Zamanlar şahidi şairimiz
“Bu gün dünəndən
başlayır” silsiləsindən
Madarmı
deyim ona, yadigarmı, xatirəmi, hər nədirsə ulu
Tanrı onu görk olaraq, “zamana yandıxlar” verərək bizlərçün
qoruyub saxlamaqda, qərinələr,
əsrlər boyu biri-birinə
sarı can atmış Azərbaycan ellərini tam, müstəqil,
vahid halda görsün deyə ömrünə ömür
calayıb yaşatmaqdadır. Çoxumuzun “əmi”, “cənublu qardaşımız” deyə üz
tutduğumuz, buçağacan bir
kimsənin pislik görmədiyi, indilər yaş öz
işini görsə də, yerişində, duruşunda ləngərlik
yaransa da, gəncliyində od-alov olmuş, yurdunun mərd, igid,
ölümün gözünə
dik baxan oğullarıyla çiyin-çiyinə ikiyə
bölünmüş Azərbaycanın bütövlüyü uğrunda mübarizə
aparmış, bu yolda Seyid Cəfər Pişəvəri, yeni
yaradılan Milli Hökumətin
baş prokuroru, yaxın qohumu Firudin İbrahimi, Səməd
Behrəngi kimi onlarla əqidə, məslək dostunu itirmiş
istiqlal mücahidi kimi tanıdığımız Xalq
şairi Söhrab Tahirdir o. Ədəbiyyat aləminə, söz
dünyasına göz açandan onun odlu-alovlu, bəzən
sızıltılı, çox vaxtsa nikbin, inamlı,
döyüş ovqatlı, xalqını böyük amallar
uğrunda bir olmağa, düşmənin məkrli felinə
uymamağa çağıran şeirləriylə nəfəs
aldıq, yaşa dolduq. Son dərəcə sadə deyiliş
tərzi ilə əbədilik ruhumuza, yaddaşımıza
hopmuş bir şeirindəki ikicə misra bu böyük şairin bəşəri
missiyasından, humanist dünya görüşündən sərrast xəbər verir, dünyaya, əslində
onun ikiyə, üçə, beşə
bölünmüş məmləkətlərinə car çəkir:
İki
bölünməkdən elə qorxmuşam
Çöpü də
ikiyə bölmərəm daha
Bu gün
Söhrab Tahirin şah duyğusunu sözə çevirə
bilmək məharətinin rəmzi
olaraq böyük ağrı, səmimiyyət və bir
daha qeyd edirəm, sadəliklə qələmə
aldığı bu iki misra ədəbiyyat, şeir sevənlərin,
dolayısı ilə sənət qədri bilən
xalqımızın dilində aforizmə çevrilib, onun mənəvi
dünyasında öz işini görməkdədir. Və elə
bu iki misranın işığında zaman-zaman elə olub ki,
Söhrab müəllimi axtarıb tapmış, yaxud müxtəlif
tədbirlərdə ona yanaşıb söhbətə
tutmuş, İran Azərbaycanındakı
21 Azər hərəkatı, o
hərəkatdakı əqidə yoldaşlarıyla
bağlı suallarımla xatirələrini oyatmışam. “40-lar” barəsində xüsusi yanğıyla
danışardı. Deyərdi ki, İranda müstəqil
milli dövlət yaradıldıqdan sonra Tehrandan paytaxt Təbrizə 40 nəfər ucaboylu, gözəl, gənc zabitlər göndərildi. Onlar gəlib
yenicə qurulmuş Milli Hökumətin ordusunda könüllü xidmətə
başladılar. Əsgərlərə hərbi təlim keçir, mərdlik,
şücaət nümunəsi göstərirdilər. Amma
bunun da ömrü az oldu. Gənc dövlət xarici qüvvələrin
və təbii ki,İran istibdadının birləşmiş qüvvələri tərəfindən süquta
uğradıqdan sonra onların
25 nəfərini həbs
edib güllələdilər, qalanları isə Arazı adlayıb o zamankı sovetlər birliyinə sığındılar. Güllənənən o igidlər
son nəfəslərinəcən 21 Azər hərəkatına sadiq
qaldıqlarını, ölümün gözünə dik
baxdıqlarını bir daha dünyaya nümayiş etdirdilər.
Söhrab Tahirin ən böyük əndişəsi
hələ ötən əsrin
40-cı illərində süquta
uğramış 21 Azər
hərəkatının
dalğasında Arazın o tayından böyük
ümidlərlə quzey Azərbaycana pənah gətirəndən
sonra orada qalmış ata- anasından yanaydı. Azərbaycan radiosunun
“Bulaq” proqramının redaktoru olduğumu bildiyindən hər
görüşümüzdə o tayı unutmamağı, bir
yolla bu tayın salamlarını cənublu qardaş-bacılarımıza
və təbii ki, öz qohum-əqrabasına yetirməymi rica edirdi
və mən də sovetin bərk getdiyi o dönəmlərdə
söz sənətinin çeşidli fəndləriylə
onun tapşırığını
yerinə yetirirdim. Sonra Günəş hayandan
doğdusa uzun illərin ayrılığından üzülüb əldən
düşmüş ana-bala
sovet Azərbaycanında bir neçə günlüyə
biri-birinə qovuşa bildilər. 1971-ci il idi və bizlər bu ağlasığmaz
hadisəni öz həyatımızın bayramı kimi
qarşıladıq. Söhrab
müəllimin bu taydakı əqidə dostları – Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Nəriman Həsənzadə,
Xəlil Rza, yurddaşları Balaş Azəroğlu, Qulamrza Cəmşidi,
Mədinə Gülgün, Hökumə Bülluri, Əli Tudə, Sabir Məmmədli
bu görüşü möcüzə adlandırır, şair
qardaşlarına göz aydınlığı verir, anası
Nəsibə xanımı
öz anaları kimi bağırlarına
basırdılar. Təəssüf ki, Söhrab müəllimin o
xoşbəxt günləri uzun sürmədi, onun sürəkli
təkidlərinə baxmayaraq ağbirçək ana bu tayda
qalmağa razılıq vermədi. Hələ bir o taydakı ərinə,
Söhrabın atasına işarə vuraraq zarafatla deyirmiş
ki, bəs məni orda kim döyəcək.
Beləcə uzun ayrılıqdan sonra oğlunun
ətrini sinəsinə çəkən ana
İrana-doğulduğu el-obasına qayıtdı və bu
gedişin də sonu faciə ilə tamamlandı. On illər boyu ayrı düşdüyü
balasından yenidən cüda
düşdüyünə
ürəyi tab gətirə
bilmədi. Oğluna qovuşub kamına yetmiş ana
üçün sən demə bundan sonra yaşamaq mənasını itiribmiş. Onçu da o biri dünyasına
köç eləmək ona bir o qədər də çətin
olmadı. Və Söhrab Tahiri sevən bizlər
bu itkini şəxsi faciəmiz kimi yaşadıq, ən
böyük dünyasından məhrum olduğundan o
çağacan şux saxladığı qəddi
bükülən şairə dərin hüznlə baş
sağlığı verdik. Düzü-dünya həm
Söhrab Tahirin, həm də onun şair dostlarının ələmli
şeirlərinə qərq olmuşdu.....
70 illik yubiley mərasimini xatırlayıram. Dostumuz, Akademiyanın Milli Münasibətlər İnstitutunun
direktoru, professor Vaqif Arzumanlının təşəbbüsü
ilə institutun akt zalında keçirilən təntənəli
mərasim tarixi hadisəydi desəm yanılmaram. Şair haqqında ən müxtəlif sənət
adamlarının ürək sözlərini söyləmək
üçün növbəyə düzülməsi fərəh
doğuran mənzərə idi. Orada
söz deməyə mənə növbə yetişmədi.
Amma sonra, mərasim
başa çatanda onun şərəfinə təşkil
olunmuş xudmani məclisdə mən də ürəyimi
boşalda bildim. O nə qəribə gecəydi ilahi! Orada gülüş də vardı, bir xəfif
qüssə də, gözyaşları da, musiqisiz-filansız
oxumalar da. Boynuma alım ki, o yığcam məclisdə
sevimli xanəndəmiz, Xalq artisti Arif Babayevin o sayaq ürəkdən,
o həzinlik də, o möhtəşəmlik də
ifasının, bir də o ifanın təsiri altında 70
yaşlı şairin gözəl gözlərinin o sayaq
yolçəkdiyinin şahidi olmamışdım.
Vaxtı ilə Azərbaycan Dövlət Teleradio
Verilişləri Komitəsinin bölgələrdə
keçirdiyi radio günlərində Söhrab müəllimlə
səfərlərdə olmuşuq. Şaqraq
zarafatları, sərrast atmacaları, incə yumoru, bir sözlə
misilsiz yol yoldaşlığı hamıda bir
yüngüllük, işıqlı ovqat yaradıb.
Bir yolçuluğumuz da
Gəncə səfərində olmuşdu. Bu səfərin
bütün təfərrüatları, orada
başımıza gələnlər, gecənin bir aləmi
havamızı dəyişmək üçün şairə
qoşulub mehmanxananın yaxınlığından axan Gəncə
çayının sahilinə getməyim və s. barədə
qismət olsa nə vaxtsa yazacam. Bircə orasını
deyim ki, məhz o səfərimiz əsnasında Söhrab
müəllimin nə zamansa qələmə aldığı
şeirindəki o
misraların işığı bir daha
bütün parlaqlığı ilə gözlərim
önündə sayrışdı:
Azad
qardaşım var, onunla xoşam
Mən gərək sahili sahilə qoşam.
İki
bölünməkdən elə qorxmuşam
Çöpüdə ikiyə bölmərəm daha.
Və bir neçə addımlığımızda o
biri tayla bizi ayıran Gəncə çayının sahilindəcə
Söhrab müəllimdən bir yadigarlıq müsahibə
almaq qərarına gəldim. Oradaca vədələşdik
və bir neçə gün sonra Azərbaycan radiosunun səsyazma
studiyasında redaktoru olduğum “Çərxi-Fələk”
verilişində onu mikrafona dəvət elədim. İndi həmin müsahibədir
ki, Söhrab Tahirə uzun ömür, bədnəzər gözündən
uzaq olmaq arzusuyla oxuculara da yetirirəm.
“ – Əziz dinləyicilər, bu öynə mən sizləri
verilişin adına uyğun
olaraq fələyin çərxinə düşüb də
canı alovlarda qarsımış, zamanın acı yellərinə
qoşulub eldən elə, məkandan məkana adlamaq məcburiyyətində
qalmış bir insan, bir vətəndaş, bir şairlə
görüşdürəcəyəm. Sevimli Xalq şairimiz Söhrab Tahirlə. Söhbətimizin
mövzusu isə 21 Azər hərəkatıdır. 21 Azər şəmsi
tarixiylə dekabr ayının
12-nə düşür. Maraqlıdır ki, hər dəfə
“Çərxi fələk” verilişini hazırlamaq növbəsi
mənə gəlib çatanda ya həmin hərəkatın
ildönümü ərəfəsi olur, ya da ondan bir az sonra. Və hər dəfə də özümə həmsöhbət
cənublu soydaşlarımızı seçirəm. Həkim
Qulamrza Cəmşidi, filologiya elmləri doktoru Sabir
Məmmədli, müğənni Novruz Feyzullayev, jurnalist
Lətif Hüseynzadə, ədəbiyyatşünas Əbülfəz Hüseyni ilə
belə məqamlarda görüşüb söhbətləşmiş,
səslərini lentə almışam. Bu dəfəki həmsöhbətimləsə
hərəkatın
ildönümü günündə efirə çıxmaq imkanı
bulduq. Bəli, bu elə bir gündür ki, ötən yüz
illiyin 1945-ci ilində
ulu bir xalq-cənublu soydaşlarımız öz
milli bayraqları kölgəsində qürurla dayanır,
milli himnlərinin şaqraq
melodiyaları ilə məsud
yatıb oyanırdılar, elə deyilmi Söhrab müəllim?
– Elədir,
İntiqam müəllim. 21 Azər inqilabı demək olar ki, keçən əsrin
ortalarında bütün dünyanı lərzəyə gətirdi,ayağa
qaldırdı. 2-ci cahan müharibəsindən sonra ilk dəfə
azadlıq bayrağını yüksəldib, milli
haqlarını tələb elədilər və buna müvəffəq oldular.
Doğrudur,
müharibədən sonrakı illərin siyasi oyunları, məkrli
dolanbacları 21 Azərin şöhrətinə müəyyən
kölgə salsa da axır illər bu cahanşümul hadisə
haqqında yenidən fikirlər səslənir, təriflər
söylənilir. Bu gün dünyanın elə bir ölkəsi
yoxdur ki, soydaşlarımız orada yaşamasın, 21 Azər
inqilabının ildönümünü böyük iftixar, milli
qürur hissi ilə qeyd eləməsinlər.
– Söhrab müəllim,
gəlin açıq danışaq, kimisi bu əlamətdar
günü xalaxətrin qalmasın, necə deyərlər,
sıradan bir tədbir kimi qarşılayıb yola verir, kimisi
təklikdə, kimisi beş-on
yar-yoldaşı ilə bahəm, kimisi də gizlində. Bəs siz bu dəfəki 21 Azərin
yaşını hansı hisslərlə qarşıladınız? Axı bu hərəkatın mövludu da, süqutu
da, sonrakı taleyi də sizin şahidliyinizlə olub.
– Bəli, mən 21 Azər inqilabının
şahidi özü də
silahlı iştirakçısı olmuşam. Təbrizdə
7-ci nahiyənin
şöbəsinin alınmasında iştirak etmişəm.
Həmin gün
silahdaşlarımızdan neçəsi yanımdaca güllə yarasından şəhid oldular.
İnqilabımız zəfər çalandan sonra atam, əmim və mən
Azərbaycan Demokrat Partiyasının mərkəzi komitəsində
fəaliyyət göstərmişik. Mən təşkilat şöbəsində
təlimatçı
olmuşam. Partiya üzvlərinin biletlərini möhürləyər,
S.C. Pişəvərinin
imzasıyla nahiyələrə göndərilən məktubların hamısı əlimdən
keçərdi. Cavan idim deyən
saysız-hesabsız firqə sənədlərini
yığıb-yığışdırmağın, nizama
salmağın öhdəsindən gələ bilirdim. 21
Azərin xalq arasında olan təntənəsinin,
aşıb-daşan sevincinin, qısa zaman çərçivəsində
həyata keçirdiyi islahatların canlı şahidi
olmuş, onun tərəqqisini,
dünya miqyasında əks-sədasını gözlərimlə
görmüşəm. Bax, buna görə də mən hər
il olduğu kimi bu ilki 56-cı ildönümünü də
böyük fəxarət, qürur hissi ilə
qarşılayıb qeyd edirəm. Amma bu yerdə mən bir gileyimi bildirməyi
vacib sanıram.
Bu gün müstəqil Azərbaycanımızda mövcud
olan çoxsaylı partiyalar nədənsə
21 Azər hərəkatını unudublar. Mənonlara üz tutub deyirəm ki, 21 Azər
inqilabını boş bir hadisə
saymayıb, hər il xüsusi
vurğuyla yad etsinlər.
– Hərəkata
bizdəki münasibəti vurğuladınız. Bəs İranda necə,
həmin cahanşümul hadisə xatırlanırmı hər il, hər halda sizin bu haqda məlumatınız
yəqin ki, yetərincədir.
– Məndə
olan məlumatlara görə İranda 21 Azər çox
qüdrətli olay kimi qeyd olunmaqdadır. Əvvəla onu deyim
ki, bu məmləkətdə elə bir şəhər yoxdur ki, onun
sakinlərinin yarısı azərbaycanlı olmasın.
Məsələn, başda Tehran olmaqla İsfahandı, Məşhəddi,
Şirazdı, Abadandı, bir sözlə o yerdə ki, zəhmət tələb olunur, sənaye sahələri var, o yerdə daha çox soydaşlarımız məskən salıblar, özü də
başdadırlar. Üstünə də gəlsək ki, İran əhalisinin əsas tərkibini
Azərbaycan türkləri təşkil edir, deməli istər
açıq, istərsə də konspirativ şəkildə 21 Azər hər il xüsusi
qürur hissiylə yad edilir.
– Siz danışdıqca düşünürəm ki,əgər
cənublu-quzeyli Azərbaycan elləri bir yerdə olsalar 21 Azər
inqilabı bütün əzəmətiylə dünya ictimaiyyətinin diqqətinə
çatdırılar. Yeri gəlmişkən, o zamankı
mübarizə silahdaşlarınızdan indilər İranda
yaşayanlar varmı, onlarla əlaqələriniz nə yerdədir,
yoxsa.....
– Yox,
böyük əksəriyyəti ilə əlaqələrim
çoxdandır kəsilib. Çünki
qırılıblar, itgin düşüblər. Xüsusilə şah
rejimi onların axırına çıxıb. Amma burada bəzi
silahdaşlarımdan yaşayanlar var. Çünki Milli
Hökumətimiz quruladan sonra başçımız
S.C.Pişəvəri bizlərdən bir qrupu Sovet Azərbaycanına
oxumağa, hərbi
təhsil almağa göndərmişdi. Onlardan tək-tük qalanları var, hərdən
görüşəndə bizimçün bayram olur.
– Söhrab müəllim,
bilirəm ki, bu mövzuda danışmaq sizin üçün yeni deyil və yəqin
ki, zaman-zaman jurnalistlərimiz
mövzuyla bağlı
çox suallarıyla sizə üz tutublar. Amma mənimçün
maraqlıdır, 21 Azər hərakatıyla bağlı elə məqamlar varmı ki, bu vaxtacan ona toxunmaqdan
vaz keçmisiz, bu söhbətimizdə onlardan bir parasını dilinizə gətirə bilərsizmi?
–Belə
məqamlardan çox var. 21 Azər inqilabı mənim
üçün nə qədər baş
ucalığıdırsa, onun sonrakı taleyi qəlbimin əbədi
ağrısıdır və bu yara zamandır ki, ürəyimdə
qövr eləyir. Hər dəfə burada, yaxud dünyanın
başqa bölgələrində 21 Azəri hallandıranda
mütləq İran şahlığını ittiham
eləmiş, bir də ki,
özlərini bizə yaxın hesab eləyən adamların soyuqluğundan narazı qalmışam, hətta
bunun üstündə müəyyən
qədər kötək də
yemişəm. Mən
heç vaxt gözləməzdim ki, adam öz yaxınlarından soyuqluq görə. 21 Azər
inqilabı bir xalqın müvəffəqiyyəti,
böyük siyasi uğuru, tarixi qəhrəmanlığıdır.
Buna qarşı laqeyd olmaq nəinki yaxın adama,
hətta yad, uzaq olana da
yaraşmaz. Buna görədir ki, mən o ağrıları bir çox illərdi öz yaradıcılığımda
yaşadır, şeirlərimdə dönə-dönə vurğulayıram.
–Azər
hərəkatının məğlubiyyətinin səbəbləri
barədə quzey Azərbaycanda nə az, nə çox 50 ilə
yaxındır ya susublar, ya da ki, tam həqiqəti dilə gətirməkdə
simiclik ediblər. Bir neçə
ildir ki, yaşadığımız quzey Azərbaycanı
müstəqilliyə qovuşub və artıq xeyli gizlin mətləblərin
üzərinə
aşkarlıq işığı düşüb, dillər
açılıb. Bununla belə sizcə dünya
ictimaiyyətini bu hərəkatın süquta uğrama səbəbləriylə
tam şəkildə hali edə
bilmişikmi?
– Yox, hələ
də gizlədirik. Niyə gizlədirik,
çünki bu suçun bir ucu da bizim özümüzə
gəlib çıxır. 21 Azər
inqilabı qalib gələndən sonra sovet qoşunları
Arazı adlayıb Təbrizə varid olmuşdu. İran diplomatiyası beynəlxalq
aləmə bir vay-həşir
saldı ki, ay aman sovet qoşunları Cənubi Azərbaycandan, bütövlükdə İrandan
çıxmasa
dünyanın işləri
firığ olacaq. Odur ki, bizlər də bütün tarixi mərhələlərdə
olduğu kimi düşmən
felinə uyub ona inam bəslədiyimizə
görə yolumuz uçuruma dirəndi. Biz sovet
qoşunlarının gücünə inanmış, onun məkrli
təbliğatına
uymuşduq. Fikirləşirdik ki,onların
əlindəki silahlar bizləri hər bəladan hifz edəcək,
daha başqa yerdən silah-sursat almağa nə ehtiyac. Elə bilirdik, əyər
inqilabımız qalib
gəlibsə daha bizə
heç nə
lazım deyil, bu qələbəmizin
özü qüdrətli silahdır və dünya birliyi
bizi qoruyacaq, səsimizə
səs verəcək. Amma ağlımıza gəlməmişdi
ki, sovet
qoşunu İran ərazisindən çəkilə bilər, biz əli yalın, arxa-dayaqsız
qala bilərik. Elə də oldu.
Şahlıq rejiminin
Amerikayla əlaqəyə girib onlardan aldığı ən müasir
silahlar-ağır artileriya, tanklar, təyyarələr vaxt o vaxt oldu ki, böyük
axınla bizə qarşı yönəldi, Milli Hökumətin
məhvinə səbəb oldu və
bu günə qaldıq. Bunun da yenə deyirəm, ən
böyük səbəbkarları özümüzə dost bildiyimiz bəzi üzdəniraq
“qardaşlar” və Sovetlər birliyinin o zamankı rəhbərləri oldu. Əlbəttə ən
böyük səbəbsə
ömür boyu başımızın bəlası olmuş hər
yoldan ötənə sadəlöhvlüklə
inanmağımız.
Doğrudur, o dövrün dünya ölkələrinin
bir çoxu kommunistlərə böyük inam bəsləyir,
işıqlı gələcəklərini onlarsız təsəvvür
eləmirdilər. Biz də onlardan biriydik. Amma
başımıza gələnlər sübut elədi ki,
korkoranə inam həmişə qalib gəlmir. Tariximiz boyu xalqımızın güvənc
yeri olmuş Babəki də, Cavanşiri də, Məzdəkini
də, Səttar xanı da,
Pişəvərinin özünü də yaman günə
qoyan məhz yersiz, vədəsiz inamları olmuşdur.
–
Bütün bunlardan sonra bir kərə
yüksələn bayrağın bir daha enməyəcəyinə
siz də inanırsınız?
İnanırsınızsa onda sizdən- o taylı bu taylı Azərbaycanımızın qüdrətli şairindən
soruşuram, yəni o bayraq bir bu qədər
ağırdımı ki, ulu bir xalq 60 ilə yaxındır
onu yerindən qaldıra bilmir?
– Əlbəttə
bir kərə
qalxan bayrağın bir daha enməyəcəyinə
mən də inanıram. Bizim Milli Hökumətin bayrağı da müvəqqəti
enib və o indi əsil mübarizlərin çiynindədir,
heç vaxt yerə düşməyəcək.
Düzdür, indilərdə o
görünmür, amma məhz
o inqilabdan sonra nə qədər təşkilatlar, milli birliklər yaranıb, 21 Azərin
motivlərini, çağırışlarını həyata keçirməyə çalışan
insanların sayı-hesabı yoxdur.
Onların bir çoxu bu yolda şəhid olsalar da,
zindanlarda çürüsələr də dünyanın bir
sıra ölkələrinə dağılsalar da o
bayrağı əllərindən yerə qymayıblar. Neçə-neçə gizlin təşkilatların
varlığı
bayrağın çiyinlərdə olması demək
deyilmi?! Odur ki, o bayrağımızın nə zamansa Vətən
göylərində yellənəcəyinə məndə həmişə böyük bir
inam olub, bu gün də var.
– Bəlkə
də bu
inamımızdı sizi cavan,
qıvraqsaxlayan. Həmişə belə qalın Söhrab
müəllim.Yeri gəlmişkən bilmək istərdim,
şeirlərinizi, digər ədəbi məhsullarınızı gündəmə gətirmək yolunda
qarşınıza problemlər
çıxmır ki?
– Əsla. Mən ədəbi ictimaiyyətimizdən,
xüsusilə naşirlərimizdən və digər media
qurumlarından çox razıyam. Mənə böyük ehtiram
bəsləyir, istədiyim vaxt qapılarını
üzümə açır,
sözümü deməyə
tribuna verirlər. Xüsusilə də hər
il 21 Azər
inqilabının
ildönümü yaxınlaşanda məhz məni
və digər qələm
əhli olan cənublu
həmkarlarımı söz
demək, bu hərəkatın əhəmiyyətini gənc nəsillərə
çatdırmaq
üçün ekran qarşısına, mikrofon
önünə dəvət edəndə
uçmağa qanad axtarıram.
Odur ki, bütün media orqanlarına dərin təşəkkürlərimi bildirir və dönə-dönə
təkrar edirəm, 1945-ci ildə
İran Azərbaycanında əsası qoyulmuş Milli
Hökuməti, 21 Azər hərəkatını yada salıb təbliğ eləsinlər. Bu elə
o cahanşümul inqilab vaxtı Vətən göylərinə
ucalmış bayrağımızın
dalğalanmasına bərabər
olardı”.
14 oktyabr 2014
İntiqam Mehdizadə
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.23.