Teatr sehri...

 

 

Teatr insan ovqatına ən çox təsir edən sənət növlərindən biridi. Bu günlərdə ilk dəfə teatra gedən tələbələrimin halı, reaksiyası heç yadımdan çıxmır. Elə bil kosmosa uçmuşdular, ya bilim hansısa mistik bir qüvvə ilə görüşmüşdülər. Gözlərindən təəccübqarışıq sevinc, məmnunluq, zövq yağırdı. Onlara baxıb birinci dəfə teatra getməyimi yadıma salmağa çalışırdım. Təəssüf ki xatırlaya bilmədim, çünki çox balaca olmuşam. Kukla Teatrına aparıblar lap körpəlikdən. Kuklaların canlı insan kimi danışması, gülməsi, gəzməsi qəribə görünüb bizlərə. Evdəki oyuncaqlarımızı dilləndirməyə, yatızdırmağa, yedirtməyə çalışmışıq, alınmayıb. Bəlkə buna görə sehrli saymışıq teatrı?! Orda möcüzə görmüşük, ona görə. Amma  böyüdükcə, artıq kuklaların yox, bizim kimi adamların oynadığı, danışdığı, güldüyü, ağladığı, güldürdüyü, ağlatdığı tamaşalara baxırıq, sanki hər şey real həyatda olduğu kimidi, amma yenə sehrlidi. Zamanla mühitə bir az da yaxınlaşırıq, səhnə arxasına keçmək, məşqləri izləmək imkanımız belə olur, bir sözlə tamaşanın konstruktor kimiyığılmasınıöz gözlərimizlə görürük, amma yenə hazır əsərə baxanda ovsunlanır, sehrlənirik. Nədi axı bunun sirri? Səmimi etiraf edirəm ki, hər həftəsonu tamaşalara getsəm , tez-tez teatrlardan yazsam da, bu sirri tapa bilməmişəm. Teatra ilk dəfə gedən tələbələrimin ovqatı, halı ilə bilmirəm artıq neçənci dəfə gedən tamaşaçının reaksiyası çox az fərqlənər, məncə...

 

Bu gün Musiqili Komediya Teatrında III Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq məsələlərindən danışıldıqca qəribə hisslər keçirir, yenə də o sirr haqqında düşünürdüm. Birinciikinci konfranslar yadımdadı. Xatırlayıram ki, 2010-cu ildə ilk dəfə bu konfrans keçiriləndə, ölkəyə ən müxtəlif  xarici qonaqların, teatr, incəsənət xadimlərinin gəlişi böyük maraqla qarşılanmışdı. Hətta o zaman mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin qonaqlara uşaqlıq xatirələrindən, teatra bağlılığından danışması, hamını təsirləndirməsi, “Ölkənizdə deyərsiz ki, Azərbaycanda Teatr adlı bir nağıl gördük” – deməsi də yadımdadı. Deməli teatrla bağlı müxtəlif texniki, maliyyə, təşkilatçılıq işlərinin içində, mərkəzində olan adamdan ötrüo sehr, sirr azalmayıb, itməyib. Bəlkə əslində bu robotlaşan dünyanı qoruyan, cansızlaşmağa, ürəksizləşməyə qoymayan qüvvələrdən biri də teatrdı. İnsanların qapandığı, gizləndiyi, özünə çəkildiyi, hisslərin soyuduğu, saxtalaşdığı bir dövrdə teatr əsl insanı görmək üçün, onun müxtəlif hallarını, duyğularını öyrənmək üçün məktəbdi sadəcə. Əlbəttə söhbət əsl, peşəkar teatrdan, istedadlı, işini bilən insanların çalışdığı məbəddən gedir. Görünür, dövlətimizin sənətə, teatra bu qədər diqqət ayırmasının bir səbəbi də budur. Cəmiyyəti bu yolla da yetişdirmək, tərbiyə və inkişaf etdirmək. Elə festivalların, konfransların da əsas məramı, qayəsi budu. Sadəcə incəsənətimizdə, mədəniyyətimizdəki irəliləyişləri gələn qonaqlara nümayiş etdirmək yox, həm də öyrənmək, konfranslar çərçivəsində keçirilən master-klasslardan, çıxışlardan nələrsə əxz eləmək. Məsələn, 2012-ci ildə keçirilən II Bakı Beynəlxalq Teatr Konfransından polyak rejissoru, ssenaristi Kşiştof Zanussinin master-klasslarını heç unutmuram. Bu dəfə konfransın gedişatını lap yaxından izləyir, bütün tədbirlər haqda geniş təəssürat yazılarıyla “525-ci qəzet”də çıxış edirdim. Ona görə hər şey ayrıntıları ilə xatirimdədi. Deyim ki, hələ iki il öncə dahi Zanussinin Bakıya gəlişinin gözəl nəticələri də oldu. Bakı Bələdiyyə Teatrında “Qadın oyunları” tamaşasına quruluş verdi və bildiyimə görə Akademik Milli Dram Teatrı ilə də bəzi layihələri gözlənilir.

 

Artıq iki il keçməsinə baxmayaraq təəssüratlarım hələ də dipdiridi. Fuceyra Monodram Festivalına həsr olunmuş seminar və ərəb aktyoru Abdulla Rəşid Əl Dənaninin də çıxışı çox təsir etmişdi mənə. Hətta bir sirri də açım ki, o zamandan sonra monodramlara hədsiz marağım yarandı və indiyə kimi kiçik səhnə estetikasını daha yaxşı öyrənməyə çalışıram. Hələ Cənubi Afrikanın teatrteleviziya ulduzu Tembi Mıtşalinin “Qadın intizarı” mono tamaşasından danışmıram. 63 yaşlı aktrisa sadəcə heyran qoymuşdu bizləri. Oyunu, səmimiliyi, ağrısı, sənəti ilə. Hələ üstəlik axşam banketdə bu qaradərili xanım bizim milli rəqslərimizi oynayanda yaxşı mənada təəccüblənmişdik. İndi bunları yaza-yaza qəribə bir nostalji bürüyür içimi. Nostalji isə heç də həmişə rahatlıq, məmnunluq gətirmir insana. Bəzən keçmişdə qalan və təkrarlanmayacaq nələrəsə görə təəssüf hissi keçirirsən, hətta ağrıyırsan da. Amma indi, nə yaxşı ki, o nağıl, o gözəllik təkrar olunacaq. 4-6 noyabrda Musiqili Komediya Teatrı binasında III teatr konfransı baş tutacaq. Mədəniyyət və turizm nazirliyi, teatrlar, aidiyyatı qurumlar çox ciddi hazırlaşırlar bu hadisəyə. Elə keçən dəfə də nazirliyin əməkdaşlarının, xüsusən də Teatr şöbəsi müdiri Nahidə xanımın və başqalarının təşkilati məsələlərlə bağlı işlərini, gərginliklərini müşahidə edib təsirlənmişdim. Qonaqpərvərlik qanımızda, genlərimizdədi, bu heç. Amma komanda şəklində çalışmaq, hazırlaşmaq, yüksək səviyyədə , nəticə ortaya qoymaq xüsusi yanaşma, peşəkarlıq tələb edir. Bu dəfə də təşkilat komitəsinin iclasında az qala ən kiçik nüansların, məqamların belə necə ciddi şəkildə həll olunmasını, hazırlıqların necə böyük səylə getməsini gördükcə düşünürdüm. Və səmimi deyim ki, bu dəfə böyüdücü şüşə əlində qüsur axtaran həmkarlarımı, qələm əhlini fikirləşirdim. Özünün sənətə bir faydası olmasa da, sadəcə “bəyənmədim” deməklə guya intellekt və yüksək zövq nümayiş etdirməyə, bəli, məhz nümayiş etdirməyə çalışanları... Kiçik bir çatışmazlığa, hansısa fors-majora görə böyük işləri kölgə altına almaq dəbə minib təəssüf. Amma inanıram ki, bu dəfə də hər şey yüksək səviyyədə keçəcək. Özübu dəfə, yəni III Bakı Beynəlxalq Teatr Konfransı daha irimiqyaslı olacaq. 40-dan çox ölkədən 125 nəfər qonaq gözləyirik. Teatrlarımız da repertuarlarındakı ən yaxşı tamaşaları qonaqlara təqdim edəcəklər.

 

Son vaxtlarda əsasən, Opera Teatrında xarici qonaqları tez-tez görmək olur. Görünür, orda dil problemi yoxdu, ona görə. Və hər dəfə xaricilərin bizimLeyli və Məcnun”a, “Min bir gecə”yə, “Yeddi gözəl”ə necə heyranlıqla baxmasını, qulaq asmasını görəndə insan qürur duyur. Hələ antraktlarda teatr binasının arxitekturası ilə maraqlanmaları, fotolar çəkmələri də adama xüsusi təsir edir. Düşünürəm ki, bu dəfə də qonaqlarımız hərtərəfli teatrlarımızı, həm burdakı şəraiti, həm də sənəti görüb dəyərləndirəcəklər. Deyəsən bu qədər sənət, teatr adamının eyni vaxtda Bakıya gəlişi olmayıb. Kanadadan  Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais, Hindistandan Beynəlxalq Kukla Teatrları Festivalının bədii rəhbəri Ayşa Rau, Kolumbiyadan Boqota Bələdiyyə Teatrının bədii rəhbəri Romiro Osorio, ABŞ-dan teatr rəssamı İosif Yusupov, Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatının (OİSTAT) prezidenti  Luis Yanssenbaşqa öz sahəsində istedadlı, tanınmış, peşəkar insanların konfransda iştirakı, çıxışları gözlənilir. Eyni zamanda müxtəlif ölkə teatrlarının rəhbərləri, rejissorlar da ölkəmizə təşrif buyuracaqlar. Bir sözlə bu elə Ədalət müəllimin də vurğuladığı kimi müəyyən əlaqələrin qurulması, qarşılıqlı qastrolların təşkili üçün  gözəl şansdı, imkandı.

 

Son iki ildə istər mədəniyyətimizdə, istərsə də sadəcə paytaxtımızın həyatında çoxlu müsbətə doğru dəyişikliklər olub. Yəqin ikinci, üçüncü dəfə gələn qonaqlar bu sürətli dəyişikliklərdən yaxşı mənada təəccüblənəcəklər. Bizlərin isə qazancı o sirrini, sehrini itirməyən nağılımızı bir az da möcüzəvi etmək, bir az da dolğunlaşdırmaq olacaq. Hələliksə gözləmək qalır... Axı bunun özü də gözəldi! Nağılını gözləmək! 

 

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 25 oktyabr.- S.21.