Allahın bəxtəvər bəndəsi

 

XX əsrin 70-ci illərində Azərbaycan teatrlarının səhnəsində öz nəfəsi, ifa tərzi ilə seçilən yeni aktyor nəsli meydana gəldi. Onların əksəriyyəti indi həyatda olmasalar da, Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində, kinoda və televiziyada yaratdıqları rollarla xalqımızın yaddaşına hopub şirin xatirələrində yaşamaqdadılar. Səməndər Rzayev, Hamlet Qurbanov, Hamlet Xanızadə, Əliabbas Qədirov, Mikayıl Mirzə, Vəfa Fətullayeva, Telman Adıgözəlov, Yaşar Nuri və daha kimlər ... O nəslin səhnədə, kino və televiziya ekranlarında yaratdıqları müxtəlif rəngarəng obrazlar yeni əsrin mədəniyyət tarixində öz layiqli yerini tutacaq. Rafiq Əzimov, Fuad Poladov, Hacı İsmayılov, Arif Quliyev, Valeh Kərimov, Cəfər Namiq Kamal, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Nuriyyə Əhmədova, Firəngiz Mütəllibova və adlarını çəkmədiyimiz onlarla istedadlı aktyor və rejissor nəsli ...

Sizə bu nəslin zəngin səhnə və ekran təcrübəsinə malik, öz parlaq istedadı, çoxşaxəli yaradıcılıq nailiyyətləri ilə seçilən nümayəndəsi, sənətkar ömrünün müdriklik çağını yaşayan, Azərbaycan Respublikasının Xalq artisti "Şöhrət" ordenli, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı professor, rejissor və aktyor, ictimai xadim İlham Namiq Kamal oğlu Əhmədov haqqında söhbət açmaq istəyirəm.

İctimai xadim, rejissor, pedoqoq - professor kimi də tanınan İlham Namiq Kamal Azərbaycanın müxtəlif teatrlarında bir aktyor kimi çalışarkən orada iz qoyub, yaratdığı obrazlara öz ştampını, damğasını vurub - desək yanılmarıq. Vaxtilə İsmayıl Osmanlı, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli kimi müqtədir aktyorların dublyoru (əvəzedicisi) olubsa da, onların ifa etdikləri rolları özünəxas ştrixlərlə, yeni interpretasiyada tamaşaçılara sevdirməyi bacarıb. Teatr aləmində öz mənini, öz dəst-xəttini tapıb.

İlham Namiq Kamal peşəkar teatr səhnəsinə qədəm basdığı ilk gündən yaradacağı obrazı dərindən öyrənib mənimsəməyi, qəhrəmanının bütün məziyyətlərini öz təxəyyülünün süzgəcindən keçirərək cilalamağı bacaran aktyordur. Bu gün onun teatrda, kinoda, teletamaşalarda yaratdığı obrazları göz önünə gətirəndə, çoxyönümlü virtuoz aktyorun necə zəngin bir irsə malik olduğuna heyrətlənməyə bilmirsən. Öz-özünə sual verirsən ki, belə qısa zaman kəsiyində o, cilddən-cildə girməyi, dramatik, tragik, komik və yumoristik çalarlarda yaratdığı personajları yaddaqalan, diqqətçəkən və rəngarəng etməyi necə bacarır?!

O, Azərbaycan teatr sənətində öz dəst-xətti ilə seçilən bir aktyor olmaqla yanaşı, dövrünün ən bəxtəvər gənci kimi də həmişə teatrda olduğu kimi, ölkə ictimaiyyətinin də diqqət mərkəzində olub. Sanki, kiçik qardaşı Cəfər onu ilk dəfə dram dərnəyinə apardığı gündən bu adam öz həyatını teatra bağlayacağına qəlbində sədaqət andı içib. Sonra Lütfi Məmmədbəyovun xalq teatrına və xalqın ürəyinə yol tapmağı bacaran gülərüz İlham Namiq Kamala, çoxu Allahın bəxtəvər bəndəsi deyir. Doğrudan da İlham Namiq Kamal özünü xoşbəxt insan hesab edə bilər, çünki o bu haqqı qazanıb.

Elə ilk cəhddən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino Aktyorluğu Fakültəsinə daxil olması, Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Tofiq Kazımov kimi dövrün ünlü rejissorlarının diqqətini çəkməsi və onu tamaşalara cəlb etmələri onun aktyorluq məharətinə verilən qiymələ yanaşı, şanslı olmasına da dəlalət edirdi.

Tədris teatrında hələ tələbəykən aktyorluğa cəlb edildi. İlhamın bu teatrın səhnəsində ifa etdiyi biri - birindən fərqli obrazlar Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımovun da diqqətini çəkdi. Beləliklə, bu istedadlı gənc 1971-ci ildə ölkənin bir nömrəli tearına dəvət aldı. O vaxtlar belə xoşbəxtlik hər məzuna nəsib olmurdu. Gənc İlhamın Akademik Teatrda ilk rolu da adi rol olmadı. O, Tofiq Kazımovun quruluşunda Uilyam Şekspirin "Fırtına"sında Adrian rolunu oynadı. Sonra A. Safronovun "Daşqın" pyesində Çekan, Mirzə Cəlilin "Ölülər"ində Hacı Kərim, M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsərində həm Müsyö Jordan, həm də Məstəli Şah obrazlarını yaratdı.

Bu teatr məbədində çalışdığı illər ərzində onlarla bənzərsiz obraz yaratmaqla yanaşı, Azərbaycan teatrının əsl sultanları olan, SSRİ Xalq artistləri Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov, Azərbaycanın Xalq artistləri İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Əliağa Ağayev, Möhsün Sənani, Məmmədrza Şeyxzamanov, Məlik Dadaşov və adlarını çəkmədiyimiz neçə - neçə sənət korifeyləri ilə tərəf müqabili olub. Təkcə bu faktor onun görkəmli sənətkar taleyinin bir nümunəsidir.

Onun özünün də etiraf etdiyi kimi Akademik Dram Teatrına gəlişi, burada pərvəriş tapması ustad rejissor Tofiq Kazımovun adı və yaradıcılığı ilə nə qədər üzvi surətdə bağlı olsa da, İlham Namiq Kamalın bir virtuoz aktyor kimi yetişib şöhrət tapması Adil İsgəndərov, Rza Təhmasib, Lütfi Məmmədbəyov, Hüseynağa Atakişiyev və Mərahim Fərzəlibəyov kimi rejissorları bu teatrda quruluş verdikləri, yaratdıqları neçə-neçə sənət inciləri ilə də yaddaşlara hopub.

İlham Namiq Kamalın Azdramada deyil, Dövlət Gənclər Teatrının, hazırkı Dövlət Musiqili Teatrının da səhnələrində oynadığı rollardan, yaratdığı obrazlardan söhbət açası olsaq, bu nə bir məqaləyə, nə də bir kitaba sığar. Onun səhnə həyatı verdiyi personajları və oynadığı tamaşaları sadalamaq fikrindən uzağam. İnanıram ki, zamanı gəldikcə Azərbaycan teatr sənətinin tarixçiləri, araşdırmaçıları bu görkəmli şəxsiyyətin təkcə aktyorluq fəaliyyətindən bəhs edən onlarla monoqrafiyalar və cild-cild kitablar yazacaqlar. Dramatik rollarından ziyadə "əntərzadə"lər, "dadaşbala"lar kimi onlarla komik və yumoristik obrazları hələ öz araşdırmaçılarını gözləyir.

Öncə də qeyd etdiyimiz kimi, İlham Namiq Kamal bəxtəvər və xoşbəxt sənətkardır. O, təkcə teatr rejissorlarının deyil, kinematoqrafçılarımızın da nəzər - diqqətindən yan keçməyib. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Qaynana", "Qəribə adam", "Arvadım mənim - uşaqlarım mənim", "Uzun ömrün akkordları", "Qızıl qaz", "Bəyin oğurlanması" kimi neçə-neçə bənzərsiz obrazlar qalereyası yaradıb. Təkcə "Mozalan" satirik kino jurnalında yüzə yaxın bədii süjetdə bir-birindən fərqli rollar oynayıb. "Azərbaycantelefilm" istehsalat birliyinin, eləcə də, Azərbaycan televiziyasinin araya-ərsəyə gətirdiyi filmlərdə və teletamaşalarda da yaddaqalan obrazlar yaradıb. Onların bir çoxu ilə tanış olmaq üçün, eləcə də, İlham Namiq Kamal yaradıcılığına marağı və rəğbəti olan hər bir oxucu www.ilhamteatr.az saytına daxil olmaqla onun sənət aləminə ekskurs edə bilərlər. Qırx illik zəngin peşəkar aktyor həyatının müdriklik çağını yaşayan görkəmli sənətkar ölkəmizin ictimai-siyasi həyatında da öz fəallığı ilə seçilir.

Azərbaycan teatr tarixində ad-san qoymuş onlarla sənətkarlar olub ki, onların çoxunun nə adı, nə sanı, nə də izi qalıb.

Belələri ilə müqayisədə bu gün teatr sənətimizin son 40 ilinə nəzər salsaq, yaddaşlarda qalan, fondlarda saxlanan onlarla teatr tamaşasında, teletamaşalarda, kinofilmlərdə mahir sənətkar İlham Namiq Kamalın milli mədəniyyətimizdəki rolunu və xüsusi çəkisini açıq-aşkar görərik. İnanıram ki, bu qüdrətli səhnə ustasının keçdiyi zəngin yaradıcılıq yolu gələcək nəsillərə də layiqli nümunə, örnək olacaq.

Mən bir aktyor kimi onu heç kəslə müqayisə etmək istəmirəm. Çünki İlham Namiq Kamal öz səhnə həyatında heç kəsi yamsılamayıb, heç kimə bənzəmək istəməyib. Öz yolunu seçərək şərəfli bir aktyor - sənətkar ömrü yaşayıb, yaşayacaq da...

Özünün yaratmış olduğu "İlham Miniatür Teatrı"nın fəaliyyətinin qızğın çağlarında məskunlaşdığı digər teatrın adını, ünvanını unudan tamaşaçılar oranı "İlhamın teatrı" kimi tanıyırdılar. Bax budur əsl sənətkarın qüdrəti.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada və Musiqili Teatr Aktyorluğu" kafedrasının müdiri kimi, professor İlham Namiq Kamal oğlu Əhmədov gələcəyin estrada ustalarının və musiqili teatr aktyorlarının yetişməsi işində də öz bilik və bacarığını əsirgəmir. Milli Teatr məktəbimizin sabahkı nəslinin teatr biliklərinin, dünyagörüşlərinin zənginləşməsi istiqamətində əzmlə çalışır. O, paralel olaraq Azərbaycan Dövlət Musiqili Teatrında həm aktyor, həm də rejissor kimi öz yaradıcılıq fəaliyyətini davam etdirir. Müasirlərimiz və gələcək nəsil hələ bundan sonra İlham müəllimin yeni-yeni personajlarını görəcək, tamaşalarını heyranlıqla seyr edəcəklər.

İlham Namiq Kamal 1949-cu ilin 9 yanvarında Bakıda doğulsa da, həmişə iftixar hissiylə deyir ki, mənim ata yurdum Şamaxının "Sarıtorpaq" məhəlləsidir. O torpaq Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abas Mirzə Şərifzadə, İmamverdi Bağırov, Əzizə Cəfərzadə kimi görkəmli şəxsiyyətlər yetişdirib. Biz bu siyahıda böyük məmnuniyyətlə onun, İlham Namiq Kamalın da adını çəkirik.

İnsanlar doğulduğu yeri, valideyni, milləti, məmləkəti özləri seçmirlər. Bəzən elə olur ki, onlar sadalananların iftixar qaynağına çevrilərək ölkə, dünya miqyasında şöhrət tapırlar. İlham Namiq Kamal oğlu Əhmədov da belə bəxtəvərlərdəndir.

Ölkə rəhbərliyi onun fəaliyyətini layiqincə qiymətləndirib. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti adına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə isə "Şöhrət ordeninə layiq görülüb. İnanırıq ki, İlham Namiq Kamal kimi bənzərsiz sənətkar hələ bundan belə neçə-neçə beynəlxalq mükafatlara da layiq görüləcək.

 

Saleh Salehzadə

Teatrşünas

525-ci qəzet.- 2014.- 16 yanvar.- S.7.