Akademik Məmməd Arifin 85 il əvvəlki
bir məqaləsi haqqında
Təvəllüdünün
110
illiyi ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı
əsasında qeyd olunan akademik Məmməd Arif Dadaşzadə (1904-1975) iyirminci əsr
Azərbaycan ədəbiyyatşünaslığının
ustad simalarından biridir. Onun çoxşaxəli
və məhsuldar fəaliyyəti filoloji fikrimizin
inkişafında mühüm rol oynamışdır.
Alimin sonralar kitablarına düşməyən bir
sıra məqalələri də vardır ki, onlar da görkəmli
ədəbiyyatşünasın elmi fəaliyyətinin məzmun
və əhatəsində özünəməxsus yer tutur. Həmin məqalələrdən
biri məşhur rus ədibi M. Y. Lermontovun "Zəmanəmizin
qəhrəmanı" əsərinin
Ələkbər Qərib Naxçıvanlı tərəfindən
Azərbaycan dilinə tərcüməsi ilə əlaqədar
qələmə alınıb, "İnqilab və mədəniyyət"
jurnalının 1929-cu ildəki 5-ci sayında "Fira" imzası ilə ("Arif"
sözünün tərsinə oxunuşu - H. H.) dərc
olunub. Bu yığcam resenziya ilə tanışlıq Məmməd Arifin hələ
gənc ikən geniş mütaliəyə, yetkin ədəbiyyatşünaslıq
təfəkkürünə, səriştəli ədəbi
təhlil qabiliyyətinə malik olduğunu bir daha yəqinləşdirir.
Gənc tənqidçi M.Y.Lermontovun əsərinin əsas qayəsini,
obrazların xarakterini
müfəssəl və
dəqiq şəkildə dəyərləndirib, həmçinin
Ə. Qəribin tərcüməsinə də obyektiv elmi
münasibət bildirib.
Məqalənin dilinə toxunulmayıb.
"ZƏMANƏMİZİN
QƏHRƏMANI"
Yazanı: M. Y. Lermontov,
Türkcəyə
çevirəni: Ə. Qərib,
Redaktoru: Cavad,
Naşiri: Azərnəşr, 1929-cu il
Bu roman XIX əsrin birinci yarısında yaşayıb
ölmüş rus şairi Mixayil Yureviç Lermontov tərəfindən
yazılmışdır. Şair bu əsərdə, əsərin
müqəddəməsində yazdığı kimi, öz əsrinin
dvoryan mühitindəki bütün nöqsanları bir şəxsiyyətdə
toplayaraq göstərməyə
çalışmışdır. Əsərin
qəhrəmanı Peçorin adlı bir qvardiya zabitidir. Aristokratdır.
O, əsaslı bir təhsil və
inkişaf dövrü keçirməmişdir. Mərkəzdən uzağa göndərilib,
çeçenlərin arasına düşdüyü zaman ətrafındakılara
ucadan baxmağa və onları vəziyyət və qabiliyyətlərinə
görə özündən çox aşağıda
görməyə başlayır.
Peçorin əsəbidir,
şıltaqçıdır, xudpəsənddir. O, heç bir şeydən
razı qalmayır.
"Bela" hekayəsində Maksim Maksimiçlə
söhbəti onun bütün xarakterini göstərməkdədir:
"Məni dinləyiniz, Maksim Maksimiç! Mənim
uğursuz xasiyyətim var.
Tərbiyəmmi məni belə yaratmış,
Allahmı məni belə yaratmış... Gəncliyimin ilk
günlərindən mən pulla əldə edilə biləcək
bütün zövqlərdən qudurmuşcasına istifadə
etməyə başladım. Mən o
zövqlərdən iyrəndim. Sonra
yuxarı cəmiyyət içərisinə atıldım.
Bu cəmiyyətdən də nifrət etməyə
başladım. Gözəllərə
aşiq olurdum. Onlar da məni sevirdilər. Lakin
onların sevgisi ancaq mənim müxəyyələ və izzəti-nəfsimi
qıdıqlayırdı, qəlbim də boş
qalırdı. Mən mütaliəyə,
bilik təhsil etməyə başladım. Elm və fəndən də zəhləm getdi.
Şöhrət və bəxtiyarlığın
ondan asılı olmadığını gördüm. Çünki ən bəxtiyar insanlar cahil və
nadandır. Şöhrət isə təsadüfüdür.
Bunu əldə etmək üçün bir qədər
çevik olmaq lazımdır.
Belanı öz evimdə
gördüyüm ilk dəfə onu dizlərimin üstünə
oturdub tellərini öpdüyüm zaman mən axmaq elə zənn
etdim ki, bu, mərhəmətli tale tərəfindən mənə
göndərilmiş bir mələkdir. Mən
yenə səhv etdim. Vəhşi qızın məhəbbəti
adlı-sanlı bir xanımın məhəbbətindən o
qədər də yaxşı deyil. Ötəkinin naz-qəmzəsi
insanı təngə gətirdiyi kimi,bunun
da nadanlığı və sadəliyi adamı bezikdirir.
Mənim ruhumu yuxarı cəmiyyət xarab etmiş,
müxəyyələm dinclik bilməyir. Hər şey mənə az gəlir. Həyatımda
boşluq gündən-günə artmaqdadır".
"Bela" hekayəsindən gətirdiyimiz bu
parça Peçorinin bütün faciəsini meydana
çıxarmaqdadır. Peçorin 30-cu illərdə (1830-cu - H.H.)yetişmiş bir simadır. Bu
dövrdə şəxsiyyət dövlət və hökumətin
köləliyindən qurtarmaq üçün
çırpınır, özünü azad və müstəqil
bir şəklə salmaq istəyirdi. Lakin buna nə cür müvəffəq
olacağını bilməyirdi. O, cəmiyyətlə öz
münasibətini müəyyənləşdirəcək
mühüm məsələni də həll etməkdən
aciz idi. Belə bir dövrdə Peçorin kimi
şəxsiyyətlər bir vəziyyət keçirirlər.
Əsgi həyat və cəmiyyət
sarsılmış, aristokratiya yerindən oynamış, lakin
yeni həyat hələ qurulmamışdı. Peçorini yüksək cəmiyyət bezikdirdiyi
kimi, aşağı cəmiyyət də təmin etməyir.
O istəyir, fəqət
nə istədiyini belə bilməyir. Heç bir şeylə qane
olmayır.
Peçorin həyata gəlməkdən məqsəd nə
olduğunu və nə üçün
yaşadığını öyrənmək istəyir. Bu məsələni
həll etmək üçün çox fikirləşir,
tapa bilməyir. Halbuki bu məsələni
düşünməklə həll etmək olmaz. Həll etmək belə lazım deyildir. İnsan həyata gəlirkən heç bir
xüsusi məqsəd daşımayır. Bu məqsəd sonralar şəxsiyyətin
inkişafından, vəziyyətindən asılı olaraq və
müəyyən ictimai şəraitlə əlaqədar
olaraq meydana çıxır. Peçorin
isə bunları düşünməyir. Əgər
əksinə olaraq Peçorin zəhmət və mübarizə
içərisində doğulmuş və tərbiyə
tapmış bir şəxsiyyət olsa idi, o zaman belə
boş-boş fikrə düşməz, nahaqq yerə
özünü yormaz, öz qüvvəsini müəyyən
və faydalı şeylərə sərf edərək həyatın
məqsədini tapardı. Lakin Peçorin
bunu bacarmayır. O, praktik həyat üçün
çox aciz və zəifdir.
Böyük
bir əsrin başlıca xüsusiyyətlərini
(nöqsanlarını) bir tip üzərində toplamaq asan
iş deyildir. Buna Lermontov müvəffəq
olmuşsa da, hər halda bu müvəffəqiyyət əsərin
özünü bir qədər qüsurlu etmişdir. Peçorin tipi həyati
bir tip deyil, xəyali bir tip şəklinə
düşmüşdür.
Romanda Peçorindən başqa bir neçə şəxsiyyət
də vardır.
Məsələn:
Maksim Maksimiç, doktor Verner, Knyazna Meri və
başqaları. Bunlar Peçorin tipinin təsviri
üçün bir vasitədirlər.
Maksim Maksimiç sakit
və mərhəmətli bir adamdır. Bu adam o qədər sakit və mütəvazedir
ki, heç kəsin diqqətini belə cəlb etməyir. Bu sakit adamda iradə, qüvvət və qəhrəmanlıq
daha çoxdur. Demək olar ki, Peçorin
tipi romantikcə yazılmış bir tip olduğu halda, Maksim
Maksimiç çox-çox həyati və real bir tipdir.
"Zəmanəmizin qəhrəmanı"
romanının quruluşu da çox qəribədir. Roman beş
ayrı-ayrı hekayələrdən ibarətdir. Bu ayrı-ayrı hekayələr Peçorin vasitəsilə
bir-birinə bağlanırlar.
Birinci, "Bela" adlı hekayədə Maksim
Maksimiç Peçorin haqqında bir hadisə nəql edir.
İkinci, "Maksim Maksimiç" adlı hekayədə
müəllif özü Peçorini görür və onun
Maksim Maksimiçdə olan məktublarını (xatirələrini)
alır.
Üçüncü hekayənin adı
"Taman"dır. Bu hekayə
və yerdə qalan "Knyazna Meri" və "Fatalist"
hekayələri Peçorinin öz dilindən (özü
öldükdən sonra buraxmış olduğu məktublar
vasitəsi ilə) nəql edilir.
Bu surətlə Maksim Maksimiç, müəllif
və qəhrəman tərəfindən söylənilən
bir roman mövzunu ətraflı bir surətdə qavrayır və
Peçorin tipi mükəmməl bir şəkildə
xarakterizə edilir.
Romanın ruscası gözəl bir üslubda,
böyük bir bədii məharətlə
yazılmışdır.
Bəzi təsvirləri mənsur bir şeirdir. Tərcüməçi,
ümumiyyətlə deyəcək olursaq, dildəki gözəlliyi
və qüvvəti verməyə
çalışmışdır. Lakin
bunun üçün çalışarkən
qollandığı üsul heç də yaxşı
çıxmamışdır. Əsərin
ruscası çox sadədir. Bu əsəri rusca az savadlı olan oxucular çox asanlıqla
oxuya bilərlər. Lakin tərcüməçi
nədənsə ən sadə sözləri qəliz kəlmələrlə
tərcümə etmişdir.
Məsələn:
İsbatlı, tərəqqub, müxtəs, inayət, təcəssüs,
dilxəraş və başqa bu kimi bir çox kəlmələr
işlətmişdir. Halbuki bu sözlərin
ruscası o qədər sadə və
anlayışlıdır ki, bunların belə qəribə kəlmələrlə
əvəz edildiyinə təəccüb edilir. Bu qəliz
sözlərdən
başqa, tərcümədə bir çox
türkcə məhəlli sözlər də işlədilmiş.
Yuxarıdakı sözlər qəliz olduğu kimi,bu sözlər də çox sadə və
yerli olduğundan anlaşılmayır.
Mütərcim
söz seçməkdə də
çox acizlik göstərmişdir:
Sabah - səhər; Ab-hava - iqlim; Av - şikar kimi sözləri
yan-yanaşa olaraq işlətmişdir. Bu sözləri
məna etibar ilə bir-birindən ayırmaq mümkün
olmadığı halda hər ikisini bədii bir əsərdə
qollanmağın heç də mənası yoxdur. Mütərcim boş, bihudə, nahaqq, havayı kimi sözlərə
də eyni məna verir. "Mən
özüm də havayı yerə bu gün onu görmək
istədim".
Kitabda texniki səhvlər də vardır. Məsələn:
16-cı səhifədə "Bu arabanın ardınca
sahibi gəlirdi. Gümüşə tutulmuş balaca
kabardin çocuğu gəlməkdə idi..." cümlələrindən
heç bir məna çıxmayır. Burada
"çübük" yerinə "çocuq" getdiyi kimi, cümlə özü də
qarışıq
çıxmışdır.
Bu göstərdiyimiz dil, kəlmə və xırda
cümlə yanlışlıqlarını nəzərə
almasaq, "Zəmanəmizin qəhrəmanı"
romanının tərcüməsini yaxşı hesab edə
bilərik. Bu maraqlı romanı bütün oxucularımıza
tövsiyə edirik.
FİRA
"İnqilab
və mədəniyyət", may 1929, ¹ 5. səh. 43 - 44
Hüseyn HƏŞİMLİ
Filologiya üzrə elmlər
doktoru, əməkdar elm xadimi
525-ci qəzet.-
2014.- 24 oktyabr.- S.7.