"Açdım pəncərəmi son bahara mən..."

 

 

 

Bu da üçüncü kitab. Bu da üçüncü görüş. Bu da könül pıçıltılarının vərəq üzərindəki üçüncü inikası...

 

"Dünya qəmli nağıl imiş", "Yağışlı bir gün" "Ömür pillə-pillədir". Hər üç kitabın müəllifi Caviddir. Cavid Qəmbər oğlu Qurbanov. Bu üç kitab son illər yaransa da,  əslində müəllifin bütün yaşamını, sevincini, kədərini, böyük bir nəslin keçdiyi keşməkeşli həyat yolunu ehtiva edir. Bu kitablarda yer alan şeirlər, eləcə söz xatirinə, həvəs xatirinə yazılmayıb, hər birinin arxasında, hər sətrində müəllifin  şəxsiyyəti, düşüncəsi, xarakteri, həyata baxışı dayanır. Əlbəttə ki, əgər şeirin müəllifi sadəcə şeir yazmırsa, ictimai siyasi yük daşıyan bir şəxsdirsə, tanınmış bir soy-kökün davamçısıdırsa, o zaman bu sətirlərin altına atılan  imzanın cavabdehliyi, məsuliyyəti bir o qədər böyük olur. Çünki oxucu onu  şairlikdən əvvəl, siyasətçi kimi dəyərləndirir yazdıqlarına da həmin prizmadan baxır, təhlil edir, bəyənir ya tənqid edir. Bəlkə elə buna görədir yaxud fitrətən gələn istedaddandır ki, Cavidin yazdıqları gerçək şeirlərdir, yaratdıqları realist poeziyadır.

 

Cavid, babasıyla söhbət edəndə :

 

Yuxumda səninlə danışıram mən,

Yenə asta-asta gülürsən, baba

Ayılıb görürəm həyatda yoxsan,

Sanki ürəyimi dəlirsən, baba.

 

Sənsiz qəribsəyib, sazda tel ağlar,

Dağda çiçək ağlar, bağda gül ağlar.

İndi gözümüzdən axır bulaqlar,

Yurdun viran qalıb, bilirsən, baba?!

 

Arzularıyla baş-başa qalanda da:

 

Bir ürək istəyirəm-

Sevinməsin gərəksiz:

Köməksizə əl tutsun-

Çörək dərdi çəkənlər

Heç qalmasın çörəksiz.

 

Qürbətdə vətəni xatırlayanda da:

 

Ey ana Vətənim, Azərbaycanım,

Atıldım qoynundan kənara yenə.

Özgə torpaqlarda bir inandım

Heç yer çata bilməz sənin hüsnünə.

 

Dünyanın gərdişinə etiraz edəndə :

 

Açdım pəncərəmi son bahara mən,

Havadan payızın qoxusu gəlir.

Ömür belədir-cavanlıq gedir,

Qarşıdan qocalıq qorxusu gəlir.

 

Ömrümüz-günümüz durna qatarı

Dağıtma bu qərib qatarı, dünya.

Gəlimli, gedimli dedilər sənə -

Vəfan ötəridir, ötəri, dünya.

 

Ömrü qəfil qırılan ömür gün yoldaşıyla dərdləşəndə :

 

Bilmirəm,neyləyim bu ayrılığa,

işlə başımı qatım,bilmirəm.

Sənsiz bir boşluq var mənə həyatda,

Hansı rahatlıqla yatım,bilmirəm.

 

Sənsiz içimizdə bir can yanğısı,

Şəmşiri bir kimsə ovuda bilmir.

Nigarın qəlbində Ana ağrısı,

Bu dərdi,ağrını unuda bilmir.

 

Taleyinə, həyatına öz  varlığıyla yeni səadət payı gətirən Leylasına can atanda da:

 

Tale üzə gülsə dönərəm geri,

Ahım parçalayar,yandırar yeri.

Mən səndən ayrılıb gedəndən bəri

Bilmirəm tək necə dolanmısan sən?!

 

Hərdən şair olub,yazmağım da var,

Sözü zarafatla yozmağım da var.

Vüsal dumanında azmağım da var,

Ağlımı aparan Leylammısan sən?!

 

- səmimidir, olduğu kimidir, riyadan yalandan uzaqdır Cavid.

 

Şeirləri oxuduqca təəccüblənirəm. Xüsusilə son kitabında toplanan şeirlərdə cərəyan edən əhval-ruhiyyə bu şeirlərin tarixinin ən az on beş-iyirmi il əvvələ  gedib çıxdığını ortaya qoyur. Elə təəccübümün səbəbi budur. Açığı mən yaşadığı böyük həyat kədərinin, qarşılaşdığı sonsuz üzüntünün ona sətirlər diktə etdiyini, acısını  unutmaq üçün qələmə sarıldığını

düşünmüşdüm əvvəllər. Sən demə yanılırmışam.Cavid dünyanı dərk etməyə başlayandan, hələ gənc yaşlarından yazıb.

 

Ulu babası Aşıq Qurban kimi, babası Dədə Şəmşir kimi, atası Qənbər Şəmşiroğlu kimi. Sadəcə həddindən artıq təvazökarlığı, bu mənəm, mən varam iddialarından uzaq olması ona bu sətirləri, yazıldığı divarların əhatəsindən kənara çıxarmağa imkan verməyib.

 

Cavidin yaradıcılığına dərindən bələd olmayanlar, onu bəlkə sırf məhəbbət şairi, qəm dostu kimi dəyərləndirə bilərlər. Lakin bu heç belə deyil. Onun şeirlərinə nüfuz etdikcə anlayırsan ki, qarşında həqiqi bir Vətən aşiqi, torpaq, yurd sevdalısı var.

 

Hələ 1999-cu ildə qələmə aldığı"Hardan alım?" adlı şeirində vətənsiz yaşamağın faciəsini böyük bir ustalıqla oxucuya çatdırır. Sanki şeir yazmır, Vətənə ağı deyir:

 

Altı ildi tarimar, altı ildi vətənsiz,

Həsrətini çəkdiyim havanı hardan alım?!

Namərd şeytan əliylə yolumuzu bağladı,

O isti od-ocağı,yuvanı hardan alım?!

 

Obamız,oymağımız,yaylağımız hanı bəs?!

Gözlərində buz donan bulağımız hanı bəs?!

Gözəllər seyrangahı oylağımız hanı bəs?!

Müqəddəslər yazdığı duanı hardan alım?!

 

Eyni əhval-ruhiyyə, yurd həsrəti, torpaq sevgisi "Dağlar bizim dağlar deyil"şeirində çox sadə eyni zamanda rəvan bir dillə, əsl aşıq qopuzundan qopan gəraylı kimi oxucuya çatdırılır:

 

Bu dağların dili başqa,

Çəmənində gülü başqa.

Bu dağların eli başqa-

Dağlar bizim dağlar deyil.

 

Biz yolçuyuq,ömür yoldu

Cavanlığım orda qaldı.

Gec anladım,gözüm doldu-

Dağlar bizim dağlar deyil.

 

Cavidin şeirlərinə xas olan həzin romantik  lirikayla birlikdə, bu şeirlərdə həm sətiraltı sarkazm da özünü göstərir.

 

Müəllif, Sabiranə gedişlər edərək, yaratdığı lirik qəhrəmanın diliylə konkret bir məfhuma gülür. "Baş var ki" şeirində olduğu kimi:

 

Bədəndən yuxarı dayansa da baş,

Bəzən baş olduğun başa düşməyib.

Baş var ki,üstündən adlayıb illər,

Baş yox,boş olduğun başa düşməyib.

 

Baş var,bər-bəzəkdi papaq altında,

Bir kimsə baş açmaz özündən başqa.

İnsan baş qoşanda belə başlara

Çarəsi qalmayır dözümdən başqa.

 

Haqqın nahaqqa satılmasına,  ədalət mizanının itib getməsinə dözə bilməyərək "haçan olar namərdindən kişi çox" sualıyla hələ 1993-cü ildə qələmə aldığı "Vətən, ox"şeirində deyir:

 

Məəttələm Yaradanın işinə-

Qeyrətsizlər necə döyür döşünə?!

Yaddan çıxıb kişilik nə,kişi nə,

Haçan olar namərdindən kişi çox?..

 

Tufan qopdu, çadır qaldı çətənsiz,

Ruha dönüb dolaşırıq bədənsiz,

Oba köçdü, ellər qaldı Vətənsiz,

Dilim gəlmir deyim, yoxsan,Vətən!Ox!..

 

Yaradıcılığı yeni kitabı haqqında qısaca da olsa nələrisə söyləməyə çalışdığımız bu kiçik yazının sonunu, oxucuda Cavidin şəxsiyyəti, insanlığı haqqında  dolğun təsəvvür  yarada biləcək "Olmasa" şeiriylə bitirir daha əvvəlki məqalələrimizdə olduğu kimi, adətimizə xilaf  çıxmadan dəyərli poeziyasevərləri yenə şairin dünyası ilə baş-başa buraxır, əziz qardaşımızı isə doğum günü münasibətilə təbrik edərək, ona bol uğur diləyirik.

 

Ey dostum,torpaqda yatan sərvətin

xeyri yerini bilən olmasa.

De,kimə lazımdı varın-dövlətin

Qapına bir nəfər gələn olmasa.

 

Namərdin aşına əlini vurma,

Sənə əl açanın qəlbini qırma,

O kəslə əylənib,o kəslə durma-

Duz-çörək qədrini bilən olmasa.

 

Yaxşılıq daşından bir saray yarat,

Dara düşənlərin imdadına çat,

Ay Cavid,nə lazım, de,belə həyat

Gözünün yaşını silən olmasa.

 

Jalə Əliyeva

525-ci qəzet.- 2014.- 18 sentyabr.- S.7.