Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu

 

(Əvvəli ötən sayımızda)

Gəncə təkcə tarixi-mədəni abidələrinə görə yox, həm də Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur.

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvi də 1141-ci ildə Gəncədə doğulub. Nizami təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub. Ömrü boyu Gəncədə yaşayıb, saray şairi olmaqdan qətiyyətlə imtina edib. Təqribən 1169-1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənib, 1174-cü ildə oğlu Məhəmməd anadan olub. Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırıb. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirib və Məhəmməd Cahan Pəhləvana göndərib. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb, onun nəsihətlərini dinləyib, şairə Həmdünyan adlı bir kənd bağışlayıb. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş edib. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaradıb. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə alıb. Nizami Gəncəvinin ilkin Şərq İntibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılıb.

XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi rəvayətlərə görə, Gəncənin Xərabat məhəlləsində doğulub. Əsl adı Mənicə olan şairənin təxəllüsünün  mənşəyi haqqında bir neçə versiya mövcuddur.  Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin "Nəticə" adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, "Məhsəti" "mah" və "səti" olmaqla iki sözdən ibarətdir və "böyük xanım" mənasındadır.

Onun şeirlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şeirlər silsiləsi daha çox məşhurdur:

Məhsəti yaxşı təhsil alıb. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak edib. Məhsəti Gəncəvinin xalq şeiri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şeirləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynayıb. Bir çox tədqiqatçılar Məhsətinin rübailərini Ömər Xəyyam məktəbinə aid edirlər. Buna baxmayaraq, çağdaş ədəbiyyatşünasların əksəriyyətinin fikrincə, şairə əsası Qətran Təbrizi və İzzəddin Şirvani tərəfindən qoyulmuş Azərbaycan şeir məktəbinin ənənələrindən bəhrələnib.

Gəncə deyəndə ilk yada düşən məşhur isimlərdən biri də Cavad xandır. Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748-ci ildə Gəncədə dünyaya gəlib. Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başçılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur.

1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olub.

Cavad xanın nəvəsi, Uğurlu xanın qızı və sonuncu Qarabağ xanı Mehdiqulu xanın həyat yoldaşı Bədircahan bəyim tanınmış şairə və ictimai xadim idi. Cavad xanın nəvəsi Kəlbəli xan Müsahib Azərbaycan və fars dillərində gözəl şeirlər yazıb. Cavad xanın qardaşı Fətəli bəy Ziyadoğlu Xali Gəncəli tanınmış şair olub. Onun əsasən, Azərbaycan dilində yazılmış divanı indi Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Görkəmli Azərbaycan yazıçısı Möhsün Nasiri də Cavad xanın sarayında yaşayıb-yaradıb. O, Cavad xanın sifarişi ilə qədim hind nağıllarının əsasında yaradılmış "Tutinamə"nin Azərbaycan versiyasını yazıb. Cavad xanın xələflərindən bir neçəsi Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov soyadını alıb. İndi də onların bir çoxunun törəmələri Bakıda və Gəncədə yaşayırlar.

XIX əsr görkəmli Azərbaycan şairi, xalq arasında "Gəncəli müdrik" kimi tanınan Mirzə Şəfi Vazehin taleyi sonradan Tiflislə bağlansa da, o, Gəncə mühitinin yetirdiyi nadir simalardandır. 1840-cı ilin noyabrında görkəmli Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundzadə Mirzə Şəfiyə Tiflisdəki uyezd məktəbində müəllim yeri almaqda kömək edib. Ömrünün sonuna qədər də burada işləyir. Yalnız 1848-ci ildə o, iki illiyə Gəncəyə dönərək, təzəcə açılmış Gəncə uyezd məktəbində dərs deyir. Tiflisdə çalışarkən Mirzə Şəfi V.V.Qriqoryevlə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan "Kitabi-türki" kitabını yazır. Həmin kitab Təbriz mətbəələrinin birində nəşr olunur. Kitabın rəsmi və tam adı belə idi: "Müəllim Qriqoryevin və Mirzə Şəfi Sadıq oğlunun tərtib etdikləri Azərbaycan ləhcəsi müntəxabatı". Mirzə Şəfi Tiflisdə özü üçün yeni olan bir mühitə düşür. Ancaq Gəncədəki ədəbi mühitlə əlaqələrini kəsmir. Onun Gəncədə yaratdığı "Divani-hikmət" ədəbi məclisi indi Tiflisdə fəaliyyət göstərir. Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq nəsib olur. 1843-cü ildə yuxarıda adı çəkilən alman Fridrix Bodenştedt də məclislərə gəlib-getməyə başlayır. Mirzə Şəfinin ədəbi irsinin taleyində bu şəxs müstəsna rol oynayıb.  Almaniyanın ən yaxşı universitetlərində, Kettingendə, Münhen və Berlində təhsil alan Bodenştedt bir neçə dil və ədəbiyyatı öyrənir. Sonra 1841-ci ildə Moskvaya gedərək, knyaz Mixail Qolitsınin uşaqlarının tərbiyəsi ilə məşğul olur. Üç ildən sonra müşahidəçi qismində Tiflisə gəlir və burada xarici dilləri tədris etməyə başlayır. Mirzə Şəfi həftədə üç dəfə Bodenştedtə və digər tələbələrinə dərs keçib. Az sonra müəllim öz qərib qonağı ilə o qədər yaxınlaşır ki, Bodenştedt Mirzə Şəfinin "Divan"ına tam hüquqlu üzv olur. 1845-ci ildə Bodenştedt Almaniyaya qayıdır və Tiflisdə keçirdiyi illərin yekunu kimi "Şərqdə 1001 gün" adlı kitab yazır. O, Mirzə Şəfi Vazehdən tərcümə etdiyi şeirləri də həmin kitaba salır. Bu kitabda Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, hər bir şeirin nəinki Mirzə Şəfi də daxil olmaqla müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli şagirdin səyləri sayəsində bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən biri ilə tanış olur.

Bu kitabdan yeni bir kitab - "Mirzə Şəfinin nəğmələri" yaranır ki, bu da Bodenştedtə şöhrət gətirir. "Nəğmələr"in müəllifi və tərcüməçisi cəmi bir neçə ilin içərisində bütün dünyada ad-san qazanırlar. Kitab fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunur. "Nəğmələr"dən bir neçəsini hətta qədim yəhudi dilinə tərcümə edirlər. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə nəşr olunur. Həmin ölkədə bu kitabın uğuru o qədər böyük idi ki, bəzən kitabı bir ildə bir neçə dəfə təkrar nəşr etmək lazım gəlirdi. Beləcə, Mirzə Şəfi Vazeh öz lirikası ilə Avropanı fəth edib.

(Ardı var)

Sevinc ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 23 oktyabr.- S.6.