məlum olan fakt, hadisələrə münasibət bildirilir, yaxud şəxsiyyətlərin yaradıcılığı yeni müstəvidən tədqiq edilərək haqqında müəyyən elmi qənaətlərə gəlinirdi. Bu cəhətdən onun Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatı haqqındakı araşdırmaları ədəbiyyatşünaslığımızda yeni bir mərhələ təşkil edir. Sovet dövründə haqqında yazılması və araşdırma aparılması qadağan olunan mövzu və problemləri ilk dəfə üzə çıxaran professor A.Məmmədov, eyni zamanda, mətnşünaslıq işləri ilə də məşğul olur, ötən yüzilin əvvəllərində nəşr olunmuş və indiyədək tədqiqata cəlb edilməmiş şeirlər, hekayələr və digər əsərləri tapıb ortaya qoymuş və bundan sonra o əsərlər elmi tədqiqat dövriyyəsinə daxil olmuşdur. Bu araşdırmalar ona qədər olan tədqiqatlara da bir aydınlıq gətirmiş, elmi mühitdə tanınan ədəbiyyatşünaslar belə ədəbi faktlara söykənən bu tədqiqatları qəbul etməyə məcbur olmuşdur. Bu cəhətdən, ötən yüzil Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemlərinin, şəxsiyyətlərinin, eləcə də ədəbi-ictimai fikrin kompleks şəkildə araşdırılmasında professor Alxan Məmmədovun çox böyük əməyi vardır. "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" monoqrafiyası bu sahədə ilk tədqiqat əsəri olmaqla yanaşı, mövcud boşluğu tamamilə aradan qaldırmışdır. Onu da qeyd etmək lazımdır ki, A.Məmmədovun Cümhuriyyət dövrü ədəbiyyatı ilə bağlı apardığı ədəbi, tarixi araşdırmaları tarixşünaslıqla paralel olaraq dövrün, mühitin xarakterini, inkişaf yolu və mahiyyətini açmaq üçün zəngin informasiya bazası olmuşdur. Həmin dövrə aid ordu və hərbi vətənpərvərlik marşlarının ilk dəfə çap olunması da Alxan Məmmədovun adı ilə bağlıdır. Onun tərtib etdiyi "Qafqaz imdadına çatan türkün könül nəğmələri" (2002) kitabı Azərbaycan və Türkiyə şairlərinin Cümhuriyyət dövründəki qarşılıqlı yaradıcılıq əlaqələrinə həsr olunub. Tədqiqatçı Cümhuriyyət dönəmində milli mətbuatımızda dərc olunan Azərbaycan və türk şair və ədiblərinin əsərlərini təhlilə cəlb etməklə yanaşı, onların şeir və məqalələrini də dərc etmişdir.
Professor Alxan Məmmədov ədəbiyyatşünaslarımızın klassik tipinə aiddir; o, materiala tarixi nöqteyi-nəzərdən yanaşır və təhlilə cəlb edərkən onun ədəbiyyat tarixçiliyinin problemlərini əsas götürür. O, bugünlə deyil, keçmişlə məşğuldur (hərçənd onun bugünün ədəbi gedişatı və ayrı-ayrı şəxsiyyətləri ilə bağlı məqalələri də az deyildir və etiraf edək ki, bu yazılar da elmiliyi, səmimiliyi ilə seçilir!), çoxları ola bilsin ki, bu cür tədiqatçılığın artıq arxada qaldığını iddia etsin, lakin qəti əminəm ki, tədqiqatçılığın ilkin axtarış mərhələsini məhz klassik ədəbiyyatşünaslıq təşkil edir və bu mərhələ heç zaman bitmir, hər zaman ədəbiyyat tariximizlə bağlı yeni tapıntılar üzə çıxır, faktlar aşkarlanır. Əgər ədəbiyyatşünas Qulam Məmmədli bir institutun gördüyü işi təkbaşına görüb əddəbiyyat tarixçiliyimiz üçün son dərəcə vacib faktoloji materialları zamanında üzə çıxarmasaydı bugünkü ədəbiyyatşünaslığın hansı vəziyyətdə olmasını təsəvvür etmək o qədər də çətin olmazdı. A.Məmmədov da sözün həqiqi mənasında klassik tədqiqatçılığın sonuncu nümayəndələrindən biri kimi ədəbiyyatşünaslığımızın ən çətin problemlərini özünə tədqiqat sahəsi seçərək sanballı araşdırmalar aparıb, tədqiqat əsərləri yazıb.
Alxan Məmmədov həm də Bakı Dövlət Universitetinin professorudur, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında tələbələrə mühazirələr oxuyur. XX yüzilin əvvəllərinin mətbuat tarixi üzrə görkəmli mütəxəssis kimi onlarla araşdırmaları, dərsik və dərs vəsaitləri, proqramları dərc olunub. Azərbaycan jurnalistikasının təşəkkülü və inkişafı ilə bağlı dəyərli tədqiqatlar müəllifidir. Belə tədqiqatlardan biri milli jurnalistikada yaradıcılıq məktəblərinin yaranması və formalaşması problemlərinə həsr etdiyi "Azərbaycan jurnalistika məktəbləri" (2014) kitabıdır. Görkəmli tədqiqatçı burada zəngin tarixə və inkişaf yoluna malik olan milli jurnalistikamızın yaradıcılıq məsələləri, "Əkinçi", "Molla Nəsrəddin", "Füyuzat" jurnalistika məktəblərinin xüsusiyyətləri və yaradıcılıq istiqamətləri ilə bağlı maraqlı araşdırmalar aparır. Kitabda Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən olan Üzeyir Hacıbəyovun, Haşım bəy Vəzirovun, Əhməd bəy Ağaoğlunun və başqalarının nəşrləri və jurnalistlik irsi də geniş araşdırma obyekti olur. Professor A.Məmmədov araşdırmalarında milli demokratik jurnalistika, pedoqoji jurnalistika, bolşevik mətbuatı, mühacirət mətbuatının da yaranması, inkişafı və xarakterinə dair yeni faktlara və dəyərləndirmələrə söykənən fikirlər söyləyib. O, müasir jurnalistikanın problemləri, reallıqları və vəzifələrinə aid bir neçə məqalə yazıb və milli mətbuatın çağdaş reallıqlarını da tədris prosesinə daxil edib. Ümumiyyətlə, professor A.Bayramoğlu Azərbaycan mətbuatının tarixinə, problem və istiqamətlərinə, bugününə üç kitab həsr edib ki, bu kitablarda, bütövlükdə, milli jurnalistikamızın və mətbuatşünaslığımızın çox vacib problemləri ilə bağlı dəyərli tədqiqatlar ortaya qoyub.
Professor Alxan Məmmədov 60 yaşını dostlarından, tələbə yoldaşlarından tez qarşılayarkən də sanki bir addım öndə olduğunu göstərmək istəyir. Geriyə boylanıram, düz otuz ildən çoxdur ki, A.Məmmədov tədqiqatla məşğuldur; yüzlərlə məqalə və araşdırmalarında ədəbiyyatımızın ayrı-ayrı simalarının həyatı, şəxsiyyəti və yaradıcılığına işıq salıb, sanki onlara ikinci həyat verib. Bu gün altmış yaşlı ədəbiyyatşünasımız elə əvvəlki zəhmətlə, istedadla ikinci ömrünü yaşamaq həsrəti ilə boylanan nə qədər ədəbi hadisəyə, fakta yeni bir həyat vermək istəyi ilə yaşayır və yaradır!
Əhmədov Bədirxan
525-ci qəzet.-
2014.- 22 oktyabr.- S.8.