“Günahsız Abdulla”, 62 dəqiqəlik şedevr və 30 il

 

 

“Bu tamaşa bütün dünyanın günahsız bəndələrindən ötrü bir teleağı idi”.

Aydın Talıbzadə

 

... 1984-cü il.  Mart ayının sonuncu səhəri...  Ucqar dağ kəndində çiskinli  havadır. Adamların ovqatı  onsuz da dünəndən korlanıb, “Günahsız Abdulla”ya baxandan sonra...

 

Uzaq Borçalı mahalının Sarvan qəzasında iynənin ucu boyda  günahı olmayan Abdullaya  haqsızlıq olunub.  Adam gözgörəti şərə düşüb.  Bütün KƏND Abdullanın müsibətindən danışır...

 

...Uzun illər KƏND Abdullanın dərdini unutmadı. Hər dəfə bu teletamaşaya baxanda susub sonu gözlədi, gözlədi ki,  bəlkə bu dəfə...

 

Heç nə baş vermədi, əksinə, cəmi 8 il sonra Abdullanın gününə ağlayan KƏND ağlar günə qaldı.   Qarabağ – kənd-kənd, şəhər-şəhər işğal olundu,  bir milyon insan minillik ata-baba yurdundan ayrı düşdü, DÜNYA heç nə olmamış kimi  bu haqsızlığa   göz yumdu...

 

O zamansa...  sovet dövrü idi. Bayağı “qəhrəmanlar”ın meydan suladığı bir vaxtda Ramiz Həsənoğlu  haqqı tapdalanan insana səhnədə meydan vermişdi.  ADAMLAR da ilk gündən Abdullanın günahsızlığına inanmışdı, o gündən  harda Abdulla adına rast gəldilərsə, adının əvvəlinə günahsız sözünü artırdılar. XALQ sevdiyi  qəhrəmanın  əvəzini  bütün Abdullalara bəraət verməklə çıxdı...  Sənətin gücünə bax!!!

 

İllər sonra bu tamaşaya təkrar-təkrar baxıb məğzini anladıqca, bu təkrarsız teletamaşanın uğurunun səbəbini, köklərini aradıqca tanınmış   teatrşünas  Aydın Talıbzadənin   “Ustad və ayna” kitabından  “Günahsız Abdulla”nın qapalı orbiti”ni xatırlayıram. Mənə elə gəlir ki, heç kim bu tamaşanı Aydın Talıbzadə qədər uğurlu təhlil etməyib, qaranlıqdakı detalların üstünə belə gur işıq salmayıb,  günahı və günahsızlığı sənətşünaslıq süzgəcindən belə məharətlə keçirməyib. Nəhayətdə, bu tamaşanın tərifini verib:    “Azərbaycan teleteatrı üçün 62 dəqiqəlik ŞEDEVR”.

 

Şedevr hələm-hələm yaranmır, bu sənət əsərinin təməlini gürcü yazıçısı   Mixail Cavaxaşvili qoyub.   Unikal rejissor  Ramiz Həsənoğlu bu əsəri oxuyandan sonra istedadlı insanları ətrafına toplayaraq  kefi istəyən bir teletamaşa hazırlayıb.

 

Nəticədə bu tamaşa  30 il insanları gizli və aşkarda göz yaşında boğub...

 

Bu uzun-uzadı müqəddimədən sonra xatırlatmalıyam ki, Ramiz Həsənoğlunun təklifi ilə  Dilsuz Mustafayev bu povesti tərcümə edərək səhnələşdirib.

 

30 ildən sonra şair, tərcüməçi, dramaturq Dilsuz Mustafayev “Günahsız Abdulla” belə xatırlayır:

 

– Bu əsərin müəllifi gürcü ədəbiyyatının  klassiki  Mixail  Cavaxaşvilidir.  Cavaxaşvilinin demək olar ki, bütün əsərlərində azərbaycanlı obrazı var.

 

Mən televiziyada işləyən vaxtlarda   Tiflis televiziyasından nümayəndə gəlmişdi,  özü ilə Cavaxaşvilinin  “Uçqun” romanı əsasında hazırlanmış  tamaşa gətirmişdi. Bu tamaşanın rus dilindən tərcüməsini mənə həvalə elədilər. O qədər gözəl bir tamaşa idi ki, mən bu tamaşaya baxandan sonra Cavaxaşvili yaradıcılığına  heyran oldum.

 

Bu mənim Cavaxaşvili yaradıcılığı ilə ilk tanışlığım oldu. Sonra Ramiz Həsənoğlu təklif elədi ki, “Günahsız Abdulla” povesti əsasında ssenari yazım. Bu teletamaşa Ramiz Həsənoğlu ilə bizim ilk işimiz olsa da, sözün düzü uğurlu alındı.

 

Teletamaşanın musiqisini  Cavanşir Quliyev yazdı.

 

Abdulla rolunu Mikayıl Mirzə oynayırdı və mənə elə gəlir ki, onun heç bir oyunu “Günahsız Abdulla”dakı qədər uğurlu alınmayıb. Çünki Mikayıl Mirzənin xarakteri ilə  obrazın xarakterində  üst-üstə düşən məqamlar vardı.

 

“Günahsız Abdulla”da Mikayıl Mirzədən daha çox, Ramizin hərəkətləri yadımda qalıb. O necə həyəcan keçirirdi, necə aşağı-yuxarı gedib-gəlirdi, necə əli ilə üzünü tuturdu. Kaş o məqamları  gizli  kamera ilə çəkib saxlamaq mümkün olaydı. 

 

Mən Ramizi  sakit adam kimi tanıyırdım. İş prosesində gördüm ki,  o öz hisslərinə hakim ola bilmir,  hisslərinin əsiri olur. Mən o məqamları görmüşəm, o məqamlar mənim üçün maraqlıdır.

 

Tanınmış - bəstəkar Cavanşir Quliyev:

 

– Əslində o zaman biz böyük bir iş görəcəyimizi düşünmürdük. Ramiz televiziyanın rejissoru idi, bu tamaşa da onun planlı işlərindən biri idi. Bu teletamaşadan əvvəl “Topal Teymur” teletamaşasında  birlikdə işləmişdik, ikinci işimiz “Günahsız Abdulla” oldu. O illərdə mənim teatr aləmində çoxlu  dostlarım vardi. Hərdən  qədimi meydan teatrı barədə danışırdılar.  

 

“Günahsız Abdulla”nın  meydan teatrı üslubunda tamaşaya qoyulması mənə daha maraqlı göründü.

 

İllər ötür, xatirimdə qalan odur ki,  bu teletamaşada çox həvəslə işlədik. Lazım olandan da artıq həvəs göstərirdik.

 

Nəticədə,  çox duyğulu tamaşa alındı. Düşünürəm ki, nə yaxşı o vaxt Ramiz bu tamaşanı hazırladı. Yoxsa Mikayıl Mirzədən nə qalacaqdı?

 

Teletamaşanın baş qəhrəmanı Mikayıl idi. Abdulla rolunu çox gözəl oynayırdı, sanki bu rol ona biçilmişdi.

 

Dediyim kimi, teletamaşada meydan teatrının ünsürləri vardı, hər şey tamaşaçının gözünün qabağında baş verirdi. Onun televiziyada tətbiqini ilk dəfə Ramiz həyata keçirdi. Və o zamankı mütəxəssislərin dediklərinə görə  teletamaşa uğurlu alınmışdı. Alınmasaydı  30 ildən sonra biz o tamaşa barədə danışmazdıq ki.

 

O ki qaldı musiqiyə, tamaşaçılar yəqin ki, diqqət ediblər tamaşanın musiqisində bir dənə də olsun musiqi aləti yoxdur.

 

Hamısı insan səsləridir.  Rejissorla belə qərara gəldik ki, tamaşanın musiqisini yalnız insan səsləri ilə həll eləyək. Əslində dünyanın ən gözəl musiqisi elə insan səsidir. Çünki insan səsinin rəngləri çoxdur. Bu hikmətin bir daha şahidi olduq.

 

Tamaşada Abdullaya  yerə-göyə sığmayan  haqsızlıq edilir.  Onu ifadə eləmək üçün çox duyğusal, emosional musiqi lazım idi. Tamaşada  xor,  duet, solo oxumaqlar var.

 

Musiqini  çəkilişlərdən əvvəl yazdıq, çünki elə səhnələr var idi ki, musiqinin  fonunda  çəkilməli idi. Azərbaycan televiziyasının xorunu sərəncamımıza verdilər. Brilyant Dadaşova o zaman yeni-yeni oxumağa başlayırdı və onu hələ heç kim tanımırdı. Tamaşaya tanınmayan  səs lazımdır, əgər belə olmasa tamaşanın sirri itər, rejissorun məqsədi puç olar.

 

Tamaşadakı  mahnılardan bir neçəsini Brilyant oxudu, kişi səsləri ilə olan mahnıları  məcbur olub özüm oxudum. Çünki müğənni kimi məni kimsə tanımırdı. O üzdən musiqiləri çəkilişdən əvvəl bəstələdim,  lentə alındı və ondan sonra  çəkilişlər başladı.

 

Hər dəfə bu tamaşaya baxanda ruslar demiş, deyirəm “neujeli” bu tamaşanı biz hazırlamışıq. (Gülür). Əcaba, bu bizimmi işimizdir?  İnsan gənc olanda çox enerjili olur, çox müsbət hisslərlə irəli baxdığından əlindən çıxan işlər də elə işıqlı, həyatsevər, enerjili  olur.

 

Tanınmış  rejissor, Xalq artisti Ramiz Həsənoğlu:

 

– Tamaşanın ideyası deməzdim  birdən-birə yarandı. 1981-ci ildə Riqada teletamaşalar festivalı keçirilirdi, mən də ora bir tamaşa aparmışdım. Bu festivalda Gürcüstandan gələn  Tomaz Qodezişvili ilə tanış oldum. Onlar festivala Cavaxaşvilinin  Uçqun” romanı əsasında səhnələşdirilmiş gözəl bir tamaşa gətirmişdilər.

 

Festivalın bağlanışında Riqa televiziyasında çəkilişlər oldu, hərə bir fikir söylədi, mən də təklif elədim ki, qarşılıqlı təcrübə mübadiləsi olsun. O görüşdən sonra Tomaz məsləhət gördü ki,  Cavaxaşvilinin  “Günahsız Abdulla” əsərini oxuyum.

 

Bakıya dönəndən sonra  bu povesti tapıb oxudum. Məqsədimiz bu idi ki, mən bu əsəri Gürcüstan televiziyasında, gürcü aktyorları ilə hazırlayım,  gürcü rejissoru da gəlib bizim televiziyada  dramaturqlarımızdan birinin əsərini tamaşaya qoysun.

Təəssüf ki, bu arzumuz həyata keçmədi, amma televiziyanın o vaxtkı rəhbəri Elşad Quliyev razılıq verdi ki, bu tamaşanın çəkilişlərinə başlayaq.

 

Dilsuza təklif elədim ki,  bu əsəri tərcümə eləsin. Tərcümə elədi   finalı dəyişdi. Final belə idi ki, Abdulla məhbəsdən qaçıb Mustafanı öldürür. Bunu tuturlar təzədən mühakimə eləyirlər və sonda bəraət qazanır. Dilsuza dedim ki, gəl bunu öldürək. Belə də oldu, yadımdadır ki, tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu.

 

Haşiyə: İllər sonra teatrşünas Aydın Talıbzadə tamaşa barədə belə yazacaqdı: “Ramiz Həsənoğlu yaradıcılığında öz güclü energetikasına görə ikinci belə tamaşa yoxdur”.

 

– Mənim bioqrafiyamda o tamaşa çox möhkəm yer tutur. İllər  keçir, o tamaşalar tarixə çevrilir, tamaşadakı insanların çoxu artıq həyatda yoxdu. Həyatda olanlara da Allah can sağlığı versin, yaşa dolublar. Mən o illəri nostalji hisslərlə xatırlayıram...

 

Tamaşanın musiqisi barədə isə onu deyə bilərəm ki, Cavanşirlə danışdıq ki,   bu hadisə Azərbaycandan bir az kənarda, ancaq azərbaycanlıların məskunlaşdığı  bölgədə  baş verdiyindən  bayatılardan,  holavarlardan gələn bəzi xallarla yanaşı,  gürcü elementlərindən də istifadə edək. Cavanşir bunları ustalıqla tamaşaya tətbiq elədi və çox gözəl nəticə alındı.

 

Çox qəribədir ki, Dilsuz şair olsa da,  bu tamaşaya şeir yox,  bayatılar seçdi. Və o bayatılar da mənə elə gəlir ki, çox uğurlu seçilmişdi.

 

Aktyor seçmək də həmişə mənə çətin olub. Mən aktyor ailəsindənəm. Bilirəm o aktyorlar nələr çəkir. Aktyor seçimində səhv etdiyim məqamlar da olub, bu səhvlərimə görə Allah məni bağışlasın.

 

O tamaşadan bir il əvvəl  Mikayıla “Topal Teymur”da  – Şair Kirmani rolunu  vermişdim. Fikirləşirdim ki, Abdulla rolunda kim olsun, kim olsun, kim olsun baxıb görürdüm ki, o piramidanın başında Mikayıl Mirzə dayanır. Heç bir tərəddüd eləmədən rolu Mikayıla verdim.

 

Mənim iş prinsipim belədir ki,  çox dəqiq operatorla, aktyorla, rəssamla işimi qururam. Və hamı bilir ki, mən nə istəyirəm.

 

Xüsusi ilə  aktyorlar. Mikayılda isə bir qədər fərqli idi. Mən onun fəhminə inanırdım. Üstəlik, bu tamaşanı meydan teatrı

əsasında  qururdum, meydan teatrının prinsiplərindən biri də odur ki, aktyora  bir az sərbəstlik, meydan vermək lazımdır və

Mikayıl bunu məndən xahiş elədi. Mən də ona meydan verdim...

 

Ümumiyyətlə, mən  iş görürəmsə, o işə ciddi bir iş kimi yanaşıram. Qalacaq, qalmayacaq onu zaman göstərəcək.

 

Mənə elə gəlir ki, hər bir rejissorun görülən işləri arasında utandığı və utanmadığı işləri var. Mən bu işimdən utanmıram...

 

“Günahsız Abdulla” – Mikayıl Mirzə

 

2004-cü ildə Xalq artisti Mikayıl Mirzə Aydın Talıbzadənin “Ustad və ayna” kitabının təqdimatında  ona uğur gətirən bu teletamaşadan,  Ramiz Həsənoğlunun yaradıcılığı barədə çoxdan ürəyində gəzdirdiyi sözləri deməyə fürsət tapacaq  və bu tarixi  çıxışı lentin yaddaşına köçüb əbədiləşəcək. O çıxışdan bəzi məqamları xatırlamağa dəyər:

 

“...Tale elə gətirdi ki, Ramiz mənə Abdulla rolunu təklif elədi gördüm ki, dəhşət bir roldur. Kiçik bir əsərdi, amma burda yerin-göyün günahları var.  Ramizə dedim ki,  mənə meydan ver. Dedi sənə meydan verəcəm. Ona görə də bu tamaşanı Ramiz meydan ruhunda qurdu. Bu tamaşa  Azərbaycan televiziyasında yeni bir mərhələ idi. Bu Azərbaycan teatrının modeli idi. “Günahsız Abdulla” Azərbaycan teatrı tarixində  yaranmış möcüzə tamaşalardan biri idi. Yaradıcısı Ramiz idi...

 

... Sonda mən özümü boğmurdum, Aydın çox gözəl deyib kitabda, əslində günahlarımı boğurdum. Mən Mustafanı boğduğum kəndiri əlimdə gətirirdim. Və orda variantlar var idi, özümü nə cür boğum.  Birinci dublda  kəndir əlimdədir, necə ki, şərf mənim əlimdə oyuncaq idi, indi əlimdə kəndir idi. Bir də gördüm  kəndir dolanıb ey mənim boynuma. Artıq mən boğulmuşam Ramiz sənətində, Ramiz kəndirində...  Eşq olsun sənə, pultda qal , Ramiz!!!”

 

“Günahsız Abdulla”dan danışarkən teletamaşanın operatoru  Eldar Məmmədovun, rəssam Rəfael Əlizadənin, eləcə də tamaşada iştirak edən Sofa Bəsirzadə, Hamlet Qurbanov, Ramiz Məlikov, Səidə Quliyevanın adını çəkməliyik. Çünki teletamaşanın  uğurunda hər birinin  pay var.

 

... 30 ildə  Günahsız Abdulla” unudulmadı və deyəsən qarşıdakı 30 ildə də unudulmayacaq.  Haqsızlıq unudulmur ki...

 

Təranə VAHİD

525-ci qəzet.- 2014.- 13 sentyabr.- S.18.