Əsərləri - V cild
(1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
Ermənistanın qanlı icraatı
Əvvəlki gün Məclisi-Məbusan “Müsavat” firqəsinin təşəbbüsü və bütün müsəlman fraksiyalarının iştirakı ilə Karsda icra olunan qanlı qitallar səbəbilə hökumətə bir sual verilmiş və verilən sual firqə nümayəndələri tərəfindən müzakirə olunaraq nəticədə bilaetiraz qismi-məxsusimizə dərc olunan formul qəbul edilmişdir.
Bu formul Azərbaycan xəlqinin beynəlmiləl məsələlərin ermənicə şəkli-həllinə qarşı vaqe olan həyəcanından, can guşəsindən gələn etiraz sədası və nifrət nidasıdır.
Dün hökumətin Kars faciələri həqqində verdigi və mühəyyic Azərbaycan əfkari-ümumiyyəsinin əxbarı üçün söylədigi məlumat nədən bahis idi.
Qəzetə sütunlarını dolduran əsəfli xəbərlər yersiz degildir. Bu xüsusda hökumətin də ep-eyi məlumatı vardır. Bu məlumat üzərinə hökumət gərək Ermənistan hökumətinə və gərək düvəli-müttəfiqə nümayəndələrinə notalarla müraciət eləmiş, fəqət şimdilik yalnız Ermənistan hökumətindən cavab almışdır.
Xatisyanın Fətəli Xana verdigi cavabla hüzzar arasında bulunan mötəbər bir yəhudinin dedigi kibi yəhudi qanına girən əski çar hökumətinin cavabından ibarət: müsəlmanlar kəndiləri qırılmaq istiyor, kəndiləri gəlin, bizi kəsin diyorlarmış.
İki hökumət arasında təati edilən notlara birər material olmaq üzrə erməni generalı Ovsepyan ilə əhali-islamiyyə arasında təati olunan vəsiqələr heç şübhəsiz ki, bu qanlı icraatı vazeh bir lisan və şübhə buraxmaz bir bəyan ilə izah edən fəqərələrdəndir.
Ovsepyan kəndi prikazında Xatisyanın notasında denildigi kibi bir takım “müfəttin” müşəvviqlərə və yaxud kənardan gəlmə “macəraçu” agentlərə degil, sülhpərvər əhalinin lap özünə müraciət ediyor. Ermənistan notasında bütün əhali-islamiyyə məəttəşəkkür Ararat hökumətinə tabe ikən o, onları lehinə dəvət ediyor. Fəqət dəvət, nə dəvət! İki saət içərisində ya təslim və yaxud ölümə məram ediyor.
Qismi-məxsusimizdə dərc olunacaq bu vəsiqə erməni siyasətinin cinayətini açan şahkar vəsiqələrdəndir. Bu vəsiqə general Ovsepyana bir qitamati-riyaziyyə ilə isbat ediyor, istədigi şey iki saət içərisində həll olunacaq bir məsələ degildir və yenə bir həqiqət bahirə ilə göstəriliyor. Təbidindən bəhs olunan məhəll əhali-islamiyyəsi Ermənistanı heç bir vəqt tanımamış və hətta Avropa dövlətlərincə təsdiq olunmuş bir Ermənistan mövcud olduğunu Ovsepyanın cinayətkar prikazından ögrənmişlərdir.
Ermənistan hökumətinin rəsmi təkziblərinə rəğmən Ovsepyanvarı vəsiqələrlə dəxi təyid olunan Kars qırğını kəndisindən əvvəl vaqe olan Novobayazid, İrəvan, Zəngəzur və sair qırğınlar kibi bir əmri-vaqedir.
Bu əmri-vaqelərin bir plan və sistem üzərinə icra edilməkdə olduğu isə Zaruşad mahalında vaqe olan vaqeələr və bu vaqeələri təvəllüd edən “prikaz”larla müsbətdir.
Yoxsa “vahid” Ermənistanın paytaxtını təşkil edəcək Karsda ətraf-əknaf etibarilə xalis və xas bir erməni vilayəti təşkil etməlidir və bunu əldə etmək üçün oralarını mətlub olmayan qəsrlərdən xalimi etməkmi lazım gəldi?!...
Son zamanlar Parisdən Nobar paşanın vahid Ermənistan hökuməti lüzumi həqqində çəkdigi teleqram və Ermənistan hüdudunun sülh konfransında həll olunmaq üzrə bulunduğuna aid olan xəbərlər bu məsələ ilə əlaqədar kibi görülə bilər.
Ermənilər Kilikiya tərəfində hüdusindən bəhs elədikləri yeni bir “türk cinayəti” və “erməni qitalı” bağırtısı ilə Avropa əfkari-ümumisini, “Tan” qəzetəsinə görə yalandan bir vəlvələyə verdikləri və bu vasitə ilə zəhərlənmiş Avropa əfkari-ümumiyyəsində türklərə və müsəlmanlara qarşı yeni bir cərəyan doğurduqlarından istifadə ilə caniyanə planlarını tətbiq ediyorlar.
Yalan və mübaliğəli xəbərlərlə Avropa əfkari-ümumiyyəsini “bulandırıyor” və bulanlıq suda “Kars balığını” ovlamaq istiyorlar.
Məclisi-Məbusanda denildigi kibi bir erməninin üzü qanadığı zaman yüz erməni qətl edilmişdir kibi bütün dünya vəlvələyə gəlir, fəqət yüzlərlə müsəlman köyləri xak ilə yeksan edildigi halda kimsənin qulağına bir vızıltı da olsa gəlmiyor.
İştə qeyri-müsavi bir mübarizə.
Fəqət bununla bərabər vəzifəmiz bütün dünyaya eşitdirəcək qədər bağırmaq, Zaqafqasiya demokratiyası ilə bərabər bütün cahani-mədəniyyətə həqiqəti bildirməkdir. Bu vəzifə bu gün münhəsirən bizə aiddir. Zira karslı qardaşlarımızın bizdən başqa vasitəyi-müraciətləri yoxdur.
Biz dörd tərəfdən böyük bir türk aləmi ilə mühat olan Ermənistan xəlqinin müqəddərati-siyasiyyəsini idarə edən zəvatə onun türk xəlqlərinin qeyz və həyəcanını ixbarla bərabər ixtar ediriz ki, ayılın, sapdığınız yanlış siyasətdən dönün, dünki gündən heç olmazsa ibrət alın və bir kərə bilin ki, cəzirə dənizi qurudamaz, fəqət olur ki, dəniz cəzirəyi qərq eləsin, ona qarşı süni bir takım sədlər də kargər olmasın.
lll
Məclisi-Məbusan hökumətdən tələb etdi ki, Karsdakı müsəlmanların mallarını, canlarını, irz və namuslarını müdafiə etmək üçün hər növ tədbirlərə təvəssül etsin; bu tədbirlər bir takım diplomasi təşəbbüslər və kağız protestolardan ibarət olmayıb, daha ciddi şeylərdən və təsiri şədid əlaclardan ibarət olmalıdır.
Bu qəbildən olacaq tədbirlər qomşumuza ehsas etdirməlidir ki, hər şeyin də bir əndazəsi, hər fişarın da bir həddi var.
Bunu görsünlər də hədlərini bilsinlər!
M.Ə.
“Azərbaycan”, 11 mart 1920, ¹52
Mühəyyic – həyəcanlandıran
Təati – dəyişmə, mübadilə
Fişar – sıxışdırma
Ehsas – hiss etmə
Hüdus – yaranma, baş vermə
Mühat – dövrəyə alınmış
Dövri-hürriyyət
Keçən cümə günü paytaxt Məclisi-Məbusanın fövqəladə iclası və müxtəlif mitinqlər tərtibilə Rusiya inqilabının 3 illik sənəyi-dövriyyəsini təsmiyəd elədi.
Rusiya inqilabı bir nəzərdə bəlkə də müstəqil və müqəddəratını artıq Rusiyadan ayırmış Azərbaycan üçün uzaq bir vəqə kibi görülə bilər. Fəqət biz Rusiya inqilabi-kəbirini rus inqilabı mənasında alırsaq o zaman böylə bir tələqqiyə yer qalmaz.
Rusiya sözü rus imperializmi tərəfindən süni bir surətdə yoğrulmuş millətlər məxmurəsindən ibarət idi.
1917 sənəsinin inqilabı dəxi bu məxmurənin inqilabı idi.
Rusiya istibdadı müxtəlif tarixə, ənənata, həyat və mənəviyyata malik olan cəmiyyətləri bir çəmbər arasına alaraq təzyiq ediyordu.
Hər təzyiq müqabil bir təzyiqi tövlid edər.
Rusiya inqilabı tərkiblərindən mühüm bir qismini iştə bu millətlər məsələsi təşkil ediyordu.
İnqilab Rusiyada vətəndaşlıq hürriyyətlərini təmin eləməklə bərabər bu böyük məsələnin də hesabını verməli idi.
Millətlər kəndi müqəddəratlarını təyinə həqlidirlər şüarı iştə inqilabın bu xüsusa verdigi hesab nəticəsi idi.
Böyük Fransa inqilabı “hüquqi-bəşər”i
elan eləmişdi. Böyük Rusiya inqilabı da
“hüquqi-miləli” elan elədi.
Bu nöqteyi-nəzərdən baxılar və Rusiya
inqilabının nəticələri mühakimə edilərsə,
Rusiya inqilabı müvəffəq olmuşdur, deyə hökm
vermək gərək.
Əgər böyük Rusiya parçalanmış,
çarlığın hökmran olduğu ərazi üzərində
bir çox sabiqən məhkum olan millətlər kəndi
hökumətlərini təsis eləmişlərsə, bu təbiidir
ki, “hüquqi-miləl”i elan edən bir inqilab üçün
müzəffəriyyətdən başqa bir şey degildir.
Rusiyada mart inqilabını mütəaqib bir də
oktyabr inqilabı (bolşevik xüruci) vaqe oldu ki, bu artıq
Rusiya degil, rus inqilabıdır.
Böyük
inqilabın iki mühüm dövrü var: biri Rusiya
inqilabı, digəri də rus inqilabı.
12 martda vaqe olan Rusiya inqilabı müxtəlif millətlərin
əxlutəsindən ibarət olan süni Rusiya milləti tərəfindən
icra edilmiş idi. İkinci bolşevik inqilabı isə sırf
bir rus inqilabı idi.
Birinci Rusiya inqilabının böyük amilləri dəxi
Çixeidze, Sereteli, Kerenski kibi “Rusiya millətini” təşkil
edən müxtəlif millətlərdən ibarət idi. Halbuki rus
inqilabının başçısı Lenindir ki, hər cəhətcə
tipik bir rusdur.
Rusiya inqilabı Rusiya vəhdəti namilə hərəkət
edirkən, mənən Rusiyayı parçalıyordu.
Rus inqilabı isə zahirdə beynəlmiləl
şüarlarla mühərrik ikən batinən rus cərəyanı
olaraq qalıyordu. Nəticə etibarı ilə
“hüquqi-miləli” elan etmiş olan böyük inqilab
rusları ayrı, rus olmayanları da ayrı-ayrı olaraq
öz kötükləri üstündə gögərməgə
vadar ediyordu.
Nəticədə görüyoruz ki, həqiqətən
də Rusiya inqilabı bütün sabiq Rusiya ərazisinə
şamil ikən rus inqilabı yalnız ruslara şamil
olmuşdur.
İnqilabın müxtəlif dövrlərini alsaq hər
zaman “hüquqi-miləl” şüarının daha qüvvətli,
daha səmərəli bir şüar olaraq
qaldığını görürüz. Görürüz
ki, hər hanki bir rus firqəsi bu şüarın həqiqi
iqtizaatına etina etməmişsə məğlub olmuşdur.
Kerenski məğlub oldu, çünki inqilabın bu hikmətini
dərk edəmədi.
İrtica qüvvəti məhv oldu. Çünki
bu hikmətlə kökündən zidd idi.
Bolşeviklər ilk dövrdə müvəffəq
olamadılar.
Çünki bu hikməti əməl degil, bir
vasitə olaraq istifadə etmək istədilər.
Əvət, böyük Rusiya inqilabının ən
böyük hikməti süni Rusiya millətini təbii milliyyətlərə
bölmək və cahangir Rusiya əvəzinə təbii
milli hökumətlər təsis etmək idi. Böyük
cahan müharibəsinin böyük hikmətini təşkil
edən bu hikmət bilxassə Rusiya inqilabında təbəllür
etmişdi.
Müzəffəriyyət bu aydın hikmətə hesab
verən qüvvətindir.
Süni Rusiya millətinin əsarətində qalan təbii
millətlərdən ruslardan sonra ən böyügü
türk milləti idi. Rusiya çarizmi türklərin türk əfsanəsində
məzkur bir əsarət, bir Kuyi-Qaf, bir “Ərgənəkon”
idi. İnqilab isə Ərgənəkondan
xilas yolunu göstərən bir pürtəçinə, bir
qurtdur.
Bu nöqteyi-nəzərdən bizim üçün
Rusiya inqilabının böyük günü bir qurtuluş
günüdür.
Bu qurtuluş günündə şühədayi-rahi-hürriyyəti
yad edərkən onların böyük ruhi hüzurunda inqilab
məktəbatından olan hürriyyət və
istiqlalımız yolunda azim olacağımıza və bu
yoldan qətiyyən dönməyəcəgimizə əhd edəlim
və çalışalım ki, inqilab məktəbatından
olan Azərbaycan cümhuriyyətində inqilabın digər
qazancları dəxi bütün safiyyətilə hökmran və
demokrasi əsasları payidar olsun.
M.Ə.
“Azərbaycan”,
14 mart 1920, ¹53
Məxmurə
– məst, xumarlanan
Mütəaqib
– ardınca, bir-birini təqib edən
Xüruc
– üsyan etmə
Amil – məmur,
icraçı
Təbəllür
– kristallaşmaq, saflaşmaq
Hürriyyət
bayramı
Rusiya inqilabının üç sənəligi
münasibətilə martın 12-də “Müsavat” firqəsi
tərəfindən “Türk ocağı” salonunda böyük
bir ictima tərtib edilmişdi. Saat 11 radələrində
salon cəmaət ilə dolmuşdu.
“Müsavat” binası bayırdan və içəridən
qırmızı, göy və milli Azərbaycan bayraqlar ilə
müəzzən idi.
Salonda rəngarəng bayraqlar arasında “Yaşasın
istiqlal!”, “Yaşasın təyini-müqəddərati-miləl!”,
“Yaşasın hürriyyət!”, “Yaşasın böyük
türk milləti!” şüarlı lövhələr
asılmışdı.
Səhnədə bir əlində Azərbaycan
bayrağı, digər əlində istiqlal lövhəsi
olaraq çəkilmiş bir Azərbaycan köylüsü
duruyordu.
Saat 12 radələrində məclisi Abbasqulu Kazımzadə
əfəndi açaraq inqilab həqqində müxtəsər
bir nitq ibraz ediyor, inqilab içində böyük qurbanlar cərgəsində
istiqlal uğrunda verdigimiz şühədanın istirahəti-ruhi
üçün ayağa durmayı təklif ediyor. Abbasquludan sonra zeyldəki
natiqlər danışıyorlar!
... Bu arada parlamanın təntənəli iclasından
qayıtmış Məhəmməd Əmin əfəndi
alqışlar altında kürsiyi-xitabətə
çıxıyor. Rusiya inqilabının
mahiyyəti üzərində danışmaqla Rusiyada vaqe
inqilabın – rus inqilabının Rusiya inqilabından
ayrılmasını lazım biliyor. Rusiyanın
inqilabı əvvəllər Rusiya inqilabı idi. O
inqilabı Rusiyada yaşayan bütün millətlər
yaratmışdı. Çünki Rusiya istibdadən
bu millətləri sıxıb zorla süni bir Rusiya milləti
halına salmağa çalışmışdı. Fəqət istibdad məhv olarkən bu süni mərbutiyyət
də rəf olmuşdu. Zəncir
qırılmışdı və millətlər kəndi mənliklərini
meydana çıxarmışdılar.
Fəqət rus inqilabçılarının sonralar
Rusiya inqilabını rus inqilabı halına salmalarını,
Rusiyanı rus mərkəzinə tabe etmək istəmələrini
ətraflı surətdə təsvir etdikdən sonra diyor ki, –
tazədən bu mərkəziyyət fikri istər əvvəldə,
istərsə indi yalnız ruslar arasında hakim idi. Bu gün
bolşevizmin də ancaq velikorus dairəsində
dolandığını və oraya təkiyyə etdigini
görməkdəyiz.
Natiq Rusiya inqilabı başında duranların bu həqiqəti
başa düşmədiklərindən və bunun sayəsində
də Rusiya inqilabını bu günlərə
götürdüklərindən bəhs etdikdən sonra millətlərin
təbii hökumət qurmağa başladıqlarına və
bu yolda vəqtilə Rusiya inqilabı başında
duranların rus inqilabı başında duranlardan
ayrıldıqlarına nəqli-kəlam ilə diyor nasatiqin
ittihadı zülm ilə və süni bir surətdə icra
ediləməz. Dünyada ən təbii üsuli-idarə
milli hökumət quruluşudur.
Dünyada millətlərin sayı qədər milli
hökumət olmalıdır. Ancaq böylə olanda
sonra millətlərin arasında federasyon əsasilə
vücuda gəlmiş bir ittifaq bəşəriyyətin səadətini
təmin edə bilər.
Məhəmməd Əmin əfəndinin nitqindən
sonra saat 4 radələrində ictima qapanıyor.
“İstiqlal”
qəzeti, 18 mart 1920, ¹11
Nasatiq –
yalan, sədaqətsiz
Qurtuluş
günü...
Bunun İranın təsirilə bizə keçdigi
adı novruzdur.
Novruz, məlum olduğu üzrə yeni gün deməkdir. Bu yeni günə
əski türklər qurtuluş gününə bahar kibi
baxarlardı. Çünki əski bir
türk əfsanəsində məzkur olduğu kibi “Ərgənəkon”da
məhsur qalan türklər bu gün qurtulmuşlardı.
Bunun üçün də onlar bu günü və 9 marta
işarə edən 9 ədədini təfdis edər və bu
gün “rəhbər”ləri olan qurd başını daima bir
qurtuluş (nicat) rəmzi kibi tələqqi edərlərdi.
Novruz iranilərcə dəxi qurtuluş günü kibi əfsanəvi
bir dövrdən başlayaraq tarixi-təsisi Cəmşidə
isnad edirlər. Felən gərək İran və gərək
Turanda bir yer yoxdur ki, novruzu bayram sanlamasın.
İran
bayramı tələqqi olunan novruz Türküstanda İrandan
az tutulmaz. Volqaboyu ilə
Türkiyə dəxi novruzu mütəntən bir surətdə
degilsə də yad edərlər.
Bu gün təbiət bayramı olmaq həsbilə
bütün dünyanın dəxi bayramıdır. Hər hanki
millətin adat və ənənatı tədqiq olunursa, yafəs,
(pasxa), ya eydi-xızır, ya mayıs və yaxud sair bir
ünvan ilə aşağı, yuxarı bir bahar bayramı
vardır.
Turan ilə
İranın bu xüsusdakı iştirakı bu iki aləmin əskidən bəri
yekdigərilə təsadüf, təsadüm və təarüzündən
iləri gəlmişdir.
Novruz Cəmşidi,
bir vəqt ərəblərin istilasından sonra İranca
tamamilə tərk edilmiş və yaxud etdirilmişdi. Yalnız bundan 8 əsr əvvəl türk
hökmdarlarından Cəlaləddin Məlikşah Səlcuqi
tərəfindən ehya edildi və o gündən etibarən
isminə Novruz Sultanı denildi.
Ərəb
hökuməti tərəfindən mən edilən bir
bayramın türk Sultanı tərəfindən
ehyasını “qurtuluş” təsirinin “anlubizm” təriqilə
zühura gəlməsi ilə təfsir və izah edərsək
günahmı olur?
lll
Təbiətin qaranlıq və soyuq qış cəngəlindən
çıxdığı bu gün, zülm üzündən
göylərə çıxmış Cəmşidin
nüzuluna və dörd yüz sənəlik bir dövri-əsarəti
tərk etmiş böyük bir qurd qurtuluşuna nə gözəl
bir rəmz, nə mənidar bir işarətdir.
Bu günün zikrini təşkil edən dua vəqtilə
iranlıları zülmdən, turanlıları mühasirədən
qurtarmaq surətilə müstəcab olmuş. Fəqət
icabını qoyun olunacaq istidalarını tamamilə qane edəməmişdir.
Çünki yeni gün daima hərəkətdə
və iləriləməkdə olan həyatın daima köhnələnməkdə
və təkrar tazələnməkdə olan səhifələrini
göstərən bir vərəq başıdır.
Yeni gün köhnəlir, köhnə gün tazələnir. Ortada köhnənin
yeniyə təhvili vaqe oluyor. Bu təhvil
saətinin kəndinə məxsus duası var. Bu dua ilə hər
kəs halını “əhsən halə” təhvilini istida eylər.
Bu duayı bir şəxs, bir ailə zəbani-hal ilə
söylərkən təbiidir ki, fərdlərin və ailələrin
məcmuindən ibarət olan bir millət də bunu zəbani-hal
ilə təkrar ediyor.
Müstəqil bir Cümhuriyyət içərisində
gözəl bahar bayramını, qurtuluş gününü
təsmid edərkən ilk nəzərdə bəzi fəzlə
nikbin olanlarımızca daha ziyadə “əhsən hal” istəməgə
bəlkə də məhəll yoxdur.
Fəqət Cümhuriyyəti-mövcudəmizin
böyük bir nemət olmasını təqdir etməklə
bərabər, burasını dəxi unutmamalıyız ki,
“baharı” hər kəsdən daha ziyadə istəyən və
qurtuluşa hər millətdən daha ziyadə möhtac olan
böyük aləm var ki, daha yeni gününü bulmadı.
Dünyanın
mühüm bir qismi ilə bərabər böyük türk
aləmi, aləmin şiddətli bir təhvilə məruz
bulunduğu bu zamanda mühəvvəlüləhvaldan
böyük bir ehtiyacla niyaz eylər və der ki:
“Ya
mühəvvəl-ül-hövl və ila
hövl
Hövl halina ələhsən-ül-hal!”x
M.Əmin
“Azərbaycan”,
19 mart 1920, ¹58
Almaniyadakı
hərəkət
Almaniyada
iş başına gəlmiş sosialist hökumətini
düşürərək yeni bir qüvvət hökumət
işlərini əlinə almışdır.
Yeni hökumətin başında manarşik Almaniyanın
bənam generallarından Eyrpik kibi cəng adamları və
doktor Qup kibi siyasilər durmuşlardır.
Şeydeman,
Ebert Snuski koalisyonundan ibarət olan əski hökumət hər
nə qədər üsyan çıxaran əskərlərin
qatarı qabağında Berlini tərk ilə
Drezdenə çəkilmişsə də hökumətdən
əl çəkməmiş, biləks hüquqini isterdad
üçün tədarükə başlamışdır.
Yeni hökumət hər nə qədər əşxas
etibarilə tamamilə manarşik və əski üsul tərəfdarı
bir simayə malik isə də dildə kəndisinə
“hürriyyət və səlah” hökuməti namını
verməkdədir.
Hürriyyət və səlah naminə açılan bu
davanın mahiyyəti təhlil edilərsə
qarşı-qarşıya gələn adamların şəxsiyyətini
birər rümuz kibi alsaq, hər halda Terpiç və Tuska
kibi iki mətin adamın toqquşduğunu görüyoruz. Bittəbii toqquşan
yalnız iki adam degil, iki qüvvətdir.
Teleqraflar Drezdendə çəkilən sabiq hökumət
qüvvələrinin Berlin üzərinə hərəkət
etməkdə olduqlarını və bir çox şəhərlərdə
əmələlərin tətili-ümumi elan elədiklərini
bildiriyorlar. Berlinə hakim bulunan yeni hökumət dəxi siniflərini
hazırlamaqdadır.
Başlanan
bu daxili müharibədə hankı qüvvətin qalib gələcəgi
məsələsini kənarda buraxaraq vaqe olan hərəkəti
və bu hərəkətin siyasəti-aləm üzərində
icra edə biləcəgi təsiri bir az tədqiq
edəlim.
İnqilab hökumətinə qarşı böyük
bir protestodan ibarət olan bu hərəkəti doğuran ən
böyük amil heç şübhəsiz ki, Versal
sülhünün Almaniya həqqindəki
amansızlığıdır. Almaniyanın koloniyalarını, gəmilərini,
vaqonlarını, itiklərini belə əlindən alan bu amansız sülh və böylə bir
amansız təklif qarşısında dərmansız qalan
sosialist hökumətinin möv-qeini bittəbii
sarsmışdı.
Dünyayı sarsan o ağır başlı millət
böylə bir zərbə nəticəsində təməlindən
sarsılmaya bilməzdi. Bu sarsıntı ürəklərində
pək təbii olaraq bir fikri-intiqam bəsləyən Almaniya təbəqələrini
hərəkətə gətirəcəkdi. Terpiçin başına keçdigi hərəkət
böylə bir fikri-intiqam ilə cuşa gələn hərəkət
olsa gərək.
Versal sülhünün bir nəticəsi olan bu hərəkət
Brest-Litovsk sülhündən sonra da vaqe olmuşdu.
Brest-Litovskda Rusiyanın başına gətiriləni
Versalda Almaniyanın başına gətirdilər.
Brest-Litovskdən sonra bolşeviklər dəxi eserlərin
qiyamına məruz qalmışlardı. Eserlərdən
sonra Kaledin-Kolçak-Denikin kibi bir sıra üsyanlar və
qiyamlar oldu.
Bu hərəkətdə, əcəba, cərihədar
olan hissiyyati-milliyyəyi bəhanə edərək hökumət
davasına qalxmış bir qüvvət, yoxsa Mustafa Kamal
Paşa kibi millətin sinei-məcruhundan doğma bir əsərmidir?
Almaniyanın mötədil sosialistləri vəqtilə
orasının bolşeviklərini təşkil edən Spartakların
ələləcələ öhdələrindən gəlmiş
bolşevizm genişlənməsinə meydan verməmişlərdi. Halbuki
sağlardan gələn zərbəyə pək o qədər
sürətlə cavab verəməyib hələlik
paytaxtı tərk etdirdilər. Daha sonra nə
yapacaqlar intizarə bağlı bir məsələ.
Əcəba, Rusiyadakı daxili müharibələrdən
sonra bir də Almaniya ixtilallarınamı şahid
olacağız?
Daxili müharibənin müqəddiməsi zahirdədir. Fəqət
Almaniya xəlqinin ifratpərvər olmasından vətən
fikrinin oraca daha yüksək olduğundan ehtimal bu müharibat
Rusiya qədər uzanamaz və daha çabuq olaraq bir nəticəyə
iqtiran edər.
Hər halda Almaniya ixtilalını meydana gətirən
amillər içərisində Versal sülhünün
amansızlığı böyük bir amil olmuş və bu
amansız şəraiti-sülhiyyə baqi qaldıqca
müşküldür ki, Avropa aləmi və o münasibətlə
də bütün aləm rahət üzü görsün, səlamət
sahilinə çıxsın.
M.Ə.
“Azərbaycan”,
19 mart 1920, ¹58
Bənam
– məşhur, şöhrətli
Rümuz
– rəmzlər
Məcruh
– yaralı; ləkələnmiş
İqtiran
– yaxınlaşma
Cərihə
– yara
Məhəmməd
Əmin Rəsulzadənin parlamanda
çıxışı
Məhəmməd Əmin Rəsulzadə – (əsəbi
bir halda minbəri-xitabətə çıxıyor). Əfəndilər! Burada müəyyən bir məsələ var. O məsələ
budur ki, Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin
düşməni olan bir ünsür tərəfindən fəsad
və üsyan qaldırılmışdır. Bu fəsad qarşısında hökumət və
bütün məmləkət əmri-vaqe
qarşısında bulunaraq mübarizə ediyor. Burada
digər bir sui-qəsdin şəriki, Qarabağda degil,
Bakının özündə, Azərbaycan mərkəzində
böyük bir üsyan qaldırmağa iştirak edən
birisi, bir asi burada diyor ki, nə qədər siz biz asilər ilə
uzlaşmamısınız Qarabağ asiləri ilə
mübarizə edəmiyəcəksiniz, binaənileyh bir
üsyanı yatırmaq üçün hökuməti,
ümuri-idarəni biz asilərin əlinə verməlisiniz.
Əfəndilər! Üsyan çığıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir.
Bizə diyorlar ki, ermənilər ilə mübarizə edəmiyorsunuz, bu mübarizəni Azərbaycan davam etdirə bilməz. Qarabağ asilərini təfkil etmək üçün Sovet Rusiyasının qırmızı ordularını buraya gətirməlisiniz... Bu nədir? Bunu söyləyən əcəba kimdir? Bunu deyən Azərbaycan xalqının nümayəndəsimidir və yaxud məclisi-məbusan üzvü sifətilə guya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum veriyor, bizi qırmızı Rusiyanın orduları ilə təhdid ediyor?
Səslər: Ar olsun.
Məhəmməd Əmin – (Qayət hərarətli və həyəcanlı bir halda): Bumudur vətənpərvərlik? Böyləmi danışır bir cümhuriyyət üzvü? Böyləmi sözlər söylər bir xalq nümayəndəsi?
Əfəndilər! Bu kibi ultimatumlara fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Bən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü degil, bir Rusiya vəkilinin, bir Rusiya agentəsinin sözünü eşidiyorum.
Soldan səslər: Pravokasiya...
Məhəmməd Əmin (davamla): – Əvət, siz pravokasiya diyorsunuz... Nə üçün siz böylə ümid ediyorsunuz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün kəndi hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəgənmiyorlar. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif ediyorlar. Bununçün nəzərə alınmıyor ki, Qarabağda üsyan qaldıran Vartazarlar həmin bu asilərin başındadırlar ki, siz də onda iştirak ediyorsunuz. Əgər siz bəni təmin etsəniz ki, ümuri-idarə əlinizə keçdigi təqdirdə burada Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya Sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vəqt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz, biz hər vəqt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçi degil, digər bir üsyan hazırlayan bir sui-qəsdçisiniz. Siz bu gün bombalar ilə, silahlar ilə əsgər arasına girib onları təftiş etməklə bizi özünüzlə danışdırmaq istiyorsunuz... belə asilər və bombaçılar ilə bomba ilə danışarlar. Əgər siz bəni inandırdınız ki, o böyük şüarlara əməl olunacaq, bu millətin hüququna riayət ediləcək o halda bən sizinlə danışardır. Fəqət həqq və hüquqdan danışmaq əvəzinə bizi təhdid ediyorsunuz ki, hökuməti bizə verməsəniz, dalımızda böyük Rusiya və onun böyük qırmızı ordusu var. Onlar gəlib bizi qıracaqlar. Siz bizi böylə qorxuduyorsunuz.
Əfəndilər! Məsələ qətiyyən pək mühümdür. Zənn etməyiniz ki, bənim könlümdə Rusiya bolşeviklərinə qarşı o qədər böyük inad vardır ki, sui-niyyətə alışaraq onlarla anlaşmaq istəməm. Xayr, həmişə mühakimə etmək mümkündür. Bir takım şəraiti-siyasiyyə ilə uzlaşmaq, barışmaq olur. Fəqət bizə desələr ki, əgər bir üsyançı qüvvətlə barışmazsınız, Rusiya da sizinlə barışmayacaqdır. Biz görsək ki, bizim içərimizdə bir neçə Əliheydərlər varmış, onlarla hesablaşmaq lazım imiş, lakin bir millətin rəyi və hüququ ilə hesablaşmaq lazım degilmiş, o halda biz böylə bir qüvvətə heç vəqt inanmarız. Axırda bir qurd ilə qoyunun məsələsinə bənzər. Onun üçün siz hər şeydən əvvəl bəni iqna ediniz görək o millətlərin haqqını tanıyıb əda etmək istəyən qüvvə millətlərin hüququnu özünə vermək üçün gəlib Qarabağ məsələsini həll edəcək, yoxsa Qarabağ məsələsi adilə gəlib bizi çiyniyəcəkdir.
Onların pulu ilə burada bombalar alıb bizi o vasitə ilə özünüz ilə hesablaşdırmaq istiyorsanız isə qoyunuz millət öz işini görsün. Əgər o qüvvə sənin kibilərin əqli ilə Şərq məsələsini həll edəcəklər isə və bizlər ilə o yolda hesablaşacaqlar isə onda bən onlara inanamam. Əgər Əliheydər Qarayev kaprizi ilə olanlar buraya gələcəklər isə, o vəqt onlar bizə dost degil, düşməndirlər.
Sonra burada Əli Bayramov məsələsi çıxardılar. Madam ki, bunu meydanda isbat edəcək bir sənəd yoxdur, bən buna böhtan diyoram. Əgər bu dedikləri isbat ola ki, həqiqətdə böylə vaqeə olubdur, onda əmin olunuz ki, hökuməti düşürmək istəyən şəxslərin əvvəlincisi bən olacağam, çünki hökumət kim olursa olsun, onda caniyə yer yoxdur. Fəqət bunu söyləyən siz, daşnaqların Qarabağdakı xəyanətlərindən istifadə edib hökuməti yıxmaq istiyorsunuz. Olsun ki, fikrinizi yeritmək üçün Əli Bayramovu özünüz gizlədib hökumətə böhtan diyorsunuz. Qaldı ki, Rusiya ilə hesablaşmaq başqa, Əliheydər ilə hesablaşmaq da başqadır. Bu gün bizim nicatımız ondamıdır ki, hökuməti Əliheydər Qarayevlərə təslim edək, bugünki məsələ budur ki, Qarabağda bizə asilər üsyan qaldırdılar. Həqiqi bir millətpərvər olursaq, əldə silah oraya koşmalıyız. Bu gün bundan başqa məsələ ola bilməz. (Alqış).
“Azərbaycan”, 1
nisan (aprel) 1920, ¹67
(Ardı var)
Məhəmməd
Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.26-27.