Mənəviyyatı kamilləşdirən
əsər
Ateizm təbliğatının
geniş yayıldığı bir dövrdə, yəni XX əsrin
70-ci illərində həm rus, həm də Azərbaycan mətbuatında
məşhur həmyerlimiz öncəgörücü və
parapsixoloq Tofiq Dadaşovun Bakının ən məşhur
kinoteatrlarında təşkil olunmuş psixoloji eksperimentləri
haqqında geniş məlumatlar verilirdi. Elə o dövrlərdə
dünyanın ən məşhur sensitivi (ekstrasensor qabiliyyətinə
malik olan insan), fövqəlmöcüzə insan kimi qiymətləndirilən
bolqar qadını Vanqa haqqında da maraqlı məlumatlar əvvəl
Moskva, sonra isə Azərbaycan qəzetlərində
işıq üzü görmüşdü.
Bu cür
məzmunlu məqalələr geniş oxucu kütlələri
tərəfindən rəğbətlə qarşılansa da,
böyük həcmli əsərlərə təsadüf
olunmurdu. İlk dəfə 2011-ci ildə qəzetlərdə
"Vanqanın sirli aləmi" adlı kitab haqqında anonsa
rast gəldikdə sevindim və kitab mağazasından onu əldə
etdim. Kitabın müəllifi Elçin Ələkbərzadə
tanınmış yazıçı olmasa da, ədəbiyyata
yeni mövzu, yeni ideyalar və qeyri-adi real insan obrazları gətirmişdi.
Elə buna görə də kitab oxucular tərəfindən rəğbətlə
qarşılandı, müəllif isə yadda qalmağa
başladı.
İKT-nin
geniş yayıldığı, bədii əsərlərə
marağın azaldığı bir dövrdə geniş oxucu
kütlələrinin diqqətini cəlb etmək o qədər
də asan deyil. Elə buna görə də E.Ələkbərzadə
bir-birinin dalınca nəşr olunan "Nostradamus",
"Dünyanın 7 möcüzəsi və 33 möcüzə
insan", "Nostradamusdan Vanqaya qədər fenomenal
insanlar", "Dahilərin yuxuyozmaları",
"UNO-uçan naməlum obyektlər" və "Vanqa-500
müalicəvi resept" kimi geniş həcmli kitabları ilə
XXI əsr Azərbaycan ədəbiyyatında
açdığı yeni yolu daha da genişləndirdi və
möhkəmləndirdi.
Qısa
bir zaman kəsimində oxucularının sayını sürətlə
artıran, özü də tanınmış bir
yazıçı kimi şöhrətlənən Elçin
Ələkbərzadə "55 unikal insan" adlı 8-ci
kitabı ilə oxucuların görüşünə gəlib.
Bu vaxta qədər Azərbaycan ədəbiyyatında
toxunulmayan mövzuların
işıqlandırıldığı bu kitabda
dünyanın ən məşhur parapsixologiya, öncəgörücülər,
övliyalar, yadplanetli məxluqlarla görüşlər, əfsanəvi
şəfavericilər, mərhumların ruhları ilə
ünsiyyət və s. haqqında ərtaflı məlumatlar
verilir. Kitabın əsas ideyası müasir oxucuların
intellektual səviyyəsinin yüksəldilməsi,
dünyagörüşlərinin genişləndirilməsi, mənəviyyatının
zənginləşdirilməsidir.
Bunlardan əlavə,
kitabda millətindən, dinindən, sosial vəziyyətindən,
cinsindən asılı olmayaraq öz qeyri-adi keyfiyyətləri,
istedad və qabiliyyətləri ilə fərqlənən
unikal insanlar öz bacarıqlarını bədxah əməllərə
yox, ancaq xeyirxah, insanlara fayda verən işlərə həsr
edirlər. Bununla da onlar dini kitablar və peyğəmbərlər
kimi insanları bəd əməllərdən
uzaqlaşdırmağa, xeyirxah işlər görməyə
sövq edirlər. Bu peyğəmbərləşmiş,
müqəddəsləşmiş qeyr-adi insanlar oxucularda
fövqəltəbii qüvvələrə, Allahın
varlığına inam ruhu aşılayır, onların mənəviyyatını
kamilləşdirir və Allaha daha çox
yaxınlaşdırırlar.
"55
unikal insan" kitabı ön söz, istifadə olunan ədəbiyyat
və mündəricatdan başqa, real faktlar əsasında
yazılmış 55 oçerkdən ibarətdir. Onların
heç biri öz qeyri-adiliyi və ya unikallığı ilə
digərini təkrar etmir, yəni bu unikal insanlar da öz
qeyri-adi unikallıqları ilə bir-birindən fərqlənirlər. Məsələn,
bolqar Vanqa (1911-1997) 13 yaşından, rus Matrona Nikonova
(1881-1952) isə anadangəlmə kor olmuşlar. Vanqa 20-25
yaşına qədər çox ağır şəraitdə
yaşamış, sonra məşhurlaşmış,
özündən sonra milyonlar qoyub getmişdir. O həm
keçmişdən, həm gələcəkdən xəbər
verməyi, fikirləri oxumağı, insanların pis niyyətlə
onun yanına gəlməsini, ruhlarla danışmağı,
yadplanetlilərlə söhbət etməyi, ağır xəstələri
bitkilərlə müalicə etməyi bacarmış və
onun 7000 öncəgörməsi düz çıxmışdır.
Matrona Nikonova isə Sovet dövründə, milislərdən əlavə,
öz doğma qardaşları tərəfindən də təqib
olunduğu üçün evdən qaçmış,
ömrü boyu yerini tez-tez dəyişərək didərgin
həyat keçirmişdir. O, hamıya təmənnasız
kömək etmiş, öncəgörmələri real
olmuş, kim hansı niyyətlə ona müraciət
etmişsə, arzuları həyata keçmişdir.
Ölümündən sonra da kim onun məzarını ziyarət
edir və kim onu köməyə çağırırsa,
niyyətləri həyata keçir. Elə buna görə
1999-cu ildə o, "övliya" (müqəddəs) elan
olunmuş, məzarı ziyarətgaha çevrilmişdir.
Fransız
Nostradamus Mişel (1503-1566) XVI əsrdən 3797-ci ilə qədər
baş verəcək hadisələri öncədən
görmüş və bu vaxta qədər onların 72-si
düz çıxmışdır. Unikal psixokinezer Uri Geller
(Tel-Əviv, 1946) məsafədən dəmir, başqa əşyalara
təsir göstərmək, əymək, sındırmaq, gizlədilmiş
əşyaların yerini tapmaq, insan fikrini oxumaq, kompyüterin
yaddaşındakı və ya bağlı zərfin içindəki
təsvirləri görmək, bağlı fotoaparatın
plyonkasına öz şəklini salmaq və s. keyfiyyətlərə
malik olmuşdur. Cuna Davitaşvili (Kuban, 1949) öncəgörmə
ilə yanaşı, ruhlarla kontakta girmək, əl ilə
müalicə etməyi bacarmışdır.
Əslən
alman olan Amerika öncəgörücüsü Cin Dikson
(1916-1975) öncəgörücülüyü ilə məşhur
olmuşdur. Kanadalı Adam Drimhiller "məsafədən
energetik şəfaverici" adlanmışdır. O, bircə
toxunmaqla və ya əlində şəklini tutmaqla istənilən
xəstəni müalicə etməklə ixtisaslı diplomlu həkimləri
heyrətə gətirə bilir.
Yazıçı E.Ələkbərzadənin digər əsərlərində də hər hansı insan bədəninə müvəqqəti olaraq başqasının ruhunun daxil olması hadisəsinə təsadüf olunur. Bu əsərdə isə onun başqa bir formasına təsadüf olunur. 1918-ci ildə Hindistanın şimalında böyük rəğbət bəslənilən Şirdi Sai Baba vəfatından az öncə demişdi ki, mən 8 il sonra Hindistanın cənubunda yenidən həyata gələcəyəm...., Doğrudan da, 1926-cı ildə Hindistanın cənubunda Satya Sai Baba anadan oldu. O, 14 yaşında anladı ki, o, Şirdi Sai Babanın eynidir. Vaxtilə bir qadın Şirdi Babaya demişdi ki, mən sənin yanında qalıb ibadətlə məşğul olmaq istiyirəm. Şirdi Sai Baba demişdi: "İndi yox. Mən gedib yenidən qayıdacağam, onda sən mənimlə görüşüb yanımda qalarsan".
Həmin qadın Satya Sai Baba haqqında eşidib onun yanına gəlir. Satya Sai Baba Şirdi Sai Babanın dediklərini xatırladı: "Övladım, sən gəldin". Sonra gülümsəyərək qadının yadına salır ki, hələ o vaxtdan onun 16 rupiy borcu qalıb. Mən bunu sənə ona görə deyirəm ki, sən əmin olasan ki, mən həmin Şirdi Sai Babayam.
Satya Sai Baba insanları müalicə edir, həm ayıq, həm də yuxuda unikal cərrahiyyə əməliyyatları keçirir, fikirləri oxuyur, daşları kanfetə, qızılgül qönçələrini brilyanta çevirir, əlini açanda qızıl pullar yerə tökülür. O, bir nəfərlik yeməklə yüz nəfəri doyuzdurur və s. kimi möcüzələr göstərmiş və bunlar şahidlər, foto və kinoçəkilişləri ilə təsdiq olunmuşdur. O, yeganə adam idi ki, heç kimdən hədiyyə, ianə qəbul etmir, əksinə özü onlara müxtəlif hədiyyələr verir.
Satya Sai Baba deyir: "Mən gəlmişəm ki, Allaha birbaşa yolu bərpa edim". Demək, "Onun məqsədi Məhəbbət və Həqiqət vasitəsilə hər bir insanda mənəviyyata bağlılığı, bəşəriyyətdəsə sevgi və əmin-amanlıq şəraitində birgəyaşayış hissini bərpa etməkdir. O gəlib ki, bəşəriyyəti vahid qardaşlıq ailəsində birləşdirsin, nifrət və düşmənçiliyin kökünü kəssin".
Məşhur amerikalı alim Kliv Bakster həmyerlimiz Tofiq Dadaşovun özgə fikirlərini heyrətamiz dəqiqliklə oxuyabilmə qabiliyyətini yüksək qiymətləndirmiş, onu dünyanın ən qüdrətli mediumu adlandırmışdır. Onun haqqında çoxsaylı məqalələr yazılsa da, geniş həcmli əsərlərə təsadüf olunmur. Onun Bakıda yaratdığı parapsixoloji yardım mərkəzi "PSİ-EKS" uzun illərdir ki, minlərlə xəstəni müalicə etmişdir. Zənnimizcə, bu mərkəz son illərdə nəyə görəsə fəaliyyət göstərmir.
Bu vaxta qədər peyğəmbər kimi tanıdığımız (İslam dini onu peyğəmbər kimi qəbul etmir) Zərdüştün öncəgörmələri lap gənclikdən özünü göstərmişdir. O, İsa peyğəmbərin doğulacağı zaman və məkan, Rusiyada 1917-ci ildə oktyabr çevrilişi, Çernobıl atom elektrik stansiyasında baş verəcək qəza və s. haqqında əvvəlcədən xəbər vermiş və öz dövrünün təbabət, coğrafiya, astronomiya, astrologiya üzrə yüksək səviyyəli mütəxəssisi kimi tanınmışdır.
"55 unikal insan" kitabında qeyri-adi keyfiyyətləri ilə insanları heyrətə salan müqəddəsləşmiş bəşər övladları ilə yanaşı, öz qeyri-adi istedadları və əsrləri qabaqlayan kəşfləri ilə dünyada şöhrətlənən alimlər də vardır. Bütün dünyada əfsanəvi Loğman - İbn Sina (Buxara, 980-1037) cəmi 58 il yaşasa da, mənbələrdə adı çəkilən müxtəlif elm sahələrinə aid 450 əsər yazmışdır ki, onlardan ancaq 240-ı qorunub saxlanmışdır. Çoxsaylı rübai və poemalarında "insan həyatının mənası nədir? sualına cavab axtaran İbn Sinanın "Şəfatapmalar kitabı" adlı əsəri 18 kitabdan ibarət olub fəlsəfə və təbiət elmlərinin ensiklopediyasıdır". O, Allahın varlığına inanır və Allahın mövcud hər şeyin əsası kimi qəbul edirdi. O, insanın fiziki və qeyri-maddi əbədi ruhdan ibarət olduğunu iddia edirdi... O, hiss edir ki, kainatı müəyyən obyektiv qanunlar idarə edir"... (səh.155).
İlk dəfə neytronun mövcudluğunu bəyan edən, öz kəşfinin faciələrini dərk etdikdən sonra doğma diyarından qaçan və didərgin həyat keçirən italyan fiziki Ettore Mayorananın faciəli həyatından, ilk dəfə elektrik enerjisinin naqilsiz uzaq məsafəyə ötürülməsini kəşf edən Amerika alimi Nikola Tesla, ilk dəfə informasiyanın "simsiz teleqrafla" ötürülməsini həyata keçirən, Marsdan gələn siqnalları qəbul edən, ölülərin ruhları ilə ünsiyyət yaratmağa imkan verən cihazların hazırlanması üzərində çalışan italyan almi Qulyelmo Markoni və başqaları haqqında məlumatlar çox maraqla oxunur.
Kitabda milli, dini mənsubluğundan, ixtisas və məşğuliyyətindən asılı olmayaraq haqlarında bəhs olunan unikal insanların hamısı insanları hər cür mənfiliklərdən uzaqlaşmağa, xeyirxah işlər görməyə, bütün insanlara məhəbbətlə yanaşmağa çağırır, kainatı idarə edən ilahi varlığın mövcudluğunu, insanın maddi varlıq və qeyri-maddi ruhdan ibarət olmasını təsdiq edirlər. Amerikalı "Yatmış peyğəmbər" adlanan Edqar Keysi (1877-1945) ancaq yuxuda olanda transa girir, keçmiş, real həyat və gələcəkdə baş verəcək hər hansı hadisə, xəstəliyin müalicəsi və s. haqqında verilən suallara başqa bir şəxsin səsi ilə düzgün cavablar verərdi. Əvvəllər fırıldaqçılar Edqar Keysi yuxuda olarkən ona axşam oynanılacaq qumar haqqında suallar verər və aldığı cavablar əsasında çoxlu pul qazanardılar. Edqar Keysi transdan ayılandan sonra ona verilən sualları və verdiyi cavabları da xatırlamazdı. "Yatmış peyğəmbər"in dostları ona insan ruhu ilə əlaqədar verdikləri suallara o belə cavab vermişdi: "Hər bir ruh ölməzdir burada Yer kürəsində ruh çoxdəfəli reinkarnasiya, yəni bədəndən köçmə prosesindən keçir... Günəş sistemində ruh üçün uzun bir sınaqlar zənciri mövcuddur. Bunun planetlərə uyğun olaraq səkkiz ölçülü, mühiti var. Bu sistemdə Yer kürəsinə uyğun ölçü üçüncüsüdür... Bu, bütün sistem üçün unikal laboratoriyadır, unikallığı da ondadır ki, yalnız burada hər şeyi seçim azadlığı müəyyənləşdirir. Digər ölçülərdə ruh ilahi qüvvələrin ciddi nəzarəti adlandırır... Hər bir ruhun vəzifəsi fasiləsiz özünükamilləşdirmədir. Tam kamilləşmiş ruh Allaha qovuşur..." (səh. 72).
Hörmətli oxucular! Əgər siz ilahi varlıq, kainat, fenomen insanlar haqqında daha ətraflı məlumatlar almaq, intellektual bilik səviyyənizi yüksəltmək, mənəvi cəhətdən saflaşmaq, kamilləşmək istəyirsinizsə, yazıçı Elçin Ələkbərzadənin "55 unikal insan" (Bakı, 2014) adlı kitabını oxuyun!
Aydın PAŞAYEV
fiologiya elmləri doktoru, professor
525-ci qəzet.-2014.-
31 oktyabr.- S.6.