Bütün yollar
Romayamı aparır?..
Roma insanlarda fərqli assosiasiyalar yaradır. Kimsə “Roma
tətilləri”ndəki Odri Hepbörnün gözəl
simasını, uğursuz sevgisini, kimsə Sezarı,
böyük sivilizasiyaları, imperiyanı, kimsə də
sirli Vatikanı xatırlayır. Amma bir fikirdə
hamı həmrəydir: Roma möhtəşəmdir. Bəlkə də bu, bir vaxtlar qəbul edilmiş həqiqətin
əks-sədasıdır. Necə ki, əsrlər boyu
bir “ingilis centlmeni” obrazı formalaşıb və onun
kimliyini, hansı siyasətlə başqa xalqlara “gülümsədiyini”,
hansı niyyətlə “yardım əlini”
uzatdığını yalnız şəxsi tanışlıqdan,
əməkdaşlıqdan sonra bilmək olur, eləcə də
Romanın cazibəsini hiss eləmək üçün,
onunla şəxsən tanış olmalısan. Mən də tanış oldum.
Roma Avropanın qədim şəhərlərindən və
sivilizasiyanın mərkəzlərindən biridir. Güc və
hakimiyyət simvoluna çevrilmiş Sezar da Roma
İmperiyasının başında oturub. Bəlkə də bu səbəbdən bura qüdrətin,
hakimiyyətin başlanğıcı hesab edilir. Hər halda çox səbəb tapmaq olar ki,
yolları Romaya aparsın. Məni də
işgüzar bir yol aparıb çıxartdı “əbədi
şəhərə”. Əsrlərin
enerjisini, tarixi hadisələrin, simaların xatirəsini
özünə hopdurmuş bu qədim məkan məndə də
ziddiyyətli assosiasiyalar yaratdı.
Romanın
romantikası
Romaya romantika axtarışı ilə gələnlər
çoxdur.
Necə ki, Parisin çirkli küçələri Viktor
Hüqonun təqdimatı sayəsində əfsanə təsiri
bağışlayır, eləcə də Romaya ayaq basan
özünə borc bilir ki, Trevi çeşməsinə
qaçıb öz eşqini tapmaq üçün ilk
addımı atsın – hovuza qəpik atsın. Uzaq diyardan
dağlar-daşlar aşıb, sərhədlər keçib gəlir
ki, Romada sevgi var, onu götürsün! Maraqlıdır,
milyonların, var-dövlətin sevgi-məhəbbəti alver mənbəyinə
çevirdiyi bir dövrdə romantik insanlar qəpik-quruşa
sevgi tapmağa ümid edirlər. Bilmək
olmaz, bəlkə doğrudan da, bu simvolik qiymətə kimsə
böyük eşqinə qovuşur? Amma
onu bilirəm ki, məlumata görə, belə sevgi
axtaranların sayəsində Trevidən ildə 700 min avro məbləğində
atılmış qəpik toplanır.
Məncə, Romanın romantikası bura gələn
insanların özündədir. Məgər uzaqda
çalınan musiqiyə Tibr çayının kənarında
rəqs edən cütlüyü ruhlandıran bu bulanıq
çaydır? Məgər Borqeze
parkında leysan yağışdan qaçıb ağacın
altında qucaqlaşan sevgililər üçün Roma sadəcə
bir bəhanə deyil? Bəli, insanlar
öz doğma yerlərində darıxan romantikalarını
çantalarına qoyub üz tuturlar düz Romaya və
açıb buraxırlar azadlığa. Nəticədə
həm özləri xoşbəxt olurlar, həm də Roma.
Əslində, necə döyüşlərin,
tökülən qanların şahidi olmuş Romanın
divarlarından, abidələrindən heç də sevgi
saçılmır. Biri elə Kolizey.
Adama elə gəlir ki, şəhərin simvolu
olan bu möhtəşəm tikilinin divarlarını diqqətlə
dinləsən, tamaşaçıları əyləndirmək
məcburiyyətində qalıb döyüşən
qladiatorların nərəsini, vəhşi yırtıcı
heyvanla üz-üzə duran köməksiz insanların naləsini
eşidərsən. Amma bu qorxulu səsləri
nəhəng amfiteatrda öz sevgilərini nümayiş etdirmək
istəyən sevgililərin səsi batırır. Bəli, dünyanın hər yerindən
axışıb gələn sevgilər, romantikalar sayəsində
Romanın üzü çiçək açır və o,
romantikləşir.
İlk dəfə
Kəbə haqqında oxuyanda onu tikən İbrahim Peyğəmbərin
duası çox xoşuma gəlmişdi: “Rəbbim, bu şəhəri
güvənli bir məkan elə”. Bəli, bir
yurd yeri salınanda xeyir-dua çox vacibdir, hətta köhnə
tikilini söküb yerinə yenisini tikmək belə xeyir-dua
ilə olmalıdır. Yoxsa lənətlənmiş
məkanda ancaq iblislər yuva salar, xoş güzərandan
söz belə olmaz, ağbirçəklərimiz demiş,
“ot-əncər də bitməz o yerdə, bitsə də xeyir
verməz”. Romanı görəndən sonra daha bir həqiqəti
anladım: sevgi dolu səmimi duaların qarşısında
heç bir iblis dura bilmir.
Qadın
ruhlu Vatikan
Roma həm də başqa bir dünyaya – Vatikana
açılan pəncərədir. Qapı deyil, məhz pəncərədir.
Çünki turistlər Romadan Vatikana ancaq
boylana bilirlər, keçmək qadağandır. Turistlər Vatikanın bütün təmtərağını,
möhtəşəmliyini, maddi qüdrətini hiss edirlər.
Turistə başqa nə lazımdır ki?!
Mən turist deyildim və bir yadelli müsəlman
üçün mümkün ola biləcək
qədər Vatikanla tanış ola bildim.
Vatikanda məni heyrətləndirən ilk şey
qadına münasibət oldu. Müqəddəs
Pyotr kilsəsinin çöl tərəfində xüsusi
taxçalar düzəldilib və Vatikanın rəsmən
müqəddəs elan etdiyi şəxslərin heykəlləri
qoyulub orda. Orada hər 10-15 heykəldən ancaq biri kişi heykəli idi! Səbəbini
soruşanda, bələdçimiz böyük bir coşğu
ilə izah elədi. Sən demə, kilsə
qadına çox yüksək dəyər verirmiş,
çünki İsanı dünyaya gətirən Müqəddəs
Məryəm də qadındır. Ona
görə də, kilsənin girişindəki Məryəm
ikonası xüsusilə qorunan və ən bahalı
daşlarla bəzədilən, turistlərin gözündən
uzaq tutulan ən müqəddəs küncdür. Qadın hər şeyin başlanğıcı
imiş, mərhəməti kimi, elmi də (!) daha dərin
imiş. Mən bilmədim eşitdiklərimə,
gördüklərimə inanım, yoxsa illərdir
oxuduğum, tədqiq elədiyim kitablara. Belə məlum
olur ki, xristianlıqda qadınların mömin və
qeyri-mömin qütblərə bölünməsi çox kəskindir:
kilsəyə xidmət edən, “İsanın
nişanlısı” tituluna layiq görülən qadınlar və
bu dünyanın fani gözəlliklərinə, həzzinə
əsir olan “aşağı varlıqlar”. Əsrlər
boyu birincilər tutduqları mövqeyə görə cəmiyyətdəki
hüquqlarından könüllü imtina ediblər, ikinciləri
isə cəmiyyət özü məhrum edib bu hüquqlardan.
Başqa sözlə desək, xristian aləmində
qadının ruhu mövcuddur, fiziki varlığı yoxdur,
olmamalıdır. Nəticədə bu
gün feminist hərəkətlər də məhz xristian
dünyasında doğulur, qadına müqəddəs deyənlər
də xristianlardır.
Vatikandakı bələdçimiz sevincək onu da xəbərlədi
ki, Papa I Fransiskan qərar verib ki, dinlərarası dialoqun təzahürü
kimi, bu taxçalara başqa dinlərdən olan bir müqəddəs
insanın da heykəli qoyulsun. İslam
dünyasından da o cümlədən. Amma hələ
qərar verilməyib kim olacaq. Ona deməsəm
də, bunun heç şübhəsiz, sufi
mütəfəkkir Rabiə əl-Ədəviyyə
olacağanı düşündüm. Qadın
olduğuna görə.
Yox, İslam dünyasında qadın müqəddəs
deyil. Heç kişilər də müqəddəs deyil.
İnsan insandır. İmanı,
bilikləri onu kamilləşdirər, dünya həzzinə
ifrat aludəçiliyi isə onu rəzilləşdirər.
Hə, haqlı olaraq, deyə bilərlər ki,
bəs pirlər, ocaqlar nədir? Xüsusi
təfərrüatlara getmədən belə bir qısa izahat
verim. İnsanlar var ki, Allahdan
aldıqları nur sayəsində cəmiyyət arasında
öz əxlaqı, biliyi, imanı ilə seçilirlər.
Onlar kamillik nümunəsidirlər. İnsanlar da var ki, nurun bu insanların özlərinə
məxsus olduğunu düşünüb, Allahdan
alacaqlarını onlardan almağı umurlar. Əslində,
təbiətdə də belə hadisə var: Ay Günəşə
səbəb işıqlanır, gecənin
qaranlığını aydınladır. Bilənlər
bu işığın mənbəyini tanıyır, bilməyənlər
isə Ayı Günəşə rəqib görürlər,
hətta onu görəndə salavat belə çevirirlər.
Bir dəfə
dəyərli filosofumuzun əsərlərindən birində
oxumuşdum ki, Qərb qadın ruhludur, Şərq kişi ruhlu. O, öz fikrinə gözəl bir
təhlil də vermişdi. Mən isə
Vatikanı görəndən sonra bu sözlərin tam müstəqim
mənasını gördüm. Vatikan bəzənməyi
sevir: qızıllarla, brilyantlarla, oymalı-naxışlı
taxtlarla və s. İslam dünyası isə zəngin bir
libasda olsa da, xərcləməyi sevir. Sözümün
təsdiqi üçün elə Avropa banklarını
doldurub-daşıran ərəb şeyxlərinin Qərbin təklif
etdiyi eyş-işrətə tökülən
milyonlarını, Qərbi iqtisadi böhrandan çıxaran
“dondurulmuş hesabları” desəm bəsdir.
İmanımızın zər-zibası, yoxsa zər-zibaya inam?
Vatikanla ilk tanışlıq qeyri-ixtiyari müsəlmanların dini mərkəzi olan Kəbə ilə müqayisə ilə başladı. Nə qədər qəribə olsa da, tərəzinin gözü eyni gəldi. Bizim bələdçimiz rahib dostumuz Müqəddəs Pyotr kilsəsində brilyant qaşlara tutulmuş Müqəddəs Məryəm ikonasını, Papanın qızıldan hazırlanmış taxtını və daha neçə bərli-bəzəkli qiymətli şeyləri göstərdikcə ilk sözü bu olurdu: “Bu, qüdrətin və gücün simvoludur”. Amma bu var-dövlət həqiqətən də qüdrət və gücdən xəbər verirdi. Vallahi, imanı zəif olan birisi bu möhtəşəmliyin, zənginliyin qarşısında istər-istəməz diz çökərdi. İmanından gen düşmüş insanlığın bu gün “qüdrət və gücün” qarşısında səcdə etməsinin mənasını aydınca görüb dərk elədim.
Kilsədə maraqlı bir divar da var idi – boz suvaqlı, ortasında kiçik şüşə pəncərə. Bizə izah etdilər ki, 50 ildən bir Papa bu şüşədən basır və divar uçur. Sonra onu yenidən tikirlər. Bu, yenidən doğulmağın, təzələnməyin simvolu imiş. Bu kiçik divar düz Papanın qızıl taxtı ilə üzbəüzdür. Maraqlıdır, bir tərəfdə 50 ildən bir dəyişən, yenilənmənin sadə simvolu, o biri tərəfdə isə əsrlərdir donub qalan, sahiblərini dəyişən, prinsiplərini dəyişməyən qızıl taxt-tac... Belə başa düşdüm ki, 50 ildən bir dəyişən elə bircə bu divardır.
Kəbə içi boş dörd sadə divarlı qədim bir tikilidir. Kimisi onun Adəm, kimisi də İbrahim peyğəmbər tərəfindən Allahın adına inşa edildiyini deyir. Kəbə müsəlmanların qibləsi, ən müqəddəs Evi, İslamın əsas vacib mərasimlərindən birinin – Həcc ziyarətinin məkanıdır. Nə qədər sadə olsa da, tarix boyu ən əhəmiyyətli mərkəz olub. İnsanlar özləri üçün ən əziz qiymətli şeylərlə bu mərkəzə üz tutublar: ya onu nümayiş etdirmək, ya da qazanc əldə eləmək üçün. Bura həm bazar, həm mədəniyyət mərkəzi, həm də əsas səcdəgah olub. Cahiliyyə dövründə karvanlar burada dayanar, ən gözəl poeziya nümunələri qızıl saplarla tikilib Kəbənin divarından asılar, bütlər burada saxlanardı. İslam gəldi və Məhəmməd peyğəmbər Kəbənin və insanların içindəki bütləri yıxdı. İnsanlar azad oldu, gözlərindən pərdə götürüldü. Bəs bu gün Kəbədə nə var? Bu sadə divarlar çöldən təqribən 6 milyon dollara başa gələn örtüklə –Kisvə ilə örtülüb. Bu örtük hər il dəyişdirilir, köhnəsi hissə-hissə möminlərə paylanır. Kəbənin içərisi də artıq sadə deyil. Döşəmə və divarlar yarıya qədər qranitdəndir. Yarıdan yuxarı isə üzərində qızıl iplərlə Quran ayələri tikilmiş yaşıl örtüklə tutulub. Cəmi bir neçə kilometr uzaqda isə müsəlman uşağı ya aclıqdan, ya da silahdan ölür. Yenə bir dünyanın iki üzü – bir-birindən fərqli, bir-birindən xəbərsiz. Çünki insanların könlündə yenə bütlər məskən salıb, gözlərindən yenə pərdə asılıb...
Məni heyrətləndirən daha bir məsələ isə gözəlliyə baxış oldu. Vatikanın dörd tərəfi – tavanı, döşəməsi, divarları gözəl heykəllər, sənət əsərləri ilə doludur. Amma əsl gözəllik mücəssəməsi – Mikelancelonun imzaladığı tək əsəri “Pyeta” turistlərdən bir neçə metr aralıda şüşə arxasındadır. Parisdə Luvrdakı Mona Liza kimi. Mən inanıram ki, belə böyük şedevrlər cansız deyil, bir müsbət enerji saçırlar, gizli bir sirdən xəbər verirlər. İnsanlar özlərini bu müsbət enerjidən məhrum ediblər, ruhları ucadan ilahi sirlərdən uzaq qalıb informasiya bolluğunda boğulmağa üstünük verirlər. Düzdür, bu şüşə nadir sənət əsərlərini – insan-Yaradan vəhdətinin təzahürlərini ağlı çaşmış kəslərin verə biləcəyi zərərlərdən qoruyur.Amma bir də başqa assosiasiya yaranır. Deyirlər, vaxtilə Kəbədəki Qara daş ağ rəngdə olub, sonra günah dolu nəfəslərdən qaralıb. Bəlkə də heç elə deyil. Ancaq bu şüşə arxasında qalan gözəlliklərə baxanda deyilənə inanmağa başlayıram.
Sonluq əvəzi
Bəli, bütün yollar Romaya gedir, daha doğrusu, getməlidir. “Əbədi şəhərə” gedən yolumda sevgi tərənnümçüsü təsəvvüf mənə tək Həqiqəti bir daha xatırlatdı: həqiqətə gedən yolda insanın yaşadığı hal və məqamlar ona mərifətin müxtəlif qatlarını açır və hər yolun sonu onun başlanğıcı olur, yəni bu, daim dəyişən və sonu olmayan bir inkişafdır. Roma yolun sonu deyil. Sadəcə dayanacaqlardan biridir. Dayanmaq olmaz, dayansan dizlərin qatlanar və sən bu dünyanın parıltısı qarşısında qeyri-ixtiyari səcdə etmiş olarsan. Etmə.
Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.10.