"Yüksək ixtisaslı kadrlarsız
dövlətin inkişafı mümkün
deyil"
Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın "525"ə müsahibəsi
- Gövhər xanım, bugünlərdə Prezident
Adminstrasiyasının (PA) rəhbəri,
akademik Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında
bu ali
məktəbin 15 illik
yubileyi münasibətilə
keçirilən iclasda
çıxışı zamanı
bir çox mühüm məsələlərə
toxunub. İstərdik
ki, bir elm adamı, bir ziyalı, bir vətəndaş kimi həmin məsələlərə
münasibətinizi bildirəydiniz...
- Həqiqətən də Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin oktyabrın 25-də Dövlət
İdarəçilik Akademiyasında
akademiyanın 15 illik yubileyinə həsr olunan Elmi Şuranın
islasında çıxışı
mənim diqqətimi çox cəlb etdi. İlk növbədə ona görə ki, dövlət səviyyəsində, belə
yüksək səviyyədə
ölkənin mənəvi-intellektual
sahəsində mövcud
problemlərə toxunulub.
Əlbəttə, Ramiz müəllim
çıxışında ilk öncə ölkədə
əldə edilən nailiyyətlərdən danışıb.
Çünki doğrudan
da nailiyyətlərimiz
çoxdur, bunu heç kim
inkar edə bilməz. Amma bunlarla bərabər
bu gün ölkəmizdə müəyyən
problemlər də var və bu
problemlər haqqında
da hörmətli akademikimiz tam səmimi bir söhbət aparıb. Eyni zamanda, təəssüflər
olsun ki, bəzi mətbuat orqanlarında bu çıxışın müxtəlif
cümlələri kontekstdən
çıxarılaraq təhrif
olunmuş şəkildə
təqdim olunur. Halbuki bu, belə deyil.
Həmin
çıxışda yalnız
və yalnız Azərbaycan cəmiyyətində
bu gün mövcud olan problemlərdən səmimi
şəkildə söhbət
açılır ki,
bütün cəhdlərimizi,
səylərimizi birləşdirib
həmin o problemlərin
həllinə yönəldək.
Ümumiyyətlə, həmin çıxışda
cəmiyyət üçün
son dərəcə aktual
məsələlərə toxunulub. Mən deyərdim ki,
hətta, həyati əhəmiyyət daşıyan
məsələlərə toxunulub. Çıxışda bu gün bizim cəmiyyətdə gedən proseslərə
tam adekvat reaksiya verilib. Mən bu səmimiyyətə,
ölkədə gedən
bu proseslərə bu cür həssaslıqla
yanaşdığına görə
də Ramiz müəllimə çox
minnətdaram. Çünki bu problemlər biz ziyalıları da çoxdan narahat edir.
- Çıxışda dövlət
idarəçiliyinin müxtəlif
sahələrində ən
yeni metodlara yiyələnmiş yüksək
hazırlıqlı kadrların
yetişdirilməsi zəruriyyətinə
də toxunulur. Sizcə, bu zəruriyyət, bu narahatlıq nədən irəli gəlir?
- Doğrudan da, müvafiq kadrlar olmayanda dövlətin gələcək inkişafı
sual altına düşür. Dövlətin kadrlarsız inkişafı
mümkün deyil, xüsusilə də, dövlət idarəçiliyinə
aidiyyəti olan kadrların. Akademik Ramiz
Mehdiyev də çıxışında bu
gün həm yüksək ixtisaslı kadrların çatışmazlığından,
həmçinin, kadr qıtlığından danışıb.
Onun da vurğuladığı
kimi, həm nazirliklər, həm Prezident Administrasiyası, həm digər yerli hakimiyyət orqanları bu gün yüksək ixtisaslı kadr problemi ilə üzləşirlər. O, daha sonra qeyd
edib ki, "biz hamımız müasir idarəetmənin incəliklərinə
bələd olan hazırlıqlı kadrlara
ehtiyac duyuruq". Bu fikirləri də
elə bilirəm ki, təkcə idarəçilik sisteminə
yox, eyni zamanda, həm də elmə şamil etmək olar. Bilirsiniz, indi həyat çox dinamikdir, hər gün dəyişikliklər baş
verir, yeniləşmə
prosesi gedir və bu baxımdan,
kadrlar elə yetişdirilməlidir ki, onlar həyatımıza yeni daxil olan
o yeniliklərin özünü,
onların ruhunu, fəlsəfəsini tam qavraya
bilsin və o yeniliklərdən istifadə
edə bilsin. Yəni, onlar ömür boyu öz təhsillərini
artırmalıdırlar. Bunsuz bu gün inkişaf
yoxdur. Doğrudan da, istənilən
kadr nə qədər gözəl təhsil alsa da belə, zaman-zaman
təkmilləşməyə böyük ehtiyac yaranır.
- Çıxışda maraqlı
məqamlardan biri də odur ki,
R.Mehdiyev sovet dövrünü xatırlayır,
o dövrün bir sıra üstünlüklərini
nəzərə çatdırır.
- Tamamilə, doğrudur. O, eyni zamanda qeyd
edir ki, o dövlətin totalitar olmasına baxmayaraq, ideoloji buxovlarla yanaşı, o zaman insanların sosial müdafiəsi daha güclü təmin olunmuşdu və onların maarifləndirməyə,
mədəni proseslərə
cəlb olunması, digər məsələlər
özünün kifayət
qədər düzgün
həllini tapmışdı.
Mən isə o dövrdəki qadın siyasətini də bura əlavə
edərdim. Çünki qadın siyasəti ilə bağlı sovet dövrünün çox gözəl nailiyyətləri olub.
Amma akademikin də bildirdiyi kimi, bu dövr
artıq tarixə qovuşub, bununla belə, insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər, digər məsələlərlə bağlı
düşünərkən, marksizm ideologiyasından çıxış edirlər
və məmurlarımız
da bu baxımdan,
heç də istisna təşkil etmir. Həqiqətən də belədir.
Bir çox insanlar bizdə hələ də həmin o sovet dövründə mövcud olan kateqoriyalarla düşünməyə
davam edirlər. Halbuki həyat yenilənir, ancaq həmin insanlar yeni şəraitə uyğunlaşa bilmirlər...
- PA rəhbəri virtual məkan
haqqında da öz fikirlərini bildirir, xüsusən də, gənclərin həyatlarının çox
hissəsinin həmin
o virtual məkanda keçirdiklərini
qeyd edir...
- Təəssüf ki, bu həqiqətən belədir. Gənclərimiz internetin əsirinə
çevrilirlər. Bu baxımdan nəsə bir mexanizm düşünüb
tapmalıyıq, nəsə
bir yollar aramalıyıq ki, insanlarımızın virtual məkandan
bu qədər böyük asılılığını
bir qədər azaldaq. Çünki bəzi insanlar,
xüsusilə, gənclər
bütün vaxtlarını
buna sərf edirlər. Xüsusən də nəzərə
alsaq ki, o virtual məkanda, internetdə gedən məlumatlar heç də həmişə doğru-düzgün
deyil, heç də həmişə reallığı əks etdirmir və bunun özü də bəzən nəticə etibarı ilə həmin insanlara, yeniyetmələrə,
gənclərə çox
mənfi təsir edir. Sirr deyil ki, gənc yaşında insan heç də həmişə həqiqətlə yalanı
ayıra bilmir, yalanı doğrudan seçə bilmir. Ona görə də bu kimi məsələlərdə
biz bir qədər diqqətli, ehtiyatlı olmalıyıq.
- R.Mehdiyev çıxışında
eyni zamanda, ölkədə dindarlıqla
bağlı narahatçılığını
bildirir, hətta, orada bəzi rayonlarda qızların oğlanlarla müqayisədə
nə qədər az qəbul
komissiyasına sənəd
vermələri qeyd olunur.
- Bu da bugünkü reallıqdır. Mən özüm də hər zaman müsahibələrimdə bu haqda danışıram, deyirəm ki, bəzi valideynlər qızları özləri məktəb təhsilindən yayındırırlar, hətta, müəyyən sinifdən sonra onları məktəbdən çıxarıb ərə verirlər. Bu nə deməkdir? İrəli getməkdənsə, biz geriyə doğru addım atırıq! Çıxışında da Ramiz müəllim narahatlıqla bildirir ki, "mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə prosesinin nə dərəcədə təhlükəli olduğunu diqqətinizi cəlb edim". Doğrudan da, qadınlarımız sanki geriyə doğru gedir, hicab, çadra məsələsi, erkən nikah və sairə məsələlər bu gün heç də ürəkaçan deyil. Düşünürəm ki, bu sahələrdə bütövlükdə cəmiyyətimiz bu proseslərə müqavimət göstərə bilməsə, irəlidəki illərdə biz daha da böyük geriləmə müşahidə edəcəyik. Biri var ki, qadın dindarlığı, hicabı tam könüllü, ürəyinin səsi ilə, əqidəsinin hökmü ilə seçə, biri də var ki, evdə ailənin, ananın, qardaşın, atanın təsiri ilə, təkidi ilə örtünə. Təəssüf ki, belə təsir halları çoxdur. Odur ki, akademik öz çıxışında bütün ziyalılarımızın narahatlığını ifadə edərək deyir ki, "bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm. Yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı, Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizdə yenidən qayıdır?" Şəxsən mən də hörmətli akademikimizin narahatçılığını bölüşərək hesab edirəm ki, ümumilikdə yollar axtarmalıyıq ki, bu cür geriləmələrin qarşısını vaxtında ala bilək. Bunu bu gün etməsək, sabah gec ola bilər.
- Çıxışda tədris müəssisələrində təhsil mühitinin get-gedə zəifləməsindən də danışılır.
- Bu məsələ ilə bağlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda Bərdə İmamzadəsinə həsr olunmuş konfrans keçirildi. Mən də o konfransda iştirak edirdim. Həmin konfransdan çıxanda cavan bir oğlan yaxınlaşdı, dedi ki, nəinki tələbələrin mədəni səviyyəsinin, hətta, bizim müəllimlərin mədəni səviyyəsinin artmasına böyük ehtiyac var və bununla bağlı layihə hazırlayıb Bilik Fonduna təqdim etmək fikrindədir. Şəxsən mən həmin fikri çox bəyəndim. Çünki doğrudan, bəzən görürsən ki, müəllimin səviyyəsi elədir ki, heç onu auditoriyaya bəlkə də qoymaq olmaz. Yəni, o, öz mürtəce, geridə qalmış fikirləri ilə gənc nəsli irəliyə aparmaqdansa, geriyə aparır.
- R.Mehdiyev onu da qeyd edir ki, Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Siz bu haqda nə deyərdiniz?
- Mən də şəxsən həmin fikirləri bölüşürəm. Məsələn, Suriyaya gedən insanlar təkcə böyük təzminat müqabilindəmi oraya gedirlər? İnanmıram. Bəzən onları o yerlərə hansısa "ideya" aparır. Ancaq biz bunun səbəbini tapıb müəyənləşdirməliyik ki, bu ideyanı o harda qavrayır? Kim bu adama təsir edir? Bunlar hamısı təhlil olunmalıdır, ideoloji sahədə böyük işlər aparılmalıdır. Bu baxımdan mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinə və Azərbaycan Prezidenti yanında yeni yaradılmış Bilik Fonduna böyük ümidlər bəsləyirəm. Yeri gəlmişkən, akademik vaxtaşırı cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün sosioloji sorğuların aparılmasının zərurətini vurğulayır. Çünki həqiqətən cəmiyyətin bütün meyllərini öyrənmək üçün həmin o sosioloji sorğuların böyük əhəmiyyəti var və Ramiz müəllim də qeyd edir ki, bütün bu narahatlıqlardan qurtarmaq üçün müvafiq fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir. Yəni, burada bütün ziyalılar öz sözünü deməlidir. Düşünürəm, bəlkə də müəyyən qəzetlərdə bir rubrika açılmalıdır ki, Ramiz müəllimin çıxışı ilə əlaqədar cəmiyyətdə tanınan ziyalılar, mütərəqqi fikirli işıqlı insanlar öz fikirlərini bildirsinlər. Öz mövqelərini ortaya qoysunlar, hörmətli akademik tərəfindən qoyulmuş suallara cavab versinlər. Çünki bu cavablar həqiqətən də hörmətli akademikimizin dediyi kimi, "Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır". Şəxsən mənim bununla bağlı bir sıra təklif və mülahizələrim var və yaxın zamanlarda bu mülahizələrimi bölüşəcəm.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2014.- 30 oktyabr.- S.5.