Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu

(əvvəli ötən sayımızda)

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, ümumən dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan tarixi-mədəni abidələri ilə yanaşı həm də tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm də mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri və tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət, 36-sı tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır.

Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilib. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Planda kvadrat (6,6 x 6,6m) olan kəsik piramida xaricdən yuxarıda düzgün onikibucaqlıya çevrilir, onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin üst çadır örtüyü tamamilə dağılıb. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi burada da taxçaların içi incə həndəsi naxışlarla örtülüb. Oniki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisindən ibarətdir.

Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktitşəkilli oyma qurşaqla əhatə edilib. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir.

Naxçıvanın maraqlı tarixi abidələrindən-Darkənd gümbəzi Ordubad rayonunun Darkənd kəndində yerləşir. Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülüb, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Abidənin dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyil. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir. Bu mülahizəyə əsasən Darkənd türbəsinin XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal edilir.

Naxçıvanın önəmli tarixi-memarlıq abidələrindən sayılan Hacı Hüseynqulu məscidi Ordubad rayonunun Gənzə kəndində yerləşir. Kəndin mərkəzində yerləşən məscidin ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə, onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülüb, mərmər başdaşı və sinədaşı qoyulub. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilib. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, 20-ci əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib. Məscidin əsas, qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı var. Məscid təmir olunarkən divarlarında gəc üzərində rənglə dini xarakterli kəlamlar yazılıb. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Minarənin üstündə belə bir kitabə qoyulub: "Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilib. Memarları Kərbəlayi Səyid, Kərbəlayi Qurban". Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olub, onu qəbiristanlıq üçün bağışlayıb. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu 15-ci əsrdə yaşayıb, məscidi də həmin vaxt inşa etdirib.

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən memarlıq abidəsi isə orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq kompleksinin tərkibinə daxildir. Xanəgah türbəsi binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir Seyyid Əhməd əl-Oğul-Şaminin oğlu, sahib əl-əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının memarlıq elementləri Möminə xatın türbəsinin elementlərinə oxşayır. Türbə sərdabə planında düzbucaqlı formada olub, daş və kərpicdən tikilib. Bərkidici maddə kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilib.

Naxçıvandakı məşhur Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində inşa edilmiş memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından tikilib. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınıb, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulub. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunub və yenidən qurulub. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir. Körpü XVII əsrə aiddir.

Naxçıvandakı daha bir məşhur körpü Qazançı körpüsüdür. Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsi xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilib. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilib. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır. Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.

(ardı var)

S.ABDULLAYEVA

525-ci qəzet.- 10 sentyabr.- S.4.