Dindirir əsr bizi...
(Əvvəli
ötən şənbə sayımızda)
“Krunq”un günbəgün artan müdhiş sədasını
batırmaq əvəzinə, onu eşitməmək
üçün başda oturan başbilənlərimiz
qulaqlara pambıq tıxamağı bizə rəva bilirdilər.
Dilimizin lal, qulağımızın kar
olması çox güman ki, respublikamızın
başçılarına sərfəli imiş. Axı, əks təqdirdə onların stulu laxlaya
bilərdi. Bir sözlə, hiyləgər
erməni millətçiləri qovduqca biz dala çəkilirdik.
Zori Balayan isə fürsəti fövtə
vermirdi. O, belə bir boşluqdan istifadə edib “Krunq”a
züy tutdu. Onun “Oçaqı” ermənilər
arasında əldən-ələ gəzdi. Ehtiraslar daha da qızışdı. Bu bədnam ideologiyaların törətdiyi alovun qara
tüstüsü axır ki, Stepanakertin səmasına
yayıldı. İçərisində azərbaycanlılar
olan dustaq maşını vəhşicəsinə
yandırıldı.
Onda Dağlıq Qarabağ vilayətinə də xidmət
edirdim. Həmin hadisə baş verəndə Ağcabədidəydim.
Əsas iş yerim olan Ağdama getməyə
hazırlaşırdım. Yuxarıdan göstəriş
gəldi ki, Stepanakertlə qonşu olan Qarabağın
rayonlarında gediş-gəliş qadağan olunub. Səfərimi təxirə saldım və Ağcabədidə
gecələməli oldum. Respublikanın başçıları
uzaqgörənliklə belə düşünürdülər
ki, guya Stepanakertdə yandırılanların
hayıfını almaq üçün Qarabağın
rayonlarından onlara hücum çəkə bilərlər.
Yuxarıların qəti göstərişi beləydi
ki, bir nəfər erməni dığasının burnu belə
qanamamalıdır. Bu mülahizə ilə Mərkəzi
Komitənin o vaxtkı birinci katibi, Nazirlər Sovetinin sədri,
hüquq mühafizə orqanlarının işçiləri
tez-tələsik Stepanakert şəhərinə varid oldular...
Köhnədən
yaxınlığımız olan respublika daxili işlər naziri Məmməd Əlizadə
mənə danışdı ki, əlimizə Yerevanda oxuyan
bir nəfər ali məktəb tələbəsinin məktubu
keçmişdi. O, Yerevandakı nişanlısına
yazmışdı ki, sevgilim məndən nigaran olma. Burada
özümü əla hiss edirəm... Çünki
türk meyidinin tüstüsü hələ Stepanakertin səmasından
çəkilməyib. Həmin məktubu respublikaya rəhbərlik
edən Axundovla Əlixanova təqdim edəndə onların
cavabı bu oldu:
– Bu
cür məktublar, nə bilim azərbaycanlıların dustaq
maşınları ilə birlikdə yandırılması, tək-tək
fərdlər arasında baş verən mümkün hadisələrdir.
Ona milli məna verib şişirtmək lazım deyil...
Bəli,
bir daş altdan, bir daş üstdən!..
Ancaq sular durulmadı ki, durulmadı. Erməni millətçiləri
onu daha da bulandırmağa başladılar. Vilayətin məsul işçiləri ləng tərpənişimizdən,
yumşaq hərəkətimizdən istifadə edib daha da
şirnikdilər. Dağlıq
Qarabağın Ermənistana birləşməsinə dair
imzalar toplanmağa başlandı. Onda
respublika rəhbərlərinin canına bir balaca isti keçsə
də, özlərini o yerə qoymadılar.
– Ola
bilsin ki, bir-iki nəfər axmaqlayıb, onları da başa
salmaq lazımdır – respublika rəhbərlərindən bu
cür liberal səslər eşidildi.
Bəli, respublika Ali Soveti Rəyasət Heyətinin sədri
İskəndərovun və Mərkəzi Komitənin məsul
işçisi Yefim Aronoviç Gindizin iştirakı ilə
plenum keçirildi. Plenumdan əvvəl vilayət partiya komitəsinin birinci
katibi Qurgen Aramoviç Melkumyanın hazırladığı
məruzə ilə tanış oldum. Və cib dəftərçəmə bəzi qeydlər
etdim. Məruzənin mətnində belə
bir cümlə işlədilmişdi. Vilayət qəzetinin
redaktoru Qasparyan, şəhər sovetinin sədri Şəkəryan,
kino birliyinin direktoru Ulubabyan... Dağlıq Qarabağın Azərbaycandan
qoparılıb, Ermənistanın tərkibinə daxil
olması üçün əl altdan imzalar toplamaq, əhalini
çaşdırmaq kimi nalayiq hərəkətlərə əl
atıblar...
Yığıncaq başlandı. Qasparyan, Ulubabyan, Şəkəryan
şəstlə içəri daxil olanda yığıncaq
iştirakçılarının çoxu onların
timsalında sanki öz milli qəhrəmanlarını
qarşılayır və ürəklərində Andronikin
sadiq xələflərinin “əyilməzliyini” təqdir edir,
onlara – eşq olsun! – deyirdilər. İş heyətində əyləşənlərin
onlara zillənən narahat, həm də təbəssümlü
baxışlarında təslimçilikdən irəli gələn
incə eyham duyurdum.
Məruzə qurtardı. Lakin Şəkəryanın,
Ulubabyanın, Kasparyanın nə adları çəkildi, nə
də ki, onların ünvanına bircə kəlmə incikli
söz deyildi. Məruzəçinin
onlardan yan keçməsinin səbəbi ilə maraqlandım.
Yefim Aronoviç Gindiz partiya işçilərinə xas olan
təmkinlə qaşlarını yuxarı dartaraq:
– Belə
məsləhətdir, – dedi. – Onları təzədən
qızışdırmaq lazım deyil.
Erməni
millətindən olan sağıcı qadının
çıxışı qəribə səsləndi:
–
Eşitdiyimə görə bəzi-bəzi şlyapalılar
altdan-altdan fitnə-fəsad törədir! Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsinə
çalışırlar! Milli ədavəti
qızışdırırlar! Onları göndərin bizim kəndə
tərbiyə edək! Ermənistan nədir?!
Azərbaycan nədir?! Biz hamımız
qaynayıb-qarışmışıq!
İnanıram
ki, bu sadə zəhmət adamı “Krunq”u dinləyib, onun məna
dərinliyinə enə bilsəydi, Zori Balayanın, Silva
Kaputikyanın qan qoxusu gələn cızmaqaralarını
oxusaydı, bəlkə də bu cür çıxış
etməzdi.
Düzdür, plenum iştirakçılarının
çoxusu sağıcı qadının sözünü
alqışladı. İş heyətində əyləşənlər
isə çox ehtiyatla çəpik çaldılar. Əlbəttə, belə lazım idi. Əks təqdirdə Şəkəryanların
ağlına ayrı şeylər gələ bilərdi.
Ancaq bu cür güzəştlər, geri çəkilmələr
vəziyyəti heç də sadələşdirmədi, əksinə,
daha da mürəkkəbləşdirdi. Yerevanın
fitvasıynan Dağlıq Qarabağda tüğyan etməkdə
olan qara seli dinc və sakit məcraya yönəltmək
üçün Boris Gevorkov sanki bir tapıntı oldu. Burada bir haşiyə çıxım. Boris Gevorkov əvvəllər Mərkəzi Komitənin
Qarabağ rayonları üzrə məsul təşkilatçısı
işləyirdi. Onda xüsusi müxbir kimi
həmin zonaya xidmət edirdim. Onunla hərdən
bir görüşür, təmasda olurduq. Savadlı,
hiyləgər, təmkinli, təkəbbürlü olan bu adam Qarabağ rayonlarındakı ötkəm və
seçmə katiblərin gözünün odunu necə
almışdı, ilahi?! Ondan necə çəkinirdilər?!
Bir dəfə Ağcabədi rayon partiya komitəsinin çox
ciddi və nüfuzlu katibi olan Məmməd Əsgərovun
kabinetinə daxil olanda stol və
stulları həmişəki yerində görmədim. Sən
demə Boris Gevorkov stol və stulların
yerinin və düzülüşünün qaydasında
olmadığını hörmətli katibə irad tutub. O da
“səhvini” düzəldib... Bəs Dağlıq Qarabağda
yaranmış məlum vəziyyətin
tarazlığını tənzimləmək ümidi ilə
həmin vilayət partiya komitəsinə birinci katib göndərilən
Boris Gevorkov Stepanakertdə stol və
stulları necə qaydalaşdırırdı?! Sözdə
bizim, əməldə isə Yerevandakı
dindaşlarının zövqüncə! Düzdü, etimada
layiq kadr olduğunu sübut etmək üçün ilk
günlər bir çox müsbət addımlar atdı... “Krunqa” sitayiş edən bir neçə
ağzıyelli erməni daşnağını yerində
oturtdu. Və bununla da respublikamızın
başçılarını inandıra bildi ki, sərfəli
kadrdı. Bu inam Dağlıq Qarabağla
respublikamızın arasında aldadıcı bir səddə
çevrildi. Bu səddi respublika rəhbərlərindən
iki-üç nəfəri istisna olmaqla heç kəs
asanlıqla keçə bilməzdi. Hər
şey səxavətlə Boris Gevorkovun iradəsinə tabe
edilmişdi.
Bir dəfə xata oldu ki, xüsusi müxbirimiz kurort
şəhəri olan Şuşanın dərdi-səri barədə
tənqidi məqalə yazdı. Özü də Boris Gevorkova gənəşməmiş!!
Dərhal qəzetin redaktoru Rzayevin telefonu zəng
çaldı. Redaktor dəstəyi qaldıranda Boris
Gevorkovun iddialı ittihamlı səsi eşidildi:
–
Xüsusi müxbirinizi burdan dəyişdirin!
– Səbəbi? .
–
İzahat vermək nə lazım! ...
Rzayev:
–
Xüsusi müxbir redaktorluğun rəyi ilə qoyulur,
çıxarılır və ya dəyişdirilir. Bu sizin vəzifə səlahiyyətinizə aid deyil.
Və məsləhət görürəm ki,
sizə aid olmayan məsələyə
qarışmayasınız, – deyib dəstəyi yerə qoydu.
Bu əzrayılla çilingağac oynamağa bənzəyirdi. Məgər
Dağlıq Qarabağ canişini ilə o tərzdə
danışmaq olardı?!
Bəlkə də belə başa düşənlər
vardı ki, Boris Gevorkovun dövründə Dağlıq
Qarabağda müəyyən sakitlik yaranıb. Bəli,
üzdə belə bir “əmin-amanlıq” nəzərə
çarpırdı. Ancaq necə də
aldanırdıq.
1941-1945-ci
il Vətən müharibəsi
dövründə Azərbaycan kəndlərində müəllim
çatışmazlığı yarandığına
görə Şuşada pedaqoji kadrlar hazırlayan kurs
açılmışdı. Müdavimi olduğum həmin məktəbin direktoru
Arsen Akopoviç Xaçaturyan idi. Müəllimlərimizin
hamısı azərbaycanlı olduğu halda, onlara Arsen
Akopoviç rəhbərlik edirdi. Təcəvvürlərdə
inanılmış, sadiq, beynəlmiləl, daha yüksək vəzifələrə
layiq şəxs. Sonra o, maarif sahəsində
irəli çəkildi, oğlu Mixail də raykom katibliyinə.
Dağlıq Qarabağda millətçilik
dalğası tüğyan eləyəndə Arsen
Akopoviçi tanımaq olmurdu. O, daşnak xislətini dərhal
büruzə verirdi. Həmin məqamlarda Arsenə
məxfi qonaq gələn fransalı ermənilərin
ardı-arası kəsilmirdi.
Mixail Arsenoviç Xaçaturyan fransız müsafirlərinə
atasından betər qonaqpərvərlik göstərirdi. Bir dəfə raykomun yerləşdiyi
binanın pilləkənlərindən enəndə məsul vəzifədə işləyən
T.Süleymanov təəccüblə soruşdu:
– Hara tələsirsən,
Mixail Arsenoviç, xeyir ola?
Mixail
Xaçaturyan töyşüyə-töyşüyə:
– Öz
aramızda qalsın, atamın fransız qonaqları var. Gecə
Boris Gevorkov da gəlməlidir. Gərək onlara layiq süfrə...
Bu süfrənin başında nə kimi məkrli
söhbətlər gedirdi, onu bir Xaçaturyanlar, bir də ki,
Gevorkovla Fransadan təşrif gətirən erməni
daşnakları bilirdi.
Bəli.
Əslində saman altından yeridilən sudan
xəbərsiz idik, çox xəbərsiz!! Bir
də ki, sadəlövhcəsinə başa
düşdüyümüz bu sakitlik heç də Boris
Gevorkovun ədalət naminə dəridən qabıqdan
çıxıb, erməni millətçilərini yerində
oturtmaq hesabına deyildi. Bu zahiri sakitlik əslində
erməni araqızışdıranlarının nazı ilə
oynamağımız hesabına başa gəlirdi.
Stepanakertə
dəmir yolu çəkilməlidir!!
– Baş
üstə!
– Vilayətdə pedaqoji məktəb açılsın!!
– Baş üstə!
– Azərbaycan radiosunda və televiziyasında erməni dilində verilişlərə geniş yer ayrılsın!!
– Baş üstə!
– Əsgəran ayrıca rayon olsun!!
– Baş üstə!
Bu müti başüstələr, güzəştəgetmələr mühitində, “Krunq” mahnısı Balayanların, Silva Kaputikyanların tərəfindən məharətlə improvizasiya olunurdu. Yəqin ki, bu dramatik səhnənin quruluşçularından biri kimi, Boris Gevorkovun “zəhmətini” qeyd etməmək azı insafsızlıq olardı. Lakin bu ssenarinin hazırlanmasında, Boris Gevorkovun xidməti bizim eynəklərimizlə o qədər də sezilmirdi. Onun Əsgəran səddindən o tərəfə dovşana – qaç, tazıya tut – deməsi də nəzərə çarpmırdı. Ancaq riyakarlığın axırı puçdur. Həmin riyakarlığın acı nəticəsini ən çox Gevorkov özü dadmalı oldu...
Gevorkov vəzifədən gedəndə onu kim əvəz etdi? Nisbətən münasib olan partiya-sovet işçiləri dura-dura, vilayət kənd təsərrüfatı istehsalat birliyinin sədri, ən qatı millətçi kimi tanınan Poqosyan Henrix Aramoviç.
Bir dəfə respublika kənd təsərrüfatı texnikası birliyi sədrinin müavini F.Hüseynov yarızarafat, yarıciddi:
– Henrix Aramoviç, – dedi – bu millətçilikdən əl çək. Axı sən Azərbaycanın çörəyini yeyirsən.
– Əqidəmdən dönə bilmərəm. Bizə Yerevan Bakıdan əzizdir...
Belə bir kadr “Krunqun” fədailəri, Gevorkovun məsləhəti, respublika rəhbərliyinin xeyir-duası ilə vilayətin başçısı seçildi. Onun taxta çıxması Dağlıq Qarabağda onsuz da pis olan vəziyyəti daha da gərginləşdirdi.
Mərkəzi Komitənin katibləri Stepanakertə gedəndə Poqosyan onları vilayət partiya komitəsində yox, Aqrar Sənaye Birliyinin binasında qəbul edirdi...
“Ocaq”ın Stepanakertin səmasında çözələnib, gözləri yaşardan acı tüstüsü, bir az da alovlandı. Bu məşum alov, Dağlıq Qarabağın şəhər və kəndlərində yaşayan azərbaycanlı evlərini yandırıb külə döndərdi. Bu alov Ermənistandakı müsəlman kəndlərini bürüdü. Ermənistanla sərhəd olan Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Dağlıq Qarabağdakı Azərbaycan, şəhər və kəndləri xarabalıqlara çevrildi. Neçə ildi həmin kəndlərdə bayquşlar ulayır.
“Krunq” və “Oçaq” ətrafında birləşən erməni araqızışdırıcılarının məkrli əməlləri, Sumqayıt hadisələri ilə nəticələndi. Yeri gəlmişkən deyim ki, onda Jeleznovodskda istirahət edirdim. Bu xəbər məni sarsıtdı. Düşündüm ki, olan olmuşdu, keçən keçmişdi. Qaysaq bağlamış yaraları təzədən qaşıyıb-qanatmağın nə mənası var! Vaxtilə erməni-müsəlman qırğınlarına məruz qalanlardan biri, mənim dünyaya göz açdığım bölgədi. Qarabaşlı, Göyqala, Qalaboynu, Köhnə Balahəsənli, Sofulu kəndlərinin indi yeri də bilinmir.
Xatirimə bir rəvayət düşdü. Bağbanın oğlu uzun illər atası ilə dostluq edən ilanla savaşır. İlan oğlanı vuranda əks zərbədən özünün də quyruğu qırılır... Oğul dərdi bağbanın belini əyir. İllər keçəndən sonra bağban arada olan bu kin, küdurəti unudur və ilanı yenidən ünsiyyətə, ülfətə səsləyir. İlan yuvasından çıxır. Bağban ona deyir ki, ey köhnə dost! Mənə olan, sənə də olub! Gəl keçənləri unudaq. Əzəli mehribançılığımızı davam etdirək. İlan isə:
– Səndən ciyərpara dağı, məndən quyruq yarası gedən deyil. Odur ki, day indən sonra bizim dostluğumuz baş tutmaz, – deyib yuvasına çəkilir.
Biz ciyərpara dağlarımızı unutduq. Erməni millətçiləri isə quyruq yarasını unutmurlar ki, unutmurlar.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.24.