Müasir Azərbaycan ədəbiyyatında
qəhrəman obrazı
“Mənim dünyamın adamları”, “İtirilmiş
səs”, “Səs qərib olmur”, “Xallı gürzə”,
“Fred Asif”, “Muğam dünyasının Xanı”,
“Leyli və Məcnun”–100 il səhnədə”, “Ölüm
mələyi”, “Sənət
hekayələri” və
s. əsərləri ilə
oxucuların rəğbətini
qazanmış yazıçı,
publisist Mustafa Çəmənli
Azərbaycanın Milli
Qəhrəmanı Mübariz
Ağakərim oğlu
İbrahimovun qəhrəmanlıq
aksiyasından bəhs
etdiyi “Mübariz” adlı sənədli povesti ilə bir daha sənədli
nəsr sahəsində
püxtə qələm
sahibi olduğunu göstərdi. Etiraf edək ki,
ilk baxışda çoxlarına
asan gələn sənədli bədii əsər yazıb uğur qazanmaq hər yazıçıya
nəsib olmur. Çoxlarının yaxından tanıdığı
müharibə qəhrəmanı
haqqında bədii əsər yazmaq, yanlışlığa yol
verməmək müəllifdən
böyük məsuliyyət,
dərin müşahidə,
həssaslıq tələb
edir. Təsadüfi
deyildir ki, Mustafa Çəmənlinin 1996-cı ildə çap etdirdiyi Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr etdiyi “Fred Asif” sənədli romanı Qarabağ uğrunda gedən döyüşləri, uğur
və məğlubiyyətləri,
ayrı-ayrı insan talelərini özündə
əks etdirən, hətta uzun illər sonra bir çox hadisələrə şahidlik
edəcək nəsr nümunəsi kimi diqqəti cəlb edir. Bunu kitab haqqında
yazılmış resenziyalardan
da görmək olar. Tanınmış
jurnalist Yusif Rzayevin yazdığı kimi: “Yazıçı
Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı (Fred Asif)
haqqında yazdığı
eyniadlı kitab, “atəşkəs” məcmuəsi
ilə öləziyən
yaddaşımızı, ümidsizləşən
ruhumuzu oyadır. Son illərin şəhidlik
notu üzərində
köklənmiş təbliğatdan
fərqli olaraq, bu kitab yaxın
keçmişimizin qəhrəmanlıq
tarixi olduğunu sübut edən dəyərli bir sənəd əsəridir”
(Yusif Rzayev. “Fred
Asif”. “525-ci qəzet”,
22 yanvar 1997-ci il).
Etiraf edək
ki, Qarabağ döyüşlərinin qəhrəmanından
bəhs edən “Fred Asif” kitabından bu gün bəhrələnənlər
də kifayət qədərdir. Cəsarətlə deyə bilərik
ki, Mustafa Çəmənli
Qarabağ müharibəsindən
ilk sənədli bədii
nəsr əsəri yazan müəlliflərimizdəndir.
Məhz buna görə də Mustafa Çəmənlinin
Azərbaycanın Milli
Qəhrəmanı Mübariz
İbrahimovun qısa,
amma mənalı həyatını, onun keçirdiyi aksiyanı dərhal, isti-isti qələmə alması
heç də təsadüfi deyildir.
O, “Xallı gürzə”
tarixi romanı və “Fred Asif” əsəri ilə tarixi və müasir hadisələri bədiiləşdirməkdə, ümumiləşdirib yenidən
bütün əlvanlığı,
ziddiyyətləri ilə
canlandırmaqda bişmiş
qələm sahibi olduğunu sübut etmişdir.
Doxsanıncı illərdən üzü bəri bir çox
qəhrəmanlar haqqında
əsərlər yazılır
və yazılmaqdadır. Ancaq Mustafa Çəmənlinin
“Fred Asif” sənədli
romanı kimi “Mübariz” əsəri də fərqli oldu. Çünki əsərin qəhrəmanı
– Mübariz özü
fərqli düşüncəsi,
əqidəsi ilə başqalarına bənzəmədi.
Onun göstərdiyi qəhrəmanlıq
xalqımız üçün,
gənclərimiz üçün
bir oyanış, bir çağırış,
bir xəbərdarlıq
idi. Yazıçı-dramaturq Əli Əmirli
demişkən, bir qəhrəmanlıq aksiyası
idi. Məhz Mübariz haqqında
yazılan bu ilk sənədli povestdən sonra Milli Qəhrəmanın
igidlik salnaməsini əks etdirən əsərlər yazılmışdır.
Təbii ki, (janrından asılı olmayaraq), bu yazıların zəifi də ola
bilər, güclüsü
də. Önəmli olan budur ki, Mustafa Çəmənlinin
əsərində 80-ci illərdən
üzü bəri müstəqillik əldə
edən bir xalqın düşüncəsində,
təfəkküründə, idrakında olan birlik, cəsarət, vətənpərvərlik, qəhrəmanlıq
hissi Mübariz İbrahimovun simasında əbədiləşdi. Gənc Mübarizin
ağlında, düşüncəsində
MƏN ifadəsi silindi.
Yalnız BİZ var olduq
və Mübariz bu əqidəynən sanki bizə olanlar bəsdi deyə üsyan etdi, heç birimizin içimizdən çıxarmağa cəsarətimiz
çatmadığı lazımsız
humanizmi içərisindən
çıxarıb atdı.
Mustafa Çəmənlinin bir gəncin qəhrəmanlığından
bəhs edərkən
tarixə üz tutması əsərin təsir gücünü artırır, “Ot kökü üstə bitər” ifadəsini xatırladır, bir müqəddəs ocaqdan söhbət açır,
hansı ki, o ocaqda əvvəl Ağakərim İbrahimov,
sonra Milli Qəhrəman Mübariz İbrahimov doğulur, örnək yerimiz olur. Yazıçı oxucularına o ocağı
təqdim edərək,
sanki Azərbaycan xalqının ümumiləşmiş
obrazını da ifadə edir. O ocağa pənah gətirən imam övladını
ev sahibi
düşmənlərə vermir. Əvəzində öz övladına
imam övladının paltarını
geyindirərək düşmənə
verir. Ona sığınmış imam övladına
təsəlli verərək
deyir:
– “Qorxma, bala vermərəm. Mən türk oğlu
türkəm. Allah səni
ağa ocağına pənah gətirib, – dedi və vaxt
qazanmaq üçün
canamazını götürüb
çölə çıxdı.
Üzünü qibləyə tutub
namaz qılmağa başladı”.
Sonra müəllif yazır: “Az keçmədi yeniyetmə oğlu imam övladının paltarında
gəlib şəstlə
atasının yanında
dayandı. Atanın içindən təsvirəgəlməz
bir ağrı keçdi. Boğazına
tıxcanan qəhəri
zorla udub:
– Qorxmursan ki, oğlum? – deyə
soruşdu və əlini onun kürəyinə çəkdi.
Oğlan gözlərini
qırpmadan atasına
baxdı və gülümsədi:
– İmam övladı
Allahdan başqa heç kəsdən qorxmaz.
– Elədi. Allah böyükdü və mərhəmətlidi. Səni Allaha tapşırıram.
Oğlan atlıların qabağına düşüb getdi. Ata və anası gözdən itənə qədər dayanıb onun ardınca baxdılar. Ata imanını itirməmək üçün oğlunu itirmişdi...”
Mübarizin valideynləri – ata və anası isə torpaqları uğrunda, günahsız qız-gəlinlərin şərəfi uğrunda, şəhidlərin alınmayan qisası uğrunda oğullarını verdilər. İtirdilər, yox şəhidlik zirvəsinə göndərdilər.
Müəllifin qeyd etdiyi “Atanın içindən təsvirəgəlməz bir ağrı keçdi” ifadəsi məni illər əvvələ apardı. Mübarizin şəhidlik zirvəsini fəth etdiyi günlərdə Ağakərim İbrahimovun oğlu Mübariz haqqında danışarkən “Vətən sağ olsun” deyəndə onun ciyərinin yanğısı televiziya ekranından belə görünürdü. O zaman şəhid valideynlərinin içindən keçən təsvirəgəlməz bir ağrını mən öz içimdə hiss etdim. İllər əvvəl əsgərlikdə dünyasını dəyişmiş, qəhrəmanlıq arzusu ürəyində qalmış qardaşımın dəfni zamanı atamın ağappaq ağarmış sifəti gözlərim qarşısında dayandı. O an özümə nifrət etmişdim. Görəsən, şəhid əsgər balalarımızın qanını ala biləcəyikmi, övladları üçün diriykən ölən valideynlərə, ata və analara təskinlik olsun. Çox təəssüf ki, hələ də qələmlərimiz ata-anaların təsvirəgəlməz ağrı-acılarını əks etdirə bilmir. Amma bu o demək deyil ki, qələm sahiblərimiz yazmır. Mən bu günlərdə Mustafa Çəmənlinin “Mübariz” povestini birnəfəsə oxudum və fərqli üstünlüklərə malik olan bir əsər kimi dəyərləndirdim. Əsərdə Mübarizin daxili aləmini, yaşıdlarından fərqli düşüncə tərzini, Vətən üçün böyük sevgisini, gənc yaşlarında Azərbaycan bayrağını ucalara qaldırmaq istəyini, ən əsası, sözün əsl mənasında, vətəndaşlıq qayəsini gördüm. Əslində, Mübarizin Tərtər bölgəsində, Murov dağına yaxın bir bölgədə qulluq etməsi məni daha çox təsirləndirdi. Murovdağ cəbhə bölgəsində qulluq edən əsgərlər elə mübaliğəsiz dağ vuqarlı, dağ əzəmətli əsgərlərdirlər. Xəyalən o günlərə getdim. Sərt, şaxtalı qış gecələri. Buz bağlamış Murov dağları. Ağır, sərt təbiət və bu ağır şəraitdə keşikdə dayanan Azərbaycan əsgəri. Orda döyüşmək yox, sadəcə qulluq eləmək bir qəhrəmanlıq, ərlik məktəbidir. İnanıram ki, nə zamansa məhz Mustafa Çəmənlinin qələmində Murovdağ əsgərinin bir qəhrəmanlıq məktəbinə dəyən bircə günü ilə nə vaxtsa tanış olacayıq. Çünki Mustafa Çəmənli Qarabağ faciəsini, itirilmiş torpaqların, şəhid itkisinin, qaçqın-köçkün ağrısını bütün varlığıyla yaşayan yazıçıdır.
Mənə elə gəlir ki, biz bir-birimizə hər gün, hər saat torpaqlarımızın düşmən tapdağı altında olduğunu xatırlatmalıyıq, hərbçilərimizə, əsgərlərimizə diqqəti artırmalıyıq. Gərək heç zaman unutmayaq ki, Vətən torpağının keşiyində, biz rahat olaq deyə, gecə-gündüz dincəlməyən, rahat olmayan Azərbaycan oğulları var. Eşq olsun o oğullara, eşq olsun elə oğul dünyaya gətirən analara və eşq olsun qəhrəmanlarımızın igidliyini gələcəyə çatdıran yazarlara deyirəm. Və fikrimi yaradıcılığına hörmət bəslədiyim Əli Əmirlinin povest barədə yazdığı fikirlərlə tamamlayıram.
“Mübarizin qəhrəmanlıq aksiyası daima toy-bayram əhvalında olan, həyatı şou bilib başını söz-söhbətlər, giley-güzarlar və qeybətlərlə girləyən, maddi olan hər şeyə hərislik göstərən cəmiyyətimizin yaxasından yapışıb silkələdi, mürgüdən diksindirib oyatdı. Hətta heyrətə saldı, açıq səmada qəfil göy gurultusu, ildırım effekti yaratdı, vətənpərvərlik hissi korşalmış, itirdiyi torpaqların ağrısını az qala unutmuş bizlər bu qəhrəmanlığın mahiyyətinə, məzmununa, motivinə dərhal vara bilmədik, amma bu çaşqınlıq çox çəkmədi, onun yerini bir qürur hissi, ümid işığı tutdu, məğlubiyyət acısını dadmış və təəssüf ki, günahı özündən başqa hamıda görüb belini əyməyə hazır xalqın qəddi dikəldi. Demə bu torpaq hələ qəhrəmanlar yetirmək iqtidarını, gücünü saxlayırmış. İmam Hüseyn şəhidliyi ilkin mahiyyətini itirməkdə olan İslamı dirçəltdiyi kimi, Mübarizin qəhrəman şəhidliyi də bizim özümüzə olan inamımızı geri qaytardı”.
MƏRZİYYƏ NƏCƏFOVA,
AMEA-nın Ədəbiyyat
İnstitutunun Müstəqillik dövrü şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.19.