İTV-nin "Ozan məclisi" -
aşıq sənətinə böyük ehtiramla
APARICI QORXMAZ TOFİQOĞLU: "İCTİMAİ TELERADİO RƏHBƏRLİYİNİN DİQQƏT VƏ QAYĞISI, YARADILAN YÜKSƏK ŞƏRAİT "OZAN MƏCLİSİ"NİN GƏLƏCƏK UĞURLARINDAN XƏBƏR VERİR"
Son
illərdə Azərbaycanda aşıq sənətinə,
saz-söz yaradıcılığına dövlət səviyyəsində
xüsusi diqqət və qayğı göstərilir. Heydər
Əliyev Fondunun təşəbbüsü və
qayğısı sayəsində Mədəniyyət və
Turizm Nazirliyinin tərəfindən bu sahədə yerli və
beynəlxalq miqyasda mühüm işlər
görülür. Azərbaycan
aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs
üzrə Reprezentativ siyahıya daxil edilməsi də buna əyani
sübutdur. Aşıq sənəti ilə bağlı
görülən işlər, təbii ki, bununla
yekunlaşmır. Kütləvi informasiya vasitələrində,
xüsusən teleradioda aşıq
yaradıcılığı, saz-söz sənəti ilə
bağlı silsilə proqramlar hazırlanır, bu misilsiz sənətin
yaşadılması, təbliği, qorunub gələcək nəsillərə
çatdırılması istiqamətində dəyərli
addımlar atılır. Bu baxımdan İctimai Televiziya və
Radio Yayımları Şirkəti aşıq sənətinə
daha geniş vaxt ayırması ilə diqqəti çəkir.
İTV-nin həm televiziya, həm də radio kanalı
aşıq sənəti ilə bağlı maraqlı
verilişlərlə tamaşaçıların, sazsevərlərin
könlünü oxşayır. Həmin verilişlər
aşıq sənətinin araşdırılması,
müasir səviyyədə təbliği, bu sənətin ən
layiqli nümayəndələrinin xalqa daha yaxından
tanıdılması cəhətdən müstəsna əhəmiyyətə
malikdir. Təsadüfi deyil ki, saz-söz vurğunları,
aşıq sənətinin pərəstişkarları öz
mənəvi ehtiyaclarının qarşılanması
üçün ilk növbədə İTV-nin ekran və
efirinə üz tutur, diqqət kəsilirlər.
İTV-də
"Ozan məclisi" verilişinin aparıcısı, gənc
yaşından etibarən saz-söz bilicisi olaraq tanınan və
qəbul edilən Qorxmaz Tofiqoğlu deyir ki, İctimai Televiziya
və Radio Yayımları Şirkətinin rəhbərliyi
milli-mənəvi dəyərlərimizin təbliğinə və
təqdimatına həm böyük sevgiylə, həm də son dərəcə məsuliyyətlə
yanaşır, bu sahəyə xüsusi diqqət
ayırır: "İctimai Televiziya və Radio
Yayımları Şirkətinin proqram siyasətində milli-mənəvi
dəyərlərin təbliğinə həsr olunmuş
verilişlər bir növ öhdəlik xarakteri
daşıyır. Həm öhdəliklərimizdən irəli
gələn bir iş olduğu üçün, həm də
vətəndaş mövqeyi, milli-mənəvi təəssübkeşlik
duyğusu sayəsində İctimai teleradio aşıq sənətini,
sazı daima diqqətdə saxlayır.
Buna
görə də aşıq yaradıcılığı ilə
bağlı verilişlərin yaranması və
yayımlanması məndən və ya hansısa başqa
aparıcının mövqeyindən asılı olmayaraq, məhz
rəhbərliyin qərarına söykənən labüd
layihələrdir. İlk dəfə aşıq
yaradıcılığı ilə bağlı veriliş
İctimai televiziyamızdan öncə İctimai radioda efirə
çıxıb, amma ekran həyatı ona daha geniş
auditoriya qazandırdı. Biz adi, sıradan musiqi nömrələri
hesabına efiri doldurmaq yox, tam əksinə, bu gözəl sənəti
sanballı nümunələr hesabına, sistemli formada,
geniş şəkildə təqdim və təbliğ etməyə,
sənətkarları sırf peşəkar yanaşma ilə
bütün dinləyicilərə və xüsusən gənc
nəslə tanıtdırmağa, sevdirməyə
çalışırıq.
Düşünürəm ki, məqsədimizə xeyli
dərəcədə nail ola bilmişik. Ən
başlıcası, ona görə ki, İTV-nin hazırkı
ekran-efir mövqeyi, proqram siyasəti düzgün və
uğurlu qurulub.
Çalışırıq
ki, aşıq yaradıcılığı ilə, bu sənətin
müxtəlif tərəflərilə bağlı silsilə
verilişlər, ardıcıllığı pozmadan səviyyəli
proqramlar təqdim edək. İctimai Televiziya və Radio
Şirkətinin bu sahədəki siyasəti ilk növbədə
milli mənəvi və mədəni dəyərlərin,
xalqımızın yüksək mənəviyyatını əks
etdirən sənət nümunələrinin təbliğinə
yönəlib".
İctimai
Televiziya və Radio Yayımları Şirkətinə bu kanal
fəaliyyətə başlayandan təxminən 7 ay sonra gəldiyini
bildirən Qorxmaz Tofiqoğlu hazırda aşıq sənəti
ilə bağlı verilişlərin daha yüksək səviyyədə
və fərqli formatda tərtib olunduğunu qeyd edir: "Mən
İctimai radioya işləməyə gələndə burada
aşıq musiqiləri verilirdi, ancaq bu, xüsusi veriliş
formatında deyildi. Hansısa boş saatda təxminən
yarım saat konsert şəklində aşıq musiqisi səsləndirilirdi.
Sovetlər dövrünün şablon aparıcılıq
metodu kimi qısaca, "buyurun, indi saz havalarını dinləyin"
şəklində anons edilir və aşıq musiqisi efirə
verilirdi. İlk dəfə efir məkanında canlı şəkildə
aşıq proqramını aparmaq xoşbəxtliyimi deyim,
böyük məsuliyyətimi deyim, mənə qismət oldu.
Yeni işə başlayanda, müəyyən qədər ailəmizdə
gördüyümə görə (rəhmətlik atam
aşıq Firudin Kəlbəcərli tanınmış saz sənətkarı
idi) və bir az da öz duyğularımın,
düşüncələrimin qatqısı ilə daha ciddi
proqram tərtib etməyə ehtiyac olduğunu anladım. Təbii
ki, o işləri görə-görə yavaş-yavaş həm
də özümdə olan çatışmazlıqları
da aradan qaldırmağa cəhd göstərdim. 8 ilə
yaxındır ki, bu cəhdlər özünü az-çox
doğruldur, həftənin 4 günü radioda efirə
çıxırıq, canlı telefon bağlantılarına
şərait yaradırıq. İndi tək Azərbaycan daxilində
deyil, Türkiyə, İran, Gürcüstan və digər
ölkələrdən zəng etməyə fürsət
var. Və təbii ki, zəng edənlərin
də, məktub ünvanlayıb irad və təkliflərini
bildirənlərin də arzularını nəzərə
alırıq. Artıq dinləyici arzusunun nə olduğunu təxmin
edə bilirik. Hərdən dinləyicilərin,
tamaşaçıların alqışını qazanmaq
üçün özümüz onları qabaqlamağa, istək
və arzularını yerinə yetirməyə can
atırıq. İctimai Televiziya yaranandan bu verilişdə bir
neçə aparıcı olub. Ona görə də
keçmiş həmkarlarıma da təşəkkür edirəm.
Amma açığını desəm, ümumi götürəndə,
verilişin səviyyəsi əvvəllər o qədər də
könülaçan deyildi. Yəni,
müəyyən rəyləri ifadə edən məktublar gəlirdi,
ziyalılar fikir bildirirdilər, bunlardan təxmin etmək
olurdu ki, verilişin səviyyəsi tam qənaətbəxş
sayıla bilməz. 1 ildən artıqdır, İctimai
Televiziyada mənim təqdimatımla efirə gedən "Ozan
məclisi"ndə öz səviyyə və üslubumuzu
qorumağa səy göstəririk.
"Ozan
məclisi" həftədə bir dəfə - hər bazar
günü saat 15:45-də efirə çıxır. Bazar
günü istirahət günüdür, ancaq elə insanlar
var ki, bazar günü tam olaraq istirahət etməyi
seçdiklərinə görə bütün günü
televiziyaya baxmırlar, belə
tamaşaçılarımızı da nəzərə alan
İTV rəhbərliyi proqramın təkrarını çərşənbə
günü də efirə verilməsini lazım bilib. Folklorla,
aşıq sənəti ilə məşğul olan, yaxud bu sənətə
səmimi bir rəğbət bəsləyən insanlar hər
görəndə öz təşəkkürlərini
çatdırırlar, tövsiyələrini verirlər, bəzən
də mən özüm ictimaiyyət nümayəndələrindən
veriliş haqda rəy soruşur, nəyin
çatışmadığını xəbər alır, təklif
və iradları öyrənməyə
çalışıram. Rəylərə əsasən demək
mümkündür ki, düz yoldayıq. Ancaq hələ
görüləsi çox işlər var. İnanıram ki,
rəhbərliyin diqqət və qayğısı,
yaratdığı şərait, sənətkarların bizim
proqramda çıxış etmək arzusu və
özümüzün də ürəklə
çalışmağımız "Ozan məclisi"nin gələcək
uğurlarından xəbər verir. Bu mənada, verilişin
get-gedə daha maraqlı, baxımlı
alınacağını söyləməyə əsas
var".
Qorxmaz Tofiqoğlu aparıcısı olduğu verilişin yaradıcı heyətinin daima İctimai Televiziya və Radio Yayım Şirkətinin "formaca müasir, məzmunca milli" devizini əsas tutduğunu vurğulayır: "Aşıq yaradıcılığı, saz sənəti əcdadlarımızın bizə mirasıdır. Əlbəttə, mahiyyət baxımından burada köklü dəyişiklik yolverilməzdir. Ancaq forma dəyişiklikləri, yeniliklər, zamanla ayaqlaşmaq vacibdir. Biz hər dəfə əvvəlkindən, yaxşı mənada fərqlənən, orijinal veriliş ərsəyə gətirməyə cəhd edirik. Növbəti verilişin əvvəlkindən daha cəlbedici, daha modern alınması, tamaşaçının ürəyincə olması üçün səy göstəririk. Əvvəllər efirə ayaq aça bilməyən, amma sazla, folklorla bağlı ciddi araşdırmaları, tədqiqatları, fikirləri olan insanları axtarır, proqramımız vasitəsilə üzə çıxarırıq. Hər verilişdə tamaşaçıya heç olmasa bir yeni səs, yeni nəfəs qazandırmağa, görkəmli aşıqları təbliğ etməklə yanaşı, gənc istedadları da tanıtmağa çalışırıq.
Bunda məqsədimiz həm gənclərin təcrübə toplaması, həm də tamaşaçını yeknəsəqlikdən qorumaqdır. Əlbəttə, yeniliklərə açıq olmaq lazımdır, lakin folkloru əsla öz zəminindən, kökündən qoparıb yabançı "müasir" musiqi formatına yerləşdirmək olmaz. Buna mənəvi haqqımız yoxdur. Düzdür, kimlərsə deyə bilər ki, aşıqlarımızın repertuarı məhdud görünür, çox vaxt 15-20 hava oxuyurlar. Ancaq nəzərə alaq ki, o aşıq havaları zamanın sınağından çıxıb. 300 il bundan öncə həmin havaya necə böyük tələbat vardısa, bu gün də sazsevərlər, saza, folklora qəlbən bağlı insanlar yenə də həmin havanın arzusundadırlar. Bu baxımdan yanaşanda hansısa mahiyyət yeniliyinə əl atmaq düzgün deyil və heç lazım da deyil. Ancaq verilişin dekorasiyasını, vizual görüntünü müsbət yöndə dəyişmək effekti artıra bilər. Niyə də aşıqlarımız müasir tərtibatlı, ən yeni avadanlıqların quraşdırıldığı studiyada çıxış etməsinlər? İndi "Ozan məclisi" tam yeni studiyadan yayımlanır. Aşıq havalarının rahat, müasir studiyada təqdimatı ifaçını ürəkləndirdiyi kimi, tamaşaçının da zövqünü oxşayır. Sözsüz ki, bu zaman aşıq sənətinin özünəməxsusluğunun, qədimi çalarlarının qorunması vacib şərtdir.
“Şirkətimizin rəhbərliyi də yeniliklərə diqqət ayırmaqla bizi yaxından dəstəkləyir".
Q.Tofiqoğlu deyir ki, digər sahələrdə olduğu kimi, aşıq sənətində də müəyyən arzuolunmaz hallar mövcuddur: "Bu gün əlinə saz alıb bəzi kanallara yol tapan, aşıq adına, sənətkar adına ləkə gətirənlər də az deyil. Belələri sazın, sənətin və əsl sənətkarın nüfuzunu aşağı salırlar. Yüngüllük edən, sırf populyarlığa hesablanmış hərəkətlərə yol verən o cür ifaçılara, ola bilsin, bəzi telekanallarda efir vaxtı ayrılır. Amma İctimai Televiziyada belə bir hal əsla mümkün deyil. Əvvəla, bu, rəhbərliyin mövqeyidir, həm də tamaşaçı baxışına, zövqünə inandığımız geniş ziyalı kütləsinin rəyinə ciddi yanaşdığımız üçün bunu mütləq nəzərə alırıq. Dövlətimizin aşıq sənətinə olan böyük qayğısını hiss etdiyimiz üçün yüngül, ötəri, aldadıcı nəticələrdən qaçırıq, əsl sənətə, yetkin sənətkarlara meydan veririk.
Özünü aşıq kimi tanıdan, saz ifaçısı adıyla ortaya çıxıb əsl sənətdən tam uzaq işlərlə məşğul olan bəzilərinə hansısa teleradio kanalında efir verildiyinə görə isə çox təəssüflənirəm. Belələri onsuz da, gec-tez, gəldikləri yerə qayıdacaqlar, çünki elin gözü tərəzidir".
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 22 oktyabr.- S.7.