Dövlət İdarəçilik Akademiyasında növbəti dərs

 

Akademik Ramiz Mehdiyev: "Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq"

 

Təxminən iki ay öncə Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyev kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirərək ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələləri müzakirəyə çıxarmışdı.

 

Görüşdən aldığım təəssürat və elə o ərəfələrdə hörmətli akademikin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının Moskvada çapdan çıxması məni yazmağa, daha doğrusu, çoxlarımızı narahat edən məsələləri bir daha işıqlandırmağa sövq etmişdi. Xatırlayıram ki, həmingünkü çıxışında akademik Ramiz Mehdiyev bir sıra ağrılı məsələlərə, media ilə bağlı müəyyən çatışmazlıqlara toxunub, hər birimizin diqqətini bu problemlərə yönəltməyə çalışmışdı. Və mən bu çıxışı özlüyümdə jurnalistlər üçün (əslində, hər bir vətəndaş üçün!) dərs adlandırmışdım.

 

Bir neçə gün öncə akademik Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi mərasimində daha bir təsirli çıxış edib. Və elə bu çıxışın özünü də növbəti dərs hesab etmək olar. Amma zənnimcə, hörmətli akademikin çıxışları quru mühazirə üslubundan, cansız öyrətmə mexanizmlərindən uzaqdır. O, bu çıxışları ilə polemikalara, müzakirələrə yol açır, hər kəsə öz fikrini, daha doğrusu, qarşıya qoyulmuş problemin həlli yolunu tapmaq üçün mövqeyini bildirməyə şərait yaradır. Əslində görünür, elə bunun özü də azad, demokratik cəmiyyətin, sivil dövlətin əsas atributlarından biridir: rəhbər vəzifə tutan məmur, dövlət xadimi mövcud problemlərə toxunur və səmimi ziyalı narahatlığını açıq bildirir.

 

Hesab edirəm ki, tariximizə həssas yanaşmaq, bugünümüzü və gələcəyimizi tarixi köklərimizə bağlı şəkildə inkişaf etdirmək hər birimizin qarşısında duran ümdə məsələlərdəndir. Amma qloballaşan dünyada həm dünyəvi olmağı bacarmaq, həm də milli adət-ənənələrimizi itirməmək - bütün bunlar çağdaş zamanın qarşımıza çıxardığı əsas suallardandır. Elə hörmətli akademik də Dövlət İdarəçilik Akademiyasındakı çıxışında bu məsələlərə toxunub. Hətta müasir dövrdə idarəetmə mexanizmlərinin, prinsiplərinin dəyişməsinin zəruriliyini də vurğulayıb. Zənnimcə, akademikin: "İstər-istəməz özümüzə belə bir sual verməliyik: kəskin dəyişikliklərə məruz qaldığımız bugünkü zamanda, yəni qloballaşmanın, informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olduğu bir dövrdə idarəetmədə nə kimi dəyişikliklər baş verməlidir?" - deməsi və bütün bunları həyata keçirmək üçün müasir, yeni kadr potensialına ehtiyac olduğunu söyləməsi xeyli dərəcədə düşündürücü məqamdır. Əlbəttə, ötən əsrin sonlarından, yəni ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir, dünyəvi dövlətimizin təşəkkülündən bu günə kimi ölkəmizdə gedən dinamik inkişaf göz önündədir. Bu gün də Prezident İlham Əliyevin sayəsində ölkəmizin adı qabaqcıl inkişaf edən dövlətlər sırasında çəkilir. Amma gəlin görək bu yaradılan şəraitdən hərtərəfli bəhrələnə bilirikmi? Hörmətli akademikin kadr çatışmazlıqları ilə bağlı dilə gətirdiyi problemlər, yaxud internet məkanının gənclərə, milli dəyərlərimizə vurduğu ziyan, təhsil sahəsindəki qüsurlar -  bunlar hamısı hər birimizi düşündürən məsələlərdir. Bu məqamda Ramiz Mehdiyevin çıxışından bir sitat gətirmək istərdim: "Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır.

 

Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi, sadəcə olaraq, yanlış məlumatlardır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək".

 

Bir qəzet redaktoru kimi də etiraf etməliyəm ki, bu  gün internet media bütün başqa mətbuat vasitələrini üstələyir. Və doğrudan da, buradakı informasiyanın dəqiqliyini, dürüstlüyünü yoxlamaq imkanı çox azdır.

 

Mən ötən il yay aylarında dövlət başçımıza "Jurnalistlərin dostu" mükafatının təqdimolunma mərasimindəki çıxışımda bu məsələlərlə bağlı bəzi narahatlıqları dilə gətirmişdim. Uzun illər media sahəsində çalışan   gənclərlə daim ünsiyyətdə olan adam kimi bütün bunların həlli yollarını, sadəcə, maariflənmədə görürəm.

 

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, ilk növbədə, gənclərin təlim-tərbiyəsinin möhkəmliyi, onların hərtərəfli intellektual olması üçün çalışmalıyıq. Məlumdur ki, savadlı, intellektual adamı aldatmaq mümkün deyil. Bu mənada, yəqin ki, yapma-yalan informasiyalar yayan, sensasiya xatirinə, oxucunu saxta başlıqlarla cəlb etmək naminə şər, böhtan xarakterli, jurnalist etikasına uyğun olmayan yazılar yayımlayan media orqanlarını sıradan çıxarmağın, dəbdən salmağın əsas yolu onlara inanan, küyə gedən kütləni maarifləndirmək, onlarda yüksək zövq yaratmaqdan keçir. Heç şübhəsiz ki, bu məqamda təhsilin üzərinə düşən vəzifəni vurğulamaq mütləqdir.

 

Akademik Ramiz Mehdiyevin söylədiyi kimi, dövlətimizin və Heydər Əliyev Fondunun sayəsində yeni məktəb binaları tikilsə də, təhsil sahəsinə lazımi diqqət yetirilsə də, bəzən nəticələr ürəkaçan olmur. Hesab edirəm ki, akademikin 70 il əvvəl qalib gəldiyimiz savadsızlığa yenidən qayıtmaq təhlükəsi haqda dedikləri, sadəcə, həyəcan təbilidir! Bir ziyalının narahatlığı, hətta qorxusudur! Axı doğrudan da, bu məsələ xeyli dərəcədə təhlükəlidir! Akademikin də söylədiyi kimi, Mirzə Cəlillər, Sabirlər, Üzeyir bəy Hacıbəylilər yetişdirən millətin ətalətə, yerində saymağa haqqı yoxdur, hələ 70 il öncənin qüsurlarını təkrarlamaq, o illərə qayıtmaq bir yana dursun! Əlbəttə, bütün bu məsələlərin, problemlərin həlli ailənin və məktəbin üzərinə düşür. Ramiz müəllim çıxışında bununla bağlı daha bir ağrılı məqama toxunur: "Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adıçəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.

 

Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim".

 

Zənnimcə, məhz adıçəkilən bölgələrdə müəyyən mənada dini mövhumatın hökm sürməsi deyilən nəticələrə, rəqəmlərə gətirib çıxarıb. Akademikin də vurğuladığı kimi, xurafatın, dini fanatizmin insan beyninə, düşüncəsinə təsiri qorxulu məqamlardan biridir. Hörmətli Ramiz Mehdiyev dinin qadınlara təsirini və zaman keçdikcə bu məsələnin də qəlizləşdiyini vurğulayır:

 

"1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır".

 

Hələ 90-cı illərdə akademik Ramiz Mehdiyevin ölkəmizdə məscidlərin tikintisi ilə məşğul olan xarici şirkətlərə üzünü tutaraq "Məscidlərin tikintisindənsə, yeni məktəblər açın..." deməsini bir daha yada salıram.

 

Doğrudan da, ətalət və geriliyə aparan kor-koranə dini aludəçilik, qondarma dini qanunlar əks nəticə verir.

 

Bu mənada hicablı xanımların, əslində, daxili mənəvi tələbatdan yox, sadəcə, hansısa süni tələblərdən bu yolu seçməsi çox düzgün müşahidədir. Görünür, hələ ilk maarifçilərimizin XIX əsrin sonu, XX əsrin əvvəllərindən başladığı yolu, mübarizəni bu gün də davam etdirməliyik. Bildiyimiz kimi, müsəlman Şərqində ilk dünyəvi qız məktəbi Azərbaycanda, Bakıda görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdı. Təxminən beş il müddətində müxtəlif maneələrlə qarşılaşan Tağıyev, nəhayət, 1901-ci ildə məktəbin açılmasına nail olur. Bir tarixi faktı da qeyd edim ki, əvvəlcə Tağıyevin qızlar məktəbinin yerində Cümə məscidi tikilməli imiş, amma müəyyən səbəblər üzündən bu baş vermir və məscidin yeri rəsmi olaraq qızlar məktəbinə verilir. Tarix özü bir çox sualların cavabını verir. Təkcə elə gətirdiyim bu fakt hörmətli akademikin "məscidlər əvəzinə məktəblər açılsın" deməsinin tarixi əsası, istinad nöqtəsi deyilmi? Və əgər millətimizin qadınların təhsili, təlim-tərbiyəsi ilə bağlı bu cür qürur duyulası ənənəsi varsa, bu gün müəyyən problemlərə göz yummalı deyilik! Zənnimcə, akademik Ramiz Mehdiyevin əsas diqqəti bu məsələlərə yönəltməsinin bir səbəbi də budur. Bir də əslində, bütün bu deyilən məsələlərdə, yəni akademikin çıxışında söylədiyi problemlərin qoyuluşunda maraqlı və xoş olan bir məqam var. Aydındır ki, nəsillər arasında konflikt, atalar və oğullar problemi dünyanın özü qədər qədimdir və heç vaxt bitib tükənməyəcək. Amma hörmətli Ramiz Mehdiyev gəncləri qəbul etməyən yaşlı nəsil nümayəndəsi kimi yox, onların qüsurlarını görüb həll etməyə çalışan, bu yolda onlara kömək etmək istəyən məmur, sözükeçən nüfuzlu dövlət xadimi, həm də sadəcə, böyük kimi, ziyalı kimi çıxış edir: "Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə, istəmir.

 

Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik? Kimsə deyə bilər ki, postmodern dövründə, ümumən əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?

 

Aydındır ki, bu məsələlər təkcə məni yox, bütün Azərbaycan ziyalılarını narahat edir. Bu narahatlıqdan qurtarmaq üçün lazımi fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir".

 

Çıxışdan gətirdiyim parçanı şərh etmək niyyətində deyiləm. Çünki akademik Ramiz Mehdiyev özü hər şeyi yerli-yataqlı təhlil edir, müəyyən çıxış yollarını da göstərir. Sadəcə, bir valideyn və uzun illər gənclərlə mütəmadi təmasda olan adam kimi müəyyən fikirlərimi bildirmək istərdim. Ümumiyyətlə, XXI əsr daha çox rahatlıq, komfort, az işləməklə çox qazanmağa meyillilik dövrüdür desək, yanılmarıq. Əslində, bu, dünyada gedən prosesdir. Yəni bütün bu yeni texnologiyaların inkişafı, internetin insan həyatına nüfuzu, məsafələrin virtual yazışmalar, əlaqələr vasitəsilə "zərərsizləşdirilməsi" və s. hamısı insanı rahatlığa alışdıran məsələlərdir. Bu mənada çağdaş gəncin bəzi lazımi zəhmətdən də çəkinməsi bəlkə də təbiidir. Amma tarix və zaman göstərir ki, istənilən şəraitdə və vəziyyətdə zəhmətə alışmış, əziyyətdən qorxmayan, çalışmaqdan usanmayan insanlar uğur qazanır, cəmiyyətdə nüfuz sahibi olurlar. Zənnimcə, məhz bu məsələlərin təbliği müəyyən uğurlu nəticə verə bilər. Ancaq bu məqamda da akademik Ramiz Mehdiyevin dövlətin üzərinə düşən məsuliyyəti vurğulaması, fəaliyyət proqramının hazırlanmasının zəruriliyini qeyd etməsi onun məmur və ziyalı mövqeyinin göstəricisidir.

 

Belə bir deyim var: dünyanı dəyişmək, gözəlləşdirmək istəyirsənsə, öz evindən başla. Mənə görə, dövlətin, yüksək ranqlı dövlət məmurunun bütün bu problemləri dilə gətirməsi, yuxarı səviyyədə həlli üçün yollar axtarması olduqca diqqətəlayiqdir. Amma istənilən halda hər bir ziyalı, yaxud sıravi vətəndaş öz üzərinə düşən məsuliyyəti, vəzifəni unutmamalıdır. Hər birimiz bu yolda əlimizdən gələni etməliyik. Və məncə, akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasında çıxışının sonunda dediyi fikir hər bir Azərbaycan vətəndaşına ünvanlanıb: "Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq".

 

“Azərbaycan” qəzeti,

28 oktyabr, 2014-cü il

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.4.