"Hər addım uğrunda" maraqla
qarşılandı
Hər yaradıcılıq diqqəti çəkmir. İstər publisistikada, poeziyada, rəngkarlıqda olsun, istərsə də nəsrdə. Mövzu həyatı əks etdirirsə (təbii ki, bədii təxəyyülə söykənməklə) ənənəvilik müstəvisində özünəməxsusluğuyla səciyyəvidirsə ictimailəşir.
Azərbaycan Silahlı Qüvvələrinin zabiti mayor Vahid Məhərrəmovun bədii yaradıcılığı diqqəti çəkir. Onun nəsri oxunaqlıdır; təqdim edilən mövzular həyatın bir anı (anları kiçik miqyasda zaman) olduğu üçün.
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Vahid Məhərəmovun "Hər addım uğrunda" nəsr kitabının təqdimetmə mərasimi oldu. Tədbiri tanınmış jurnalist Nemət Veysəlli açaraq yazıçının özü və sözü haqqında ətraflı danışdı, yaradıcılığını şərtləndirən amilləri vizual təhlil etdi.
Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli kitaba daxil edilən hekayələrin, povestin bədii məziyyətlərini qeyd edərək bildirdi ki, Vahid Məhərrəmovun əsərləri çağdaş ədəbiyyatımızda "boyu görünən" əsərlərdəndir. Müharibə, müharibənin ağrı-acıları, mənəvi-psixoloji sarsıntıları, vətənsevərlik - əsərlərin başlıca leytmotividir və bunların məhz bu gün yazılması təqdirəlayiqdir.
Yazıçı-jurnalist, pedoqogika üzrə fəlsəfə elmlər doktoru Zemfira Məhərrəmli kitaba daxil edilən hekayələrin, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində örnək olma amilindən, obrazların dolğunluğundan danışdı.
"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva, polkovnik-leytenant Zakir Hüseynov, hərbi jurnalist Mərdan Hüseynli, Seymur Şahbazov, şair Qəşəm Nəcəfzadə və ədəbiyyat həvəskarı İbrahim Xankişiyev çıxışlarında "Hər addım uğrunda" kitabının bədii dəyərindən, ayrı-ayrı hekayələrin mövzu, üslub, dil xüsusiyyətlərindən söz açdılar.
Təqdimat mərasimindəki çıxışlarda "Hər addım uğrunda" kitabının ədəbi ictimaiyyətin marağına səbəb olacağına inam da vurğulandı.
Rəşid
FAXRALI
525-ci qəzet.-
2014.- 23 oktyabr.- S.7.