Kənddən bağlama var

 

 

Xoruzun ilk banından sonra yatağından qalxan Sadıx kişi paltarlarını əyninə keçirib həyətə düşdü. Səhər idmanı edirmiş kimi qollarını sağa-sola yellədi, bir-iki dəfə oturub durduqdan sonra həyətdəki su kranına  tərəf gedi, mıxcadan asılmış məhrabanı boynuna atdı, sonra  kranını açıb əl-üzünü yudu. Üz-gözünü qurulayandan sonra  məhrəbanı yenidən mıxcadan asıb, evin böyründəki bağa keçdi. Tut ağacına yaxınlaşıb budağını aşağı əydi, iştahla tut yeməyə girişdi. Tövlədən gələn qoyun-quzunun mələşmə səsi onu, tutlarını həvəslə yediyi ağacından aralanmağa məcbur etdi. Qolundakı saata baxdı, saat yeddiyə on beş dəqiqə işləyirdi. Tövləyə yaxınlaşıb qapısını açdı. Qoyun-quzu mələşə-mələşə tövlədən çıxıb həyət darvazasına doğru getdi. Sadıx kişi sürünü qabağına qatıb kəndin mərkəzi küçəsinə tərəf apardı. Mərkəzi küçə deyəndə ki, yüz qırx evdən ibarət olan kəndin torpaq yoldan ibarət cəmi bir küçəsi var idi. Evlər də səliqə ilə yol boyunca tikilmişdi. Bu yol öz başlanğıcını kəndin bir başında tikilən məktəb və poct şöbəsindən alırdı, kəndin o biri başında olan mağaza, klub   idarə binasının yanında da sona çatırırdı. Sadıx elə həmin o mərkəzi kücənin qırağında, özünün iyirmiyə yaxın qoyun-quzusu ilə kəndin qoyun nobatını gözləyən İsrafil kişiyə yaxınlaşdı. Sadıx kişinin qoyunları tez qaçıb İsrafilin qoyunlarına qarışdı.

- Sabahın xeyir olsun, ay İsrafil. Nobat hələ keçməyib ki?-deyərək ona əl uzatdı.

- Sabahın xeyir.Yox, keçməyib. Harda olsa bir-iki dəqiqəyə gələr - deyən, İsrafil gözlərini yola dikib baxdı. Sonra:-  Ay Sadıx, bu gün nobatda kimin növbəsidir, bilmirsən?

Sadıx uzaqdan, kəndin o başından gələn qoyun sürüsünə baxaraq İsrafilə cavab verdi:

- Odur ey, sürü gəlir. Əslinə qalsa mənim növbəmdir, amma bu gün rayona iclasa getməliyəm, ona görə   məni Musa kişi əvəz eliyir. Mən də onun yerinə sabah nobata gedəcəm.

 İsrafil başını yelləyərək dilləndi:

- Deyirəm bu hökümət də kefdi ey vallah, ə, gündə iclas olar?

- Demə ay İsrafil, bu bir ili də bir təhər başa vursaydım, rahatca təqaüdə çıxardım. İsrafil, sən sürünü nobata qat, mən gedim evə əynimi dəyişim, yoxsa iclasa gecikərəm...

 Sadıx kənddə çox da böyük olmayan poçt şöbəsinin rəisi idi. Özündən başqa cəmi iki işçisi vardı. Bir əməliyyatçı Yeganə, bir də poçtalyon Pərcahandan ibarət olan bu şöbə açılan gündən ona Sadıx rəhbərlik edirdi. Rəhbərlik edirdi deyəndə ki, poçtun işi elə də ağır deyildi. Az-çox məktub yazan olsa da, bir iki nəfər abunə ilə qəzet alsa da, başqa əməliyyatlar demək olar ki, olmurdu. Təqaüdçülərə verilən təqaüdləri nəzərə almasaq, nə başqa yerə pul göndərən var idi, nə də başqa yerdən kiməsə pul gəlmirdi. Kənddə hamının evində telefon olduğundan, hərə əlində bir mobil telefon gəzdirdiyindən, başqa yerlərə zəng etmək üçün poçta qoyulan telefon aparatını da toz basmışdı. Kənddə elə cavanlar var idi ki, əllərində iki telefon gəzdirirdi. Mobil telefonu olmayan bir adam var idisə, o da Sadıx özü idi. Kənd cavanları əsgərliyə gedəndə hər kəsdən çox sevinən bəlkə də Sadıx olurdu. Çünki sonradan əsgərlərə göndərilən bağlamaların sayı poçtun bağlama göndərmə planının göstəricisinə müsbət təsir edirdi. Son altı ay ərzində isə kənddən bir nəfər olsa heç  yerə poçt bağlaması göndərməmişdi. Sadıx hiss edirdi ki, əgər bu iclasda poçtun işindən söz düşsə, bu zəhrimara qalmış bağlama məsələsinə görə ona irad tutacaqlar. Bəlkə  heç ona söz deyən olmayacaq, bəlkə  heç poçt yada düşməyəcək, nə bilmək olar ki, iclasdı da, hər şey ola bilər...

Sadıx həyət darvazasından içəri girəndə arvadı Tavat inək sağırdı. Sadıx armud ağacının altında yerə sərilmiş palazın üstündəki döşəkçələrin birinin üstündə oturdu. Arvadın işini qurtarmasını gözləməyib təzəcə qaynayan samovardan özünə bir stəkan çay süzdü. Tavat arvad sağdığı südü süzüb ocağın üstünə qoydu. Sonra süfrəyə təndir çörəyi, pendir, kərə yağı, qaynadılmış yumurta düzərək ərinin yanında özünə yer etdi. Samovardan bir stəkan  çay süzüb  öz qabağına qoydu. Qaynar çayı üfürə-üfürə  içərək dilləndi:

- Kişi, sən bu gün nobata getməli deyildin?

Sadıx düzəltdiyi dürməkdən dişləyib cavab verdi:

-Günümü dəyişmişəm, sabah gedəcəm, bu gün rayona iclasa gedirəm. Sən mənim kostyumumu hazırla, köynəyimi ütülə, onu geyəcəm. Gör o qara qalstukum hardadır, onu da tap.

-Bəs sən sabah, şənbə-bazar şəhərə gedirdin, nəvələrə mer-meyvə aparırdın, nə oldu?

-İclas girdi araya da. Şənbə günü  nobatdayam, eybi yoxdur, nobatdan sonra gedərəm, nəvələri görərəm, bir-iki günə də qayıdaram. Sən onların pay-puşunu hazırla, heç nə yadından çıxmasın ha.

-Narahat olma, a kişi, elə şey yaddan çıxar?- deyən,Tavat çayını içdi. Rabitəçilər yavaş-yavaş yeni tikilən mərkəzi poçtun iclas zalına toplaşırdılar. Saat onda başlayan iclasın işi günorta saat ikiyə qədər çəkdi. Rayon rəhbərlərinin də iştirak  etdiyi iclasda mərkəzi poçtun yeni təyin olunmuş  müdiri bir-iki nəfər idarə müdürünü çıxmaqla, demək olar ki, hamının işinə bir-bir öz iradını bildirdi. Sadıxı da ayağa qaldırıb ondan poçtun işində dönüş yaratmağı tələb etdi,  verilən arayışlara əsasən son iki rübdə poçtdan bircə dənə də olsun bağlama göndərilməməsini onun yadına saldı və:

-Belə gedərsə təqaüd yaşından əvvəl işdən gedəsi olacaqsan, Sadıx müəllim,- deyib poçtla bağlı fikirlərini bitirdi.

Dörd saat çəkən iclas nəhayət ki, bir neçə işçinin fəxri fərmanla təltif olunması ilə başa çatdı.

Sadıx  avtobusdan  evinin yanında düşəndə,  günortadan xeyli keçmişdi. Darvazadan içəri girən kimi həyətdəki armud ağacının kölgəsində arvadının sacda bişirdiyi yuxaların ətiri onu məst etdi. Pencəyini, qalstukunu çıxardıb ağacdan asdıqdan sonara sacın yanındakı döçəkcənin üstündə bardaş qurub oturdu. Arvadının isti yuxanın arasına pendir qoyaraq büküb ona verdiyi dürməyi iştahla yeməyə girişdi. Sonra arvadının əlindən şişi alıb sacın üstündə olan yaymanı çevirməyə kömək etdi. Arvadı kündəni oxlovla açaraq:

 -İclas necə keçdi?-deyə, soruşdu.

Sadıx da əlini yelləyib:

-Necə keçəcək, o ki, var dannadılar,- dedi.

Tavat əlinin işini bir anlıq saxladı:

-Niyə ki, nə üstündə, a kişi?

-Nə bilim ee, dedilər ki, niyə camaat bağlama göndərmir. Mən neyniyə bilərəm ki? Kimsə bağlama göndərmək istədi, mən də poçt müdürü olub qabağını aldım?

 Sadıx iclasda ona aid olan hissəni təfsilatı ilə arvadına danışdı. Son cümləsini deyəndə Tavat əsəbləşdi:

-Ay siz öləsiz, çıxardarsız! Səni yiyəsiz görüblər? Təqaüdə bir il qalan adamı da işdən çıxardarlar, ay başıvıza dönüm?

-Demir ee çıxardıram, deyir ki, dönüş yaratmasan çıxardacam,- deyən Sadıx söhbəti yumşaltmağa çalışdı.

-Bəs onda, bu basa-basda sən necə gedəcəksən şəhərə, poçtun qapısını qıfıllayacaqsan? Bəs bu bağlama planın nə təhər olacaq, a kişi?

-Boş-boş danışma, ay arvad, poçtun qapısını bağlamaq olar? Mən gələnə qədər, Yeganə məni bir-iki gün əvəz edər. Narahat olma, iki günlə dünya dağılmaz, qayıdandan sonra işimdə dönüş yaradaram da,- deyən Sadıx son sözlərini deyəndə qanı yenə qaraldı.

  Səhəri günün axşamı qoyun nobatından dönən Sadıx yuyunub kostyumunu geyindi, qalstukunu taxdı, sonra da arvadının ona açdığı şam süfrəsinin arxasına keçdi. Tələsik bir-iki tikə yeyəndən sonra evdən çıxıb sonuncu avtobusa əyləşdi və  rayon mərkəzindəki dəmir yol vağzalına gəldi. Bakıya gedən qatarın gəlməsinə hələ yarım saat qalırdı. Biletini alıb vağzalın həyətindəki oturacaqda oturub qatarın gəlməsini gözləməyə başladı. Birdən, yanında yerə qoyduğu əl çantasına baxıb əsəbləşərək, öz-özünə deyinməyə başladı:

-Əə, bu arvad da qocaldıqca lap başını itirir ey, deyəsən. Bəs bu mənə yol tədarükü görürdü, uşaqlara mer-meyvə qoyurdu, bəs niyə qoymayıb? Özüm də dilimnən tapşırdım ey.Yadımdan çıxmaz, yadımdan çıxmaz... Ay sənin yadıva nə deyim?

Qatarın fit səsi Sadıxı fikirlərindən ayırdı. Əl çantasını götürüb dilxor halda perronda dayanan qatara tərəf addımladı...

İki gün idi ki, Sadıx oğlunun evində, nəvələri ilə xoş günlər keçirirdi. Sabah axşamkı qatara bilet aldığından, arxayınca səhər yeməyini yeyən kimi nəvələrinin əllərindən tutub bulvara gəzməyə apardı. Oğlu ilə gəlini işdə olduqlarından nahar yeməyini də nəvələri ilə birlikdə bulvardakı kafelərin birində yeyib evə qayıtdı. Qapıya yaxınlaşanda ev telefonunun zənginin səsini eşidib, tələsik qapını açdı. Uşaqları qapıdan içəri salınca, telefon zəngi susdu.

"Yəqin arvaddı, narahat olub zəng eliyir. Belə narahat olan idin, bağın meyvəsindən, motalından, qapımda əkdiyim tərəvəzdən, kartofdan, beş-altı büküm yuxadan,  toyuqdan, cücədən yolub qoyardın bir çamadana, gətirərdim də uşaqlara. Nə təhər olur ey, nəvələr yadıva düşür, onlara pay-pürüş qoymaq yadıva düşmür?"-deyərək, öz-özünə danışdı.

Bir az sonra telefon zəngi yenidən çalındı, Sadıx tez telefonun dəstəyini qaldırıb cavab verdi:

-Alo,eşidirəm.

-Salam, bağışlayın, bayaqdan bir neçə dəfə zəng vurmuşam, amma telefonun dəstəyini qaldıran olmadı. Bura Taleh müəllimin evidir?

-Bəli qızım, onun evidir. Mən də onun atasıyam, nə lazımdı ki?

-Danışan poçt şöbəsindən əməliyyatçı Mehriban xanımdır. Taleh müəllimə kənddən on iki ədəd bağlama gəlib, saat altıya qədər gəlsin aparsın. Yoxsa sabaha qalsa içindəki ərzaqlar xarab ola bilər. Sağ olun!..

Sadıx bağlamaları evə qaldırmaqda oğluna köməklik edib qurtarandan sonra divanda əyləşib, maraqla gəlininin bağlamaları açmasına tamaşa etməyə başladı. Bağlamaların içindən çıxan ərzaqlara, meyvələrə, yolunub təmizlənmiş çolpalara baxıb gülümsündü. Özündən ixtiyarsız:

 -Sağ ol e, ay arvad, səndən yoxdu, vallah... Bax bu da sizə bağlama planı. Hə, indi işdən çıxardın görüm, necə çıxardırsınız? Tavat sizin başınızda turp əkər, turp-dedi.

Taleh atasının dediyi "turp" kəlməsini eşidib çaşqın halda dilləndi:

-Ata, anam turp göndərməyib axı, ürəyin istəyirsə gedim bazardan alım?

  Sadıx gülümsəyərək oğluna cavab verdi:

-Yox istəmirəm. Anan hələ turp əkməyib, əkəndə bir bağlama da turp göndərər. Narahat olma...

 

Arif ƏRŞAD

525-ci qəzet.- 2014.- 23 sentyabr.- S.7.