“Ədəbi yaradıcılığa heç vaxt məşğuliyyət kimi yanaşmamışam”

 

 

- Ata babam Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri olmuş Sarı Ələkbərin nəslindəndir. Bizim nəslə el arasında “Sarıməmmədlilər” deyirlər. Ata nənəm isə xalq arasında “Gəncəli müdrik” kimi tanınan, məşhur Azərbaycan şairi Mirzə Şəfi Vazehin böyük qardaşı Əbdüləlinin nəslindəndir.

Uşaqlıq dövrüm elə də fərəhli keçməyib. Gözümü açanda qıtlıq, müharibə görmüşəm. Gəncənin indi Şəhidlər Xiyabanı adlanan təzə qəbiristanlığına gedən yol bizim evin yanından keçir. Beş yaşımdan düz doqquz yaşımadək hər gün şahidi olduğum Qarabağda şəhid olmuş döyüşçülərimiz və vətəndaşlarımızın əksəriyyətinin orada dəfni, vay-şivən qoparan, ağı deyən qadınların yanıqlı, adamın dünyasını alt-üst edən səsləri hələ də qulaqlarımdan getmir, yadımdan çıxmır. O vaxtlar həmyaşıdlarıma və mənə belə gəlirdi ki, dünyanın hər yerində müharibə gedir. Hər axşam televizorun başına yığışıb cəbhə xəbərlərini gözləyirdik. Bir dəfə diktor qadın Ağdərənin işğalı xəbərini çatdıranda ana babam iki əlini başına çırpıb hönkür-hönkür ağladı. Hamımız ona qoşulub göz yaşı tökdük...

Ədəbi yaradıcılığa məşğuliyyət kimi yanaşmıram, heç vaxt yanaşmamışam da. Mən onun rəngini də bilmirəm. Bircə bunu xatırlayıram ki, o mənə 9 yaşımda necəsə, sirli formada görünüb. İlk şeirimi də elə o yaşımda yazmışam. Amma ədəbi mühitə daxil olmağım 2003-cü ildən başlayır. Ədəbiyyata məndə maraq, sevgi yaratdığına görə şair Adil Cəmilə, eləcə də “Yanan sükut” şeirlər toplumu əziz ruhuna ithaf etdiyim mərhum professor Xeyrulla Qulamoğlu-Məmmədova çox borcluyam.

Fikrimcə, ədəbiyyat maraq deyil. Ədəbiyyat həyatdakılara həyatın özünü ruhani ölçüdə göstərməkdir. Necə gəldi yox, necə görünürsə, mahiyyətcə nədirsə, eləcə. “Daha çox hansı mövzuda yazırsınız?” sorusu həmişə mənim üçün çətin sual olub. Mövzunu şair deyil, həyatın özü müəyyənləşdirir, mövzu özü səni axtarıb-tapır. Nizami Gəncəvi bu xüsusda gözəl söyləyib:

Yaz ilham deyəni, ürək deyəni,

Yol özü dolaşıb tapacaq səni.

Qəlbini, beynini nahaq yorma sən...

Yazıçılar Birliyinin etimadını doğrultmağa çalışıram.

İstər Yazıçılar Birliyinin, istərsə də həmin birliyin üzvü olduğum Gənclər Şurasının mənə göstərdiyi etimadı yüksək dəyərləndirirəm. Elələri var ki, ona çox yüksək vəzifə, və ya ad verirlər, verilən vəzifə, yaxud da ad həmin adamla rəzilləşir; adam da var, onunla ən aşağı vəzifə də, ad da əzəmətli görünür. Yəni, mühit insanı yaratmır, insan mühiti yaradır. Azərbaycan Yazıçılar Birliyinin ətrafında çox yüksək mənəvi xarakterə malik insanlar toplaşıblar. Onlar cəmiyyətdə söz sahibləridirlər. Bizim çox sağlam mühitimiz var. Anar müəllimin yekdilliklə seçildiyi son izdihamlı qurultay Azərbaycan Yazıçılar Birliyinin cəmiyyətimizdə yüksək nüfuzunu, onun təqdirəlayiq sarsılmaz rolunu bir daha parlaqlığı ilə sübut etdi.

Yazıçılar Birliyinin yaradıcı gənclərə qayğısı göz qabağındadır.

Bu işdə, başda sədr Anar müəllim olmaqla, hörmətli katibimiz Rəşad Məcidin xidmətləri çox böyükdür. Hər bir istedadlı gəncə Rəşad müəllimin həssas, səmimi, qayğıkeş münasibəti var. Azərbaycan Yazıçılar Birliyində hər zaman gənclərə qayğı olub. Lakin son dövrlər gənclərə olan qayğı tamamilə fərqlənir. Hər il belə istedadlı gənclərə prezident təqaüdü verilir, onlar qabağa çəkilir, eləcə də onların təbliği işinə xüsusi diqqət ayrılır. Bunlar danılmaz faktlardır.

Mən yaradıcı bir fərd kimi özümü tanımağımda Bakıya borcluyam. Birinci kurs tələbəsiydim, həm də təzə yazan vaxtlarımdı. Bir-iki şeirimi götürüb “Ədəbiyyat” qəzetinin redaksiyasına getdim. Orada mənə hörmətli şairimiz, xətrini həmişə əziz tutduğum şair Adil Cəmilin otağını göstərdilər. O, şeirlərimi dinləyəndən sonra mənə yol göstərmək məqsədilə bir xeyli danışdı, eləcə də hansı kitabları oxumalı olduğumu dönə-dönə tapşırdı. Bir də mən həmin redaksiyaya təxminən dörd ildən sonra, 2007-ci ilin yanvarında getdim. Yenə Adil müəllimə şeirlərimi təqdim etdim. Diqqətlə oxudu, bəyəndi və haqqımda “Sözlə davranmaq asan deyil” məqaləsini yazaraq qəzetin fevral nömrəsində şeirimlə birlikdə dərc etdirdi. Elm və incəsənətin hazırkı inkişaf səviyyəsinə gəlincə, paytaxt ilə əyaləti tərəzinin bir gözünə qoymaq ədalətsizlik olardı. Ona görə ki, ölkənin istənilən sahəsində söz sahibləri paytaxta toplaşıb. Bakı çox inkişaf edib. Hətta Bakıdan Azərbaycanın digər şəhər və rayonlarına gedəndə adama elə gəlir ki, başqa ölkənin ərazisindəsən. Fərq bu qədər böyükdür.

Gəncədə bizim istədiyimiz səviyyədə qaynar ədəbi mühit yoxdur.

Bunun əvəzində ayrı-ayrı ədəbi fərdlər vardır; yəni, hansısa ədəbi-estetik ideyanın ətrafında birləşmiş, onun realizəsinə var-gücü ilə çalışanlar ümumiyyətlə gözə dəymir. Mühit böyük, dəqiq desək, kompleks anlayışdır. Onun yaranması, təkamülü üçün bütün zəruri şərtlər olmalıdır. Məni ciddi narahat edən, bilirsiniz, nədir? Necə ola bilər ki, dünyaşöhrətli Məhsəti Gəncəvini, Nizami Gəncəvini, Mirzə Şəfi Vazehi, Nigar xanım Rəfibəylini və başqalarını yetirmiş Gəncə torpağı yeni əsrdə geniş spektrdə nəzərəçarpan bir yazar yetirməsin, olan-qalan qüvvələr dağılsın, əl-ovucda qalmış bir balaca ənənəmiz də məhv olub getsin. Bu gün Gəncəmizdə Qərib Mehdi var, Bahadur Fərman var, Sahib İbrahimli var, Aydın Murovdağlı var, Aləmzər xanım Əlizadə var, adını çəkmədiyim neçələri var. Bu mühitdəkilərin, başda Qərib Mehdi olmaqla, demək olar, hamısı ilə tanışam. Tez-tez olmasa da, amma hərdən görüşür, söhbətləşirik. Belə məqamlarda əsasən əsərlərimizin müzakirəsini edirik. Çox istərdim ki, belə müzakirələrimiz məhdud çərçivədən yaxasını qurtarıb ictimaiyyətə də çata bilsin. Sözsüz ki, sağlam ədəbi mühiti formalaşdırmaq üçün ciddi işlər görməyə ehtiyac var.

Sırf tanınmaq üçün yazmaq şeytani modeldir.

Şöhrətə isə ümumiyyətlə, ehtiyacım yoxdur. Məni Allah şair edib. Bəli, Allah! Şeirlərim ilə Ona nəğmələr oxuyuram, öz nəğmələrimi oxumuram, Onun Öz nəğmələrini oxuyuram. Bunu ancaq yaşayan bilir. Mən kiməm ki. Rumi belə deyirdi:

Sevgi burdadır damarlarımda və bədənimdə

qan kimi,

O məni məhv etmişdir və məni yalnız

Onunla doldurmuşdur.

Onun yanğısı bədənimin bütün hüceyrələrinə

nüfuz etmişdir,

məndən” yalnız ad qalmışdır;

qalan nə varsa, Odur.

Şeir nəfəsbənəfəs  Allahı anmaqdır mənim üçün:

...Səmalarda rəqslənən nəğmələr,

Nəfəs ilə nəfəslərdə pərdələr

Aşiqinə pıçıldayır kəlmələr.

Qovuşarkən öz naxışına ilmələr

Heç olarmı bu sevdadan yorulmaq?!

 

Vüqarlıyam, məni aciz sanma sən,

Sinəndəki qəlb evini danma sən.

Nahaq eşqə alışma sən, yanma sən.

Nəfəs-nəfəs O Allahı anmasan,

Belə olmaz şeiriyyətdən  pay ummaq!

 

Yaxud da: 

Qulaq ver qəlbimin pıçıltısına,

İnan, bütün hisslər tanışdır sənə.

Bilirəm, tezliklə ayrılacağıq!

Sanma, şairliyim tutubdur yenə.

Artıq gəncliyim də tərk edib gedir,

Ömür sürməyin nə mənası var?!

Şairlik – gəncliksə, gənclik – şairlik,

Ey Göylər, Sən məni özünə qaytar!

Bu hisslər mahiyyətlə ovqatın əzəli və əbədi ruhi harmoniyasından qaynaqlanır. İndiyədək cəmi bir şeirlər kitabım işıq üzü görüb, bir də bu yaxınlarda kulturoloq Aydınxan Əbilovun köməkliyi ilə tərcümələrimdən və şeirlərimdən ibarət “Xəzərlən qəlbimdə” adlı elektron nəşr. Çox istərdim ki, artıq çevirib bitirdiyim bir əsərin, Rene Genonun “Müasir dünyanın böhranı” kitabını çapdan çıxardım.

Müəyyən yazarlar haqqında fikir söyləməyi özümə borc bilirəm

deyə, hərdən tənqidi məqalələr də yazıram. Ədəbi tənqidin sirlərini professor Qorxmaz Quliyevdən öyrənmişəm. Amma ədəbiyyatşünaslığın bu zəruri sahəsi heç də hər zaman müsbət qarşılanmır. Bəzən hansısa qənaətlərimlə razılaşmayıblar. Buna görə dostluğa son qoyanlara, hətta salamımı almayanlara da rast gəlmişəm. Təəssüflər olsun ki, xudbin, özündən müştəbeh, paxıl, qaragüruhçu qələm sahiblərimiz az deyil.

Bundan başqa ardıcıl şəkildə tərcümə işi ilə məşğul oluram. Tərcümə işi istedaddan əlavə, həm də çox zəhmət tələb edən sahədir. Xarici ədəbiyyatlardan çevirdiyim əsərlər çoxdur; onların əksəriyyəti mətbuatda müntəzəm dərcə verilir. Amma çevirdiyim əsərləri məzmunca qruplaşdırsaq, müasir Qərb, əsasən amerikalı alimlərin sufizmə bugünkü münasibətini özündə əks etdirən məqalələr böyük yer tutur. Dilimizə qazandırdığım, lakin nəşrini gözləyən kitablar da az deyil.

Fikrimcə, bu gün hər birimizin yolu səngərdən keçməlidir

Tanınmış şair, həm də qohumum Aləmzər xanım Əlizadə ilə hərbi hissələrə müntəzəm baş çəkirik. Əslində, biz öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Cəsur əsgərlərimiz bizi necə səmimi qarşılayır, ayrı-ayrı milli qəhrəmanlarımızın həyat yollarından bəhs edən məruzələrə necə diqqətlə qulaq asır, şeirlərimizi necə hərarətlə dinləyirlər! Düşünürəm ki, şairin də, sənətçinin də, qısacası, hər birimizin yeri səngər olmalı, yolumuz hərbi hissələrdən keçməlidir. Onsuz da başqa seçimimiz yoxdur.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 6 sentyabr.- S.28.