Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu

 

(Əvvəli ötən sayımızda)

Gəncə təkcə tarixi-mədəni abidələrinə görə yox, həm də Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur. 

Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirov da 1922-ci ildə Gəncədə dünyaya gəlib. 1948-ci ildə Bakı Konservatoriyasında Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində oxuyub. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib. Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. (əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaradıb. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.

Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaradıb. Onun bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəsləyib.

Tanınmış aktyor Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. 1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino xadimiydi. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi. Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat edib.

Nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi Altay Məmmədov da Gəncə torpağının yetirməsidir. O, 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulub, orada 4 saylı fəhlə-gənclər məktəbini bitirib, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləyib. Sonra H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olub. Həmin institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanıb. Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.

Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlayan dramaturqun "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və başqa  dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun "Dəli Domrul" əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən Kitabi-Dədə Qorqud günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb. "On birinci açar", "İkinci məhəbbət", "Məhəbbət və gülüş", "Tökülən yarpaqlar",  "Məhəbbətin səsi", "Gülab nəfəsli", "Hekayədə dini fanatizmin tənqidi", "Əlvida, gözəl dünya",  "Kəngərlər",  "Qəlbinur poeziyası XXI əsrin astanasında", "Xatirələr işığında", "Erməni və müsəlman parlamentindən reportajlar", "Heydər Əliyev və Gəncə" əsərlərinin müəllifidir. Əbdüqəhhar İbrahimovun "İlk busə", Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən azərbaycancaya çevirib. 2003-cü il iyulun 15-də Gəncədə vəfat edib.

Azərbaycanın tanınmış aktrisası, Xalq artisti Amaliya Pənahova da Gəncədə doğulub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub. Böyük istedada, hərtərəfli biliyə malik olan aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hal-hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

Amaliya Pənahova 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. A. Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 28 oktyabr.- S.6.